Məhkəmə qərarları › İş №2(105)-663/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-663/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-663/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili: X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankının Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi S.Muradzadə və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh, kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 1947 (min doqquz yüz qırx yeddi) manat 50 (əlli) qəpik məbləğində əsas və 697 (altı yüz doxsan yeddi) manat) 67 (altmış yeddi) qəpik məbləğində faiz borcu və 5 (beş) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2650 (iki min altı yüz əlli) manat 17 (on yeddi) qəpik məbləğində ödənilməmiş borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun ləğv prosesində olan QSC «Bank Standart» KB-nın xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı “Ləğv prosesində olan QSC «Bank Standart» KB ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 1947,50 (min doqquz yüz qırx yeddi) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 697,67 (altı yüz doxsan yeddi manat altımış yeddi qəpik) manat məbləğində faiz borcu, 2138,06 (iki min yüz otuz səkkiz manat altı qəpik) manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla, 296,19 (iki yüz doxsan altı manat on doqquz) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5079 (beş min yetmiş doqquz) manat 42 (qırx iki) qəpik məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə borclu Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/11380/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 28% olmaqla, 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmiş, lakin borclu kredit müqaviləsinin tələblərini pozaraq, ödəməli olduğu məbləği ödəməkdən yayınmış və üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 1947,50 (min doqquz yüz qırx yeddi manat, əlli qəpik) manat məbləğində əsas borc, 697,67 (altı yüz doxsan yeddi manat altımış yeddi qəpik) manat məbləğində faiz borcu, 2138,06 (iki min yüz otuz səkkiz manat altı qəpik) manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla, 296,19 (iki yüz doxsan altı manat on doqquz) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5079,42 (beş min yetmiş doqquz manat qırx iki qəpik) manat məbləğində borcu yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Muradzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Qətnamə qismən cərimə (dəbbə) hissəsində, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında dəyişdirib həmin hissədə Bankın tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Bankın tələbi üzrə cərimə hissəsi 2138,06 manat olduğu halda məhkəmə qətnaməsi ilə yalnız 5 manat təmin edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək tələb etdiyi 296,19 manat hissəsini təmin etməmişdir. Kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimədən ibarətdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-1460/2020 saylı qətnaməsi cərimə (dəbbə) tam, gecikdirilmiş günlər üçün 5% olmaqla 296,19 manat məbləğində faiz məbləği hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası barədə ona məlumat verilməmiş, buna görə də, iddia müddətinin keçməsi ilə əlaqədar məhkəməyə mülki işin icraatına xitam verilməsi üçün ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-1460/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə müddət keçdiyindən mülki işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və vəkili M.Z.Mahmudov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər, təmin olunmasını, iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi S.Muradzadə və Cavabdeh apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən olur ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə borclu Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/11380/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 28% olmaqla, 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit ayrılmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 1947,50 (min doqquz yüz qırx yeddi manat, əlli qəpik) manat məbləğində əsas borc, 697,67 (altı yüz doxsan yeddi manat altımış yeddi qəpik) manat məbləğində faiz borcu, 2138,06 (iki min yüz otuz səkkiz manat altı qəpik) manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla, 296,19 (iki yüz doxsan altı manat on doqquz) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5079,42 (beş min yetmiş doqquz manat qırx iki qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası iddiaçının iş üzrə cərimə borcunun qismən və gecikdirmiş borcun təmin edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 5 manat məbləğində müəyyən edir. Qalan hissədə, yəni gecikdirilmiş günlər üçün 5% olmaqla, 296,19 (iki yüz doxsan altı manat on doqquz) manat məbləğində faiz borcu hissəsində iddia təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə və bununla əlaqədar iddia müddətinin tətbiqinin təmin edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır, hətta cavabdehin nümayəndə və vəkillə təmsil olunması işdə olan sənədlərdə sübuta yetirilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alıb, hesab edir ki, bu iddia üzrə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, iddia müddətin tətbiqi barədə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin nümayəndəsi və vəkili A.Vəliyev tərəfindən məzhkəməyə etibarnamə, order və cavabdeh tərəfindən ödəniş edilməsi barədə sənədlər təqdim edilmişdir, lakin iddia müddəti barədə tətbiq olunması barədə heç bir ərizə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərn apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin ediməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-1460/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar