Məhkəmə qərarları › İş №2(105)-662/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-662/2025

20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-662/2025 20.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(001)-2075/2023 nömrəli qətnaməsi ilə ləğv edilmiş müqavilə üzrə tərəfindən ödənilmiş 93.000 ( doxsan üç min) manat məbləğdə pul vəsaitinin, faiz borcları və digər tutulmalar çıxılmaqla 73.000 (yetmiş üç min) manat məbləğdə pul vəsaitinin Cavabdeh2 MTK-dan və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara (TV LC Smart 82 ekran televizor -1 ədəd, dəyəri 1000 manat, 2 ədəd xrustal şamdanlı çilçıraq dəyəri-250 manat (ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 manat, mətbəx mebeli ümumi dəyəri 1500 manat, klassik stildə qonaq otağı şkafı (qorka) 1- ədəd qiyməti 700 manat, 3 ədəd dolab hər biri 350 manat olmaqla, ümumilikdə 1050 manat, 12 ədəd xrustal stəkan 50 manat, yataq otağında asılqan dolab-1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat, Karaca qaşıq bıçaq dəsti 100 manat olmaqla, vurulan ziyan nəticəsində ona dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərərin əvəzinin Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh2 MTK-dan tutularaq xeyrinə ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 327 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq xeyrinə ödənilməsinə, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh Kristal Abşeron” MMC yə aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar Cavabdeh2 MMC-dən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, icra tədbirləri həyata keçirərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində “xüsusi qərardad” qəbul edilməsi, aidiyyatı üzrə İcra Baş İdarəsinə təqdimat ünvanlanmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(001)-2075/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış 459 saylı, 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2nə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Əbilova Arzu İxtibar qızından tutularaq, Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Müvafiq qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmiş, qətnamə qanuni qüvvə almış və icra edilməsi məqsədilə Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin icra məmurları və Cavabdeh2 MTK-nın əməkdaşları tərəfindən müvafiq qətnamə icra edilərkən və mənzil boşaldılarkən mənzildə ona məxsus olan ev əşyaları kobud şəkildə çölə atılmış, bir çoxu zədələnmiş, məhv olmuşdur. Belə ki, icra məmurları tərəfindən mənzil boşaldılarkən mənzildə ona məxsus olan qab-qacaq əşyaları tamamilə sındırılmış, “LG Smart TV” markalı televizor, çilçıraqlar, mebellər, bütün mətbəx əşyaları və digər əşyalar yararsız hala salınmış, bununla da mənə külli miqdarda zərər vurulmuşdur. Buna dair foto və video görüntülər məhkəmə zalında təqdim ediləcəkdir. Eyni zamanda qeyd edilməlidir ki, müvafiq müqavilə məhkəmə tərəfindən ləğv edilmiş olsa da mənzilə münasibətdə müqavilə üzrə onun tərəfindən ödənişlər həyata keçirilmiş, ümumilikdə 73.000 (yetmiş üç min) manat manat məbləğdə pul vəsaiti ödənmişdir. Ona görə də hesab edir ki, müqavilə ləğv edildiyi təqdirdə həmin ödənişlər (faiz borcları çıxılmaqla) və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində ona dəymiş 6.000 ( altı min) manat məbləğdə maddi zərərin əvəzi, ümumilikdə 79.000 ( yetmiş doqquz min) manat məbləğdə pul vəsaiti Cavabdeh2 MTK tərəfindən ona qaytarılmalı, qətnaməni icra edərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində “xüsusi qərarardad” qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10000 (on min) manat məbləğində pul və dövlət rüsumuna görə 120 manat pul vəsaitinin Cavabdeh2 MTK-dan alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 207 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında hazırki müabahisəli məsələ onlar arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli müqavilənin 8.1ci bəndi ilə bağlıdır. Həmin bənddə qeyd edilmişdir ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. İş materiallarından görünür ki, müqavilə ləğv edildikdən sonra “MTK” tərəfindən banka olan borc ödənilmiş və mənzil artıq digər şəxsə satılmışdır. Həmçinin məhkəmə sorğusuna əsasən əldə edilmiş materiallardan görünür ki, Əbilova Arzu İxtibar qızı müqavilə ləğv edilənədək xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək kredit müqaviləsi üzrə 7773.64 manat əsas borc üzrə, 59092.91 manat məbləğində faiz borcu üzrə ödənişlər edilmişdir. Belə olan halda müqavilənin 8.1-ci bəndi əsas götürülərək MTK-dan iddiaçının xeyrinə ödənilmiş əsas məbləğin tutulması hissəsində iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənləri və Cavabdeh2 MTK-nın nümayəndəsinin izahatını nəzərə alaraq məhkəmə hesab edir ki, 10000 manat (cavabdehin nümayəndəsinin izahatı nəzərə alınaraq) məbləğdə pul vəsaitinin Cavabdeh2 MTK-dan tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara vurulan ziyan nəticəsində ona dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əksinə İddiaçı qanuni qüvvəsini almış qətnamənin könüllü icrası ilə əlaqədar məlumatlandırılmış, lakin o, məhkəmə qətnaməsini icra etməkdən yayınmışdır. İcra zamanı İddiaçı məxsus 34 adda əşyalar akt tərtib edilərək, MTK-nın nümayəndəsinə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı icra zamanı hər hansı qanun pozuntutsunun aşkarlanmadığından, həmçinin iddiaçı bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir. Məhkəmə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (Cavabdeh2 MMC yə aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar Cavabdeh2 MMC-dən tutularaq, iddiaçının xeyrinə ödənilməsi hissəsində qeyd edir ki, həmin mənzil artıq 3-cü şəxsə satıldığından, MTK-nın həmin mənzilə dair hüququları olmadığından tutmanın yönəldilməsi yolverilməzdir, ona görə də bu hissədə iddia təmin edilə bilməz.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 389.1, 421.3, 424.4, 424.5, 1096.1, 1097.1-ci maddələrinə, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv olunması və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları kifayət qədər hərtərəfli araşdırmamış, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərəri nəzərə almadan, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10000 (on min) manat məbləğində pul vəsaiti Cavabdeh2 MTK-dan alınaraq İddiaçı verilməsini təmin edərkən mənzilə və ya əşyalara münasibətdə verilməsini əsaslandırmadan, eyni zamanda əmlakın ümumi dəyərini müəyyən etmədən xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 saylı qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı əmlakın ümumi dəyərini müəyyən edilməsi istiqamətində kifayət qədər pul vəsaiti ödənilmişdir. Tərəfindən vəsatət verilərək mülki iş üzrə “məhkəmə-mühasibatlıq ekspertizası”nın təyin edilməsi, ekspert qarşısında müvafiq sualların qoyulmasına (Kristal Abşeron” Mənzil Tikinti Kooperativi ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında bağlanmış 459 saylı, 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzil üçün Tekin (Əbilova) Arzu İxtibar qızı tərəfindən ödənilmiş pul vəsaitinin ümumi məbləğin (faiz borcu, cərimələr və digər tutulmalar nəzərə alınmaqla) (bütün ödəniş illəri nəzərə alınmaqla); Azərbaycan Beynəlxalq Bankı ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında bağlanmış xx.xx.2016- cı il tarixli daxili ipoteka krediti üçün) 25 oktyabr 2016-cı il tarixli və eyni tarixli, 491-xx-xx-2016-MA-Bİ №-li müqavilələr üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzil üçün Tekin (Əbilova) Arzu İxtibar qızı tərəfindən ödənilmiş pul vəsaitinin ümumi məbləğin (faiz borcu, cərimələr və digər tutulmalar nəzərə alınmaqla); Azərbaycan Beynəlxalq Bankı ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ( daxili ipoteka krediti üçün) 25 oktyabr 2016-cı il tarixli və eyni tarixli, 491-xx-xx- 2016-MA-Bİ №-li müqavilələr üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025ci məhəllə, 2-ci bina, 73 saylı mənzil üçün Tekin (Əbilova) Arzu İxtibar qızı tərəfindən ödənilmiş pul vəsaitinin ümumi məbləği (faiz borcu, cərimələr və digər tutulmalar nəzərə alınmaqla çıxdıqdan sonra ( aralarında bağlanan müqavilə öhdəliyi çərçivəsində) yerdə qalan məbləğin müəyyən edilməsi məqsədi ilə) dair qərardad qəbul edib icrası məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi xahiş edilsə də vəsatət rədd edilmişdir. Məhkəməyə tərəfindən “TV LC Smart 82 ekran teelvizor -1 ədəd, dəyəri 1000 manat ,2 ədəd xrustal şamdanlı çılçıraq dəyəri-250 manat ( ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 manat, mətbəx mebeli ümumi dəyəri 1500 manat, klassik stildə qonaq otağı şkafı ( qorka) 1- ədəd qiyməti 700 manat ,3 ədəd dolab hər biri 350 manat olmaqla ümumilikdə 1050 manat,12 ədəd xrustal stəkan 50 manat, yataq otağında asılqan dolab-1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat,Karaca qaşıq bıçaq dəstləri -1 dəst olmaqla ümumi dəyəri 100 manat olan əşyalar barədə ekspertin qarşısında qeyd olunan əşyaların bazar qiymətinin nə qədər olması və həmin əşyalara dəymiş ziyanın miqdarınin nə qədər olması barədə suallar qoyularaq “məhkəmə əmtəəşünaslıq ekspertizası”-nın keçirilməsini və aidiyyəti üzrə məhkəmə eksperiza mərkəzinə göndərilməsini”nə dair vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bundan əlavə Cavabdeh2 ilə X1 arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzilə dair xx.xx.2024-cü il tarixli “Payçı müqaviləsi” tərəflərin mənzilə dair “alqısatqı” müqaviləsi məhkəməyə təqdim olunmalı və məhkəmə tərəfindən bu məsələ X1 mülki iş üzrə üçünçü şəxs qismində cəlb edilərək düzgün, obyektiv, tam, hərtərəfli araşdırılmalı idi. Qətnamə ilə ödənilmiş 10000 (on min) manat məbləğində pul vəsaitnini Cavabdeh2 MTK-dan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Buna əsas olaraq Cavabdeh2 MTK-nın etirafını nəzərə almışdır. İddia tələbinin qalan hissədə təmin edilməməsinin əsası məhkəmə tərəfindən əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi məhdud araşdırma aparıb, 10000 manat iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edib, bunu isə cavabdehin etirafı ilə əsaslandırmışdır. Hansıki təmsil etdiyi şəxs 73000 manatdan çox vəsait ödəyib. İddiaçı mənzilin potensial mülkiyyətçisi olmuş, xeyli miqdarda ödəniş həyata keçirmişdir. Eyni zamanda evin boşaldılması zamanı əşyalara ziyan vurulub. Cavabdeh qeyd edir ki, mənzil satılmışdır. Hansıki, öncə mənzilin bazar dəyəri müəyyən edilməli idi. Təşkilatın banka ödənişi həyata keçirməklə yanaşı, əlavə gəlir əldə etməsi qanunvericiliyə ziddir. Bu iddiaçının hüquqları pozulur. "xxxx" ASC tərəfindən maliyyə arayışlarının təqdim edilməsi, alqı-satqı müqaviləsi mövcuddursa, notarial qaydada təsdiq olunmuş müqavilənin və əlaqəli sənədlərin təqdim edilməsi barədə vəsatətləri birinci instansiya məhkəməsində təmin edilməmişdir. Eyni zamanda MTK-nın alqı-satqı müqavilə əsasında mənzili satdığı şəxsin üçüncü şəxs qismində cəlb edilməsini, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də bu barədə vəsatətləri də təmin olunmamışdır. Cavabdehin nümayəndəsi gecikmiş borclara görə 4320 manat ödədiyini bildirir, lakin iddiaçı gecikdirməyə görə cərimə ödəyib, əgər həmin məbləğ zamanında ödənilmişdirsə, o zaman təmsil etdiyi şəxs nə üçün cərimə ödəsin. Həmçinin hər dəfə sübutların təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Cavabdehin sübutları birinci instansiya məhkəməsində təqdim edə bilməsinə mane olan halları izah etməlidir. Evin boşaldılması ilə bağlı hər hansı pretenziya yoxdur. Lakin mənzili satdıqdan və banka ödəniş həyata keçirildikdən sonra yerdə qalan vəsait təmsil etdiyi şəxsə verilməlidir, bu müqavilənin şərtlərində açıq-aydın qeyd olunub. Əmlak satılarkən birbaşa banka köçürülmə etmək vəzifələri olduğu halda, cavabdeh əvvəldən banka ödəniş etmiş, mənzil sonradan satılmış, cavabdeh gəlir əldə etmişdir. İddiaçı banka 93000 manata yaxın pul verib. Qeyd olunanlara əsasən iş üzrə qiymətləndirici ekspertizanın təyin edilərək, evin real bazar dəyəri müəyyənləşdirilməsini və evi alan şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilnməsini xahiş edir. Mədaxil və məxaric qəbzləri mövcud olmadığından banka edilmiş ödənişləri qəbul etmirlər. 7600 manat təmir xərcini qəbul etmir, cavabdeh təmirlə bağlı protokol təqdim edib, halbuki bu barədə tərəflər arasında razılaşmanı əks etdirən müqavilə olmadı idi, cavabdeh yeni alıcı ilə olan münasibətlərdən irəli gələn hər hansı öhdəliyi iddiaçının üzərinə qoya bilməz, qarşı tərəf mənzili məhkəmə gedişatında payçı müqaviləsi əsasında başqa şəxsə satıb, lakin sənədlərdə köhnə tarixlər qeyd olunub.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, payçı və MTK arasında müqavilə bağlanmış, bundan sonra kredit ayrılmışdır. Alqı-satqı şərtlərinə uyğun olaraq çıxarış alınmalı, girov qoyulmalı idi. İddiaçı bundan imtina etdiyinə görə məhkəməyə müraciət edərək müqavilələrin ləğvi və mənzilin boşaldılması ilə bağlı iddia qaldırmışlar. İddia təmin olunmuş, qərar qüvvəyə minmiş, icra məmurunun iştirakı ilə mənzil boşaldılmış, bundan sonra müqavilə şərtinə uyğun olaraq mənzil 145740 manata satılmışdır. "xxxx" ASC-yə 118000 manat ödənilib. Bununla bağlı, müvafiq sənədlər məhkəməyə təqdim olunub. İddiaçı cəmi 66865 manat məbləğində ödəniş edib, 7773 əsas məbləğ, 59092 manat isə faiz məbləği olmuşdur. Bundan sonra əsas borc təxminən 98000 manat, faiz borcu isə təxminən 28000 manat məbləğində olub. Payçıya qaytarılan məbləğ 10000 manatdır. İddiaçının yaşadığı müddətdə gecikdirdiyi 4320 manat məbləğində pul vəsaitini onun əvəzinə banka ödəmişlər, özünün də xəbəri olmuşdur. Evi iddiaçıya təmirli vermişdilər. Mənzilə görə borcu tamamlayıb daha sonra satmışlarlar. Ev satılmamışdan öncə təmir edilmiş və satılmışdır. Çünki evin satılması üçün yenidən təmirə ehtiyacı var idi. Mənzili müqavilədə razılaşdıqları qiymətə satmışlar. Məhkəmənin verdiyi soğru əsasında bank ödəniş cədvəlini məhkəməyə təqdim edib. Hesabdan çıxarışlar banka etdikləri ödənişləri göstərir. Həmin məbləği ödəniş terminalı vasitəsi ilə etmişlər. Lakin, həmin qəbzlər hazırda yoxdur. Evin təmirsiz satılması mümkün olmamışdır. Evi təmir etdikdən sonra satmışlar. Təmir xərclərinə dair akt və evin alqı-satqı müqaviləsinin tarixlərinin eyni olması texniki səhvlə bağlıdır.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin, müstəqil tələb irəli sürməyən üçüncü "xxxx" ASC-nin və AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı (payçı) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış ********* nömrəli payçı müqaviləyə görə “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin Cavabdeh2 yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Mənzilin sahəsi 69.4 kv.m təşkil edir. Mənzilin 1 kv.m. 1525 manat olmaqla, ümumi dəyəri 105835 manatdır. “Payçı” Müqavilə qiymətinin qalan 105835 manata bərabər tutulan məbləğini, illik 10 faiz olmaqla, 240 aya “Payçı”, “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit Mmqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK" "xxxx" ASC və "‘Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kreditüzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır (müqavilənin 1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 4.2.7, 8.1, 8.11 bəndləri).

14. "xxxx" ASC (borcverən) ilə Əbilova Arzu İxtibar qızı (borc alan) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinə görə borc verən borcalana Borcalan ilə Cavabdeh2 arasında imzalanmış 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 105.835.00 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə (240 ay) və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri (illik 10%) Borc verənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipoteka və 491-xx-xx-2016 MA-Bİ nömrəli, 25 oktyabr 2016-cı il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli Cavabdeh2 və Əbilova Arzu İxtibar qızı arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan bina 2, blok 1, mərtəbə 10, ümumi sahəsi 69.4 kv.m. barət 2 otaqlı 73 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir (müqavilənin 2.2, 2.3, 4.1,15.8 bəndləri).

15. "xxxx" ASC (borcverən), Əbilova Arzu İxtibar qızı (borcalan) və Cavabdeh2 (zamin) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli zaminlik müqaviləsinə görə kreditorla Borclu arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli, 491-xx-xx-2016-MABİ nömrəli Kredit Müqaviləsinə əsasən 105,835 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar va daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 105.835 manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(001)- 2075/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış 459 saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2nə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Əbilova Arzu İxtibar qızından tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4735/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Cavabdeh2 tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə "xxxx" MTK ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında ********* saylı "Payçı" müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında inşa edilmiş 2-ci bina, 1- ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzil ona satılmışdır. Bundan sonra "xxxx" ASC-nin Binəqədi filialı ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında xx.xx.2016-cı il tarixli, 491xx-xx-2016-MA-Bİ nömrəli Təminatlı kredit müqaviləsinə əsasən 105835 manat məbləğində ona kredit verilmişdir. "Payçı" xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə qədər "xxxx" ASC-nin ödəniş cədvəli üzrə 66865.90 manat ödəmişdir ki, bu məbləğin 7773.64 manat əsas məbləğ, 59092.26 manat isə kreditin faiz məbləği olaraq hesablanmışdır. Tekin (Əbilova ) Arzu İxtibar qızının qeyd olunan mənzilə görə ABB-yə qalıq kredit borcu 98061.36 manat təşkil edirdi. Qeyd edilən məbləğ xx.xx.2024-cü il tarixdə MTK tərəfindən ABB-yə ödənilib, ümumilikdə MTK tərəfindən həmin tarixdə ABB-yə 118746.53 manat ödənilmişdir. Bunlardan əlavə Əbilova Arzu İxtibar qızının MTK-ya 4250 manat borcu var, əlavə olaraq mənzilin yenidən təmirinə 7666 manat məbləğində xərc çəkilmişdir. Müştəriyə qaytarılacaq məbləğ 10000 manat hesablanmışdır.

19. "xxxx" ASC tərəfindən Cavabdeh2 MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2016-ci il tarixdə "xxxx" MTK-nın zaminliyi ilə Əbilova Arzu İxtibar qızına (CİF-5882334) xx.xx.2036-cı il tarixədək müddətə 105835 (yüz beş min səkkiz yüz otuz beş) manat kredit verilmişdir. Əbilova Arzu İxtibar qızı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixdə əsas borc 98061.36 manat, faiz borcu 20685.17 manat olmaqla, ümumilikdə 118,746.53 manat vəsait zamin "xxxx" MTK-nın ******************** saylı hesabından silinib kredit bağlanmışdır.

20. Cavabdeh2 ilə X1 (payçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Payçı müqaviləsinin surətindən görünür ki, "MTK" Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 2-ci bina, 1 blok, 10-cu mərtəbə, 73 №-li, 2 otaqlı mənzili tikib və "Payçı"nın mülkiyyətinə verməyi, "Payçı" isə bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 2-ci bina, 1 blok. 10-cu mərtəbə, 73 №-li, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri müqavilənin ümumi dəyəri 145740 manat olmaqla ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür.

21. Cavabdeh1 xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.

22. ünvan 4 ünvanında xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar əvvəlcədən iş üzrə borcluya rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, icra yerinə gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Tərəflərindən qapı açılmış və mənzilə baxış keçirilmişdir. Mənzilə baxış zamanı heç bir qiymətli əşya, qızıl-zinyət əşyaları və ya pul vəsaitləri aşkar edilməmişdir. Baxış zamanı iki otaqlı mənzildə olan 34 adda məişət əşyaları – 2 ədəd televizor, 1 ədəd ikigüzgülü kamot, 1 ədəd stenka, 1 ədəd bir qapılı stenka, 1 ədəd televizor altı, 1 ədəd jurnalnı, 1 ədəd dairəvi xalça, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd künc divan, 1 ədəd uşaq stolu, 2 ədəd matraslı taxt, 13 ədəd döşək, 3 ədəd yorğan, 8 ədəd yastıq, 1 ədəd dolab, 2 ədəd tumbuçka, 7 ədəd yastıq (karopka), 1 dəst mətbəx mebeli, 1 ədəd (evrolux) paltaryuyan, 1 ədəd (Heiner) soyuducu, 1 ədəd fırın (İltimat), 1 ədəd dörd gözlü qaz pilitəsi ( Öztürklər), 1 ədəd aspirator (Zuxell), 1 ədəd tozsoran (Eurolux), 1 ədəd tozsoran (Galaksi star), 1 ədəd şirəçəkən (Bergamo), 1 ədəd toster (Haeger), 1 ədəd kombi (Eca), 1 ədəd blender (Raf), 1 ədəd lüstur, 1 ədəd iki gözlü divan dolabı, 10 dəst pal-paltar dəsti siyahıya alınmaqla iş üzrə tələbkar Cavabdeh2 MTKnın nümayəndəsi-komendantı Faiq Abbasova təhvil verilmiş və ona Cinayət Məcəlləsinin 303-cü maddəsinin məsuliyyəti elan edilmişdir. Mənzil boş vəziyyətdə təhvil verilmişdir.

23. "xxxx" ASC-nin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2024-cü il tarixli məktubdan, həmçinin kredit hesabından çıxarışdan görünür ki, borcalan Əbilova Arzu İxtibar qızı və borcverən "xxxx" ASC arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491xx-xx-2016 MA-Bİ nömrəli kredit müqaviləsi üzrə borcverən tərəfindən borcalana 105835 manat pul məbləği kredit verilmişdir. Kredit üzrə borc məbləği tam ödənilmişdir. Zamin Cavabdeh2 MTK tərəfindən 98061,36 manat əsas borc və 20685,17 manat faiz borcu ödənilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək kredit müqaviləsi üzrə 7773.64 manat əsas borc üzrə, 59092.91 manat məbləğində faiz borcu üzrə ödənişlər edilmişdir.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı (Əbilovanın) xx.xx.2020-ci ildə X2 aidiyyəti qurumunda 01.01 1972-ci il təvəllüdlü Mehmet Təkinlə bağlanmış nikahı haqqında məlumatlar xx.xx.2022-ci ildə xarici ölkədə qeydə alınmış akt kimi Ədliyyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1. Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.

26. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-662/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 293/2025 nömrəli qətnaməsi iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

28. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin Cavabdeh2 MTK-ya münasibətdə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edlməli, iddia qismən təmin edilməlidir.

30. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 459 nömrəli müqaviləyə əsasən dəyəri 105835 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili Əbilova Arzu İxtibar qızı əldə etmiş, mənzilin dəyəri olan 105835 manat pul məbləğini "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə verilmiş borc hesabına tam şəkildə ödəmişdir. Həmin mənzilin dəyərinin ödənilməsi üçün isə "xxxx" ASC (borcverən) ilə Əbilova Arzu İxtibar qızı arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinə görə 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 105.835.00 manat məbləğində borc məbləği illik 10% olmaqla, 240 ay müddərinə ödənilməsi şərti ilə iddiaçıya verilmişdir. "xxxx" ASC (borcverən), Əbilova Arzu İxtibar qızı (borcalan) və Cavabdeh2 (zamin) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA- Bİ nömrəli zaminlik müqaviləsinə görə isə zamin kredit müqaviləsi üzrə yaranmış öhdəliyə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(001)-2075/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış ********* saylı, 25 oktyabr 2016-cı il tarixli müqavilə ləğv edilmiş və cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2nə qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir.

31. Məhkəmə kollegiyası iddiaçının banka ödədiyi 73000 manat pul məbləğini Cavabdeh2ndən tələb etməsini əsassız hesab etmişdir. Əvvəla iddiaçı tərəfindən "xxxx" ASC-yə 7773.64 manat əsas, 59092.26 manat faiz məbləği olmaqla, 66865.90 manat ödəmişdir ki, qeyd olunan məbləğ iddiaçı tərəfindən bankla bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən ödənilmişdir. Həmin məbləğin cavabdehdən tələb edilməsinin hər hansı bir müqavilə və ya qanuni əsası olmamışdır. İddiaçının pul tələbinin hüquqi əsasını isə tərəflər arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli müqavilənin 8.1-ci bəndi təşkil etmişdir ki, müqavilənin həmin bəndinə görə cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır.

32. İş materiallarından göründüyü iddiaçının bank qarşısında olan 118746,53 manat (98061,36 manat əsas borc, 20685,17 manat faiz) pul öhdəliyi hazırkı iş üzrə cavabdeh olan zamin Cavabdeh2 MTK tərəfindən banka ödənilmiş, mənzil isə xx.xx.2024-cü il tarixli müqavilə əsasında 145740 manata İ.Nağıyeva adlı şəxsə satılmışdır. Belə olduğu təqdirdə isə tərəflər arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli müqavilənin 8.1-ci bəndinə əsasən Cavabdeh2 MTK tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 26993,47 manat (145740-118746,53=26993,47) təşkil etmişdir. Cavabdeh2 isə birinci instansiya məhkəməsinə xx.xx.2024-cü il tarixli arayış təqdim edərək, iddiaçının ona 4250 manat borcunun olmasını, əlavə olaraq mənzilin yenidən təmirinə 7666 manat xərc çəkildiyini əsas gətirərək, müqavilənin 8.1-ci bəndinə əsasən iddiaçıya 10000 manat məbləğində pul öhdəliyinin olmasını qəbul etmiş, birinci instansiya məhkəməsi də cavabdehin qeyd olunan etirafını nəzərə alaraq, iddia tələbini 10000 manat hissədə təmin etmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, Cavabdeh2 tərəfindən iddiaçının bank qarşısında olan 118746,53 manat pul öhdəliyinin ödənilməsi, mənzilin isə 145740 manata satılması, iddiaçının Cavabdeh2nə 4250 manat pul öhdəliyinin olması, mənzilin yenidən təmirinə 7666 manat xərcin çəkilməsi qəbul edildiyi təqdirdə müqavilənin 8.1-ci bəndinə əsasən iddiaçıya 10000 manat məbləğində pul öhdəliyinin olması ilə bağlı Cavabdeh2 hesabatı anlaşılan və dürüst olmamışdır. Birinci instansiya məhkəməsi isə cavabdehin dürüst olmayan hesabatına əsaslanaraq, iddianı cavabdehin etiraf etdiyi həcmdə təmin etmişdir.

34. Cavabdeh2 iddiaçının 4250 manat pul öhdəliyinin olmasını və mənzilin yenidən təmirinə 7666 manat xərcin çəkildiyini iddia etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının ona 4250 manat pul öhdəliyinin (apellyasiya icraatı zamanı təqdim edilmiş arayışa əsasən isə 4320 manat) 2600 manatının evə dair alqı-satqı müqaviləsi ləğv edilməmişdən əvvəl zaminlik müqaviləsinə əsasən banka ödənildiyini, sayğacların sazlanması və istilik sitemi ilə bağlı isə 1300 manat xərc çəkildiyini və qalıq xərclərin isə kommunal xərclərlə bağlı olduğunu iddia etsə də buna dair məhkəməyə yalnız Cavabdeh2 daxili sənədləşməsi ilə bağlı hesabatları təqdim etmişdir. Hərçənd ki, Cavabdeh2 hüquqi şəxs olmaqla, qeyd olunan xərclərin nağdsız hesablaşma əsasında aparılmasına dair, o cümlədən nağd hesablaşma qaydasında isə müvafiq qəbzləri məhkəməyə təqdim etməli olduğu halda qeyd olunan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçının adından yazılmış, lakin Bağırlı Xanım adlı şəxs tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli ərizə də borcun olmasını təsdqi edən mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, həmin ərizə iddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh tərəfi həmin şəxsin iddiaçının anası olduğunu iddia etmişdir ki, qeyd edilən hal da həmin ərizənin sübut kimi qəbul edilməsini isitisna etmişdir. Budan başqa Cavabdeh2 mənzili yenidən təmirinə 7666 manat xərc çəkərək 145740 manata satıldığını iddia etsə də həmin xərclərə dair də daxili sənədləşmə qismində aktlar və hesabatlar, o cümlədən yeni alıcı ilə birlikdə tərtib edilmiş protokol təqdim etmişdir ki, qeyd edilən sənədlər mötəbər sübut hesab olunmamaqla, həmin sənədlər arasında da ziddiyyət olmuşdur. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildə yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbuluna dair akt təqdim etmişdir ki, həmin aktda 7665,6 manat xərcin çəkilməsi qeyd olunmuşdur. Cavabdeh2 ilə mənzilin yeni alıcısı İ.Nağıyeva arsında isə tərtib edlmiş təmir işlərinə dair xx.xx.2024-cü il tarixli protokolla isə mənzildə təmir işlərinin görülməsi barədə razılığa gəlinmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək mənzildə təmir işləri aparıldığı təqdirdə həmin tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə mənzilə dair yeni alıcı ilə təmirə dair razılaşa əldə edilməsi anlaşılmaz olmuşdur. Buna görə də məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən mənzili yenidən təmirinə 7666 manat xərc çəkilməsi ilə bağlı etirazının sübut olunmadığı qənaətinə gəlmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası iddiaçının bank qarşısında olan 118746,53 manat (98061,36 manat əsas borc, 20685,17 manat faiz) pul öhdəliyinin Cavabdeh2 MTK tərəfindən icra edilməsini, mənzilin isə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 145740 manata satılmasını, iddiaçının Cavabdeh2 qarşısında 4250 manat pul öhdəliyinin olmasının və mənzilin təmirinə 7666 manat xərcin çəkilməsinin sübut edilməməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli müqavilənin 8.1-ci bəndinə əsasən Cavabdeh2 MTK tərəfindən 26993,47 manat (145740- 118746,53=26993,47) alınaraq iddiaçıya verilməlidir. 36.Məhkəmə kollegiyası iddiaçının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(001)-2075/2023 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzil boşaldılarkən əmlaklarına ziyan vurulması ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi o, qanuni qüvvəsini almış qətnamənin könüllü icrası ilə əlaqədar məlumatlandırılmış, lakin o, məhkəmə qətnaməsini könüllü icra etməmiş, həmçinin məcburi icra zamanı isə icra yerinə gəlməmiş və icra zamanı mənzildən çıxarılan əşyalarını təhvil almamışdır. Buna görə də icra məmurları tərəfindən məcburi icra tədbirləri vasitəsi ilə mənzildə olan əşyalar çıxarılaraq, cavabehin saxlancına verilmişdir. İddiaçı əşyalarının icra zamanı, yəni mənzil boşaldılarkən zədələndiyini və yararsız hala düşdüyünü iddia etmişdir. Məhkəmə qətnaməsi isə icra məmurları tərəfindən icra olunduğundan Cavabdeh2 MTK-nın icra zamanı iddiaçının əmlaklarına zərər vurması da mümkün hesab olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan tələbi Cavabdeh2 MTK-ya münasibətdə əsassız olmuşdur.

37. Məhkəmə kollegiyası tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar Cavabdeh2 MMC-dən tutularaq, iddiaçının xeyrinə ödənilməsi tələbinə münasibətdə isə qeyd edir ki, kredit müqaviləsi üzrə borcalan iddiaçı olmaqla, kreditor isə hazırkı "xxxx" ASC olmuş, kredit müqaviləsi üzrə iddiaçının öhdəliyi zamin Cavabdeh2 MTK tərəfindən icra edilmiş, iş materiallarında olan təminatlı kredit müqaviləsinin 10-cu bəndinə əsasən Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli, 459 nömrəli müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllə, bina 2, 73 nömrəli, 2 otaqlı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra ipoteka ilə yüklü edilməsi razılaşdırılmış, lakin müqavilənin qeyd olunan bəndi icra olunmayaraq, qeyd edilən mənzil ipoteka ilə yüklü edilməmiş, həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(001)-2075/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış 459 saylı, 25 oktyabr 2016-cı il tarixli müqavilə ləğv edilmiş və Əbilova Arzu İxtibar qızının həmin mənzildən çıxarılması qət edilmişdir ki, bununla da iddiaçının mübahisəli mənzillə dair hər hansı bir hüququ mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan tələbini də əsassız hesab etmişdir.

38. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edlərək, Cavabdeh2 MTK-dan 26993,47 manat alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-293/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 MTK-dan 26993,47 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatı olmaqla, cəmi 27113,47 (iyirmi yeddi min yüz on üç manat, 47 qəpik) manat alınaraq, İddiaçı verislin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar