Məhkəmə qərarları › İş №2(105)-674/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-674/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-674/2024 05.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şərı̇ fova Şəfa Nı̇ zami qızının cavabdeh Şərı̇ fov Aslan Kərəm oğluna qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməməsinə dair) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif ızı Səlimin katibliyi ilə, İddiaçı Şərı̇ fova Şəfa Nı̇ zami qızının cavabdeh Şərı̇ fov Aslan Kərəm oğluna qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)- 5038/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5914/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında tutulmuş alimentin dəyişdirilərək, hər ay, hər uşağa 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 40,16 (qırx manat, on altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

2. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)- 5038/2023 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

4. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)- 5038/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və o, belə bir qətnamənin qəbul edilməsini bildikdən sonra məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin surətini almış və ondan apellyasiya şikayətini elektron qaydada təqdim etmişdir. Eyni zamanda elektron məhkəmə sistemində buraxılmış müddətin bərpası barədə ərizə də vermişdir. Lakin məhkəmə xx.xx.2024-cü il tarixdə hazırkı qərardadı qəbul etmişdir. O, Asan imza vasitəsi ilə şikayətini MPM-nin tələblərinə əməl etməklə göndərmiş, lakin məhkəmə həmin ərizəni görməzdən gələrək onun apellyasiya şikayətini mümkünsüz hesab etmiş və geri qaytarılması barədə qərardad çıxarmışdır. O həhbçidir, elektron məhkəmə sisteminə hər dəfə daxil olmağa imkanı olmamış, hazırda da qeydiyyatda olduğu ünvanda deyil, onun şikayətinin nəticəsi ilə xx.xx.2024-cü il tarixdə maraqlanmaq məqsədi ilə elektron sistemə girdikdə, məhkəmə tərəfindən bildirişlərlə tanış olduqda ona məlum olmuşdur ki, məhkəmə belə bir qərardad çıxarmışdır. Qərardadın surətini o, poçt vasitəsi ilə almamış və bu qərardadın qəbul edildiyini xx.xx.2024-cü il tarixdə bilmiş və bu tarixdə də şikayətini təqdim edir. Tərəfindən müddətin bərpası barədə ərizə elektron məhkəmə sistemi vasitəsi ilə verilmiş və həmin ərizə şikayətində qeyd olunmuşdur, lakin məhkəmə həmin şikayətini müzakirə etmədən, guya onun müddətin bərpası barədə ərizə vermədiyini qeyd etməklə hazırkı qərardadı qəbul etmişdir. Bundan başqa o, rəsmi qaydada qətnamənin surətini aldığı vaxt ərzində, bir ay müddətində məhkəməyə şikayət vermiş, lakin məhkəmə bu halları nəzərə almayaraq və işdə onun məhkəmə qətnaməsini rəsmi almağına dair sübut olmadığı halda bu qərardadı qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.20244cü il tarixli 2(060)-5038/2023 nömrəli qərardadını ləğv etməklə, onun apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

11. Apellyasiya baxışının hədləri

Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli və bununla bağlı 08 fevral 2023-cü il tarixli 2(060)- 5038/2023 nömrəli qərardadları ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilməlidir.

13. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 12 sentyabr 2023-cü il tarixli, 2(060)-5038/2023 saylı qətnaməsindən apellyasiya şikayəti qətnamə icraya yönəldikdən sonra – xx.xx.2024cü il tarixdə prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən verilmişdir.

15. Cavabdeh sözügedən qətnaməni rəsmi qaydada 20 dekabr 2023-cü il tarixdə əldə etdiyini və bir ay müddətində apellyasiya şikayət verdiyini, həimçinin prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etdiyini göstərmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə prosessual normalarının tətbiq və təfsirində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamış, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

17. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə 25 sentyabr 2023-cü il tarixdə cavabdehə göndərilsə də zərf poçt orqanının «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır (i/v 45). Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsini əldə etmədiyini göstərmiş və 20 dekabr 2023-cü il tarixdə məhkəmə aktı ona rəsmi qaydada təqdim edilmişdir (i/v52).

18. Göründüyü kimi cavabdeh məhkəmə aktını əldə etdikdən sonra 1 ay müddətində, 14 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə bu halları nəzərə almamışdır.

19. Bundan başqa, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mətnində buraxılmış müddətin bərpasına dair vəsatət mövcud olduğu halda, birinci instansiya məhkəməsi müddətin bərpa edilməsinə vəsatətin məhkəməyə təqdim edilməməsi qənaətinə gəlmişdir.

20. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

21. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində məhkəmə aktından şikayət verilməsi tərəfin hüququdur. Bu müddət prosessual müddətin bütün dövrünü əhatə etməklə, həmin müddətin son günü apellyasiya şikayəti ilə şəxsin müraciət etməsi hərəkətsizlik nümayiş etdirməsi və s. hal kimi qiymətləndirilə bilməz. Prosessual müddət daxilində apelyasiya şikayəti verilməsi qanunla tanınan hüquqdur və bu hüququn hər hansı bir əsaslar məhdudlaşdırılması yolverilməzdir, məhkəmə müdafiəsi hüququnun pozulmasıdır.

22. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququndan istifadə edərək qanunla müəyyən edilmiş müddət daxilində apellyasiya şikayəti vermişdir. O, qətnamənin surətini ərizə ilə məhkəməyə müraciət etməklə xx.xx.2023-cü il tarixdə almış və xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir.

23. Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə əsasən məhkəmələr tərəfindən prosessual müddətin bərpası barədə məsələlərə baxılarkən nəzərə alınmalı vacib amillərdən biri də ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir.

24. Göründüyü kimi araşdırılan mübahisə üzrə cavabdeh qətnaməni ərizəsi əsasında rəsmi qaydada aldıqdan sonra, vaxtında apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müddətin bərpası barədə vəsatətə münasibət bildirməmişdir. Odur ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli və bununla bağlı 08 fevral 2023-cü il tarixli 2(060)-5038/2023 nömrəli qərardadları ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)- 5038/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməlidir.

27. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

28. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(060)-5038/2023 nömrəli və bununla bağlı 08 fevral 2023-cü il tarixli 2(060)-5038/2023 nömrəli qərardadları ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar