Məhkəmə qərarları › İş №2(105)-688/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-688/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-688/2024 31.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(060)-120/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11740,73 manat borc və ödənilmiş 116 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın verilməsinə görə ödənilməli olan 6,95 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın təmin edilən hissəsinə münasibətdə ödənilməli olan 9,22 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh, 160 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, AZ34CTRE********************; X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borcun məbləği olan 9560,73 (doqquz min beş yüz altmış manat, yetmiş üç qəpik) manat və 116 (bir yüz on altı) manat ödənilmiş dövlət rüsumunun, ümumi 9676,73 (doqquz min altı yüz yetmiş altı manat yetmiş üç qəpik) manatın İddiaçı ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh borcun məbləği olan 13940,73 (on üç min doqquz yüz üç manat, yetmiş üç qəpik) manat və 116 (bir yüz on altı) manat ödənilmiş dövlət rüsumunun, ümumi 14056,73 (on dörd min əlli altı manat yetmiş üç qəpik) manatın İddiaçı ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 08 aprel 2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər İddiaçı MMC-də əmək müqaviləsi əsasında cəmiyyətin sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixində öz ərizəsi əsasında işdən azad edilmişdir. Sürücü kimi İddiaçı MMC-də fəaliyyət göstərdiyi müddət ərzində 27 dekabr 2019-cu il tarixli İddiaçı MMC tərəfindən ona verilən etibarnaməyə əsasən Cəmiyyətin avtomobili, markası “X8” maşını olan və dövlət qeydiyyat nişanı ** AD *** olan nəqliyyat vasitəsini 31 dekabr 2020-ci il tarixinə qədər ona etibar edilmişdir ( 27 dekabr 2019-cu il tarixli etibarnamənin surəti qoşma sənəd kimi ərizəyə əlavə olunur). 2020-ci ilin fevralın 11-də Cavabdeh etibarnamə əsasında idarə etdiyi yük daşıma nəqliyyat vasitəsi ilə qəza törədərək cəmiyyətə məxsus avtomobil vasitəsini və ona yüklənmiş məhsulları məhv etmişdir. 17 mart 2020-ci il tarixində ** AD *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilə cəmi dəyəri 4950 (dörd min doqquz yüz əlli manat) manat olan ehtiyat hissələrinin dəyişdirilməsi ehtiyacı olduğu bildirilmişdir (79 nömrəli akt iddia ərizəsinə qoşma sənəd kimi əlavə edilir). Cəmiyyətə məxsus avtomobil vasitəsinə dəymiş ziyandan əlavə, avtomobil vasitəsinə yüklənmiş olan yekun məbləği 1560,73 (bir min beş yüz altmış manat, yetmiş üç qəpik) manat müəyyən edilən, araq Kazyonka 0,7 l- 83 ədəd, vahidin dəyəri 8,30 manat, cəmi 688,90 manat, araq Novaya marka 0,25 l – 30 ədəd, vahidin dəyəri 1,80 manat, cəmi 54 manat, araq Yakor 0,5 l-41 ədəd, vahidin dəyəri 6,63 manat, cəmi 271,83, araq Yakor 0,7l- 10 ədəd, vahidin dəyəri 8,60 manat,cəmi 86 manat, araq Yakor 1l- 28 ədəd, vahidin dəyəri 11,30 manat, cəmi 316,40 manat, viski Martelli 0,25 l – 5 ədəd, vahidin dəyəri 4 manat, cəmi 20 manat, viski Martelli 0,5l-1 ədəd, vahidin dəyəri 7,50 manat, cəmi 7,50 manat, viski Martelli 0,7 l – 1 ədəd, vahidin dəyəri 9,60 manat, cəmi 9,60 manat, viski Vinçestr 0,25 l- 5 ədəd, vahidin dəyəri 3,90 manat, cəmi 19,50 manat, viski Martelli 0,5 l- 3 ədəd, vahidin dəyəri 7,30 manat, cəmi 21,90 manat, viski Pioner 0,25 l – 5 ədəd, vahidin dəyəri 3,60 manat, cəmi 18 manat, viski Pioner 0,7 l- 3 ədəd, vahidin dəyəri 7 manat, cəmi 21 manat, viski Pioner 0,7 l- 3 ədəd, vahidin dəyəri, 8,70 manat, cəmi 26,10 manat. Ümumilikdə Cavabdeh məsuliyyətsizliyi səbəbindən cəmiyyətin 1560,73 (bir min beş yüz altmış manat, yetmiş üç qəpik) manat dəyərində məhsulu tələf olmuşdur (xx.xx.2020-ci il tarixli aktın surəti məktuba qoşma kimi əlavə olunur). Eyni zamanda yuxarıda adları qeyd olunan məhsulların Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinə yüklənməsini təsdiqləyən anbar yükləmə siyahısı da məktuba qoşma kimi əlavə olunur. Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli Q1-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” yol hərəkət hadisəsinin sxemi də məktuba qoşma kimi əlavə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin rəis müavini, YPXA-nın komandiri vəzifəsini müvəqqəti icra edən polis polkovniki Xosrov Nəcəfova ünvanlamış olduğu izahatda da hadisənin baş verməsi təsdiqlənmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə dəfələrlə ekspertiza təyin etmiş, hər dəfə də ekspertiza yarımçıq aparıldığı üçün və avtomaşına baxış keçirilmədən rəy verilmədiyi üçün ekspertiza rəyləri ilə razılaşmamış və təkrar ekspertizalar təyin etmiş, sonda isə məhkəmənin tələbi ilə avtomaşına baxış keçirilməklə ekspertiza aparılmış və ekspert rəy vermişdir ki, bu vəziyyətdə avtomaşına dəymiş ziyan müəyyən edilə bilmir, bunun üçün avtomaşın xüsusi servisdə yoxlanmalı, sökülməli və yalnız bundan sonra avtomaşına dəymiş ziyan müəyyən edilə bilər. Ona görə də yenidən ekspertin rəydə göstərdiyi tələblərin yerinə yetirilməsi və rəy verilməsi üçün təkrar ekspertiza keçirilməsini xahiş etmiş, məhkəmə bu vəsatəti təmin etməmiş, sonra bir aktı tərtib etmiş avtoservisin nümayəndəsinin və sonuncu rəyi vermiş ekspertin məhkəməyə dəvət edilərək dindirilməsini və aydınlıq gətirilməsini xahiş etmiş, məhkəmə yenə də əsassız və qanunsuz olaraq işin obyektiv araşdırılmasına yönəlmiş əsaslı vəsatəti təmin etməmiş, işə bu vəziyyətdə baxmağa davam edərək, özünün qəbul etmədiyi, əsassız və yarımçıq hesab edərək razılaşmadığı və buna əsasən də təkrar ekspertiza təyin edilməsini zəruri bildiyi keçmiş ekspertiza rəyləri əsasında ziyanın miqdarını müəyyən edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi ki, bu halda məhkəmə qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. Çünki ziyanın miqdarını yalnız ekspert rəyi müəyyən edə bilər, məhkəmənin istinad etdiyi ekspertiza rəyi isə elə məhkəmənin özü tərəfindən əsaslı və tam sayılmadığı üçün təkrar ekspertiza keçirilmiş, bundan əlavə, həmin ekspert rəyi avtomaşına baxış keçirilmədən, yalnız iddiaçının təqdim etdiyi zərər aktına əsasən müəyyən edilmişdir, hansı ki, həmin aktı tərtib etmiş avtoservisin buna səlahiyyəti olub-olmaması, onların həmin qiymətləndirmə üçün sertifikat və ya lisenziyalarının olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir və ümumiyyətlə bu servisin həqiqətən də mövcud olub-olmaması, onların fəaliyyət istiqamətləri və səlahiyyətləri məhkəmə tərəfindən araşdırılmamış, iddiaçı tərəfindən də buna dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Hansı ki, qiymətləndirmə barədə qanunların öz tələbləri var və bunu həyata keçirən hər bir orqanın buna səlahiyyəti olmalı, həmin müəssisənin buna sertifikatı və ya lisenziyası olmalı, eləcə də qiymətləndiricinin bu sahədə ən azı 5 il iş stajı olmalıdır. Bütün bunlar müəyyən edilmədən və araşdırılmadan məhkəmənin hənin akta əsasən ekspertin verdiyi rəyə əsaslanıb iddianı təmin etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə bu prosessual tələblərə riayət etmədən və işi tam araşdırmadan qəbul etdiyi qətnamə heç cür qanuni və əsaslı hesab edilə bilməz və buna görə də hazırkı qətnamə qanunsuz hesab edilərək ləğv edilməlidir. İddiada tələb edilən ziyan rəqəmi qanuni əsasla təsdiq edilmədiyi üçün iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. O qəbul edir ki, avtoqəza nəticəsində iddiaçının avtomaşınına və mallarına ziyan dəymiş və bu ziyan onun tərəfindən ödənməlidir. Amma həmin ziyanın miqdarını təsdiq edən əsaslı və qanuni sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi aktları iddianın təmin edilməsi üçün əsaslı hesab etməyərək ekspertiza təyin etmişdir, amma son ekspert rəyi avtomaşına dəyən ziyanı müəyyən edə bilmədiyi halda, məhkəmə bundan əvvəl əsassız və qanunsuz hesab etdiyi ekspert rəyində (avtomaşına baxış keçirmədən) göstərilən rəqəmə istinad edərək ziyanı müəyyənləşdirmişdir ki, bu halda məhkəmə qətnaməsini qanuni hesab etmək olmaz. O da qeyd edilməlidir ki, həqiqətəndə avtomaşına aktda göstərilən zərərin dəyməsini, məhz orda göstərilən ehtiyat hissələrinin zədələnməsini təsdiq edən mötəbər sübut yoxdur. Belə ki, təqdim edilmiş akt iddiaçı və səlahiyyəti, statusu məlum olmayan avtoservis tərəfindən onun iştirakı olmadan tərtib edilmişdir və məhkəmə də bu aktı qəbul etməyərək haqlı olaraq ekspertiza təyin etmiş, ekspert isə hansı hissələrin zədələndiyini və ziyanın miqdarını müəyyən edə bilməmişdir. Deməli, bu gün də həmin avtomaşının məhz hansı hissələrinin zədələnməsi müəyyən edilmədiyi üçün onun dəyərini də müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmənin iddianı bu həcmdə təmin etməsi qanunsuz və əsassız olmuşdur. İddianın ikinci hissəsi isə həmin zaman maşında olmuş məhsulların məhv olması ilə əlaqədardır. Həqiqətən də həmin vaxt avtomaşında mallar olmuş və zədələnmişdir. Lakin iddianı onun iştirakını təmin etmədən özü təkbaşına bu barədə akt tərtib etmiş, qiymət qoymuş və bu aktı məhkəməyə təqdim etmişdir. Məhkəmədə bu aktın da qəbul edilməməsini xahiş etdi. Dəlili də ondan ibarət oldu ki, bu akt onun iştirakı olmadan tərtib edilib, həmin malların həqiqətən də bu həcmdə məhv olması qanuni sənədlə təsdiq edilmir, iddiaçının təkbaşına, onun iştirakı olmadan tərtib etdiyi akt qərəzlidir, maraqlı şəxsin tərtib etdiyi akt isə məhkəmədə bu zərərin həcmini təsdiq etmək üçün qanuni sübut kimi qəbul edilə bilməz. Məhkəmə bu tələbə də əhəmiyyət vermədən iddiaçının tərtib etdiyi akt əsasında ekspertin müəyyən etdiyi rəqəmə əsaslanaraq bu hissədədə iddianı tam təmin etdi. Bu isə prosessual cəhətdən qanunsuz və əsasız qətnamə qəbul etməkdir ki, bu halda həmin qətnamə o hissədə də ləğv edilməli və iddia rədd edilməlidir. Bu işdə iddiaçı ondan ziyan tələb edirsə, həmin ziyanın vurulmasını və ziyanın həcmini sübut etmə yükü onun üzərinə qoyulur. İddiaçı ziyan vurulmasını sübut etmişdir, bunu o da etiraf edir. Amma ziyanın həcmini sübut etmək üçün qanuni sübut təqdim etməmiş, ziyanın həcmini müəyyən etmək üçün məhkəmənin sonuncu dəfə təyin etdiyi ekspertiza zamanı ekspert bunu müəyyən edə bilməmişdir. Belə olan təqdirdə iddiaçı sübutetmə borcunu yerinə yetiməmişdir, bu halda məhkəmə iddianı rədd etməli olduğu halda, qaununsuz olaraq təmin etmişdir ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Bundan əlavə, məhsullara dəymiş ziyanı sübut etmək üçün təqdim etdiyi akt isə özü tərəfindən onun iştirakı olmadan tərtib edilmişdir, ona görə də aktda göstərilən məhsullar və onların qiymətləri məhkəmə tərəfindən sübut edilməmiş hesab edilməli olduğu halda, məhkəmə bunu etməmiş, əksinə olaraq qanunsuz olaraq tərtib edilmiş akta əsasən ekspertin müəyyən etdiyi rəqəmi qanuni hesab edərək bu hissədə iddianı təmin etməklə prosessual tələbləri kobud surətdə pozmuşdur və bu hal qətnamənin həmin hissədə ləğv edilib iddianın o hissədə rədd edilməsini tələb edir. İş üzrə 4 dəfə ekspertiza keçirilsə də, məhkəmə bunların heç biri ilə razılaşmamışdır, deməli, həmin rəylər qanuni və əsaslı olmamış və sübut kimi istifadə edilə bilməzdi. Sonuncu rəydə isə avtomaşının sıradan çıxmış hissələrini və bunların dəyərini müəyyən etməyin mümkünsüz olması bildirilmiş və bunun üçün həyata keçirilməli hərəkətlərin siyahısı verilmişdir. Məhkəmə işə baxarkən prosessual hüquq normasının heç bir tələblərinə riayət etməmişdir. Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə isə bu prosessual normaya riayət etməmək şəxsin ədalətli məhkəmə araşdırması hüququnun kobud surətdə pozulması kimi qiymətləndirilir və bu halda qəbul edilmiş məhkəmə qərarlarının hüquqi qüvvəsi olmur və onlar etibarsız hesab edilir. Bu işdə məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz olaraq baxmamış, iddiaçının təqdim etdiyi aktları mötəbər sübut kimi qəbul etmiş və onlar əsasında qətnamə qəbul etmişdir ki, bu da qanunsuz və əsassızdır. Çünki heç bir sübutun məhkəmə üçün məcburi qüvvəsi yoxdur. İddiaçının təqdim etdiyi ziyan aktı mənşəyi və səlahiyyəti məlum olmayan bir avtoservis tərəfindən tərtib edilib və həmin aktda göstərilən ehtiyat hissələrinin həqiqətən də avtomaşında zədələnməsini təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Digər zərər aktı isə iddiaçı tərəfindən təkbaşına, onun iştirakı olmadan tərtib edilib və bu akt da mallara dəymiş ziyanı təsdiq etmək üçün sübut kimi istifadə edilə bilməzdi. Lakin bütün bunlara baxmayaraq məhkəmə həmin aktları əsas gətirərək qətnamə qəbul etməklə prosessual normaların tələblərini kobud surətdə pozmuşdur. Onu da qeyd edir ki, iddiaçının avtomobilin vəziyyətinə dair ilkin təqdim etdiyi şəkillərlə, sonuncu ekspertiza zamanı çəkilmiş şəkillər arasında kəskin fərqlər var və şəkillərdən də görünür ki, iş məhkəmə olduğu dövr ərzində iddiaçının sərəncamında olmuş avtomaşının bir çox digər hissələri motoru, qanadları, qapıları sökülərək götürülmüşdür və ekspertiza zamanı ekspertin bu barədə suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, həmin hissələri özləri maşının üzərindən götürərək digər avtomaşınlarda istifadə etmişlər. Bu faktı iddiaçının nümayəndəsi məhkəmə zalında da etiraf etdi və bildirdi ki, həmin hissələri digər maşınlar üçün çıxarıb istifadə etmişlər. Belə olan təqdirdə məlum oldu ki, iddiaçının həmin avtomaşını təmir və bərpa etmək fikri yoxdur. Belə olan təqdirdə məhkəmə aktda avtomaşının təmir-bərpa işlərinə nəzərdə tutulmuş xərcləri ümumiyyətlə iddiadan kənarlaşdırıb bu hissədə iddianı təmin etməli deyildi. Hansı ki, əvvəlki ekspetiza rəyində həmin təmir-bərpa işlərinin dəyəri 3230 manat kimi nəzərdə tutulmuşdur. Avtoqəzadan sonra iddiaçıda qalan avtomaşının digər salamat hissələrini də üzərindən sökülüb göstərməsi təsdiq edir ki, iddiaçı həmin avtomaşını bərpa etmək fikrində deyil və belə olan təqdirdə məhkəmə ən azından həmin məbləği iddiadan kənar etməli və təmin etməməməli idi. Amma məhkəmə bu fakta da düzgün hüquqi qiymət verməmiş və iddiaçı tərəfindən artıq sökülərək tam yararsız hala salınmış avtomaşının edilməyəcək təmirusta xərclərini də ondan tutmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi aktı tərtib etmiş avtoservisin nizamnaməsinin olub-olmamasını, avtomobillərin zədələnmiş ehtiyat hissələrinin müəyyən edilməsi və onların qiymətləndirilməsi barədə səlahiyyətlərinin, eləcə də buna dair lisenziyalarının olub-olmamasını aydınlaşdırmamışdır. Son ekspertin avtomaşının xüsusi servisdə sökülərək yoxlanmadan zədələnmiş ehtiyat hissələrinin müəyyən edilməsinin və qiymətləndirilməsinin mümkün olmadığı barədə rəyi olmasına baxmayaraq, akt tərtib etmiş avtoservisin bu zədələri və qiymətləri hansı elmi əsasla və hansı şəraitdə müəyyən edilməsini araşdırmamışdır. Aktı tərtib etmiş avtoservis zədələri müəyyən etdiyi, ekspertin isə bunun mümkünsüz olması barədə rəyi olduğu halda, hər iki aktı və rəyi vermiş mütəxəssisləri məhkəməyə dəvət edərək bu halları araşdırmamışdır. İlkin şəkillərlə son şəkillərdən avtomaşının iddiaçı tərəfindən tam söküldüyü göründüyü halda, bu zaman iddiaçının nəyə görə təmir xərclərini ondan tələb etməsini araşdırmamışdır. Məhkəmə müəyyən etmişdir ki, onun tərəfindən iddiaçıya 11.740,73 manat ziyan vurulmuşdur. Lakin bu zaman bunu təsdiq edən hər hansı bir mötəbər sübut mövcud olmamışdır. Avtomaşına dəyən zərəri müəyyən edərkən məhkəmə özünün də qanunsuz hesab etdiyi ekspertiza rəyinə, mallara dəyən zərəri müəyyən edərkən isə iddiaçının özünün təkbaşına, onun iştirakı olmadan tərtib etdiyi akta əsaslanmışdır ki, hər iki sənəd prosessual baxımdan sübut kimi qəbul edilə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ekspert X3 izahatında bildirmişdir ki, rəy iş materiallarında olan “Avtoservis” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən tərtib edilmiş, 2007-ci il buraxılışlı “X8” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti-6950 manat, təmirbərpa işlərinin qiyməti-3230 manat olmaqla, 10180 manat müəyyən edilmişdir. Rəy verilərkən bazar qiymətləri araşdırılır. Bu qiymətlərin uyğun olduğu müəyyən olunmuşdur. Qüsur aktında 12380 manat müəyyən edilmişdir. Ehtiyat hissələrinin qiymətləri qüsur aktındakı qiymətlərlə eynilik təşkil edir. Fərq təmir-bərpa xərclərindədir. Təmir-bərpa işlərinin qiyməti 3230 manat müəyyən edilmişdir. Ehtiyat hissələrinin qiyməti istifadə edilmiş ehtiyat hissələrinin qiymətlərinə uyğundur. Qiymətlərin müəyyən olunması üçün bazar qiymətləri araşdırılır, bir neçə yerdən qiymətlər soruşulur, uyğun gələn qiymətlər tətbiq edilir. Hazırkı işdə qiymətlər qüsur aktındakı qiymətlərlə uyğunluq təşkil edir. Ortalama qiymət alınır, rəydə qeyd edilir. Qüsur aktındakı qiymətlərlə uyğun olmasaydı, həmin qiymətlər tətbiq ediləcəkdi. Rəy tərtib olunarkən Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan, avtoehtiyat hissələrinin satış bazarında istifadə olunmuş detalların qiymətləri araşdırılır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında aparılır. Həmin ehtiyat hissələrinə zərər dəyib-dəyməməsi barədə rəy verməsi ekspert-əmtəəşünasın səlahiyyətində deyildir. İxtisaslaşdırılmış servis müəssisələrinin arayışında qeyd olunan detalların dəyəri yoxlanılır. Həmin qiymətlərin bazar qiymətlərinə uyğun olub-olmaması araşdırılır. Avtomobilin ehtiyat hissələrinin sökülməsi barədə ekspert qərar vermir. Servisdə sıradan çıxmış detallar yoxlanılır. Hazırkı rəydə əks olunan qiymətlər 2023-cü il bazar qiymətlərinə uyğun qeyd olunmuş, tələb-təklifdən asılı olaraq qiymətlər dəyişir. Məhkəmə kollegiyasının iclasında dindirilən “Avtoservis” mərkəzinin rəhbəri X2 izahatında bildirdi ki, avtomobilə baxış keçirilmiş, akt tərtib edilmişdir. Avtomobilin qabaq hissəsi zədə almışdır. Avtoservis ona məxsusdur. 15 ilə yaxındır bu işlə məşğuldur. Qiymətlər istifadə olunmuş avtoehtiyat hissələrinin bazar qiymətlərinə uyğun aparılmışdır. Maşın sökülmədən baxış keçirilmişdir. Söküldükdə xərc artır. Sökülmədən baxış keçirilməklə zədə almış detalların hamısı aktda qeyd edilmişdir. Həmin aktda qeyd olunan detallar zədə görmüşdür. Usta ilə birlikdə baxış keçirərək aktı tərtib etmişdir. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni işin faktiki hallarının araşdırılması nəticəsində cavabdehin iddiaçıya maddi zərər dəyməsinin sübut edilməsi ilə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1 və 21.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1,1096.2,1097.1-ci maddələri). Qeyd etmək lazımdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddələrdə ifadə olunmuş dispozisiya şərtlərinə əsasən isə bu cür iddianın təmin olunması üçün əmlaka zərərin vurulması, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində onun təqsiri nəticəsində iddiaçıya zərər dəydiyini etiraf edərək, zərərin ödənilməsinə etiraz etmədiyini, lakin tərtib olunmuş aktda məbləğin həddən çox göstərildiyini, avtomobilin bəzi ehtiyat hissələrinin zədələnmədiyi halda dəyərinin aktda yazıldığını əsas gətirərək, nəticəni mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə dindirilmiş proses iştirakçılarının izahatlarına əsasən müəyyən edilmişdir ki, “Avtoservis” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda göstərilən avtomobilin ehtiyat hissələri olan - “radyator zbor”, “sağ tərəf rama”, “qabaq döş”, “uslitel”, “uslitel təzyiq şlankı”, “abratqa uslitel”, “gidro mufta”, “şüşə silən mator”, “turbo datçiki”, “radyator şlankları”, “şunur sistemi zbor” – qeyd edilən detallara hadisə zamanı zərər dəyməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası qeyd edir ki, aktda göstərilən həmin detallara dəymiş zərərin məbləği, yəni “radyator zbor” – 500 manat, , “sağ tərəf rama” – 200 manat, “qabaq döş” – 350 manat, “uslitel” – 150 manat, “uslitel təzyiq şlankı” – 120 manat, “abratqa uslitel” – 80 manat, “gidro mufta” – 100 manat, “şüşə silən mator” – 200 manat, “turbo datçiki” – 350 manat, “radyator şlankları” – 250 manat, “şunur sistemi zbor” – 350 manat, ümumilikdə 2650 manat məbləğində pulun tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya vurulmuş zərərin məbləği olan 11740,73 manat məbləğdən 2650 manat çıxılaraq, (11740,73-2650=9090,73) 9090,73 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuşdur. Avtomobildə olan məhsulların aktda göstərilən həcmdə məhv olmasına dair heç bir sənədin mövcud olmadığı barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin özünün cəmiyyətin direktoruna yazdığı izahatında hadisə zamanı avtomobildə olan mallara ziyan dəydiyini və lakin maddi vəziyyəti imkan vermədiyindən bu ziyanın ödəmək iqtidarında deyil. Eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdeh və onun vəkili iddiaçıya dəymiş zərərə görə könüllü olaraq 7000 manat ödəmələrinə etirazlarının olmadıqlarını bildirdilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya dəymiş maddi ziyana görə cavabdehdən 9090 (doqquz min doxsan) manat 73 (yetmiş üç) qəpik alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 9090 (doqquz min doxsan) manat 73 (yetmiş üç) qəpik məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar