Məhkəmə qərarları › İş №2(105)-663/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-663/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-663/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi Bəşiri-X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-878/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC Cavabdeh2 vərəsəsi Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 1293.83 manat əsas borc olmaqla, cəmi 1293.83 manat borcunun və ödənilmiş 32.94 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 14 faizlə 10 ay müddətinə 1620 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 309443 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 1755 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsi əsasında 8V-26 reyestr nömrəli vərəsəlik işi açılmış və Cavabdeh1 BəşiriƏsli İnqilab Həsən oğlunun vərəsəsi kimi tanınmışdır. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 1293.83 manat əsas borc olmaqla, cəmi 1293.83 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32.94 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum Cavabdeh2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-33224/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-878/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 miras qoyan Cavabdeh2 borclarının mirasdan çox olduğunu sübut edə bilmişdir. Belə ki, bu hal Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 3098 saylı, xx.xx.2024-cü il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Həmin arayışın məzmunundan isə görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası Cavabdeh2 miras qalmış əmlaka şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixdə 1755 reyestr nömrəli ərizə ilə müraciət etsə də hər hansı miras əmlak olmadığı üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir.

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 743, 746.1, 442, 443.1, 445.2.1, 1151, 558, 1307-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

6. İddiaçı"xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-878/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası-Cavabdeh2 miras qalmış əmlaka şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə xx.xx.2024-cü il tarixdə 1755 reyestr nömrəli ərizə ilə müraciət etmişdir. Hazırki icraat zamanı isə birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)900/2024 saylı, xx.xx.2024 tarixli hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktında (üç ulduzlu qərar) məhkəmə kollegiyası göstərmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Yuxarıda qeyd olunanların kontekstində, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini cavabdehə münasibətdə onunla əsaslandırmışdır ki, “Hazırki işdə isə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakın olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və s. bu kimi halların mövcudluğunun iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda da cavabdeh qismində cəlb olunmuş məhrumun arvadı cavabdehə ölənin öhdəlikləri üzrə məsuliyyət daşıması istisna olunur.” Başqa sözlə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməlidir. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Cavabdeh2 vərəsəsi Cavabdeh1 müəyyən edilmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq iddiaçının tələbini rədd edilmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdehlər sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etməmiş, eyni zamanda məhkəmə sübutetmə yükünü yalnız iddiaçının üzərinə qoymuşdur. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, MMin 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi Cavabdeh1 Sumqayıt şəhər 1 saylı notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılmış, lakin miras əmlak olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Lakin notarius tərəfindən miras əmlakları siyahıya almamışdır. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamə verilməsə də cavabdehin başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh1 tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə notariusu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edərək miras əmlakın tam araşdırılmasını təmin etməmişdir. 1-ci instansiya məhkəməsi öz mülahizəsinə əsasən iddianı rədd etmişdir. Hesab edilir ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh notariusa müraciət edərək mirasın qəbul edilməsi barədə şəhadətnamənin verilməsini xahiş etmişdir. Belə olan halda hesab edir ki, notariusa müraciət etdikdən sonra vərəsəlik hüququ yaranır, 3 ay ərzində vərəslikdən imtina etməmişdir. Mərhumun hər hansı qiymətli əşyasının qalıb-qalmaması barədə sübutlar yoxdur. Bunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bu səbəbdən də hesab edir ki, borc vərəsə tərəfindən ödənilməlidir.

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X3 qızı bildirdi ki, əri ilə uzun müdət ayrı yaşasalar da 2022-ci ildə məhkəmə qətnaməsi ilə boşanmışdır. Ərinin adına heç bir əmlak olmayıb, 20 ildən artıq müddət olub ki, respublikadan kənarda yaşamış, əlaqələri olmamışdır. Ölkəyə gəldikdən sonra isə kirayələrdə yaşamışdır. Bankdan pul götürməsi barədə isə məlumatları olmamışdır. Ölümü barədə isə prokurorluqdan verilmiş məlumata əsasən biliblər. Vərəsəliklə bağlı notariusa müraciət etmələrinin səbəbi ərinin pensiyası almasını güman etmələri və ödənilməmiş pensiyasını almaq istəmələri olmuşdur. Lakin, ona ödənilməli olan hər hansı bir məbləğ olmamışdır. Notariatda isə məlum olmuşdur ki, ərinin hər hansı bir əmlakı qalmamışdır.

İşdə olan sübutlar

11. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2, 10 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 1620 manat məbləğində kredit verilmişdir.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-ci il tarixə Cavabdeh2 "xxxx" ASC-yə BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 1293.83 manat borcu mövcuddur.

13. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 vərəsəsi Cavabdeh1 yazılı bildiriş ünvanlanmışdır.

14. AZ-İİ 309443 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 417 nömrə ilə qeyd edilmişdir.

15. Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 3098 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası Cavabdeh2 miras qalmış əmlaka şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixdə 1755 reyestr nömrəli ərizə ilə müraciət etmiş, lakin hər hansı miras əmlak olmadığı üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir.

16. Cavabdeh1 notariat oranına ünvanldığı ərizədən görünür ki, o, atasının "xxxx" ASC-də olan pul vəsaitindən miras qalmaq üçün müraciət etmişdir.

17. Sumqayıt şəhər Bələdiyyəsinin 41 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixində vəfat edən günə qədər ailə üzvləri kimi Cavabdeh1 və X3 qızı qeyd edilmişdir.

18. V-JQ 373564 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və X2 xx.xx.1995-cı il tarixdə Sumqayıt şəhər Corat qəsəbə nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 18 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada BəşiriƏsli soyadı verilmişdir.

19. AZ-İ 141103 saylı doğum haqqında şəhadətnamədən görünür ki, BəşiriƏsli Gülzar İnqilab qızı xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası BəşiriƏsli İnqilab Həsən oğlu və anası X3 qızıdır.

20. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4633/2022 nömrəli qətnaməsindən görünür ki, Bəsişir-X5 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, Corat qəsəbə nümayəndəliyində 19 may 1995-ci il tarixində bağlanmış nikah pozulmuşdur.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-878/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətləri üzrə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-878/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********46 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2, 10 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 1620 manat məbləğində kredit verilmiş, Cavabdeh2 xx.xx.2023-cü ildə ölmüşdür. Qızı Cavabdeh1 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası Cavabdeh2 miras qalmış əmlaka şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin hər hansı miras əmlak olmadığı üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Ölən şəxsin hər hansı miras əmlakı olmaması notarius tərəfindən verilən müvafiq arayışla təsdiqlənmişdir. Mövcud olmayan hər əmlakların isə siyahıya alınması mümkün deyildir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-878/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ :

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-878/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar