Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-689/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-201/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh 5310 (beş min üç yüz on) manat məbləğində borc və 80 (səksən) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5360 (beş min üç yüz altmış) manat və 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, ona müraciət edərək 2800 (iki min səkkiz yüz) manat borc pul istəmişdir. Borcunu bir il müddətinə kimi qaytaracağını bildirmişdir. O və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 2800 (iki min səkkiz yüz) manat bir il müddətinə borc müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən həmin məbləğin 1640 (bir min altı yüz qırx manat) pulu ödədikdən sonra, yenidən ona müraciət edərək problemlərinin olduğunu və ona 4200 (dörd min iki yüz) manat məbləğində də pul lazım olduğunu bildirmiş və ona köməklik etməyini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2022-ci il tarixdə 4200 (dörd min iki yüz) manat məbləğində aralarında borc müqaviləsi bağlanaraq həmin məbləği cavabdehə vermişdir. Cavabdeh almış olduğu 4200 (dörd min iki yüz) manat pulu bir il müddətinə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh xx.xx.2021-ci il tarixli müqavilədən qalıq borcu 1160 (bir min yüz altmış manat) məbləğində borc qalmışdır. xx.xx.2022-ci il tarixli müqavilədən olan 4200 (dörd min iki yüz) manat məbləğ puldan isə ümumiyyətlə ödəniş etməmişdir. Beləliklə cavabdehin ümumilikdə 5360 (beş min üç yüz altmış) manat olan borcunu qaytarmamışdır. Borcunu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirərək, borcunu qaytarmaqda maraqlı olmadığını və buna görə də onunla əlaqələrini kəsməkdədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi bu qənaətlə razı deyil, çünki məhkəmə tərəfindən əmək haqqı kartının iddiaçıda olduğu müddət üzrə bütün görüntülər tələb olunmamış və ona məxsus kart uzun müddət iddiaçıda olmuşdur. Bundan başqa məhkəməyə iddiaçı müraciət edərkən iddia tələbində 1690 manat pulun ona əlbəəl qaytardığını etiraf etmiş, əvvəlcə ona məxsus əmək haqqı kartının onda olduğunu bildirməmiş, lakin kartla bağlı araşdırmaların aparılacağını bildikdə cəmi 2 ay kartdan pul çıxardığını etiraf etmişdir, halbuki həmin kartdan o 2 ay deyil, uzun müddət pul vəsaitlərini çıxarmış, görüntüdə olan şəxs də o olmamış, həmin kart onda olduğu müddətdə pulları o özü və ya tanışı vasitəsi ilə onun kartından çıxarmışdır. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuş, iş üzrə obyektiv araşdırma aparmamış, qarşı tərəfin dəlillərini daha inandırıcı dəlil kimi qəbul etməklə onun kartından uzun müddət pul vəsaitlərini çıxarması ilə bağlı bütün görüntüləri tələb etməmiş, yalnız qısa bir dövr üzrə görüntülərdə olan məbləğlərin iddiaçı tərəfindən çıxarılması qənaətinə gəlməklə həmin vəsaiti belə tələb olunan borcdan çıxmamışdır. Bununla da MPM-nin 77, 88-ci maddəsinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı ərizə təqdim edərək, cavabdehdən 3000 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianı müdafiə etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh 3000 manat məbləğində pulun tutulmasına etiraz etmədiyini bildirdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin borc müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozması ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtinə görə iddiaçı ilk növbədə tələb etdiyi məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh pulun ona verildiyini mübahisələndirməsin. Lakin işdən göründüyü kimi cavabdeh iddiaçıdan borc aldığını deyil, iddiaçının tələb etdiyi məbləğdə borclu olmadığını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İddiaçı məhkəmə baxışı zamanı məhkəmə kollegiyasına ərizə təqdim edərək, Cavabdeh 3000 manat məbləğində pulun tutulmasını, iddia tələbini qalan hissədə müdafiə etmədiyini bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınmalı, qətnamə dəyişdirilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 3000 manat pul tutulub iddiaçıya verilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 3000 (üç min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-689/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-689/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver