Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-694/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artıırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(012)-522/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyrimi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 3 saylı "ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 1429 sayla rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan fikir ayrılıqları səbəbi ilə mübahisələr yaranmış, birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən, Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)- 12509/2015 saylı qətnaməsi ilə rəsmi nikaha xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 onun himayəsində saxlanılmışdır. Övladlarını təkbaşına böyütməkdə çətinlik çəkdiyinə görə aliment tələbi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qətnaməsinə əsasən hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat məbləğində olmaqla, ümumilikdə 150 (yüz əlli) manat alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladlarının tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət elmir. Heç bir yerdən gəliri, qazancı yoxdur. Övladları ilə birlikdə ahıl yaşlı valideynlərinin yanına sığınmışdır və onların himayəsində yaşayır. Bu səbəbdən də. alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, AZ-İİİ № 596564 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1372 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r.
5. 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015- ci il tarixli, AZ-İİİ № 595740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4054 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r.
6. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1344/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2017-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat məbləğində olmaqla, ümumilikdə 150 (yüz əlli) manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(012)-522/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1344/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, Cavabdeh dövlət rüsumuna görə 40,40 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinin İV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 124.1, 14.2, 78.1, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(012)-522/2024 nömrəli qətnaməsinin iddia tələbinin qismən təmin olunan hissədə ləğv edilməsi, iddia ərizəsinin tam olaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Belə ki, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə nəzərə almamışdır ki, o, əcnəbi vətəndaşdır və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayır. Onun Azərbaycan Respublikasının ərazisində işləməsinə dair icazəsi yoxdur və bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda bildirir ki, onun adına hər hansı bir daşınmaz əmlak, eyni zamanda nəqliyyat vasitəsi yoxdur. O, Azərbaycan ərazisində hər hansı bir sahibkarlıq fəaliyyəti ilə də məşğul olmur, təhsili ortadır. Bütün bunları sadalamaqda məqsədi odur ki, onun nəinki aliment ödəməyə, heç özünü saxlamağa imkanı yoxdur və bu imkanı əldə etməyə onun təhsili, əmlak vəziyyəti və ən əsası da əcnəbi vətəndaş olması imkan vermir. Nəzərə alınmalıdır ki, onun Azərbaycanda yaşamağa daimi icazəsi belə mövcud deyildir. Birinci instansiya məhkəməsində iddiaçının tərəflərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onun valideynlərinin evində qalması, bütün kommunal ödənişlərin valideynlər tərəfindən ödənilməsini qeyd etsə də, məhkəmə bu halı görməzlikdən gəlmişdir. Qeyd etmək istəyir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1344/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2017-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat məbləğində olmaqla, ümumilikdə 150 (yüz əlli) manat alimentin tutularaq İddiaçı verilməsi qət edilməsinə dair ədalətli qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki işi araşdıraraq işin hallarına düzgün qiymət vermiş, cavabdehin əmlak vəziyyətini, əcnəbi vətəndaş olduğunu, təhsilini, Azərbaycan Respublikasında işə düzəlməsinin mümkünsüz olduğunu nəzərə alaraq ədalətli qərar qəbul etmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Beləliklə, uşaqların saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərək onun maddi vəziyyətini, təhsilini, əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikasının ərazisində iş icazəsi olmamasını, eyni zamanda Azərbaycanda daimi yaşayış icazəsinin olmadığını nəzərə almamışdır. Onun heç bir yerdə işləmədiyini, bununla bağlı Azərbaycanda hər hansı bir orqana onun işlə təmin edilməsi tələbi ilə müraciət edə bilməməsini, Azərbaycan Dövlətindən hər hansı bir sosial yardım ala bilməməsi məhkəmənin nəzərindən yayınmışdır. Alimentin artırılması üçün onun maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmamışdır ki, o, bir uşağa görə 75 manat deyil, artıq 160 manat ödəyə bilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2018-ci il tarixdə təyin etdiyi alimentin artırılması üçün onun nə əlavə bir əmlakı peydə olmuş, nə işə düzəlmiş, nədə ki sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Orta aylıq əmək haqqının artırılmasına gəldikdə məhkəmə nəzərə almamışdır ki, bu məsələ Azərbaycan vətəndaşlarına münasibətdə aktualdır, lakin əcnəbi vətəndaş Azərbaycan Dövlətindən hər hansı bir sosial yardım ala bilməz və ya işlə təmin edilməsini tələb edə bilməz. Hazırkı işdə çəkişmə prinsipinin gözlənilməsi təzahürü yaradılmasına çalışılsa da, nəticə etibarı ilə tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Məhkəmə iddia tələbini faktlarla deyil, iddiaçının istəkləri ilə əsaslandırmışdır. İşə baxan məhkəmə qərarını müzakirə etdiyi dəlillərlə və sənədlərlə əsaslandırmamışdır. İddiaçı cavabdehin əmlak vəziyyətinin yaxşılaşmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi hər hansı bir mötəbər əsas gətirmədən alimentin miqdarını artırmışdır. Məhkəmə nəzərə almamışdır ki, uşağı saxlamaq tək valideynin deyil, hər iki valideynin borcudur. Bu səbəbdən hesab edir ki, alimentin artırılması üçün hər hansı bir mötəbər əsas olmamışdır. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1344/2018 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, 75 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan yetkinlik yaşına çatmayanların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Lakin yaşayış minimumunun artırılmasının hazırkı işə hər hansı bir aidiyyatı yoxdur. Çünki cavabdeh Azərbaycan Respublikasının vətəndaşı deyildir ki, yaşayış minimumu artdıqda o da öz əmək haqqısının və ya sosial ödənişlərin artırılması tələb edə bilsin. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərmiş nəticələri işin hallarına uyğun deyildir. Hesab edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur və uşaqların saxlanması yükü heç bir yerdə işləməyən, işləməsi belə mümkünsüz olan, Azərbaycan Dövlətindən hər hansı bir yardım ala bilməyən cavabdehin tək üzərinə düşməməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır, lakin daimi olaraq xeyli müddətdir valideynləri ilə birlikdə Azərbaycanda yaşayır. O, günəmuzd fəhlə işləyir, aylıq gəliri 400-500 manat təşkil edir. İddia olunan məbləğdə aliment ödəməyə maddi imkanı çatmır, hər ay ümumilikdə iki uşağa görə 200 manat ödəyə bilər.
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin tam olaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflərin ailə nikah münasibətləri pisləşdiyindən məhkəmə qətnaməsilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan olan uşaqların anasının yanında saxlanılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1344/2018 saylı qətnaməsindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2017-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat məbləğində olmaqla, ümumilikdə 150 (yüz əlli) manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
26. Hazırda, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin məlum qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyrimi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 1344/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir.
28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1344/2018 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 75 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan yetkinlik yaşına çatmayanların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur.
29. Məhkəmə qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
31. Apellyator şikayətin dəlillərini maddi vəziyyəti, təhsilinin olmaması, əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikasının ərazisində iş icazəsinin olmaması, eyni zamanda Azərbaycanda daimi yaşayış icazəsinin olmaması, alimentin artırılması üçün onun maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmaması ilə əsaslandırmışdır.
32. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir.
33. Belə ki, məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, o, xeyli müddətdir ki, Aəzrbycanda yaşayır, günəmuzd fəhlə işləyir və aylıq gəliri 400-500 manat təşkil edir. Kollegiyanın qənaətincə cavabdehin xaricə ölkə vətəndaşı olması və maddi vəziyyətinin aşağı olması onu hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldılmasına əsas verən hal kimi çıxış edə bilməz.
34. Məhkəmə, iddiaçının əmək qabiliyyətli olmaqla, bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, mübahisələndirilən aliment miqdarının 2018-ci ildə təyin edilməklə həmin vaxtdan xeyli müddət keçməklə istehlak səbətinin artmasını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişirilib daha az məbləğin müəyyən edilməsi və ya iddianın rədd edilməsi üçün əsas yoxdur.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(012)-522/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.