Məhkəmə qərarları › İş №2(105)-694/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-694/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-694/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-5751/2016 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-5751/2016 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Cavabdeh müddətin bərpasına dair vəsatətinin təmin olunmasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)- 5751/2016 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia təmin edilmiş, Cavabdeh 16040 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 70,15 manat notariat xərcinin əvəzinin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-5751/2016 saylı qərardadı ilə Cavabdeh müddətin bərpasına dair vəsatətinin təmin olunmasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, o, 17 oktyabr 2016-cı il tarixində qətnaməni almasına dair məktubu imzalamamışdır. Məhkəmə tərəfindən qeyd edilən məktubu imzaladıqdan sonra qətnamənin ona göndəriləcəyi bildirilmişdir. Lakin qeyd edilən məktubu imzaladıqdan sonra ona heç bir qətnamə verilməmiş, qətnamə rəsmi qaydada göndərilməmişdir. Qətnaməni yalnız 05.08.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etdikdən sonra 16.08.2021-ci il tarixində rəsmi qaydada almış və qətnamə ilə tanış olmuşdur. Eyni zamanda 3 gün ərzində qətnamənin hazırlanması qeyri-mümkündür və qeyri-realdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytararkən cavabdehin qətnamənin surətini 17.10.2016-cı il tarixdə qəbzə imza etməklə qəbul etməsinə, lakin qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra apellyasiya şikayəti verməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsinin surətini 17 oktyabr 2016-cı il tarixdə qəbzə imza etməklə şəxsən almışdır (İ/v-38). Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)- 5751/2016 saylı qətnaməsinin surəti Cavabdeh rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən apellyasiya şikayəti verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni 18 oktyabr 2016-cı il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2016-cı ilin noyabr ayının 18-də qurtarmışdır. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsindən apellyasiya şikayəti 06 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 4 il 10 ay 18 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 4 il 9 ay 18 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəbdən buraxmasını vəsatətində əsaslandırmamış, bu halı təsdiq edən hər hansı sübutu vəsatətinə əlavə etməmişdir. Cavabdeh qərardaddan şikayətində də 17 oktyabr 2016-cı il tarixdə qəbzə imza etdiyini təsdiq etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(012)-5751/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini üzürsüz səbəbdən buraxmışdır və müddətin bərpa olunması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin keçməsi əsası ilə apellyasiya şikayətini geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-5751/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar