Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-664/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(060)-3504/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 07 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini, borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı X1 xeyrinə əsas borc üzrə 7.946,80 ABŞ dolları, faiz borcu üzrə 3.696,51 ABŞ dolları, cərimə borcu üzrə 893,80 ABŞ dolları olmaqla, ümumilikdə 12.537,11 ABŞ dolları pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 07.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22 (iyirmi iki) faiz hesablanmaqla, 24 (iyirmi dörd) ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsülü kimi Cavabdeh2 ilə 07.04.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit vasitəsindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Cavadehlər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(060)-3504/2018 nömrəli qətnaməsi ilə (hakim C.B.Məmmədov) İddiaçı X4 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı X4 ASC-nin xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 7.946,80 ABŞ dolları, faiz borcu üzrə 3.696,51 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları olmaqla, ümumilikdə 11.693,31 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 manat hissəsinin tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 467, 472.1, 739.1, 739.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 10 aprel 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, onun və digər cavabdehin iştirakını təmin etmədən , qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə əsasən məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Onun məhkəmə iclasında iştirakı təmin edilmədiyindən o, öz hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Bundan əlavə o, ümumiyyətlə digər cavabdehə zamin durmamışdır. İşdə olan zaminlik müqaviləsindəki imza ona məxsus deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ona aid hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1, 386.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1, 421.2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1, 467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1, 739.2. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddələr 134.1, 134.1.1 – 134.1.9. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini, məhkəmə bildirişini, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını, iş üzrə icraatın qurtardığını göstərən qərardadı, məhkəmə əmrini, apellyasiya şikayətinin surətini və kassasiya şikayətinin surətini rəsmi qaydada verməlidir. Maddələr 135.1. və 135.2. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh2 apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(060)-3504/2018 nömrəli qətnaməsinin qismən – ona aid hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları iə müəyyən olur ki, İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, 22 faiz hesablanmaqla 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən cavabdeh tərəfindən sonuncu ödəniş 07.04.2016-cı ildən gec olmayaraq ödənilməlidir. İddiaçı İKB ASC və Cavabdeh2 arasında bağlanmış 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 cavabdeh X3 19.000 ABŞ dolları borcuna görə zamin olmuş və bu məbləğin qaytarılmasına görə onunla birlikdə məsuliyyət daşıyır. 07.04.2014-cü il tarixli məxaric qəbzindən görünür ki, X6 19.000 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli kredit və 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavədən görünür ki, 10 noyabr 2015-ci il tarixdə kredit müqaviləsinin 1.6-cı bəndində göstərilmiş 24 ay sözləri 55 ay sözləri ilə əvəz edilmiş və kreditin müddəti 55 ay hesab edilmişdir. 1.8-ci bəndində göstərilmiş 07 dekabr 2016 sözləri 07 noyabr 2018-cı il sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi 07 noyabr 2018-ci il hesab edilmişdir. Kredit müqaviləsi üç tərəfli qaydada İddiaçı İKB ASC, Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 7.946,80 ABŞ dolları, faiz borcu üzrə 3.696,51 ABŞ dolları, cərimə borcu üzrə 893,80 ABŞ dolları olmaqla, ümumilikdə 12.537,11 ABŞ dolları məbləğində borcu vardır. 25 yanvar 2018-ci il tarixli xəbərdarlıq məktundan görünür ki, İddiaçı İKB ASC X5 4- M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin icrası barədə xəbərdarlıq etmiş və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası işin materiallarını müqayisəli surətdə araşdırıb, tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, cavabdehlərin iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə mövcud borc yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və digər sübutlarla öz təsdiqini tapır. Belə olan halda İddiaçı X4 ASC və Cavabdeh2 arasında bağlanmış 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə əsas borclu ilə birgə məsuliyyət daşıyır. Bank tərəfindən 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 893,8 ABŞ dolları məbləğində cərimə pulu tələb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ yüksək olub işin hallarına uyğun deyildir və həmin məbləğin azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməsi tərəflərin əmlak mənafeləri nəzərə alınaraq daha qanuni və ədalətli olardı. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin iclasında onun iştirakı təmin edilməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi barədə dəlili araşdırılan zaman müəyyən olur ki, iş materiallarında cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına məhkəmə bildirişinin göndərilməsi və alınması ilə bağlı heç bir rəsmi sənəd mövcud deyildir və bu halı təsdiq edən başqa sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmış, bununla da çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı bu hal aradan qaldırılmış, yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş və cavabdeh bildirişi alsa da, məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, İddiaçı X4 ASC ilə bağlanmış 4-M-2-0-295-14 nömrəli, 07.04.2014-cü il tarixli zaminlik müqaviləsinin aşağı sol tərəfində olan imzanın cavabdehə məxsusluğu mübahisələndirmiş və müqavilədə olan imzanın apelyant tərəfindən imzalanmadığı göstərilmişdir. Məhkəmə kollegiyası tərəflər arasında mövcud mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 11.04.2022-ci il tarixli, 4/417 nömrəli ekspertiza rəyi ilə müəyyən olur ki, tərəflər arasında bağlanmış 4-M-2-0-295-14 nömrəli, 07.04.2014cü il tarixli zaminlik müqaviləsinin aşağı sol tərəfində olan imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2021-ci il tarixli, 4/417 nömrəli rəyi ilə bağlı tədqiqatın dəyəri 110 (yüz on) manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndin əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalııdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliılə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(060)-3504/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı X4 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 7.946,80 ABŞ dolları əsas borc, 3.696,51 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 11.693,31 ABŞ dolları məbləğində pul vəsaiti (qətnamənin icra olunduğu günə Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 manat hissəsi İddiaçı X1 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli və ekspertiza tədqiqatına xərclənmiş 110 (yüz on) manat pul Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(060)-3504/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X4 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 7.946,80 ABŞ dolları əsas borc, 3.696,51 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 11.693,31 ABŞ dolları məbləğində pul vəsaiti (qətnamənin icra olunduğu günə Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 manat hissəsi İddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatına xərclənmiş 110 (yüz on) manat pul Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-664/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-664/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver