Məhkəmə qərarları › İş №2(105)-675/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-675/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-675/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(060)-3241/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun illər tanış olmaqla uzaq qohumluqları olmuşdur. O, kommersiya fəaliyyəti ilə məşğul olmuş və 2014-cü ildə cavabdeh bu işlərdə onunla işləməyə razılıq istəmiş, o da razılaşmış, cavabdeh onunla işləməyə başlamışdır. İşin xüsusiyyətlərini mənimsəyəndən sonra cavabdehə öz adından etibarnamə vermiş və cavabdeh bütün işləri artıq özü sərbəst görməyə başlamışdır. Gördüyü işlər - alğı-satqı, alınmış və verilmiş pullar və digər bütün işlər barədə onun elektron poçtuna hesabatlar göndərmiş və o isə bunlara nəzarət etmişdir. Bir qədər sonra o, gəlirin kəskin azaldığını hiss etmiş və bu barədə cavabdehdən soruşanda cavabdeh bunu bəzi borclarına görə pulların ümumi dövriyyədən çıxarılması və bəzi şəxslərin ona çatası pulları verməməsi ilə əlaqələndirmişdir. O, artıq cavabdehdən şübhələnmiş, özünün hesabatı ilə ona verdiyi hesabatlar arasında kəskin fərqlər üzə çıxmışdır. Bundan sonra dəqiq hesablamalar apardıqdan sonra cavabdehin onun 43.000 ABŞ dollarını və şirkətdən alacağı 25.000 manat pulunu mənimsədiyi məlum olmuşdur. Bundan əlavə anbarda da 50.000 manat dəyərində mal əskikliyi olmuşdur. Bütün bunlar məlum olandan sonra cavabdeh hər şeyi etiraf etmiş və bütün kəsirləri tez zamanda bərpa edəcəyinə dair söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmişdir. Son hesablamalara görə cavabdeh tərəfindən onun 150.000 manat pul və malının mənimsənildiyi müəyyən edildiyi üçün və cavabdeh həmin pulları qaytarmaqdan imtina etdiyi üçün 2019-cu ildə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə müraciət etmiş, araşdırma aparılmış, həmin araşdırma zamanı cavabdeh təqsirini qismən etiraf etmiş, ona cəmi 28.000 manat borcu olduğunu bildirmişdir. Lakin münasibətlərin mülki xarakterli olduğuna istinad edən təhqiqatçı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra o cavabdehin könüllü olaraq mənimsədiyi pulları qaytaracağını gözləmiş, lakin qaytarmamışdır. Sonradan isə cavabdeh həbs edilmişdir. Cavabdeh uzun illərdir ki, etibarından istifadə edib mənimsədiyi pull qaytarmır və o da məcbur olaraq hazırki iddia ilə məhkəməyə müraciət edərək öz pulunu cavabdehdən tələb edir. Qeyd olunanlara əsasən Cavabdeh 28000 (iyirmi səkkiz min) manat borc və ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(060)-3241/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat borc və ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(060)-3241/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Belə ki, məhkəmə yalnız cavabdehin polis bölməsində verdiyi izahatı əsas götürərək iddianı təmin etmişdir. Lakin bu tamamilə əsassızdır. Belə ki, cavabdehin izahatı hansı şəraitdə verməsi, yəni, hədə-qorxu və s. digər məcburiyyət tədbirləri əsasında belə bir izahat verib-vermədiyi araşdırılmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Onlar işgüzar münasibətdə olarkən cavabdehin özünə məxsus şirkəti olmuşdur. Sonradan iflas etmişdir, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra bəraət almışdır. Hazırda vergi ödəyici kimi fəaliyyətini dayandırmışdır. İddiaçı ilə işləyən zaman vergi ödəyicisi idi. Onun iddiaçıya heç bir borcu yoxdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. Onunla cavabdeh işgüzar münasibətdə olmuşlar. Cavabdehin ona borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, iddia ərizəsini, tərəfin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(060)-3241/2022 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus 28000 (iyirmi səkkiz min) manat pulu mənimsədiyini etiraf etmişdir. İş materiallarında olan AR DİN Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt ŞPİ-nin 4-cü PB-nə edilmiş şikayətinə baxılmış, ona qeyd etdiyi xüsusatlarla əlaqədar aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh hər ikisi vergi ödəyicisidirlər. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı iş üzrə tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırki halda iş materiallarından tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında mövcud borc münasibətləri məhz onların hər ikisinin vergi ödəyicisi olduqları vaxt, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları zaman yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(060)- 3241/2022 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(060)-3241/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar