Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-679/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(067)-661/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 18.000 manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus 130 baş qoyunun satışından əldə edib ona qaytarmadığı 18000 manat miqdarında pulun, ona məxsus 1 ton arpanı satmasına görə əldə etdiyi 250 manat pulun, 3000 manat məbləğində əldən çıxmış faydanın, yəni hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində qazanacağı 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Daş karxanası, 414 A ünvanında ailəsi ilə birlikdə yaşayır. O, fərdi əməklə məşqul olur. Onun Xaçmaz rayonu, Laman kəndi ərazisində sahəsi 14 ha olan ferması vardır. O, 2018-ci ilin payız aylarında 130 baş qoyunu və 23 baş keçini 18000 manata almış və baxmaq üçün tanışı Cavabdeh təhvil vermişdir. O, heyvanlara və fermaya baxması üçün Coşquna hər ay 300 manat əmək haqqı verməklə razılaşmış və vaxtlı-vaxtında da pulunu ödəmişdir. 2019cu ilin iyul ayında isə Coşquna zəng edərək 130 baş qoyunu satıb pulunu ona göndərməsini xahiş etmişdir. Bir müddət sonra Coşqun ona zəng edərək 130 baş qoyunu 18000 manata satdığını bildirmişdir. Coşqun ona birgə alver etməyi təklif etdikdə, o, isə ona tək alver edib 1 ya da 2 aya pulunu verməyini xahiş etmişdir. Həmçinin, fermanın ərazisində 14 ha ərazidə arpa əkib, 25 ton arpa yığıb fermanın anbarına qoymuşdur. Fermaya gəldiyi zaman ona məlum olmuşdur ki, 1 ton arpanı Cavabdeh satmış və pulunu mənimsəmişdir. Bununla bağlı Xaçmaz RPŞ-i tərəfindən ona hüququnun bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən vaxtında onun pulunun qaytarılmaması səbəbindən, yəni 5 aydan çox müddətdə, o, məşqul olduğu ticarətlə dövriyyəsini çoxaldacaq, 3000 manatdan yuxarı gəlir əldə edəcəkdi. Hazırda isə o, 3000 manat miqdarında ziyana düşmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə əlaqədar heç bir araşdırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi zərərin dəyməsinin öz təsdiqini tapması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1., 21.2., 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirərək həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi maddi ziyan və əldən çıxmış faydanın tutulması barədədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 130 baş qoyunun saxlanılması üçün razılıq olmuş, bunun müqabilində hər ay cavabdehə 300 manat məbləğində pul verəcəyini öhdəsinə götürmüşdür. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (Mülki Məcəllənin 777.1., 777.2-ci maddələri) Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (Mülki Məcəllənin 783.1., 783.2-ci maddələri). Mülki Məcəllənin 786.5. maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. İşdən göründüyü kimi iddiaçı cavabdehə 2019-cu il iyul ayında zəng edərək 130 baş qoyunun satıb pulunun ona göndərilməsini xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayətində qeyd olunan heyvanların iddiaçının tapşırığına əsasən satıldığını və həmin heyvanların saxlanılması üçün 13600 manat məbləğində pul sərf olunduğunu bildirərək iddianı bu hissədə qəbul etməmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halların və tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3839 saylı 04 avqust 2021-ci il tarixli əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, “B+Ş Audit” Consalting MMCnin 12 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən 1 baş xırda buynuzlu heyvanın 6 ay ərzində saxlanması, yemlənməsi və dərmanlanması üçün lazım olan məbləğin 25-28 manat olması nəzərə alınmaqla, ümumilikdə lazım olan vəsait 25 manat olduğu halda 3250 manat (25x130), 28 manat olduğu halda 3640 manat (28x130) müəyyən edilir. Göründüyü kimi 1 baş heyvanın (qoyunun) saxlanması, yemlənməsi və dərmanlanması üçün lazım olan məbləğin 25-28 manat olması nəzərə alınmaqla, ümumilikdə lazım olan vəsait 25 manat olduğu halda 3250 manat (25x130), 28 manat olduğu halda 3640 manat (28x130) müəyyən edilir. Bu mənada məhkəmə kollegiyası Mülki Məcəllənin 783.1. və 786.5. maddələrinin tələbləri baxımından hesab edir ki, heyvanların saxlanılması üçün cavabdeh tərəfindən xərclənmiş ekspert rəyində göstərilmiş 3640 manat məbləğində vəsait heyvanların satışından əldə edilmiş vəsaitin iddiaçıya ödənilməsi zamanı nəzərə alınaraq həmin məbləğdən çıxılmalıdır (18.000-3640=14.360 manat) Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, tərəflər arasında razılaşmaya əsasən həmin heyvanların saxlanması üçün cavabdeh tərəfə iddiaçı 300 manat əmək haqqı verməklə razılaşmış olsa da, sonuncu tərəfindən həmin məbləğin 6 ay ərzində cavabdehə verilməsini təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası Mülki Məcəllənin 783.2. maddəsinin tələbi baxımından hesab edir ki, heyvanların saxlanılması üçün tərəflərin razılaşdıqları (300x6=1800 manat) məbləğ İddiaçı tələb etdiyi məbləğdən çıxılmalıdır (14.360- 1.800=12.560 manat). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh (18000-3640=14360-1800=12560) 12560 (on iki min beş yüz altmış) manat alınaraq İddiaçı ödənilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza xərci 100 (yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 12560 (on iki min beş yüz altmış) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh ekspertiza xərci 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-679/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-679/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver