Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-692/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qüsurlu mal üzrə ödənilən pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddianın təmin edilməsi, Cavabdeh 3000 manat tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qüsurlu mal satdığı üçün ödədiyi və ona qaytarılmayan 3000 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Mercedes Benz S320” markalı 10- RS-922 dövlət qeydiyyat nişanlı avtomobili 8000 manata almaq üçün xx.xx.2024-cü il tarixdə ilkin ödəniş olaraq 3000 manat pulu cavabdehə Binəqədi rayonunda vermişdir. Arada olan razılığa əsasən pulun qalan 5000 manatı kredit şəklində X4 verməli idi. Belə ki, Elton nağd şəkildə cavabdehə 5000 manat verməli idi, daha sonra avtomobil Eltona satılmalı, o, pulu ödəyib qurtarana kimi Elton ona etibarnamə verməli idi. xx.xx.2024-cü il tarixdə o, qardaşı X3 adına etibarnamə almışdı. Buna səbəb onun sürücülük vəsiqəsinin olmaması idi. Sonradan avtomobildə yaranan qüsurla əlaqədar o, avtomobili bir qədər qanuni yollarla əziyyət çəkərək qaytarmışdı. Həmçinin Eltonla aralarında olan 5000 manatlıq borc müqaviləsini ləğv etmişlər və maşın Eltona qalmışdır. Lakin o, malı qaytarmağına baxmayaraq cavabdehə ödədiyi ilkin ödəniş olan 3000 manatı geri ala bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Fərəcli X1 Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən işdə olan materialları, iddiaçının polis orqanına olan şikayətini, Pİ-nin cavabını, iş üzrə verilmiş etibarnamələrin siyahısını sadalayaraq Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi barədə normalara aid 21.1 və 21.2-ci maddəsinə əsaslanmışdır. Lakin məhkəmə bu maddələrin mahiyyətinə- zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşüldüyünü nəzərə almamışdır. Belə ki həmin maddənin - 21.3-cü normasına əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin,..və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə nəzərə almamışdır ki, avtomaşın 14 may 2024-cü il tarixində iddiaçıya satılmış, iddiaçı tərəfə verilmiş etibarnamə isə 25 sentyabr 2024-cü il tarixində - 4 ay sonra ləğv edilmişdir. İddiaçının, maşında qeyd etdiyi qüsurun, texniki nasazlığın nədən ibarət olması, nə vaxt, hansı səbəbdən yaranması aydınlaşdırılmamışdır. Bunu doğrudan da olması belə məlum deyildir. Bəlkə bu qüsur, nasazlıq onun istifadə etdiyi müddətdə yaranmışdır, nasazlığı o özü yaratmışdır, çünki o maşına alarkən əvvəlcə baxmış və hərtərəfli yoxlatdırmış və maşında onun iddia etdiyi mücərrəd qüsurlar, nasazlıq yox idi. Məhkəmə həm də Mülki Məcəllənin öhdəlik hüququna aid 385, 386, 442 və 448-ci maddələrinə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, Mülki Məcəllənin normaları olan 385, 386-cı maddələrində qeyd olunmuşdur ki - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. O isə maşını təhvil vermiş, maşın isə ona qaytarılmamışdır. Məhkəmə bu səbəbdən də qeyd edilən maddəni düzgün tövsif etməmişdir. Əgər o, iddiaçıya pul ödəməlidirsə maşını da özünə qaytarılmalıdır. Qətnamədə qeyd olunur ki, bu Məcəllənin 442, 448-ci maddələri ...borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin məhkəmədə hansı risk dairəsinin olduğunu müəyyən edilmir ki, o da ona cavabdeh hesab olunsun. Beləliklə, bu normalar və iddia təmin edilərkən qətnamədə Mülki Məcəllənin tapşırıq müqaviləsini şərh edən 777.1 və 777.2-ci maddələrinə istinad edilməsi də iddianın əsaslılığını sübut etmir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, Mülki Məcəllənin tapşırıq müqavilələrinə aid 779.1-ci maddəsinə görə- vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Lakin məhkəmə bu normanı tərsinə təfsir etmişdir. Belə ki qətnamədən belə çıxır ki, o tapşırığı qəsdən icra etməmiş, maşını satarkən vicdanlı hərəkət etməmişdir. Halbuki, əslində iddiaçıya heç bir zərər dəyməmişdir, zərər dəymişdisə o, bunu sübut etməli idi. O, iddiaçıya maşını satmış, pulunu geri istəyən iddiaçı maşının taleyini özü həll etmişdir.Təbii ki, maşınını satıb pulunu da özləri alıblar. Sözsüz ki iddiaçının 3 min manatını Elton ona verib. Bu halı o da təsdiq edir ki, Elton məhkəmənin çağırışına gəlmədi, imtina etdi, iddiaçı onun gəlməyini təmin etmədi, sadəcə bildirdi ki gəlmir. İddianın təminində Mülki Məcəllənin 567-ci maddəsinə əsaslanan məhkəmə qətnamədə göstərmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin məhkəmə nəzərə almamışdır ki, o maşını vermiş, alıcı da maşını alıb və qaytarmamışdır. Məhkəmə bununla bu maddəni də düzgün tətbiq etməmiş, tərsinə təfsir etmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsaslanan məhkəmə qətnamədə göstərmişdir ki, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Lakin o bu pozuntunu törətməmiş, təqsirli deyil, ziyan da iddiaçıya dəyməmiş, bu qətnamə ilə ona dəyir, həm maşını yoxdur, üstəlik də iddiaçıya 3 min manat verməlidir. Beləliklə məhkəmə işə birtərəfli baxmış, qeyri-obyektiv və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə iddiaçının maşını ona deyil, Eltona vermiş olduğunu, maşının satılmış olmasını və s. halları nəzərə almamışdır. Məhkəmə qətnamə çıxararkən maddi hüquq normalarının tələblərini pozmuş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Qətnamə prosessual hüquq normalarının tələblərini pozmaqla çıxarılmışdır. Belə ki, MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. AR MPM-nin 385-ci maddəsinə əsasən məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmalı və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmalıdır. Məhkəmə qərarları həm də ədalətli olmalıdır. Göstərilənlərdən də aydın olur ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla işə baxmış və qanunsuz qətnamə çıxarmışdır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. MPM-in 217-ci maddəsinə əsasən qətnamə iş üzrə həqiqi hallara uyğun olmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə cavabdehə 3000 manat pul verilməsinin cavabdehin izahatı ilə təsdiq edilməsi, həmin pulun əvəzində iddiaçıya verilmiş nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə verilməsi, sonradan avtomobil qüsurlu olduğu üçün nəqliyyat vasitəsinin iddiaçı tərəfindən geri qaytarılması, bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X5 isə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi qüsurlu mal üzrə ödənilən pulun geri qaytarılması barədədir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı “Mercedes Benz S320” markalı 10- RS-922 dövlət qeydiyyat nişanlı avtomobili 8000 manata almaq üçün xx.xx.2024-cü il tarixdə ilkin ödəniş olaraq 3000 manat pulu cavabdehə Binəqədi rayonunda verməsidir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, 3000 manat məbləğində pul şəxsən İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz və iddia tələbinin təmin olunması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-692/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-692/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver