Məhkəmə qərarları › İş №2(105)-685/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-685/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-685/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 8967.7 manat əsas, 250,41 manat faiz borcu, 5.33 manat cərimə borcu olmaqla, cəmi 9223.44 manat borcun və 112.64 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 59 ay müddətinə illik 19% ödəmək şərtilə 9060 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 8967.7 manat əsas, 250,41 manat faiz borcu, 5.33 manat cərimə borcu olmaqla, cəmi 9223.44 manat borcu yaranmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2022-ci il tarixli, 651nkSUM/22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh illik 19 faiz ödənilməsi şərti ilə 59 ay müddətinə 9060 manat məbləğində kredit verilmişdir.

5. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 651nkSUM/22 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" KB ASC-yə 8967.7 manat əsas, 250.41 manat faiz borcu, 5.33 manat cərimə borcu olmaqla, cəmi 9223.44 manat borcu vardır.

6. 15.09.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8967,7 (səkkiz min doqquz yüz altmış yeddi manat yetmiş qəpik) manat əsas, 250,41 (iki yüz əlli manat qırx bir qəpik) manat faiz borcu, 5,33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9223,44 (doqquz min iki yüz iyirmi üç manat qırx dörd qəpik) manat borc və 112,64 (bir yüz on iki manat altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 739.1, 739.2, 442, 443.1, 445.2.1 və 462.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, onunla iddiaçı "xxxx" KB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən o, götürdüyü pulu hər ay faizləri ilə birlikdə hissə-hissə ödəməli idi. Onların arasında bağlanmış müqavilədə bu pulu birdəfəlik ödəməyi barədə heç bir şey qeyd olunmamışdır. Onun bu pulu birdəfəlik ödəməyə maddi cəhətdən imkanı çatmır və o, bu məbləği banka yalnız hissə-hissə ödəməli idi. Ondan bu məbləğin hamısının birdəfəlik tutulması barədə qətnamənin qəbul edilməsi tamamilə qanunsuzdur. Həmçinin, iddiaçı məhkəməyə bir çox yanlış məlumatlar vermişdir. Məhkəmə isə yalnız bu sənədlər və məlumatlar əsasında qətnamə qəbul etmişdir. O isə bu məhkəmənin keçirilməsindən xəbərsiz olduğundan məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Qətnamənin hüquqi əsaslandırması isə düzgün şəkildə verilməmiş və qətnamə tam şəkildə əsaslandırılmamışdır. Bu isə tamamilə qanunsuzdur. Buradan da görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-337/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanunsuz olaraq qəbul edilmişdir. Buna görə də qətnamə ləğv edilməli və iddiaçı "xxxx" KB ASC-nin iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərdən görünür ki, müqavilələrin bağlanması zamanı öhdəliyin icra edilməməsi öhdəlik könüllü şəkildə icra edilmədikdə yaranır. Hər hansısa bir öhdəliyin məcburiyyətdən icra edilməməsi və ya icra edilmək niyyətinin olduğu zaman icra olunmaması bu öhdəliyin icra olunmaması anlayışına gəlmir. Onun isə sözügedən müqaviləni icra etməyə niyyəti olsa da, bu indiyədək mümkün olmamışdır. Bu isə öhdəliyin icra edilməməsi anlamına gəlmir. Çünki onun bu müqavilənin icra edilməsinə niyyəti olsa da, bu mümkün olmamışdır. Öhdəliyin icra edilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsi məhz buna niyyətin olub-olmaması ilə başa düşülməlidir. Onun isə bu öhdəliklərin icra olunmasında niyyəti olduğuna görə onun bu müqavilə üzrə öhdəliklərinin icra edilmədiyini demək mümkün deyildir. O öz öhdəliklərini tam şəkildə icra edəcəkdir. Məhkəmə proseslərinin keçirilməsindən xəbərsiz olduğu üçün bu öhdəlikləri icra etmə niyyətinin olduğunu qeyd etməmiş və bunları məhkəməyə bildirməmişdir. Məhkəmə isə onu dinləmədən bu cür qənaətə gəlməklə yanlışlığa yol vermişdir. Onunla iddiaçı "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən o, 59 ay ərzində hər ay hissə-hissə olmaqla götürdüyü krediti qaytarmalı idi. Lakin məhkəmə iş üzrə qəbul etdiyi yekun məhkəmə aktı ilə götürdüyü kredit məbləğini birdəfəlik iddiaçıya qaytarmalı olduğunu qeyd etmişdir. Bu isə müqavilənin müddəalarına və qanunvericiliyə tamamilə ziddir. Məhkəmə iş üzrə əsas sənəd olan kredit müqaviləsini tam araşdırmadan qətnamə qəbul etmişdir. Bu müqavilədə borcun hansı qaydada qaytarılacağı və digər bütün hallar tam olaraq qeyd olunsa da, məhkəmə bunu nəzərə almadan iddianı təmin etmişdir. Həmçinin, məhkəmə öhdəliyin könüllü və ya məcburi əsaslarla icra edilmədiyi məsələsini tam şəkildə araşdırmamışdır. Halbuki, məhkəmə kredit müqaviləsi ilə əmələ gəlmiş öhdəliyin onun tərəfindən könüllü şəkildə icra olunub-olunmadığını araşdırmalı idi. Bundan başqa məhkəmə yalnız iddiaçının izahatları və onun təqdim etdiyi sənədlər əsasında qətnamə qəbul etmişdir. Bununla da bir çox məsələlərə yanlış yanaşaraq iddianı təmin etmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə kredit müqaviləsi əsasında yaranmış öhdəliyin könüllü və ya məcburi əsaslarla yerinə yetirilmədiyi məsələsini sübut etməmiş və yetərli sübutlar olmadan qətnamə qəbul etmişdir. Bu isə Məhkəmənin qətnaməsinin qanunsuz olmasının bir əsasıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 651nkSUM/22 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2022-ci il tarixli, 651nkSUM/22 saylı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

19. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir.

20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 651nkSUM/22 saylı kredit müqaviləsinə əsasən 8967.7 manat əsas, 250.41 manat faiz borcu, 5,33 manat cərimə borcunun tutulması barədə iddia tələbi təmin edilməlidir.

21. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları da qeyd etməyi zəruri hesab edir.

23. Apellyasiya şikayətindən göründüyü kimi apellyator məhkəmə iclası barədə məlumatsız olmasını və onun iştirakı təmin edilmədən işə baxılmasını mübahisələndirmişdir.

24. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir. Belə ki, mülki işin 20-ci vərəqəsində olan bildirişdən görünür ki, Cavabdeh yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, 23-cü vərəqədə olan məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetində yerləşdirilməsinə dair “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, həmin bildiriş cavabdehin elektron kabinetinə yerləşdirilmiş, 32-ci vərəqədə olan bildirişdən görünür ki, cavabdehə sms xəbərdarlıq göndərilmişdir. Göründüyü kimi şikayətin qeyd olunan dəlili iş materialları ilə təkzib olunur. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

25. Apellyatorun şikayətinin digər dəlili müqavilə öhdəliyini yerinə yetirmək niyyətində olması, borcu hissə-hissə qaytarılmalı olması, bu baxımdan borcun birdəfəyə qaytarılması barədə məhkəmə qətnaməsinin qanunsuz və əsassız olması ilə bağlıdır ki, kollegiya bu dəlilləri də əsassız hesab edir.

26. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.

27. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(060)-337/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar