Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-685/2022 22.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(060)-3603/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(060)-3603/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, əsas borc üzrə 10840,21 manat, faiz borcu üzrə 6175,84 manat, cərimə üzrə 1044,03 manat, 18.06.2019-cu il tarixdən 12.03.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 19075 manat 93 qəpik məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin X2 qaytarılması, Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinin ilkin satış qiymətinin 28000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırki qətnamənin Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 18 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10840,21 manat əsas borc, 6175, 84 manat faiz borcu, 1044,03 manat cərimə və 18.06.2019-cu il tarixdən 12.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19075,93 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 13 iyun 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASCnin “Sumqayıt” filialında 120 ay müddətinə 30000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 18 iyun 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 25 faizlə 60 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən, 31/8 nömrəli evin 5 nömrəli mənzili 13 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-cü il 18 iyun tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2021-ci il martın 12-dək Cavabdeh1 18 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10840,21 manat əsas, 6175,84 manat faiz, 1044,03 manat cərimə, 18.06.2019-cu il tarixdən 12.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19075,93 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyi üçün qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, kredit üzrə faiz borcunun məbləği həddindən artıq şişirdilmişdir. 18 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 10840,21 manat əsas borc məbləğinə 6175,84 manat faiz borcu hesablanmışdır ki, bu da əsas borc məbləğinin təxminən 60%-ni təşkil edir. Bu isə faiz borcunun həddən artıq şişirdilməsinə dəlalət edir. Bununla bağlı təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi üçün zərurət yarandığı halda, məhkəmə tərəfindən bu xüsusat nəzərə alınmamışdır. Belə ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinin 60%-i həddində faiz borcunun hesablanması onun tərəfindən 18 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə daha əvvəllər ödədiyi ödənişlərinin faiz və əsas borcdan silinməsi prosesinin qanunvericiliyin və kredit müqaviləsinin tələblərinə uyğun aparılmadığını əyani sübut edir. Alınmış 20000 manat kredit vəsaitinə görə ödəniş edildiyi halda, 10840,21 manat əsas borc qalmaqda, bunun müqabilində əlavə olaraq onun 6175,84 manat da faiz ödəməli olduğu qərara alınmışdır. Ödənilən vəsaitin faiz və əsas borc məbləğindən çıxılma qaydasının hansı formada aparılması sual doğurur. İddiaçı tərəfindən hesablanaraq məhkəməyə təqdim olunan və məhkəmə qətnaməsi ilə təmin olunan faiz borcu əsas borca yaxın bir məbləğ təşkil etməkdədir. Halbuki, iddia tələbi süni şəkildə uzadılmayaraq vaxtında verilsəydi, hesablanmış faiz borcunun məbləği daha az ola bilərdi. Onun tərəfindən öhdəliklər lazımi qaydada yеrinə yеtirilməmiş, bununla da tərəflər arasında bağlanmış krеdit və ipоtеka müqavilələrinin tələbləri pоzulmuş, buna baхmayaraq iddiaçı “İpоtеka haqqında” qanunun 34.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarından istifadə еdərək bоrcun tutulmasına və ipоtеka prеdmеtinə yönəldilməsi üçün vaхtında məhkəməyə müraciət еtməmiş, bununla da krеdit üzrə faiz məbləği 6175,84 manata qədər artmışdır. Krеdit müqaviləsi üzrə faizin qеyd оlunan məbləğdə artmasında yalnız iddiaçı təqsirlidir. Həmçinin Azərbaycan Rеspublikası Milli Bankı (Mərkəzi Bankı) tərəfindən təsdiqlənmiş 19 sentyabr 2000-ci il tariхli “Krеdit əməliyyatları üzrə faizlərin hеsablanmasının dayandırılması haqqında Qaydalar”ın 2.2-ci bəndinə və Milli Bank kreditlərinin təsnifləşdirilməsinin 21 saylı, 14 nоyabr 1996-cı il tariхli “Qaydası”nın 6-cı bəndinə əsasən vaхtı 90 gündən çох gеcikdirilmiş krеdit üzrə faizlərin hеsablanması dayandırılır. Digər xüsusat isə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 28000 manat kimi ucuz müəyyən edilməsidir. Hazırda ipoteka predmeti olan və Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 saylı evin 5 saylı mənzilinin dəyəri mövcud bazar qiyməti ilə 50000 manat təşkil etməkdədir və qiymətləndirmə aparılsaydı, mənzilin hazırdakı likvid qiyməti ən azından 45000 manat təşkil edərdi. Ancaq mənzilin ilkin satış qiymətinin 28000 manat müəyyən edilməsi, gələcəkdə hərrac keçirilərkən mənzilin daha ucuz qiymətə satılması və ya hərracın baş tutmaması nəticəsində çox ucuz qiymətə bankın mülkiyyətinə keçməsi nəticəsində onun kredit müqaviləsi üzrə borcunun tam şəkildə bağlana bilməyəcəyinə zəmin yaradacaqdır. İddia tələbində təmin edilən 1044,03 manat cərimə borcu və 18 iyun 2019-cu il tarixindən 12 mart 2021-ci il tarixinə qədər gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat əldən çıxmış fayda ilə bağlı hesablanmış borcun hər biri ayrı-ayrılıqda əsas borc məbləğinin 10 faizini, ümumilikdə isə əsas borc məbləğinin 20 faizinə yaxın bir məbləğini təşkil etməkdədir. Əldən çıxmış fayda ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaət doğru deyildir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz borcunun, o cümlədən cərimə və faiz borcunun yenidən hesablanması aparılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcu üzrə 6175,84 manat, cərimə üzrə 1044,03 manat, 18.06.2019-cu il tarixdən 12.03.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış faydaya aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faiz və cərimə borclarına aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" X5 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14 saylı əsas kredit müqaviləsinin surətindən görünür ki, kreditor hər birinin məqsədi, məbləğ və müddəti hazırki müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq əlavə kredit müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 30000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və Avro ekvivalentində 120 ay müddətinə borcalana kredit limiti ayrılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" X5 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14-(1) saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" X5 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 25 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" X5 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli zaminlik müqavilələrinin surətindən görünür ki, 18 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14-(1) saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün zamin kimi Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" X5 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" X5 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14 saylı əsas kredit müqaviləsinə əsasən 120 ay müddətinə ayrılmış 30000 manat məbləğində veriləcək kreditin və ona hesablanacaq faizlərin, habelə qanunvericilikdə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi X2 məxsus Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 17.07.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsi 18.06.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh1 18 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14-(1) saylı kredit müqaviləsi üzrə 12.03.2021-ci il tarixinə banka əsas borcu 10840,21 manat, faiz borcu 6175,84 manat, cərimə borcu 1044,03 manat, əldən çıxmış fayda 1015,85 manat olmaqla, cəmi 18060,08 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 03 fevral 2021-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron portalından çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinə tutmanın yönəldilməsi barədə bildiriş 16.02.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4748 saylı, 14.07.2021 il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14-(1) nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla X1 banka olan borcu müqavilə bitən müddətə, yəni 18.06.2019-cu il tarixinə əsas borc üzrə 12140,21 manat, faiz borcu üzrə 7309,06 manat, müqavilə müddətindən sonra, maliyyə arayışının tərtib edildiyi 12.03.2021-ci il tarixinə əsas borc üzrə 10840,21 manat, faiz borcu 12505,35 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 01/21-474 saylı, 29 sentyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinin bazar dəyəri 33800 manat, likvid dəyəri isə 28000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, "xxxx" X5 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14-(1) saylı kredit müqaviləsinə əsasən "xxxx" X5 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 25 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, Cavabdeh1 "xxxx" X5 Açıq Səhmdar Cəmiyyətində olan kredit borcu üzrə restrukturizasiya olunması təklif olunan kreditin məbləği 11840.21 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 000000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000 000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və sair faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan Fərmanda faizlərin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş və restrukturizasiya olunması təklif olunan kreditin məbləği 11840.21 manat təşkil etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcu üzrə 6175,84 manat, cərimə üzrə 1044,03 manat, 18.06.2019-cu il tarixdən 12.03.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış faydaya aid hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faizlər və cərimə borclarına aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(060)-3603/2021 saylı qətnaməsi qismən, faiz borcu üzrə 6175,84 manat, cərimə üzrə 1044,03 manat, 18.06.2019-cu il tarixdən 12.03.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış faydaya aid hissələrdə ləğv edilsin, həmin hissələrdə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-685/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-685/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver