Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-688/2025 07.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Cavadov Malı̇ k Rahı̇ m oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-22987/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbinin qismən təmin edilməsi, X4 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli və EE000230777 saylı, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh (vərəsədən) 2468,15 manat məbləğində kredit borcu və ödənilmiş 44,33 manat dövlət rüsumuna görə pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun (xidmət haqqı ilə birgə) 87,24 manatı iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A. Süleymanova (sədrlik edən və məruzəçi), M.Hüseynov və A.Hüseynzadə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1473/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli Tamkart çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 6432,08 manat, faiz borcu üzrə 1554,44 manat olmaqla, cəmi 7986,52 manat tutulması, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 256,94 manat, faiz borcu üzrə 74,23 manat olmaqla, cəmi 331,17 manat tutulması EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 4177,81 manat borcu, faiz borcu üzrə 1227,63 manat borcu olmaqla, cəmi 5405,44 manat borcu mövcuddur. Həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 131,17 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqının hər birinin payına mütənasib surətdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli Tamkart çərçivə müqaviləsinə əsasən X3 illik 20 faizlə 48 ay müddətinə 7700 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti, EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 4300 manat məbləğində elektron təsdiq vasitəsilə (OTP kod) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-2298/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli nağd kredit üzrə 6432.08 manat əsas borc, 1554.44 manat faiz borcu olmaqla, 7986.52 manat borcu, Banka ödənilməmiş kart limiti üzrə 256.94 manat əsas borc, 74.23 manat faiz borcu olmaqla, 331.17 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş 4177.81 manat əsas, 1227.63 manat faiz borcu olmaqla, cəmi 5405.44 manat və ödənilmiş 65.59 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. X2 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, X2 yeganə vərəsəsinin Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini mərhum X1i vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsinin mübahisəni həll edərkən Mülki Məcəllənin 1307-ci maddəsinin tələbləri baxımından tərəflərin təqdim etdikləri sübutlara tam və hərətərəfli baxmamış, cavabdeh tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunun sübut etməsi ilə bağlı hər hansı mötəbər sübutun, o cümlədən mirasın notarius tərəfindən siyahıya alınması barədə sənədin məhkəməyə təqdim olunmamasını diqqətdən qaçırmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı "xxxx" ASC ilə X4 arasında BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli Tamkart çərçivə müqaviləsinin, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin bağlanması, sonuncunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi, onun ölümündən sonra Cavabdeh mirasdan pay alması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Mövcud tələb üzrə cavabdeh bu halı mübahisələndirmədiyindən, iddiaçı Mülki Məcəllənin 385.1, 442 və 448.1, 739-cu maddələrinə əsasən, bu tələblə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Məlum olduğu kimi Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh mərhum X2 yeganə vərəsəsi kimi tanınmış və sonuncunun miras əmlakının 2468,15 manat pul məbləğindən ibarətdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, qanunvericilik Mülki Məcəllənin 1307-ci maddəsində miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin, hazırkı iş üzrə cavabdehin üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum Maisə Cavadovadan qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Bu baxımdan da mərhum anasının borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan, iddia tələbinin təmin olunmayan hissəsində iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli tamkart çərçivə müqaviləsinə əsasən əsas borc üzrə (6432,08-2468,15=3963,93) 3963,93 manat, faiz borcu üzrə 1554,44 manat və EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4177,81 manat, faiz borcu üzrə 1227,63 manat borcu, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 256,94 manat, faiz borcu üzrə 74,23 manat, iddia ərizəsi üçün ödənilmiş 87.24 manat dövlət rüsumu tutulmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh BPM**********76 nömrəli xx.xx.2021-ci il tarixli tamkart çərçivə müqaviləsinə əsasən əsas borc üzrə 3963,93 manat, faiz borcu üzrə 1554,44 manat, EE000230777 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4177,81 manat, faiz borcu üzrə 1227,63 manat borcu, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 256,94 manat, faiz borcu üzrə 74,23 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun məbləği 87.24 manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-688/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-688/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver