Məhkəmə qərarları › İş №2(105)-668/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-668/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-668/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-440/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 3100 manat dəymiş ziyanın və 52 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3100 manat məbləğində pulun və ödənilmiş 52 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-109/2018 nömrəli hökmü ilə hazırki iş üzrə Cavabdeh qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən Sumqayıt şəhərinin Yaşıldərə bağlar ərazisində X1 adlı şəxsdən aldığı torpaq sahəsini sənədləşdirməkdə köməklik göstərilməsi üçün ona müraciət etmiş İddiaçı özünü vəkil kimi təqdim edərək əlaqələrindən istifadə edib məhkəmə yolu ilə tez bir zamanda torpaq sahəsini sənədləşdirəcəyinə söz verib aldadaraq, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Arzu” şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində vahid qəsdlə 2014-cü ilin dekabr ayı ərzində hissə-hissə olmaqla 3100 manat pulunu ələ keçirərək, zərərçəkmiş İddiaçı xeyli miqdarda, yəni 3100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmün “Hökm etdi” hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı mülki iddia vermədikləri üçün zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(105)-2019 nömrəli qərarı ilə hökm dəyişdirilərək Cavabdeh cəzası 5 (beş) il 6 (altı) ay müddətinə endirilmişdir. Azərbavcan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ona təyin edilmiş cəza qüvvəsində saxlanmışdır. Nüşabə Baxısovanın cəzası sonradan qanunvericilikdə edilən dəyişikliklərə əsasən yüngülləşdirilmiş və o azadlığa buraxılmışdır. İddiaçı bildirir ki, Cavabdeh 2014-cü ilin dekabr ayında iddiaçıdan cəmi 3100 manat pul alması cinayət isinin materialları ilə tam sübuta yetirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərildiyi kimi mülki icraat qaydasında müraciət etmək hüququ saxlanmışdır. Bundan əlavə iddiaçı qeyd edir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Pulun cavabdeh tərəfindən alınması 2014-cü ilin dekabr ayında olduğu üçün mülki qaydada iddia tələbi 10 il təşkil edir ki, hazırda iddia ərizəsi vaxtında verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ifadəsində işçisi tərəfindən kassa mədaxil orderi verilməsinin pulun ona verilməsinə əsas gətirilə bilməz. Belə ki, istintaq zamanı da iddiaçı pulun cavabdehə verilməməsini qeyd etdiyi halda hansı əsasla məbləğ cavabdehdən alınmasına dair qətnamə qət edə bilər. Məhkəmə cavabdehdən almadığı pulu ödəməsini tələb etməklə onun mülkiyyət hüququnu pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, tərəflərin təqdim etdikləri ərizələri nəzərdən keçirib məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Apellyasiya icraatı zamanı tərəflər barışıq sazişi təqdim edərək və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması barədə razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 370.1. maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də barışıq sazişi bağlanmasıdır. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edilmiş və barışıq sazişində aşağıdakılar qeyd edilmişdir: Cavabdeh, İddiaçı ümumilikdə 3200 (üç min iki yüz) manat məbləğində borcunun olmasını etiraf edir və həmin pulu 2025-ci ilin iyul ayının 1-dən başlayaraq hər ay 300 manat olmaqla iddiaçının ona təqdim edəcəyi kart hesabına ödəməyi öhdəsinə götürür. Həmin vəsait hər ay 300 manat olmaqla 11 ay ərzində ödəniləcək və sonuncu ay ödəmə 200 manat təşkil edəcəkdir. İddiaçı cavabdehin ona olan 3200 manat borcunun hissə-hissə olmaqla, hər ay 300 manatdan təqdim edəcəyi kart hesabına ödəməsinə, 11 ay ərzində borcunu tam olaraq bağlamasına və sonuncu ayda 200 manat ödəməsinə razıdır. Hazırki barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən və qərardad qəbul edildikdən sonra o adına olan kart hesabını cavabdehə təqdim etməyi öhdəsinə götürür. Qarşılıqlı razılaşdırılmış şərtlərə hər bir tərəf əməl etməklə bu mübahisəni barışıq yolu ilə həll edir və mübahisə predmeti ilə bağlı bir-birinə qarşı gələcəkdə iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri aydındır və tərəflər barışıq sazişinin şərtlərini icra etməyə borcludurlar, bu şərtləri pozan tərəf digər tərəf qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi qanuni və əsaslı olduğundan təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1., 384.0.5., 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı və cavabdehin nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh arasında bağlanmış 10 iyun 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh, İddiaçı ümumilikdə 3200 (üç min iki yüz) manat məbləğində borcunun olmasını etiraf edir və həmin pulu 2025-ci ilin iyul ayının 1-dən başlayaraq hər ay 300 manat olmaqla iddiaçının ona təqdim edəcəyi kart hesabına ödəməyi öhdəsinə götürür. Həmin vəsait hər ay 300 manat olmaqla 11 ay ərzində ödəniləcək və sonuncu ay ödəmə 200 manat təşkil edəcəkdir. İddiaçı cavabdehin ona olan 3200 manat borcunun hissə-hissə olmaqla, hər ay 300 manatdan təqdim edəcəyi kart hesabına ödəməsinə, 11 ay ərzində borcunu tam olaraq bağlamasına və sonuncu ayda 200 manat ödəməsinə razıdır. Hazırki barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən və qərardad qəbul edildikdən sonra o adına olan kart hesabını cavabdehə təqdim etməyi öhdəsinə götürür. Qarşılıqlı razılaşdırılmış şərtlərə hər bir tərəf əməl etməklə bu mübahisəni barışıq yolu ilə həll edir və mübahisə predmeti ilə bağlı bir-birinə qarşı gələcəkdə iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri aydındır və tərəflər barışıq sazişinin şərtlərini icra etməyə borcludurlar, bu şərtləri pozan tərəf digər tərəf qarşısında məsuliyyət daşıyır. Tərəflərin bu saziş icra edildikdən sonra bir-birilərinə qarşı hazırkı mübahisə ilə əlaqədar iddia qaldırmaq hüququ istisna edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar