Məhkəmə qərarları › İş №2(105)-696/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-696/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-696/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(067)-1710/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh aktlar əsasında götürülmüş toyuq-cücələrinin cəmi dəyəri 9996 manat məbləğində pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar kimi Xaçmaz rayonu Gülalan kəndi ərazisində öz təsərrüfatında toyuq cücəsi, ördək və qaz cücələri yetişdirib satmaqla məşquldur. 09 aprel 2019-cu il tarixdə aralarında tərtib olunmuş akt əsasında Xaçmaz şəhəri M.Araz küçəsi, 43 saylı evdə yaşayan Cavabdeh ilə hər bir ədədinin qiyməti 0.60 manat olmaqla 7080 ədəd, cəmi dəyəri 4248 manat olan toyuq cücələrini cavabdehə təhvil vermiş, cavabdeh xx.xx.2019-cu il tarixə kimi pulu ödəməyi öhdəsinə götürmüşdür. Akt Qaraçı kənd bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. bundan əlavə xx.xx.2019-cu il tarixli akt əsasında isə hər bir ədədinin qiyməti 0.60 manat olmaqla 9580 ədəd, cəmi dəyəri 5748 manat olan toyuq cücələrini cavabdehə təhvil vermiş, cavabdeh xx.xx.2019-cu il tarixə kimi pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu vaxta qədər hər iki akt üzrə aldığı cücələrin pulunu ödəməmiş və qəsdən ödəməyərək aralarında olan aktın şərtlərini pozmuşdur. Hər iki akt üzrə cavabdeh ona cəmi 9996 manat pul ödəməlidir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, pulu ödəmir və ödəməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, o, 24 ildir iddiaçıya məxsus inkubatorda operator işləyir. İddiaçı həmin obyektin müdiridir. Sonuncu, Cəllad Aslanovun cücə aparacağını ona bildirmişdir. Birinci dəfə onun işlədiyi obyektə Cəllad oğlu ilə birlikdə gəlmişdi. Cəllad müdiri İddiaçıla birlikdə otağa daxil olmuşlar, lakin aktı kimin imzaladığını bilmir. İkinci dəfə isə Cəlladın oğlu gəlib cücələri aparıb. Cücələri cavabdehə verəndə o, aktı imzalamışdır.

5. xx.xx.2019-cu il tarixli satıcı İddiaçı, alıcı X5, şahid X3 və Bələdiyyənin nümayəndəsi X7 tərəfindən nisyə alqı-satqı sazişi əsasında tərtib edilmiş Aktdan görünür ki, sahibkar İddiaçı yuxarıda göstərilən şəxslərin iştirakları ilə, toyuq cücəsi, ördək cücəsi, qaz cücəsi sayca 9580 (baş) ədəd və nisyə sazişi üzrə hər bir ədədin qiyməti 60 (altmış) AZN olmaqla 01 avqust 2019-cu il tarixli müddətə alıcı Cavabdeh satmış, alıcının satıcıya 5748 (manat) AZN borcu qalmışdır.

6. 09.04.2019-cu il tarixli satıcı İddiaçı, alıcı Cavabdeh, şahid X3 və Bələdiyyənin nümayəndəsi X7 tərəfindən nisyə alqı-satqı sazişi əsasında tərtib edilmiş Aktdan görünür ki, sahibkar İddiaçı yuxarıda göstərilən şəxslərin iştirakları ilə, toyuq cücəsi, ördək cücəsi, qaz cücəsi sayca 7080 (baş) ədəd və nisyə sazişi üzrə hər bir ədədin qiyməti 60 (altmış) AZN olmaqla 01 iyul 2019-cu il tarixli müddətə alıcı Cavabdeh satmış, alıcının satıcıya 4248 (manat) AZN borcu qalmışdır.

7. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildən vergi ödəyicisidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(067)-1710/2022 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, Cavabdeh 9996 manat borc pul və 120 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh iddiaçıdan cücələri təhvil aldığından, həmin cücələrə görə iddiaçıya pulu qaytarmasını sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 9996 manat borc pul və 120 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 385.1, 406.1, 567 və 442-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3, 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

11. Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(067)-1710/2022 nömrəli ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında uzun illər “cücə alveri” işgüzar münasibətləri davam etsə də, sonuncu alış-verişləri mübahisəli olmuşdur. Lakin mübahisə cücələrin təhvil verilməsi və ya alınması ilə bağlı deyil, mübahisə həmin cücələrə görə pulun ödənilib-ödənilməməsi ilə bağlıdır. İddiaçının verdiyi izahatdan da məlum olur ki, güya oğlunun vasitəsilə cücələri ona təhvil vermişdir. İddiaçı ilə onun arasında borc müqaviləsi mövcud deyildir. İddiaçı özü mətni ona məlum olmayan əlyazma tərtib etmiş, məzmununu ona bildirmədən onun savadsızlığından istifadə edərək, əlyazmaya imza etdirmişdir. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun mənasına görə 3000 manatdan yuxarı məbləğ borc müqaviləsi ilə rəsmiləşdirilməli, yəni borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının ona imzalatdırdığı əlyazma borc müqaviləsi deyildir və borc müqaviləsi kimi qəbul edilə bilməz. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddiaçı ilə onun arasında mülki hüquq və vəzifələrinin müəəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında hər hansı rəsmi müqavilə mövcud deyildir və onun belə bir müqavilə bağlamaq fikri olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, uzun müddətdir ki, iddiaçıdan toyuq-cücə almışdır. O, həmin malı özü, bəzən isə onun razılığı ilə oğlu iddiaçıdan təhvil almışdır. O, demədən oğlu iddiaçıdan mal ala bilməzdi. Eləcə də qeyd etdi ki, o, aldığı cücələrin dəyərini iddiaçıya ödəmişdir.

15. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

20. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir.

22. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

23. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsindən irəli gələn münasibətlər olmuş, İddiaçı Cavabdeh iddia olunan 9996 manat dəyərində cücə satmış, lakin cavabdeh alınmış məhsulun dəyərini ödəməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında yazılı akt mövcuddur və o, akt əsasında verilmiş cücələrin pullarını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən aktı cavabdeh yox, cavabdehin oğlu imzalayıb.

25. Apellyasi icraatı zamanı izahat verən cavabdeh təsdiq etdi ki, iddiaçıdan malı (cücələri) o, özü və onun razılığı ilə oğlu gedib alıb gətirib. Oğlu onun razılığı olmadan iddiaçıdan mal alıb gətirə bilməzdi.

26. Göründüyü kimi cavabdehin mübahələndirdiyi akt üzrə göstərilmiş mal (cücələr) nəticə etibarı ilə gətirilib cavabdehə verilmişdir. Bu göstərilənlər işin mübahisəsiz halı olmaqla, həmin aktların olub-olmaması iddianın əsaslığı baxımından əhəmiyyətini aradan qaldırır. Belə ki, qeyd edildiyi kimi cücələrin cavabdeh tərəfindən qəbul edilməsi cavabdehin etirafına əsasən aşkardır.

27. İşin mübahisə doğuran halı həmin malın (cücələrin) dəyərinin ödənilməsi ilə bağlıdır.

28. Birinci instansiyi məhkəməsi hesab etmişdir ki, cavabdehin oğlunun vasitəsilə iddiaçıdan cücələri təhvil almasını etiraf etməsi iddiaçını bu hissədə sübutetmə yükündən azad edir. Artıq alqı-satqının predmeti olan “cücələr” Cavabdeh tərəfindən təhvil alındığından, Cavabdeh alıcı olaraq, satıcının əşyaya görə pulunu ödəmək borcunu daşıyır. Belə olan halda, Cavabdeh “cücələrə” görə satıcı İddiaçı pul ödəməsi alıcı tərəfindən sübuta yetirilməlidir. Məhkəmənin fikrincə, hazırkı iş üzrə cavabdeh iddiaçıdan cücələri təhvil aldığından, həmin cücələrə görə iddiaçıya pulu qaytarmasını sübut edə bilməmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

30. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(067)-1710/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar