Məhkəmə qərarları › İş №2(105)-679/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-679/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-679/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-594/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə cavabdeh Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsində görünür ki, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesanlanmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir.

2. "xxxx" ASC-nin “Yasamal” filialı ilə Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti açılmışdır.

3. Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 199255 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfov Nizami Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür.

4. xx.xx.2021-ci il tarixli 2V-241 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş mərhum Nəcəfov Nizami Ramazan oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır.

5. "xxxx" ASC-nin arayışından görünür ki, borcalanın BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş 8350,75 manat əsas borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC iddia ərizəsi, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 8350,75 manat əsas borc və ödənilmiş 130,05 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesanlanmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin "xxxx" ASC-nin “Yasamal” filialı ilə Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci nömrəli kredit müqaviləsinə əsasən,Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X7 Ramazan oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Abşeron 2 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum Nəcəfov Nizami Ramazan oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2021-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Nəcəfov Nizami Ramazan oğlunun BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş–8350.75 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, Nəcəfov Nizami Ramazan oğlunun BPM**********89 nömrəli, xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə əsasən, tam kredit borcu üzrə, Banka ödənilməmiş 4999.02 manat əsas və 1304.56 manat faiz borcu qalmışdır. Cavabdeh Nəcəfov Nizami Ramazan oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Nəticədə hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-594/2025 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmişdir.

9. Məhkəmə iddia tələbinin cavabdehlə bağlı hissəsində qeyd edib ki, Nəcəfov Nizami Ramazan oğlu vəfat etdiyindən iddia onun varisinə yönəldilmişdir. xx.xx.2021-ci il tarixli 2V-241 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum Nəcəfov Nizami Ramazan oğlundan miras qalmış əmlaka dair onun vərəsəsinin adına vərəsəlik işi açılmış və həmin vərəsə mərhumdan miras qalmış pul kompensasiyası məbləğindən tam hissədə olmaqla pay almışdır. Göründüyü kimi, mərhum şəxsin vərəsəsi artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh kimi göstərilməsi tam əsaslıdır. "xxxx" ASC ilə Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş 8350,75 manat əsas borc cavabdeh-vərəsə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445, 448.1, 739, 739.2, 1133.1, 1151.1, 1306.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-594/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını tam araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunan kredit müqavilələri 26 iyul 2021-ci il tarixdə bağlanmışdır. Məhkəməyə ünvanlanmış iddia ərizəsində isə iddianın tərtib edilməsi tarixi “03 oktyabr 2024-cü il” kimi göstərilmişdir. İddia müddətinin ötürülməsi barədə cavabdeh tərəfindən ərizə verilsə də, iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi ərizəyə qətnamədə heç bir münasibət bildirilməmişdir. İşə baxan məhkəmə iş üzrə müəyyən edilən halları nəzərə almadan qətnamə qəbul edilmişdir. Məhkəmə cavabdehin borclunun qanun üzrə vərəsəsi olduğuna əsaslanaraq, kredit borcunun cavabdehin ödəməli olduğu qənaətinə gəlmişdir. Məhkəmənin bu barədə mövqeyi tamamilə ədalətsizdir. Belə ki, borcludan miras kimi qəbul etdiyi əmlaklar birgə nikah dövründə əldə edilmiş, sadəcə ailə başçısı kimi həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Yəni bu əmlakların əldə edilməsində borclu ilə yanaşı onun da böyük zəhməti olmuşdur. Həmin əmlakları miras kimi qəbul etməyi onun haqqıdır. Bundan başqa kredit müavilələri üzrə borc iddia tələbində düzgün göstərilməmişdir. Çünki mərhum həyat yoldaşı tərəfindən xeyli miqdarda kredit ödənişi icra edilib. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət formal mülahizələrdən ibarətdir. Apellyasiya şikayətində cavabdeh iddiaçı tərəfin iddia müddətini ötürməsinə istinad edir. Halbuki qeyd olunan kredit müqaviləsi üzrə iddia müddəti 2027-ci ilin iyul ayında bitir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməmişdir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır

19. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-594/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı bank hazırkı iş üzrə cavabdehə qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulmasını xahiş etmişdir.

25. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Hər şeydən əvvəl kollegiya hesab edir ki, mərhum Nəcəfov Nizami Ramazan oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

27. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, "xxxx" ASC ilə mərhum Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesanlanmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. "xxxx" ASC-nin “Yasamal” filialı ilə Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti açılmışdır.

28. Yenə işdə olan Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 199255 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfov Nizami Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli 2V-241 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum Nəcəfov Nizami Ramazan oğlundan miras qalmış əmlaka dair onun vərəsəsinin adına vərəsəlik işi açılmış və həmin vərəsə mərhumdan miras qalmış pul kompensasiyası məbləğindən tam hissədə olmaqla pay almışdır. Göründüyü kimi, mərhum şəxsin vərəsəsi artıq müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı bankın cavabdehə qarşı hazırkı iddia tələbi əsaslı hesab edilməlidir.

29. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilinə münasibətdə kollegiya bildirir ki, hazırkı iş üzrə mübahisələndirilən kredit müqavilələri xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. Bu hesabla kredit müqaviləsinin icra edilməsi müddəti xx.xx.2024-cü il tarixə, həmin müqavilələr üzrə iddia müddətinin son tarixi isə xx.xx.2027-ci il tarixə təsadüf edir. Göründüyü kimi iddiaçı bank hazırkı tələb üzrə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir.

30. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh (apellyator) apellyasiya şikayətində iddia tələbi üzrə borc məbləğini mübahisələndirmişdir.

31. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi və cərimənin hesablanma qaydası dəqiq müəyyən edilmişdir. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, borc alan məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

32. Apellyasiya şikayətinin sonuncu digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-594/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar