Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-662/2024 12.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-629/2021 saylı qətnaməsilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan 2015-ci ilin oktyabr ayından ayrılmışlar, həmin vaxtdan uşaqlar onun yanında qalırlar, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir, təlimtərbiyələri ilə özü məşğul olur. Ayrı yaşamağa başladığı vaxtdan cavabdeh uşaqların saxlanılmaları üçün heç bir maddi köməklik göstərmədiyindən, aliment tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-629/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1606/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Alimentin təyin edildiyi vaxtdan cavabdeh demək olar ki, aliment ödəməmişdir. Bununla bağlı dəfələrlə Quba rayon İcra Şöbəsinə, Ədliyyə Nazirliyinin icra Baş İdarəsinə müraciət edib. Aliment öhdəliklərini icra etmədiyi üçün cavabdehin barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)-1000/2021 saylı qərarı ilə 10 gün müddətinə, xx.xx.2023-cü il tarixli 3(027)-149/2023 saylı qərarı ilə 12 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin cavabdeh bütün bunlardan heç bir nəticə çıxarmır və aliment öhdəliklərini qəsdən icra etmir. Hazırda cavabdehin 15.000 manata yaxın aliment borcu vardır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)139/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmaları qət edilmişdir. Bundan başqa, məhkəmənin diqqətinə çatdırır ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi çıxarılan vaxtdan keçən müddət ərzində ölkə üzrə uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Belə ki, hazırda cavabdehin iki uşaq üçün ödəməli olduğu alimentin məbləği (260 manat) 2023-cü ildə ölkə üzrə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən (220 manat) cüzi aşağıdır. Uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh də valideyn olaraq uşaqların saxlanılmasında onunla bərabər məsuliyyət daşıyır. Eyni zamanda qeyd edir ki, məhkəməyə müraciət etməmişdən əvvəl hazırkı mübahisənin mediasiya vasitəsilə aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh X4 iştirak etməmişdir.
3. Cavabdeh etiraz ərizəsilə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, hazırda üç ildir ki X5 tərəfindən işlə təmin edilmir. Belə ki, fəaliyyət göstərdiyi "xxxx" MMC (“Quba Rixos otel”) X10 ilə birgə əmək hüquqlarını pozaraq gəlirlərini mənimsəmiş və onu qanunsuz işdən çıxarmışdır. Buna dair məhkəməyə müraciət etsə də iddia təmin edilməmişdir. Həmçinin, 2020-ci ilin sonundan işsiz qaldığı üçün, X1 işaxtaran kimi qeydiyyata alınmışdır, lakin ötən üç il ərzində agentlik onu işlə təmin etməmişdir (DMA-da is axtaran vətəndaş kimi qeydiyyata alınmasına dair xx.xx.2021 tarixli məktub etiraza əlavə edilir). 2021-ci ildə Dövlət özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı ilə təmin edilsə də təsərrüfat yararsız olduğu üçün tələf olub və külli miqdarda ziyan və vaxt itkisi ilə üzləşmişdir (DMA tərəfindən özünüməşğulluğa cəlb olunmasına dair 06 sentyabr 2021 tarixli 142 nömrəli müqavilə, etiraza əlavə edilir) Əmək hüquqları pozularaq qanunsuz işdən çıxarılması və üç ildir ki, aidiyyatı dövlət qurumları tərəfindən işlə təmin edilmədiyinə görə aliment öhdəliyini qismən yerinə yetirə bilir. Bu səbəbdən icra məmurlarının tərtib etdiyi yığılmış aliment borcuna görə qərəzli protokol əsasında Quba Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 3(027)1000-2021 saylı və xx.xx.2023 tarixli 3(027)149-2023 saylı qərarları ilə barəsində iki dəfə inzibati həbs tətbiq edilib (hər iki qərar etiraza əlavə edilir); Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)- 855/2018 saylı qərardadı ilə məhkəmədə iştirakı təmin edilmədən, qanunsuz olaraq ölkədən çıxışına qadağa qoyulduğu üçün, xaricdə yüksək gəlirli işdə işləyib pul qazanmaq hüququndan məhrum edilmişdir (qərar etiraza əlavə edilir); Ali Məhkəmənin xx.xx.2023 tarixli, 2( 102)-2146/2023 qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 yanvar 2023 tarixli, 2( 105)-311/2023 nömrəli qətnaməsi qismən, aliment borcunun müəyyən edilməsi hissəsində ləgv edilməsi və iş üzrə icraata həmin hissədə işə məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi barədə qərar çıxarıb (Ali Məhkəmənin xx.xx.2023 tarixli 2(1021- 2146/2023 qərarı etiraza əlavə edilir); İcra Baş İdarəsinin 12/ƏN-365 nömrəli təqdimatı əsasında, ƏN İstintaq İdarəsində aliment borcuna görə barəsində xx.xx.2023 tarixli ********* nömrəli qərarı ilə cinayət işi açılıb (qərar etiraza əlavə edilir); Quba Rayon Statistika İdarəsinin xx.xx.2022 tarixli 107 nömrəli məlumatına əsasən Quba rayonunda orta aylıq əmək haqqı 2017-ci il üçün 301 manat, 2018-ci il üçün 322 manat, 2019-cu il üçün 406 manat, 2020-ci il üçün 510 manat, həmin idarənin 17 noyabr 2023 tarixli 3-34- 63/2-127/2023 nömrəli məktubuna əsasən Quba Rayonunda orta aylıq əmək haqqı 2022ci il üçün 589 manat, 2023-cü ilin oktyabr ayının biri tarixinə isə 640 manat təşkil edir. Quba rayonu üzrə hazırda 640 manat olan orta aylıq əmək haqqının iki uşağa görə AR Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən gəlirin 1/3 hissəsini, yəni 213 manat təşkil etdiyi halda, məhkəmə qərarı ilə ondan 260 manat məbləğində sabit pul tutulur və bu hal artıq illərdir ki, davam edir. Bu isə faktiki olaraq məhkəmənin yanlış nəticəyə gələrək, maddi vəziyyətini nəzərə almadan, ona qarşı çıxardığı ədalətsiz və onun üçün çıxarılan əlverişsiz qətnamənin nəticəsidir. Məhkəmə qətnaməni çıxararkən, real maddi vəziyyətini nəzərə almadığı üçün öhdəliyini tam icra edə bilmir (Quba Statistika İdarəsinin hər iki məktubu etiraza əlavə edilir): Beləliklə, hazırkı vəziyyətdə nəzərə alınmalıdır kı, əmək hüquqları pozularaq fəaliyyət göstərdiyi “Rixos” otelindən qanunsuz kənarlaşdırılmışdır. 2020-ci ilin sonundan iş axtaran şəxs kimi X3 (DMA) müraciəti əsasında iş axtaran kimi qeydiyyata alınmışdır. Ötən üç il ərzində dəfələrlə müraciətlər etsə də DMA tərəfindən işlə təmin edilməmişdir. Dövlət Özünüməşğulluq proqramına (arıçılıq üzrə) cəlb edilsə də, aldadılaraq yararsız təsərrüfat verildiyi üçün təsərrüfat tələf olmuşdur. Həm vaxt itkisi, həm də külli miqdarda təsərrüfata xərclənən vəsaitin əvəzində gəlir ala bilmədiyi üçün ziyanla üzləşmişdir. Dövlət faktiki olaraq vətəndaş qarşısında olan öhdəlikləri, vətəndaşını işlə təmin etmək, onun sosial durumu ilə maraqlanmaq əvəzinə, illərdir ki heç bir tədbir görmür. Bununla da dövlət qeyd olunan məsələdə öz funksiyasını yerinə yetirə bilmir. İllərdir ki, işsiz qalmaqla yanaşı, himayəsində olan xəstə və yaşlı anasının müalicə xərclərini qarşılamaqda çətinlik çəkir. Həmçinin, 1954-cü il təvəllüdlü anası xəstə və qoca olduğu üçün, əlavə qulluğa ehtiyacı var və bu ehtiyacı özü qarşılamaq məcburiyyətindədir. Adına da heç bir təsərrüfatın, torpaq sahəsinin olmaması səbəbindən əlavə gəliri yoxdur. Sahibkarlıqla məşğul olmadığı üçün, artıq altıncı ildir ki fəaliyyəti dondurulmuşdur. 13 saylı Quba Vergilər İdarəsinin 12 ivul 2023 tarixli. **********858700 saylı arayışı etiraza əlavə edilir). Göründüyü kimi, maddi və ailə vəziyyəti hazırkı iki yüz altmış manat olan aliment borcunun icrasını mümkünsüz hala gətirib və ödənişini yerinə yetirməkdə çətinlik çəkir. Belə vəziyyətdə məhkəmə tərəfindən aliment miqdarının artırılması ədalətsiz və yanlış qərar olardı. Hazırkı vəziyyətdə AR Ailə Məcəlləsinin 107-ci maddəsinin tələblərini tətbiq etməklə məhkəmənin humanizm prinsiplərinə uyğun iddianı rədd etməsini daha düzgün hesab edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur.
4. Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 629/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Aydın Babayev).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 220 manat olduğunu bildirsə də məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək alimentin hər uşağa görə 170 manat məbləğində müəyyən edilməsini mümkün hesab etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış məhkəmə alimentin miqdarını artırarkən qanunvericiliyin tələblərini pozaraq, yalnız cavabdehin mənafeyini nəzərə almış, onun müntəzəm xarakterli əmək haqqına malik olmağını əsas gətirərək iddianı qismən təmin etmişdir. Məhkəmənin bu mövqeyindən belə nəticə hasil olur ki, əgər valideynlərdən biri işləyirsə, digəri isə işləmirsə, uşaqları saxlamaq öhdəliyi daha çox işləyən valideynin üzərinə düşür. Halbuki, qanunvericilik normalarının tələblərindən də göründüyü kimi uşaqları saxlamaq hər iki valideynin borcudur. Birgə nikahdan doğulmuş uşaqların saxlanılmaları, onların maddi tələbatlarının tam şəkildə ödənilməsi vəzifəsi bir valideyn kimi yalnız onun üzərinə qoyula bilməz. Cavabdeh də uşaqların saxlanılmaları üçün onunla birlikdə eyni dərəcədə öhdəlik daşıyır. Yalnız bu halda valideynlərin uşaqları saxlamaq üçün birgə və ümumi məsuliyyətindən söhbət gedə bilər. Cavabdeh iddia tələbinə etirazda işsiz olmasını qeyd etsə də, onun bu arqumenti əsassızdır. Belə ki, cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşaqları saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı uşaqların aylıq xərcinin 220 manat olduğunu bildirsə də məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə olan halda, uşağın aylıq xərcinin 220 manat olmasına dair məhkəməyə sübut təqdim etməməyi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur. Cavabdeh alimentin təyin edildiyi vaxtdan demək olar ki, aliment ödəməmiş, ümumiyyətlə, uşaqları ilə maraqlanmamışdır. Bununla bağlı dəfələrlə Quba rayon İcra Şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət etmiş, aliment öhdəliklərini icra etmədiyi üçün cavabdehin barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)-1000/2021 saylı qərarı ilə 10 gün müddətinə, xx.xx.2023-cü il tarixli 3(027)-149/2023 saylı qərarı ilə 12 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin cavabdeh bütün bunlardan heç bir nəticə çıxarmır və aliment öhdəliklərini qəsdən icra etmir. Hazırda cavabdehin 15.000 manatdan çox aliment borcu vardır. Cavabdeh bir valideyn kimi nəinki uşaqların saxlanılmaları üçün aliment ödəmir, ümumiyyətlə, valideynlik vəzifələrini icra etmir, uşaqlarının təhsili, təlim-tərbiyəsi, onların başqa qayğıları ilə maraqlanmır. O, uşaqların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir, bu da maddi cəhətdən onun üçün çətindir. Bundan başqa məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi çıxarılan vaxtdan keçən müddət ərzində ölkə üzrə uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Ölkə üzrə 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün 220 manat, 2024-cü ildə isə 235 manat müəyyən edilmişdir. Lakin işə baxmış məhkəmə yuxarıda qeyd etdiyi xüsusatları nəzərə almamış, cavabdehin mənafeyindən çıxış edərək, aliment miqdarını bir uşaq üçün 170 manat müəyyən etmişdir. Halbuki həmin məbləğ 2020-ci ildə ölkə üzrə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumudur. Həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu zaman kəsiyi ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşaqların saxlanılmaları çətinləşmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın rədd edilməsi üçün, birinci instansiya məhkəməsinə kifayət qədər sübutlar və etirazlar təqdim etmiş, lakin birinci instansiya məhkəməsi maddi və ailə vəziyyətini obyektiv qiymətləndirməyib. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən ədalətsiz və qərəzli qətnamə çıxarıb. Bu səbəbdən qətnamə ləğv edilməklə, iddia rədd edilməlidir. Belə ki, işsiz və maadi vəziyyəti ilə əlaqədar ödəniş qabiliyyətinin aşağı olmasını əks etdirən X6 tərəfindən təqdim edilən işsizlik barədə arayış, həmçinin, sahibkarlıq fəaliyyətinin olmaması barədə arayış, rayon statistika idarəsinin Quba rayonu üzrə hazırkı tarix üçün nominal əməkhaqqıya dair arayış və sair sübutlar xx.xx.2023 tarixli iddiaya etiraz ərizəsində (qoşmalarla birgə) və xx.xx.2023 tarixli ərizə ilə (qoşmalarla birgə) e-kabinet vasitəsilə iş materialına təqdim etməyinə baxmayaraq, birinci instansiya məhkəməsi sübutları araşdırmamış və maddi vəziyyətini nəzərə almamışdır. Ümumiyyətlə, məhkəməyə təqdim etdiyi xx.xx.2023 tarixli iddiaya etiraz ərizəsində iddianın rədd edilməsinin səbəbləri və bunun hazırkı vəziyyətdə qanunla öz təsdiqini tapması ətraflı şərh edilərək izah edilmişdir və müvafiq sübutlar da təqdim edilmişdir. Görünür birinci instansiya məhkəməsi sübutları araşdırmaqla onlara hüquqi qiymət vermək istəməmiş və ya qanunların tətbiqində yanlışlığa yol vermişdir. Üç ildir qərəzli olaraq, onu işlə təmin etməyən və işin nəticəsində birbaşa maraqlı olan X2 üçüncü şəxs qismində prosesə cəlb edilməsinə dair vəsatəti məhkəmə tərəfindən qərəzli olaraq baxılmayıb və heç bir münasibət bildirilməyib. İşsizlik, maddi imkansızlıq və himayəsində xəstə və yaşlı anasının olduğu üçün hazırkı vaxtda 260 manat olan aliment öhdəliyini qismən icra etdiyi üçün, barəsində cinayət işi açılıb. 1(027)-30/2024 saylı cinayət işi Quba Rayon Məhkəməsində hakim Rahim Həsənovun icraatındadır. Beləliklə, Dövlətin vətəndaşın sosial durumunu, məşğulluğunu, laiqli həyat səviyyəsini təmin etmək funksiyası AR Konstitusiyasında öz əksini tapmasına baxmayaraq, üç ildir ki, iş növbəsindədir və işlə təmin edilməmişdir. Bu səbəbdən üzürlü olaraq hazırkı aliment öhdəliyini ödəməkdə çətinlik çəkir. Aliment öhdəliyini imkansızlıq səbəbindən tam icra edə bilmədiyi üçün barəsində cinayət işi açılıb. Belə bir vaxtda məhkəmə qərarı ilə öhdəliyin 260 manatdan 340 manata artırılması, onsuz da ağır maddi durumunu bir az da ağırlaşdırmaqla, onun həbs edilməyi ilə nəticələnəcəkdir. Bu halda təbii ki, hazırda qismən icra etdiyi aliment öhdəliyini ümumiyyətlə icra edə bilməyəcəkdir. Bu isə öz növbəsində övladlarının qayğıdan kənar düşməsinə səbəb olacaq. Həmçinin, məhkəmədən vəziyyətin obyektiv araşdırılmasını, fərziyyə və mülahizələri kənara qoyub real vəziyyətinin nəzərə alınmasını xahiş edir Vətəndaş olaraq, övladlarının qayğısına qalmaq, onların həyat səviyyəsini yüksək səviyyədə təmin etmək istəyir. Lakin bunun üçün,dövlət də öz imkanlarını əsirgəməməli, öhdəlikləri icra etməlidir. İş materiallarından da görünür ki, illərdir dövlət tərəfindən nə sosial yardım alir, nə də işlə təmin edilir. Bu səbəbdən alimentin artırılması yanlış və səhv qərardır. Hazırkı vəziyyətdə iddiaçının ona qarşı qaldırdığı iddia ərizəsi əlverişsiz iddia kimi qiymərləndirilməlidir və bu səbəbdən rədd edilməli, qətnamə isə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır, Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin, məhkəmə onun işsizliyə dair arayışını, sahibkarlıq fəaliyyətinin olmamasını nəzərə almadan hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat aliment kəsib İşsiz bir vətəndaşın həmin məbləği necə qarşılayacağını nəzərə almayıb. Məhkəmə maddi vəziyyətini nəzərə almadan aliment məbləğini artırdığı üçün, MPM-in 387.2.4. maddəsinin tələbini pozub. Belə ki, aliment borcuna görə barəsində açılmış 1(027)-30/2024 saylı cinayət işinin olduğunu və qətnamə ilə artırılmmış məbləğin ödəyə bilməyəcəyini müəyyən etdiyi halda, qərəzli olaraq aliment öhdəliyini artırıb.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh alimenti qərəzli şəkildə ödəmədiyi üçün bügunə olan borc məbləği 17.000 (on yeddi min) manat olmuşdur. Evini də əlindən almışdır, mülkiyyətində avtomobili vardır və taksi fəaliyyəti ilə məşğul olur, lakin aliment ödəmir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək bildirdi ki,qətnamə ilə hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, uzun müddətdir işsiz olduğuna görə və maddi vəziyyətimlə əlaqədar aliment məbləğini tam deyil, hər ay müntəzəm qaydada imkanı olduqca 50 (əlli) manat, 100 (yüz) manat olmaqla ödəyir. İşlə təmin olunmaq üçün X3 müraciət etməyinə baxmayaraq, uzun müddətdir işlə təmin edilməyib. Təklif etdikləri işin aylıq maaşı 300 (üç yüz) manatdır, bu məbləğlə ilə alimentin ödənilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsi işsiz olduğu halda aliment məbləğini Quba rayonunda 2023-cü ilin oktyabr ayına olan orta aylıq əməkhaqqı ilə müəyyən edərək ədalətsiz qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X4 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X4 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Həmçinin cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, alimentin məbləğini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)1606/2020 saylı qətnaməsindən göründüyü kimi, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir.
22. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir.
23. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, İddiaçı X18 və Quba Rayon Mərkəzi Xəstəxanası" X14 müvafiq olaraq müəllim və həkim kimi işləməklə müntəzəm xarakterli əmək haqqına malikdir.
24. İş materiallarında olan X4 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ- MT-027-2023-01005 saylı arayışına əsasən, Cavabdeh zənglə X4 iştirak etməyəcəyini bildirmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir.
25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 220 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək alimentin hər uşağa görə 170 manat məbləğində müəyyən edilməsini mümkün hesab etmişdir.
26. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
27. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
30. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir.
31. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 2 uşağın saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 130 manat məbləğindəki aliment xx.xx.2020-ci ildə, yəni uşaqların müvafiq olaraq 6 və 5 yaşları olanda tutulmuşdur.
32. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.
33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə alınmaqla alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
34. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, cavabdehin hər uşaq üçün 220 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. 35 Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin çox hissəsi, yəni 170 manat hissəsi ata tərəfindən ödənildiyindən qalan hissə də ana tərəfindən ödənilməlidir.
36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi işləməməsi, xəstə anasının onun himayəsində olması barədə dəlillərinə qiymət verərək qeyd edir ki, maddi vəziyyətinin aşağı olması cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir.
37. Həmçinin məhkəmə kollegiyası cavabdehin təklif etdiyi, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 130 manat alimenin ödənilməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin təklif etdiyi 130 manat məbləğində aliment uşağın qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil.
38. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
39. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətlərinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Quba Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(027)-156/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.