Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-696/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.(hakim R.N.Qoşqarlı) İddiaçı "xxxx" Kommersiya Bankı ASC apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin 1374,30 ABŞ dolları məbləğində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1443/2021 nömrəli, 26.05.2021-ci il tarixli qətnaməsilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)- 3967/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə 1374,30 (min üç yüz yetmiş dörd ABŞ dolları, otuz sent) ABŞ dolları (icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1443/2021 nömrəli, 26.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2021-ci il tarixli, 2(102)-5584/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1443/2021 nömrəli, 26.05.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh arasında bağlanmış 12.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 2152.08 ABŞ dolları əsas borc, 86.27 ABŞ dolları faiz borcu, 20.34 ABŞ dolları cərimə olmaqla, cəmi 2258.69 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) hec bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2152 (iki min yüz əlli iki) ABŞ dolları 08 (səkkiz) sent əsas, 86 (səksən altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent faiz, 20 (iyirmi) ABŞ dolları 34 (otuz dörd) sent cərimə, cəmi 2258 (iki min iki yüz əlli səkkiz) ABŞ dolları 69 (altmış doqquz) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı "xxxx" Kommersiya Bankı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 19 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə qətnaməsini onunla əsaslandırmışdır ki, “MKR (Mərkəzi Kredit Reyestri)-də cavabdehin borcu bağlı statusunda olduğundan bu ona əsas verir ki, cavabdeh tərəfindən mübahisəli kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunmuş və bu səbəbdən də iddia əsassız olduğundan rədd olunmalıdır. Halbuki, məhkəmənin gəldiyi bu qənaətə münasibətdə bildirilir ki, cavabdehin 1106OnkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə MKR məlumatlarında bağlı statusunda çıxması sırf texniki yanlışlıq olmuş, bu barədə yanlışlığın aradan qaldırılması ilə bağlı bank tərəfindən MKR-ə sorğu ilə müraciət olunmuş və 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə cavabdehin banka 1374,30 ABŞ dolları borcunun olması göstərilmişdir. Göründüyü kimi texnikin yanlışlıq MKR tərəfindən aradan qaldırılmaqla kredit aktivləşdirilmiş və məhkəmə iclasında tərəfimizdən yeni MKR-dən çıxarış (aktivləşdirilmiş borc) məhkəməyə təqdim edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia ərizəsinin qismən təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək uyğun izahat verdi və bildirdi ki, Mərkəzi Kredit Bürosunun məlumatlarında texniki yanlışlıq olmuş, sonradan onların müraciəti əsasında həmin yanlışlıq aradan qaldırılmışdır. Büronun məhkəməyə ünvanladığı sorğuya cavabda da bu fakt öz təsdiqini tapır. Cavabdehin kredit kartı üzrə də banka 535,55 manat başqa bir kredit borcu da olub, 524,51 manat kompensasiya məbləği də həmin borca silinib və qalıq borc kimi göstərilən 11,04 manat da o kredit borcu üzrədir. Hazırda onlar apellyasiya şikayətlərində göstərilmiş həcmdə iddianın təmin edilməsini xahiş edirlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onların kredit borcu AR Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşür, lakin bank bunu nəzərə almamışdır. Onların banka borcu var və bunu inkar etmirlər. Bankın səhvi nəticəsində onların kredit borcu restrukturizasiyaya edilməmişdir. Onların banka iki kredit borcu olub, kartla olan borc təxminən 500 manat olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 12.09.2014-cü il tarixli, 11060nkSUM/14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC (borcverən) və Cavabdeh (borcalan) arasında 12 sentyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə işdə olan "xxxx" KB ASC-nin 19.11.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh həmin tarixə olan borcu əsas məbləğ üzrə 1374,30 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 06.03.2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, borcluya 60 ay müddətinə kredit xətti açılmış və ona kredit kartı verilmişdir. Yenə işdə olan Azərbaycan Kredit Bürosundan 19.11.2020-ci il tarixli çıxarışdan məlum olur ki, Cavabdeh "xxxx" KB ASC-yə 1000 manat kredit borcundan 11,04 manat qalıq qalmış, borc balansdan silinmişdir. Məhkəmə kollegiyasının qəradadı əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Kredit Bürosunun (AKB) 24.05.2022-ci il tarixli, D-257/22 №-li məktubundan məlum olur ki, hazırda Cavabdeh banka olan borc qalığı 1373,76 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş 19.11.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasına dair məlumatlardan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə olan borcuna görə hesablanmış kompensasiya məbləği 564,50 manat təşkil edir. Onun banka manatla olan borcu 535,55 manat olmuş, həmin məbləğdən 524,51 manat borcun azaldılmasına yönəldilmiş, qalıq borc 11,04 manat təşkil etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh arasında bağlanmış 12.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə, 06.03.2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən ona 60 aylıq kredit xətti açılaraq plastik kart verilmiş və həmin müqavilə üzrə manatla kredit borcu yaranmışdır. AR Prezidentinin 28.02.2019cu il tarixli Fərmanının icrası ilə bağlı Cavabdeh "xxxx" KB ASC-yə olan kredit borcuna 524,51 manat kompensasiya hesablanmış və həmin məbləğ onun kredit kartı üzrə yaranmış 535,55 manat borcunun azalmasına yönəldilmiş və həmin kredit üzrə qalıq məbləğ 11,04 manat olmuş və bank tərəfindən balansdan silinmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən Problemli kreditlərin kompensasiyasına dair məlumlatlara istinad etsə də, işin faktiki hallarını tam araşdırmamış, iş üzrə digər sübutları nəzərə almamışdir. Halbuki, qeyd edildiyi kimi cavabdeh borclunun iddiaçı banka iki kredit müqaviləsi üzrə borcu olmuşdur. Hesablanmış kompensasiya məbləğinin 524,51 manatı onun manatla olan 535,55 manat borcunun azalmasına yönəlmiş və həmin borc üzrə qalıq məbləğ 11,04 manat olmuş, o məbləğ də balansdan silinmişdir. Başqa sözlə, cavabdeh borclunun iddiaçı banka olan bütün borcu yox, yalnız manatla olan borcu silinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC apellyasiya şikayətinin dəlilllərini sübuta yetirə bilmiş və birinci instnsiya məhkəməsinin qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, idiaçı bank iddia tələbində Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2152 ABŞ dolları 08 sent əsas, 86 ABŞ dolları 27 sent faiz, 20 ABŞ dolları 34 sent cərimə, cəmi 2258 ABŞ dolları 69 sent məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, apellyasiya şikayətində yalnız 1374,30 ABŞ dollarının tutulmasını tələb etmişdir. Daha öncə qeyd olunduğu kimi Azərbaycan Kredit Bürosunun (AKB) 24.05.2022-ci il tarixli, D-257/22 №-li məktubundan məlum olur ki, hazırda Cavabdeh banka olan borc qalığı 1373,76 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi qismən təmin edilib, Cavabdeh 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə 1374,30 ABŞ dolları (icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 35 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli, eyni zamanda Cavabdeh 10 manat dövlət rüsumunun kəsiri tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə 1374,30 (min üç yüz yetmiş dörd ABŞ dolları, otuz sent) ABŞ dolları (icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 35 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Cavabdeh 10 manat dövlət rüsumunun kəsiri tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-696/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-696/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver