Məhkəmə qərarları › İş №2(105)-671/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-671/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-671/2024 09.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(034)-347/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1404 manat və 35 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1439 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 06 oktyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində “Opel Astra” markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Kia Sportec” markalı AB 059 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və “Kia Sportec” markalı avtomobil idarəetməni itirərərək əks istiqamətli yola çıxaraq idarə etdiyi “Mercedes Benz 5 EX Al 6099 LC” 856 markalı qeydiyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri DYPİ-nin İXP ******* saylı inzibati protokoluna əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus olan avtomobilə 2550 manat məbləğində maddi ziyan vurmuşdur. Dəyən zərərin 1146 manatı sığorta təşkilatı tərəfindən ödənilmiş, qalan 1404 manatı isə hələ də ödənilməmişdir. O, cavabdehdən tələb etsə də, cavabdeh könüllü olaraq ona dəymiş maddi ziyanı ödəmir, qəti olaraq həmin ziyanı ödəməkdən imtina edir. "xxxx" ASC-nin 10.10 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilinə 2550 manat məbləğində maddi ziyan dəymişdir.

4. CM2656/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, “Mercedes Benz 5 EX Al 6099 LC” 856 markalı qeydiyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 2.550 manat, sığorta ödənişin yekun məbləği isə 1.146,38 manat təşkil etmişdir.

5. "xxxx" ASC tərəfindən verilmiş 3672/22 nömrəli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz 5 EX Al 6099 LC” 856 markalı qeydiyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 2550 manat məbləğində qiymətləndirilmişdir.

6. Vurulmuş ziyan məbləğinin müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspetizası təyin edilmiş və Azərbyacan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/6724 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz A160” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2080 manat müəyyən edilmişdir.

7. Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(034)-347/2023 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbi təmin edilib, Cavabdeh 934 manat məbləğində maddi ziyan və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi və ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1097.1-ci maddələri, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 80, 88, 217.4, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə baş verdikdən sonra sığorta şirkəti tərəfindən ziyan məbləği ödənildikdən sonra qalan məbləğin onun tərəfindən ödəniləcəyini bildirmişdir. İddiaçının yoldaşı ilə görüşmüş, ondan ziyanla bağlı əlavə 1000 manat ödəməyini tələb etmişdir. Həmin məbləği ödəməyə maddi imkanı olmadığından sonradan 800 manat ödəməyi barədə razılığa gəlmişlər. İki dəfə 400 manat olmaqla, 800 manat ödənişi icra etmişdir. Ziyan məbləğinin qiymətləndirilməsində iştirak etməmişdir, iddiaçının yoldaşı 800 manatı ödə, qalanı ilə işin olmasın sözlərini ona bildirmiş, onunla sağollaşıb halallaşmışlar. Hadisə yerindən qaçmamış, iddiaçıaya dəyən ziyanı öz razılıqları ilə razılaşıb, 800 manat pulu da ödəmişdir. Hazırda məhkəmə iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə dib, təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

22. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(034)-347/2023 nömrəli qətnaməsi dəyişdirilməlidir.

28. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 06 oktyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində “Opel Astra” markalı **-BD-*** dövlət qeydiyat nömrə nişanlı avtomobillə “Kia Sportec” markalı **-AB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və “Kia Sportec” markalı avtomobil idarəetməni itirərərək əks istiqamətli yola çıxaraq “Mercedes Benz” markalı **-LC-*** qeydiyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. Belə olan halda, dəymiş zərər üçün cavabdeh məsuliyyət daşıyır və vurulmuş zərər onun tərəfindən iddiaçıya ödənilməlidir.

30. Birinci instansiya məhkəməsi tərəflər arasında mövcud mübahisə üzrə düzgün nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/6724 nömrəli ekspert rəyinə əsasən 2000-ci il buraxılışlı “Mercedes Benz A160” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2080 manat müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6724 nömrəli rəyi Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

32. Cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçı ona məxsus avtomobilə ümumilikdə 2550 manat məbləğində maddi ziyan vurulduğunu, həmin ziyan məbləğinin 1146 manat hissəsinin sığorta təşkilatı tərəfindən ona ödənildiyini göstərərək qalan 1404 manat hissəsini tələb edir.

33. İşin halları araşdırılarkən tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, vurulmuş zərərə görə iddiaçıya 1146 manat 38 qəpik sığorta ödənişi, həmçinin cavabdeh tərəfindən 21 oktyabr 2022-ci il və 26 oktyabr 2022-ci il tarixli kassa mədaxil qəbzlərinə əsasən iddiaçıya məxsus bank hesabı üzrə ümumilikdə 800 manat vəsait ödənilmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2080 manat vurulmuş zərərin 1946,38 (1146,38+800) manatı iddiaçıya ödənildiyindən, cavabdehdən vurulmuş zərərə görə iddiaçının xeyrinə 133,62 (2080-1946,38) manat tutulmalıdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 133 (bir yüz otuz üç) manat 62 (altmış iki) qəpik tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(034)-347/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 133 (bir yüz otuz üç) manat 62 (altmış iki) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar