Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-684/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-142/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 35,91 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 935,49 ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 35,91 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 1/8/81755270-USD nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2015-ci il tarixdə "Dəmirbank'’ Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 4000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 4000 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli, 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 4000 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 4000 ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə, cavabdehə pretenziya qaydasında bildiriş göndərmiş, bildirişdə borcun hansı məbləğdə olması qeyd edilmiş və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən öhdəliyin olmaması mübahisələndirilməmiş və bu məsələnin araşdırılması üçün banka və ya digər quruma məlumat verilməmişdir. Borcun hansı məbləğdə olması barədə məlumatlar birinci instansiya məhkəməsinə təqdim edilən digər sübutlarda da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliklə müəyyən edilmiş maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarının 7.2-ci bəndinə əsasən nağd pulun məxarici “pul çekləri”nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. 1/8/81755270 USD nömrəli xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən aydın olur ki, borclu Cavabdeh bank tərəfindən 4000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Məxaric orderindəki ödənişin təyinatına əsasən Cavabdeh pul kredit əsasında verilmişdir. Pulun alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi işin hallarına və konkret sübutlara istinad edilməklə, ətraflı tədqiq edilməklə əsaslandırılmayıb. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır. Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. Mübahisələndirilən kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaitinin cavabdeh tərəfindən alınmasını təsdiq edən və iddia ərizəsinə əlavə edilmiş məxaric orderi və hesabdan çıxarışa məhkəmə münasibət bildirməmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə müəyyən məbləğlərdə ödənişlər etmişdir. Bu bank ilə cavabdeh arasında olan öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir və öz növbəsində borcun etirafıdır. Bununla da, borclu Cavabdeh LPO İddiaçı ASC ilə kredit münasibətləri faktının olması sübut edilir. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən, cavabdehlər müqavilə üzrə göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Mülki iş materiallarına əlavə edilmiş maliyyə arayışı hesabdan çıxarış məlumatlarını əks etdirdiyindən Cavabdeh banka olan borcu həmin sənədlə də tam təsdiq edilir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçı iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmiş, cavabdeh isə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən tərəflər arasında bağlanmış kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İşdən görünür ki, iddia tələbi borcun tutulması barədədir. İşin mübahisələndirilməyən halları isə ondan ibarətdir ki, iddiaçı bank ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4000 ABŞ dolları kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İş üzrə xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh X1 4000 (dörd min) ABŞ dolları məbləği almış və bu barədə kassa məxaric orderinə imza atmışdır. Nəzərə alınmalıdır ki, kredit münasibətlərində iddiaçının kredit (borc) verməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun cavabdehə ödənilməsi qanuni prezumpsiyaya əsaslanır. Bunun əksini isə iddiaya etiraz edən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları, o cümlədən pulun tam və ya qismən qaytarılmasını sübut etməlidir. Belə olan halda üzərinə sübutetmə yükü düşən cavabdeh MPM-nin 77.1. maddəsinin tələbinə əsasən pulun iddiaçıya qaytarılmasını sübut edə bilmədiyindən, iddia tələbi əsaslı hesab edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 935 (doqquz yüz otuz beş) ABŞ dolları 49 (qırx doqquz) sent əsas borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsi nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 935 (doqquz yüz otuz beş) ABŞ dolları 49 (qırx doqquz) sent əsas borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsi nəzərə alınmaqla) tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-684/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-684/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver