Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-689/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh Əyyub oğlu İddiaçı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Səhmdar Cəmiyyətindən ona 94.962,60 manat məbləğində pulun alınıb verilməsi, həmçinin xx.xx.2009-cu il tarixdən başlayaraq onun xeyrinə hər ay 250,50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1808/2010 saylı, 12 may 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh Əyyub oğlu xx.xx.1986-cı ildə Şüşə zavoduna dəmiryol fəhləsi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1994-cü ildə əmək vəzifələrini yerinə yetirərkən istehsalatda əmək xəsarəti almış, Tibbi Sosial Ekspert Komissiyasının şəhadətnaməsi ilə xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə qədər 2-ci qrup, əmək qabilliyyətini gözlərindən 100% itirdiyinə görə həmin komissiyanın xx.xx.1995-ci il tarixli şəhadətnaməsi ilə 1-ci qrup əmək əlilliyi müəyyən edilmişdir. Cavabdeh xx.xx.1994-cü il tarixdə zavod daxilində əmək funksiyalarını yerinə yetirərkən aldığı xəsarətlə bağlı ayağı büdrəyərək yıxılmış və baş nahiyəsindən zədə almışdır. Bu barədə xx.xx.1994-cü il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında” akt tərtib olunmuşdur. Bundan sonra Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı müxtəlif iddia tələbləri olmuşdur. Belə ki: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-650/2012 saylı, 3 fevral 2012-ci il tarixli qərardadadı ilə iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “iki illik məzuniyyət haqqının, hər istifadə olunan bir növ dərman pulunun, əmək xəsarətinə görə birdəfəlik ödəncin və başqasının köməyinə görə ödənilməli olan məbləğin ödənilməsi” barədə iddia tələbi üzrə icraata Azərbaycan Respublikası MPM-ni 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16459/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilmişdir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-55/2017 saylı, 13 yanvar 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh İddiaçı ASC-nə qarşı “əmək xəsarəti ilə əlaqədar ziyan pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə icraata Azərbaycan Respublikası MPM-ni 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-385/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, Sumqayıt şəhəri üzrə İdarənin icra məmuru tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin izah edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh Əyyub oğluna İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi barədə “Xəzər Səhmdar Cəmiyyətinin” üzərinə vəzifə qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçıya cavabdeh İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikası NK-nin 2003-cü il 9 yanvar tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş içinin ailə üzvlərin ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin” tələblərinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi barədə İddiaçı SC-nin üzərinə vəzifə qoyulması qət edilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 6590/36 saylı məktubda göstərilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə borclu- İddiaçı QSC tərəfindən tələbkar Cavabdeh Əyyub oğluna ödənilməli olan aylıq ödənc xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərkimya” İB “Etilen-Polietilen” zavodunun dəmiryolu sahəsi, 4-cü dərəcəli yol təmirçisinin əmək haqqına uyğun hesablanmaqla cəmi 32059,69 manat, xx.xx.2022-ci il tarixdən 03.2023-cü il tarixədək teplovoz maşinist köməkçisi 4-cü dərəcə, dəmiryol çənlərinin yuyucu və buxarlandırıcısı 4cü dərəcə və qatar tərtibçisi 4-cü dərəcə əmək haqqlarının ortalamasına uyğun hesablanmaqla cəmi 13249,85 manat təşkil edir. Mülki işin 142-ci vərəqində olan, X2 068226 nömrəli arayışın kserosürətindən görünür ki, Cavabdeh Əyyub oğluna təkrar müayinə zamanı birinci qrup əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi kimi əmək xəsarəti qeyd olunmuşdur. Sumqayıt şəhər Oftalmoloji xəstəxanası tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 78 nömrəli, 2 noyabr 2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsi qeyri-mümkündür. Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb, Cavabdeh Sumqayıt şəhərində yerləşən İddiaçı MMC nin Sumqayıt Şüşə Zavodunda işləyən zaman 1994-cü ildə xəsarət alaraq sonradan MMC-yə "xxxx" xəstəliyin travmatik mənşəli olması barədə yalan məlumatlar təqdim edərək MMC-dən 1994-cü ildən 2016-cı ilədək cəmi 5053 manat 99 qəpik məbləğində pul almaqla dələduzluq etməsi faktı əsasında toplanmış material olmuşdur. Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 07 yanvar 1994-cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçınə aid şüşə zavodunda olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə «Qlaukoma» xəstəliyinin əmələ gəlməsini yalandan bildirib, bununla bağlı özəl tibb müəssisəsində «OD-əməliyyat olunmuş terminal qlaukoma. OSpostravmatik makulodistrofıya. Görmə sinirinin atrofıyası. Vis OD=l Vis OS=0,03 k/etmir» diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxıb, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etibardan suiistifadə edib cəmiyyətdən xeyli miqdar təşkil edən 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 04 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Toplanmış istintaq materiallarından görünür ki, Cavabdeh İddiaçınə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994 cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir. Qeyd olunan cinayət işi üzrə 03 noyabr 2023-cü ildə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, iş üzrə alınmış komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyinə görə Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə) qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh “OD qlaukoma” xəstəliyinin travmatik mənşəli olması istisna edilir. Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs İddiaçı MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışda göstərilir ki, Sumqayıt Şüşə zavodunun keçmiş işçisi Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinin kassasından saxta əmək xəsarəti müavinəti adı ilə qanunsuz olaraq cəmi 5053,99 manat pul almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC (QSC)-yə vurulmuş 5053 manat məbləğdə maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70,54 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC (QSC)-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı məhkəmənin mövqeyini əsassız hesab edir. Belə ki, Cavabdeh cinayət hərəkətləri hal-hazırda da davam edir və onun qanunsuzluqları nəticəsində İddiaçı MMC və onun əməkdaşları zərər çəkərək maddi və mənəvi ziyana düşürlər. Belə ki, onun davam edən cinayətləri nəticəsində İddiaçı MMC-nin bank hesablarına həbs qoyularaq cəmiyyətin normal fəaliyyət göstərməsinə hər cür maneələr yaradılır. Bütün hallarda toplanmış sübutlarla Cavabdeh “Xəzər' MMC-yə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət etməsi və 5053,99 manat məbləğində ziyan vurması təsdiqini tapmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirib ki, ekspertiza sənədi ona göstərilməmişdir. Ekspertin rəyindən də məlumatı olmamışdır. Ekspertiza olmamışdır. Qarşı tərəfin dedikləri şər və böhtandır. Gözdən əlil olmaq üçün pensiya almır. 1994-cü il tarixdən bu günə kimi yaşa görə pensiya alır. Əlilliyə görə iddiaçı pensiya ödəməlidir. Ona 47 min manat pul verilməlidir. Həmin məbləğ yeddi il üçün hesablanmışdır. 2022-ci ildə 39 ildən sonra onu yoxlanışa göndərmişlər. 39 il müddətinə birinci qrup əlil olmuşdur. 2022-ci ildə Zərifə Əliyeva adına Universitetə göndərilmiş, səkkiz həkimdən yoxlanışdan keçmiş, sədr və müavin tərəfindən imzalanmış və bildirilmişdir ki, 1994-cü il tarixdə verilmiş sənəd həqiqi sənəddir. 1992-ci il tarixdən yaşa görə 418 manat pensiya alır. Bunu da işləmədiyi və birinci qrup əlil olduğu üçün almışdır. Əgər birinci qrup əlil deyildirsə, nə üçün iddiaçının nümayəndəsi akta imza etmişdir. O polisə getmiş, lakin prokurorluq orqanlarına getməmişdir. Heç kimlə müqavilə bağlamamışdır. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim olunmuş 5664/2011 nömrəli icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı icra vərəqəsinin icrası ilə bağlı İddiaçı MMC-nin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli inkasso sərəncamı ABB tərəfindən qismən ödəniş icra edilərək geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilmiş, Cavabdeh maddi ziyana görə 5053,99 manat məbləğində pulun və 70 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qarşı irəli sürülmüş ittiham, yəni iddiaçıya məxsus pulu mənimsəməsi faktı Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya maddi ziyan vurması prokurorluq və məhkəmə orqanının qanuni qüvvəyə minmiş qərarı olmaqla, cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. Başqa sözlə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarında da maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edib ki, Cavabdeh Əyyub oğlundan İddiaçı MMC-nin xeyrinə 5053.99 manat məbləğində pul tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1092.1-ci maddələrinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1612/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər– A.A.Mahmudov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi tələbinə baxan məhkəmə, mülki hüquq pozuntusunun yuxarıda sadalanan şərtlərini müəyyənləşdirməklə mübahisəni həll etmək səlahiyyətinə malikdir. Belə ki, işdə olan Oftalmoloji xəstəxana tərəfindən verilmiş 78 nömrəli, 2 noyabr 2020-ci il tarixli məktuba cavabda xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsinin qeyri-mümkün olması qeyd edilmişdir. Komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə)-qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh “ODqlaukoma” xəstəliyinin travmatik mənşəli olması istisna edilir. Bu halda cavabdehin əlilliyinin əsası kimi istinad etdiyi xəstəliyinin məhz iddiaçıya məxsus iş yerində xəsarət nəticəsində yaranması halı aradan qalxmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin ikinci hissəsi olan pulun qaytarılması ilə bağlı bildirmişdir ki, Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyəti cəlb etmə müddəti keçdiyindən ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərar müvafiq məhkəmə qərarı ilə qüvvədə saxlanılmışdır. Qərardan görünür ki, ittiham aktına əsasən Cavabdeh etibardən sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 07 yanvar 1994-cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçı MMC-yə aid şüşə zavodunda olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə “qlaukoma” xəstəliyinin əmələ gəlməsini yalandan bildirmiş, bununla bağlı özəl tibb müəssisəsində “ODəməliyyat olunmuş terminal qlaukoma. OSpostravmatik makulodistrofiya, görmə sinirinin atrofiyası, VİS OD=1, VİS OS=0,03 k/etmir” diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxmış, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etibardan sui-istifadə etmiş, müəyyən müddət aralıqlarında müəyyən məbləğlərdə pulu alaraq, ələ keçirmiş, İddiaçı MMC-nə ümumillikdə xeyli miqdar təşkil edən 5053,99 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. 04 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Toplanmış istintaq materiallarından görünmüşdür ki, Cavabdeh İddiaçı MMC-nə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir. Prokuror məhz qeyd olunan əsasla bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət işinə xitam vermişdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh barəsində cinayət işinə məhz müddətin keçməsi əsası ilə xitam verilmişdir. Yenə həmin qərarda cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarda maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 14.1, 14.2, 77.1, 82.4, 88, 217.1, 217.3, 217.4, 372, 384.0.1, 385.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-556/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 4 noyabr tarixli 2(105)-1612/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: İşə baxmış apelyasiya instansiyası məhkəməsi MPM-in 82.4-cü maddəsinə istinadən Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburi olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi qanuna uyğun deyildir. Belə ki, MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apelyasiya instansiyası məhkəməsinin MPM-in 82.4-cü maddəsinə istinadən Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburiliyi barədə gəldiyi nəticə əsassızdır. Bu mövqe, digər sübutların əhəmiyyətsiz hesab olunmasına, son olaraq çəkişmə prinsipinin əhəmiyyətsizliyinə səbəb olur. Bundan başqa, Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburiliyinə əsasən gəlinən nəticə, Sumqayıt Şəhər Məhkəməsinin 2- 306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ziddiyyət təşkil edir. Çünki qanuni qüvvəyə minmiş həmin qətnamə ilə Cavabdeh Əyyub oğluna İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi barədə “Xəzər Səhmdar Cəmiyyətinin” üzərinə vəzifə qoyulmuşdur. Göründüyü kimi bir tərəfdən cavabdehin əmək xəsarəti alması ilə əlaqədar müəssisədən ödənişlərin tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilən öhdəlik mövcuddur. Digər tərəfdən, cavabdehə əmək xəsarəti alması səbəbindən əlillik dərəcəsi verilməsini qanunsuz hesab edən istintaq orqanının qərarının imperativliyi tanınmışdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli (Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin icra vəziyyətini araşdırmalı, qeyd olunan qətnamənin surətini və icrası ilə bağlı sənədləri işə əlavə etməli, İddiaçı MMC-nin adı çəkilən qətnamə üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının olması barədə cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri araşdırmalı, cavabdehin istehsalat xəsarəti alması barədə xx.xx.1994-cü il tarixdə tərtib olunmuş “İstehsalatda bədbəxt hadisə haqqında” aktın, Tibbi Sosial Ekspert Komissiyasının cavabdehin əlillik səbəbləri barədə verdiyi aktların ləğv olunub-olunmadığı araşdırılmalı) və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, MPM-nin 4, 9, 14, 88-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı qərarın, “Əlilliyin qiymətlənməsi qaydasının”, TSEK-in Əsasnaməsinin və MM-nin 1117-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. 1986-cı ildə Şüşə zavodunun nəqliyyat sexinə sağlam bir işçi kimi işə qəbul edilmişdir. 1994-cü ildə zavodun giriş-çıxış qapısı qopub yerə düşmüşdür. Həmin dövrdə Sumqayıt Şüşə zavoduna rəhbərlik edən Q.Kərimov cavabdehin işlədiyi sexin rəisinə göstəriş vermişdi ki, dəmir yolu üzərində qurulmuş giriş-çıxış qapısını xx.xx.1994-cü ildə günorta saat 12:00-a qədər yerinə bərpa etsin. Cavabdeh iş yoldaşı Famil ilə birlikdə bu işlə məşğul olmuş, yerin qarlı olması səbəbindən Famil müvazinətini itirərək yerə yıxılmış, dəmir qapı cavabdehin üzərinə aşmışdır. Bədbəxt hadisə səbəbindən onu ölmüş vəziyyətdə 1 saylı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirmişlər. Aldığı xəsarət səbəbindən 12 dişi sınmış, burun, çənə sümükləri sınmış, beyin kəllə sümüyü əzilib batmış, sağ əlin barmaqlarından biri sınmışdır. Xəsarət nəticəsində uzun müddət müalicə almışdır. Xəsarət nəticəsində görmə qabiliyyəti getdikcə zəifləmiş, korluq yaranmışdır. 1995-ci ilin mart ayının 7-dən 1-ci qrup əlil hesab edilmiş, kənar şəxslərin yardımına ehtiyacı olduğu təsdiq edilmişdir. 2021-ci ilin avqust ayının 12-də Q.Kərimov müxtəlif instansiyalara müraciət edərək onun əlilliyinin saxta yolla alındığını bildirmişdir. xx.xx.2021-ci ildə yenidən əlilliyinin qiymətlənməsi aparılmışdır. Bir daha təsdiq olunmuşdur ki, o, ömürlük gözdən əlildir. Görmə qabiliyyətinin 100%-ni itirmişdir. İddiaçı ona dəymiş ziyana görə 250 min manat pul ödəməlidir. Həmin pulu ödəməmək üçün müxtəlif insantsiyalara müraciət edərək pulu ödəməkdən yayınmışdır. Hazırkı tarixə ona təxminən ***-**** manat ödəniş edib. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Qətnamə qüvvədə olan xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsi ilə müəyyən edilmiş işin hallarına kölgə salan qətnamə qəbul etmişdir. İddiaçı MMC-nin adı çəkilən qətnamədən verdiyi şikayətlərə əsasən qəbul edilmiş məhkəmə aktları, o cümlədən yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvədə olduğu halda hakimin Sumqayıt şəhər Prokurorunun xx.xx.2023-cü il tarixli qərarına istinad etməsi MPM-nin 217-ci maddəsinə ziddir. Məhkəmə obyektiv araşdırma aparmamış, iddiaçının marağına xidmət etmiş, nəticədə qərəzli olmuşdur. O, məhkəmə baxışı zamanı hakimin qərəzli olmasına görə ona etiraz etmiş, lakin etirazı qəbul edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı MMC ona müavinət verməmək üçün bir çox bəhanələrdən istifadə edir və 2016-cı ilə qədər cəmi 19.13 manat məbləğində müavinət vermişdir. Həmçinin, qeyd edirlər ki, ona birinci dərəcə əlillik əmək xəsarəti ilə bağlı təyin olunmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. İddiaçı Xəzər MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2007-ci il tarixdə qəbul olunan qətnamə tamamilə əsassız qətnamədir. Həmin qətnaməyə baxarkən görünür ki, qətnamə özü az bir hissədən ibarət olmaqla, əsaslandırma hissəsi ümumiyyətlə yoxdur. Daha sonra isə qəbul olunan digər qətnamələrdə də iddiaçının iddia tələbləri rədd edilmişdir. Həmin qətnamələrdə qeyd olunur ki, cavabdehin əlilliyinin əmək xəsarəti ilə bağlı olmasına dair heç bir sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə sorğusuna cavab olaraq müvafiq orqan əlilliyin səbəbini dəyişdirmiş və əlilliyin ümumi əsaslarla olduğunu qeyd etmişdir. Ümumiyyətlə, cavabdehdə olan xəstəlik göz təziqindən yaranmışdır. Bununla bağlı tibbi arayış da mövcuddur. Onu da qeyd edir ki, Ali Məhkəmənin göstərişlərinə əsasən, inzibati aktın ləğv olunmasına dair iddia qaldırılmış və hal-hazırda birinci instansiya məhkəməsinin icraatındadır. Həmçinin qeyd edir ki, bu işlə bağlı ziddiyyətlər çoxdur, İddiaçı MMC əsassız şəkildə mülki qaydada kompensasiyaya cəlb olunur. Barışıq o şərtlə alına bilər ki, cavabdeh icraatda olan iddia ilə bağlı iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim etsin və qarşılıqlı olaraq pul tələbi olmasın. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında şərh etdiyi hüquqi mövqeni və əvvəlki apellyasiya baxışında yol verilmiş nöqsanları nəzərə alaraq aşağıdakıları qeyd edir. Sumqayıt şəhər icra idarəsinə və Sumqayıt Şəhər Məhkəməsinin sədri cənab Rəşad Mustafayevə xx.xx.2025-ci il tarixli 2(105)-689/2025 saylı məktub ünvanlanaraq Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2-306/2007 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin hazırki icra vəziyyəti barədə ətraflı məlumat (arayış) verilməsi və müvafiq icra işinin (və ya təsdiq edilmiş surətinin) məhkəmə iclasının təyin edildiyi 08 may 2025-ci il tarixədək Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həmin məhkəmənin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin surəti Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh Xəzər SC-yə qarşı aylıq ödəncin yenidən hesablanaraq ödənilməsi barədə tələbi təmin edilmiş, Cavabdeh Əyyub oğluna İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Resublikası NK-nin 2003-cü il 9 yanvar tarixli, 3№-li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin tələblərinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi barədə “Xəzəe” SC-nin üzərinə vəzifə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki cənab Fəqan Azadəliyevə və Sumqayıt şəhər prokuroru cənab mürvət Həsənova 10 aprel 2024-cü il tarixli 2(105)-689/2025 nömrəli sorğu ünvanlanaraq Cavabdeh barəsində əlilliyi qanunsuz təyin etmiş müvafiq idarənin əməkdaşları barəsində hər hansı tədbirlər görülüb–görülməməsi barədə məlumatın məhkəmə iclasının təyin edildiyi 08 may 2025-ci il tarixədək Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş edilmişdir. Sumqayıt şəhər Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılaraq icraatına xitam verilmiş ********* nömrəli cinayət işi üzrə sonuncuya 1994-cü ildə əlilliyi qanunsuz təyin etmiş şəxslər barəsində araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinə xx.xx.2025-ci il tarixli Cavabdeh Əyyub oğluna əlilliyin təyin edilməsi barədə inzibati icraat materiallarını, həmçinin ona təyin edilmiş əlilliyin hazırda qüvvədə olub-olmaması barədə ətraflı məlumatın məhkəmə iclasının təyin edildiyi 08 may 2025-ci il tarixədək Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış 16 may 2025-ci il tarixli 3-17-4/2-12622/2025 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh əlillik vəziyyəti xx.xx.1995-ci il tarixində qiymətləndirilmiş və peşə xəstəliyi-gözdən əlilliyi olan şəxs səbəbindən (əmək qabiliyyətinin itirilməsi-100 faiz) müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, əlillik səbəbi dəyişdirilərək xx.xx.1995-ci il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin 15 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyəm olunması meyarlarına dair Əsasnamənin” 2.1.9 bəndinə uyğun olaraq Cavabdeh 1-ci dərəcə ümumi gözdən əlillik təyin edilməsi qərara alınmışdır. Çıxarışdan görünür ki, Cavabdeh əlillik təyinatının tarixi xx.xx.1995-ci il kimi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni üvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 25 may 2023-cü il 13(102)- 55/2023 saylı qərardadından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına- Sumqayıt şəhər Məhkəməsinin 2-306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması barədə cavabdeh İddiaçı MMC-nin sədri Qüdrət Kərimovun (Vəkil1) ərizəsinin rədd edilməsi və ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Qərardadda göstərilmişdir ki, mübahisələndirilən Sumqayıt Şəhər Məhkəməsnin 2- 306/2007 nömrəli 14 iyun 2007-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh Xəzər SC-yə qarşı "aylıq ödənişin yenidən hesablanıb ödənilməsi” tələbi iddiası ilə bağlı olmuş, lakin Cavabdeh Əyyub oğlunun 05 yanvar 1994-cü il tarixdə Xəzər SC-nin Sumqayıt Şüşə Zavodunda işlədiyi zaman əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb əmək qabiliyyətini itirməsi ona ömürlük birinci qrup əlillik təyin edilməsi faktı isə Sumqayıt şəhər Məhkəməsinin 2-2623/2004 nömrəli 20 dekabr 2004-cü il tarxili qətnaməsi ilə sübuta yetirilmişdir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı olan Sumqayıt Şəhər Məhkəməsinin 2-2623/2004 nömrəli, 20 dekabr 2004-cü il tarixli qətnaməsi qüvvədə olduğu halda Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması hər hansı nəticəyə səbəb ola bilməz. Eyni zamanda cavabdeh iddiaçı Cavabdeh Əyyub oğlunun ümumi xəstəliyə görə əlillik əldə etyini halda müəssisədən yararlanmasını qeyd etsə də, həmin halın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq vurğulayır ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarına istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmənin mövqeyinə əsasən Cavabdeh irəli sürülmüş ittiham, yəni iddiaçıya məxsus pulu mənimsəməsi faktı Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Hazırkı halda isə Cavabdeh Əyyub oğlunun barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya hər hansı bir məhkəmə qərarı mövcud deyildir. Göründüyü kimi bir tərəfdən cavabdehin əmək xəsarəti alması ilə əlaqədar müəssisədən ödənişlərin tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilən öhdəlik mövcuddur. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə əmək xəsarəti alması səbəbindən əlillik dərəcəsi verilməsini qanunsuz hesab edən istintaq orqanının qərarının imperativliyi tanınmışdır. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Həmçinin iddiaçı Cavabdeh Əyyub oğlu barəsində əlilliyi qanunsuz təyin etmiş müvafiq idarənin əməkdaşları barəsində hər hansı tədbirlər görülüb–görülməməsi barədə məlumatın əldə edilməsi üçün müvafiq orqanlara sorğu verilmiş və sorğuya cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz əlillik təyin edildiyi göstərilsə də, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılaraq icraatına xitam verilmiş ********* nömrəli cinayət işi üzrə sonuncuya 1994-cü ildə əlilliyi qanunsuz təyin etmiş şəxslər barəsində araşdırma aparılmamışdır. Bundan başqa verilmiş iddia ərizəsindən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni üvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 25 may 2023-cü il 13(102)-55/2023 saylı qərardadından görünür ki, iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə baxılması xahiş edilmiş, həmin qətanmə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edilən qərardaddakı mövqe ilə razılaşaraq qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsnin 2-306/2007 nömrəli 14 iyun 2007-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh Xəzər SC-yə qarşı "aylıq ödənişin yenidən hesablanıb ödənilməsi” tələbi iddiası ilə bağlı olmuş, lakin Cavabdeh Əyyub oğlunun 05 yanvar 1994-cü il tarixdə Xəzər SC-nin Sumqayıt Şüşə Zavodunda işlədiyi zaman əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb əmək qabiliyyətini itirməsi ona ömürlük birinci qrup əlillik təyin edilməsi faktı isə Sumqayıt şəhər Məhkəməsinin 2-2623/2004 nömrəli 20 dekabr 2004-cü il tarxili qətnaməsi ilə sübuta yetirilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı olan Sumqayıt Şəhər Məhkəməsinin 2-2623/2004 nömrəli, 20 dekabr 2004-cü il tarixli qətnaməsi qüvvədə olduğu halda Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsi üzrə ödənilmiş vəsaitin geri qaytarılması barədə iddia tələrbi əsaslı hesab edilə bilməz. Məlumdur ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bundan başqa hazırda Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsi qüvvədədir, ləğv edilməmişdir, həmin qətnamənin icrası həyata keçirilir. Məhkəmə kollagiyasının mövqeyinə görə nə qədər ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi möcvuddur, həmin qətnamə icra edilir, həmin qətnamə əsasında ödənilmiş məbləğin geri qaytarılması barədə iddia tələbi əsassızdır. Eyni zamanda iş apellyasiya icraatı müəyyən edilmişdir ki, Cavabdeh əlillik vəziyyəti xx.xx.1995-ci il tarixində qiymətləndirilmiş və peşə xəstəliyi-gözdən əlilliyi olan şəxs səbəbindən (əmək qabiliyyətinin itirilməsi-100 faiz) müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, əlillik səbəbi dəyişdirilərək xx.xx.1995-ci il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh təyin edilmiş əlillik ləğv edilməmiş, əksinə müddətsiz əlillik təyinatı vardır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onlara zərər vurulmasını göstərsə də, hazırkı halda Cavabdeh tərəfindən iddiaçıya zərər vurulması faktı öz təsdiqini tapmamışdır. Beləliklə iş materiallarında olan və həmçinin işə yenidən apellyasiya icraatında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kolelgiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. MPM-in 385.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-689/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-689/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver