Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-669/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-484/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcun və ödənilmiş 32,55 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 29 %-lə, 44 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 063905 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcu qalmışdır. Cavabdehlər mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 6-2-22/2- 32893/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
3. Cavabdeh2 yazılı etiraz verərək qeyd etmişdir ki, X4 atasıdır. 2006-cı ildən ailə həyatı quraraq başqa ünvanda yaşamışdır. Atasının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürməsi barədə məlumatı olmamış, yəni həmin kreditin qaytarılması üçün məhrumun sağlığında heç bir öhdəliyi olmayıbdır. Atası 2020-ci ilin aprel ayının 4-də dünyasını dəyişmişdir. Ona mərhumun mirasına dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Mərhum atasının miras əmlakı tərəfindən faktiki qəbul edilməmişdir. Atasının əmlakından miras pay almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də iddiaçının kredit və ona hesablanmış faiz tələbi ona yönəldilə bilməz.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-484/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X2 vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 nağd kredit ilə əlaqədar əsas borc üzrə 1254,64 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32,55 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 29 % olmaqla, 44 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. 063905 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445,1133.1, 1151.1, 1306.1, 1309-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-484/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 3301 saylı məktubunda göstərilir ki, o, mirasın qəbul edilməsi və ya imtinası barədə ərizə təqdim etməmişdir. Miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Qətnamədə onun mirası qəbul etdiyi barədə heç bir hüquqi sübut yoxdur. Yalnız Cavabdeh1 mirası qəbul etmiş vərəsə olduğu göstərilsə də ona da borc məsuliyyəti aid edilmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 3301 saylı məktubunda göstərilir ki, o, mirasın qəbul edilməsi və ya imtinası barədə ərizə təqdim etməmişdir. Buna görə də iddiaçının kredit və ona hesablanmış faiz tələbi ona yönəldilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, miras əmlakı qəbul etməmişdir. Atasından ona heç bir əmlak qalmamış, atasının evindən 2006-cı ildən çıxmış, orada yaşamır, hazırda kirayədə yaşayır, pulun ondan tutulması ilə razı deyil. Atasının evində qeydiyyatda olması formaldır, o evdə yaşamır. Ona atasınan hər hansı pay düşməyib, atasının kredit götürməsindən məlumatı yoxdur. Atasına məxsus evdə qardaşı yaşayır. Atası öləndən sonra 6 ay müddətinə mriasın qəbulu ilə bağlı müraciət etməyib. 2006-cı ildən nikaha girərək mübahisəli evdən çıxmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərarın qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, vərəsəlik işləri işə bağlı şəxs 3 ay müddətinə imtina etməlidir. Notariat ofisinə müraciət ediləndə vərəsəlik işində Cavabdeh2 mirasdan imtina barədə ərizəsini görməmişlər, bu səbəbdən hər iki cavabdehə qarşı iddia verilmişdir. Cavabdeh ölmüş şəxsə məxsus mənzildə qeydiyyatdadır, orada yaşamasa da mirasqoyanın başqa əmlakları ola bilər ki, faktiki cavabdehin istifadəsində olsun. Mirasdan imtina ilə bağlı ərizə olmadığı üçün hesab edir ki, borc ondan da tutulmalıdır.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsindən görünür ki, X3 illik 29 %-lə, 44 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir .
14. AZ-İİ 063905 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
15. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1880 saylı məktubundan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır.
16. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 3301 saylı məktubundan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmış, X5 tərəfindən miras əmlakın qəbulu və ya imtinası hqqında ərizə daxil olmamışdır. Miras əmlaka dair vərəsələrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilməmişdir.
17. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcu qalmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-484/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh2 apellyasiya şikayətinə adi hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-484/2025 nömrəli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
23. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 29 %-lə, 44 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. 063905 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X4 xx.xx.2020ci il tarixdə ölmüşdür. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X1 qalan mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır.
24. Göründüyü kimi X2 vərəsəsi Cavabdeh2 tərəfindən isə hər hansı miras əmlak qəbul edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi miras əmlakdan pay almamış ölmüş şəxsin qızından da borcun tutulması qənaətinə gəlmiş, lakin ona dair gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, qanunvericiliyə əsasən mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə isə Cavabdeh2 atasından qalmış hər hansı bir mirası qəbul etməsi sübut olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 münasibətdə iddianı təmin etməsi əsassız olmuşdur.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-484/2025 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-484/2025 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissəsində ləğv edilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.