Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-681/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın evdən çıxarılması tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-308/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-308/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh məxsus əmlaklar – 1 ədəd dəhliz üçün dolab, 1 ədəd yataq dəsti (iki tumba, dolab, termo və taxt), 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd qonaq otağı üçün kamot, 1 ədəd TV-stend, 1 ədəd masa dəsti - 6 stul və 1 stoldan ibarət, 1 ədəd divan- kreslo dəsti, 1 ədəd “Bosch” markalı mikrodalğalı soba, 1 ədəd “Bosch” markalı soba (duxovka), 1 ədəd “Samsung” markalı tozsoran, 1 ədəd “Bosch” markalı mikser, 1 ədəd “Braun” markalı şirəçəkən, 1 ədəd “Monlinex” markalı ətçəkən, 1 ədəd “Tefal” markalı çörək qızdıran (toster) adlı cehiz əşyalarının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.90 kv.metr olan 134 saylı mənzildən çıxarılması qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan dəhliz üçün dolab, yataq dəsti (iki tumba, dolab, termo və taxt), “LG” markalı paltaryuyan, “Samsung” markalı soyuducu, qonaq otağı üçün kamot, TV- stend, masa dəsti (6 stul və 1 stol), divan-kreslo dəsti, “Bosch” markalı mikrodalğalı soba, “Bosch” markalı soba (duxovka), “Samsung” markalı tozsoran, “Bosch” markalı mikser, “Braun” markalı şirəçəkən, “Moulinex” markalı ətçəkən, “Tefal” markalı çörək qızdıran (toster) cehiz əşyalarının ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54-də yerləşən 134 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54-də yerləşən 134 saylı mənzil onun xüsusi mülkiyyəlindədir. X3 Cavabdeh ilə 3 il bundan öncə tanış olmuş və onunla ailə quracağını ona bildirmişdir. O və həyat yoldaşı qızın valideynləri ilə tanış olmuş və onlara oğlu Faiqin Nərmin ilə birbirini istədiklərini bildirmişlər. İki ailə arasında olan razılıq əsasında el adəti ilə qız evindən “hə” cavabı alınmışdır. Bundan sonra oğlu hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra isə Polis Akademiyasına imtahan verərək daxil olmuşdur. Hal-hazırda həmin Akademiyada təhsil alır. 2023-cü ildə uşaqların toyunu planlaşdırdığı vaxt qaynanası dünyasını dəyişmiş və bu səbəbdən qaynanasının il mərasimini gözləməli olmuşlar. 2024-cü ilin may ayında qaynanasının mərasimini keçirib, cavabdehin valideynləri ilə razılaşaraq toy gününü bu ilin sentyabr ayına təyin etmişlər. Bundan sonra cavabdeh bəzi cehiz əşyalarını ona məxsus mənzilə yerləşdirməyə başlamışdır. Bu ərəfələrdə uşaqlar arasında anlaşılmazlıq başlamış və onlar ayrılmaq qərarına gəlmişlər. Bundan sonra o, cavabdehdən cehiz əşyalarını ona məxsus mənzildən çıxarmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamış, cehiz əşyaları bu günədək onun evində qalmaqdadır. Cehiz əşyaları aşağıdakılardan ibarətdir: 1. Dəhliz üçün dolab; 2. Yataq dəsti (iki tumba, dolab, termo və taxt); 3. “LG” markalı paltaryuyan; 4. “Samsung” markalı soyuducu; 5. Qonaq otağı üçün kamot; 6. TV-stend; 7. Masa dəsti - 6 stul və 1 stol; 8. Divan-kreslo dəsti; 9. “Bosch” markalı mikrodalğalı soba; 10. “Bosch” markalı soba (duxovka); 11. “Samsung” markalı tozssoran; 12. “Bosch” markalı mikser; 13. “Braun” markalı şirəçəkən; 14. “Monlinex” markalı ətçəkən; 15. “Tefal” markalı çörək qızdıran (toster). Yaranmış vəziyyətdə onun yeganə çıxış yolu məhkəməyə müraciət etmək olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-308/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia tələbini qəbul etmir, mebelləri istəmir, çünki elə mebellər var ki, həmin evdə divara vurulub və evdən çıxarılması üçün həmin əşyalar söküləcəyi halda zədələnəcək və ya məhv olacaq, nəticə etibarilə ona zərər dəyəcək. Odur ki, mebellərin çıxarılmasını istəmir və o, aldadıldığı və ziyana salındığı üçün ona yetirilmiş maddi-mənəvi zərərin əvəzini tələb etmək niyyətindədir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-308/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının X3 ilə Cavabdeh arasında el adəti ilə nişan mərasimi keçirilmiş və onlar rəsmi nikaha hazırlaşdıqları üçün cavabdehə məxsus əşyalar iddiaçının mənzilinə yerləşdirilmişdir. Sonradan onlar arasındakı münasibətlər pozulduğundan nikahın rəsmiləşdirilməsi baş tutmamışdır. Lakin cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildə qalmışdır. İşdə olan sübutlarla cavabdehin cehiz əşyalarının hal-hazırda da həmin mənzildə qalması öz təsdiqini tapır. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 54 nömrəli evin 134 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda Cavabdeh cehiz əşyalarının həmin mənzildə qalması iddiaçının öz mülkiyyətində olan bu mənzildən sərbəst istifadə, sahiblik və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətindəki mənzildən çıxarılmalıdır. Məhkəmə gəldiyi nəticənin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər... Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri (arvadı (əri), uşaqları, valideynləri) və yaşayış sahəsinə mülkiyyətçi tərəfindən ailə üzvləri kimi köçürülən digər şəxslər həmin yaşayış sahəsindən istifadə hüququna malik olurlar. İstinad edilən qanun normaları baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı məxsus mənzildən istifadə hüququ olmadığından (yaranmadığından) iddiaçı ondan əşyalarını həmin mənzildən çıxarmağı tələb etməkdə haqlıdır. Cavabdeh əmlakını iddiaçıya məxsus mənzildə sonuncunun iradəsi ziddinə saxlamaqla onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər ona öz cehiz əşyalarını iddiaçıya məxsus mənzildə saxlamağa və oradan çıxarmamağa haqq qazandırmır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş tələbi qanuni və əsaslı olmuş, məhkəmə də həmin tələbi təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-308/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-681/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-681/2025
29.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver