Məhkəmə qərarları › İş №2(105)-679/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-679/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-679/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 Mütəllim oğluna qarşı torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017ci il tarixli, 2(059)-735/2017 saylı qətnaməsindən Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 Mütəllim oğluna qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Siyəzən rayonunun Zarat kəndində dövlət mülkiyyətində olan 5,3 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı başçısının 13 aprel 2010-cu il tarixli, 83 nömrəli sərəncamı və 14 aprel 2010-cu il tarixli icarə müqaviləsi ilə İddiaçı başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində dövlət mülkiyyətinə məxsus torpaqlardan sahibkarlıq məqsədləri üçün 5,3 ha torpaq sahəsi 99 il müddətinə X5 icarəyə verilmişdir. İddiaçı başçısının 08 sentyabr 2015-ci il tarixli, 721/7-4 nömrəli məktubu ilə Siyəzən rayonu Zarat kəndində yerləşən fiziki şəxs X4 icarəsinə verilmiş 5,3 ha torpaq sahəsinə dair icarə hüquqlarının Cavabdeh1 təsisçisi olduğu Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalına daxil edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bu barədə 03 mart 2015-ci il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Bundan sonra, Cavabdeh1 ilə İddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 01 iyul 2016-cı iı tarixli, 14 nömrəli müqavilə bağlanmışdır. İcarəyə verilmiş dövlət mülkiyyətinə məxsus torpaqların istifadə vəziyyəti müxtəlif vaxtlarda öyrənilərkən sahibkarlıq məqsədləri üçün Cavabdeh1 icarəyə verilmiş dövlət mülkiyyətinə məxsus 5,3 ha torpaq sahəsindən istifadə edilmədiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsindən Cavabdeh1 ötən müddət ərzində istifadə etməmişdir. Belə ki, müxtəlif vaxtlarda həmin əraziyə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən istifadə edilmədiyi üçün torpaq sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı tədbirlər görüləcəyi barədə Cavabdeh1 xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 Mütəllim oğlunun Siyəzən RİHB-nın Zarat kənd İƏD üzrə nümayəndəliyinin ərazisində olan dövlət mülkiyyətinə məxsus sahibkarlıq məqsədləri üçün verilmiş 5,3 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi qət edilmişdir.(hakim İ.Quliyev) İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, onun ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mübahisənin məhkəmədən kənar, yəni pretenziya qaydalarına əməl edilməklə həll edilməsi proseduru iddiaçı tərəfindən pozulmuş, bu hala isə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Bundan başqa, MMC mübahisənin həllində tərəf kimi cəlb edilməmiş, məhkəmə iclasında onun nümayəndəsinin iştirakı təmin olunmamışdır. Digər tərəfdən, MMC tərəfindən mübahisəli torpaq sahəsinə görə uzun müddət icarə haqqı ödənilsə də, sahə təyinatı üzrə istifadə olunsa da, bu faktlar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Buna görə də qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X7 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ilə icarəçi X8 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 14 aprel 2010-cu il tarixli müqavilədən görünür ki, rayonun Zarat kəndi ərazisində 5,3 ha olan torpaq sahəsi 99 il müddətinə Ülvi Qasımova icarəyə verilmişdir. Yenə iş materiallarında olan İddiaçı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 01 iyul 2016-cı il tarixli müqavilədən görünür ki, icarəyəverən icarə əsasında rayonun Zarat kəndi ərazisində 5,3 ha olan torpaq sahəsini 92 il 09 ay 17 gün müddətinə Cavabdeh2-yə icarəyə vermişdir. Yenə də iş materiallarında olan RX ******* saylı, 03 oktyabr 2015-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, rayonun Zarat kəndi ərazisindəki 5,3 ha torpaq sahəsi üzərində Cavabdeh2-nin icarə hüququ 99 il müddətinə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 23 iyul 2015-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 kommersiya fəaliyyətilə məşğul olan hüquqi şəxsdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(059)- 735/2017 saylı qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 01 iyul 2016-cı il tarixli müqaviləyə əsasən rayonun Zarat kəndi ərazisində 5,3 ha olan torpaq sahəsi 92 il 09 ay 17 gün müddətinə sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədilə Cavabdeh2-yə icarəyə verilmişdir. İddianın mahiyyətindən görünür ki, iddiaçı cavabdehin mübahisəli torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməməsini, torpaq sahəsini təyinatı üzrə istifadə etməməsini əsas gətirməklə onun bu əmlak üzərindəki icarə hüququna xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, icarə münasibətləri sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs Cavabdeh2 ilə İddiaçı arasında yaranmışdır. İş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 Mütəllim oğlu müqaviləni öz adından yox, MMC-nin icra orqanının rəhbəri kimi imzalamışdır. Hazırki mübahisə də MMC-nin sahibkarlıq fəaliyyətindən doğan kommersiya mübahisəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. AR MPM-in 26-cı maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən hazırkı mübahisənin həlli üçün o, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin yurisdiksiyası üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Buna baxmayaraq, Siyəzən Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən hazırki iddia ərizəsinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq baxılmasının təmin edilməsi məqsədi ilə apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(059)-735/2017 saylı qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 32.4, 44.2.2, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(059)-735/2017 saylı qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh1 Mütəllim oğluna qarşı torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar