Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-697/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, iddiaçı İrşad Electronics” MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Xızı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(068)-116/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyasının iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda isə Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatdadır.
2. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən cavabdeh aldığı “Lotus” markalı stolüstü sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 178 manat və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən cavabdeh aldığı “Samsung A022” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 239,9 manat ödəniş etməli idi.
3. Maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 73 manat əsas, 10,9 manat cərimə borcu olmaqla, cəmi 83,9 manat borcu və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199,9 manat əsas, 29,9 manat cərimə borcu olmaqla, cəmi 229,8 manat, ümumilikdə iki müqavilə üzrə 313,7 məbləğində borcu qalmışdır.
4. 24.05.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş “müştəri müraciəti 000167078” nömrəli qəbzdən görünür ki, Cavabdeh özünə məxsus olan “Samsung A022” markalı, ********* 205583 mobil telefon aparatı “İrşad” Serviz Mərkəzinə təhvil verilmişdir. Səbəb kimi də “donur, müştəri təmir olunmağını istəmir, telefonu dəyişmək istəyir” qeyd edilməklə (i/m səh 84).
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 73 manat əsas, 10,9 manat cərimə borcu olmaqla, cəmi 83,9 manat borcun və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 199,9 manat əsas, 29,9 manat cərimə borcu olmaqla, cəmi 229,8 manat, ümumilikdə iki müqavilə üzrə 313,7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən cavabdeh aldığı “Lotus” markalı stolüstü sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 178 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən cavabdeh aldığı “Samsung A022” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 239,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixində xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021- ci il tarixli müqavilə üzrə isə xx.xx.2021-ci il tarixində 20 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış cəmi 272,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Eyni zamanda, cavabdehin hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 408 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 40,8 manat ödənilməsi tələb edilmişdir.
8. Cavabdehin iddia ərizəsinə qarşı etirazı daxil olmamışdır.
9. Xızı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(068)-116/2022 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia təmin edilərək xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə 272,9 manat əsas borc, 40,8 manat cərimə olmaqla, ümumilikdə 313 (üç yüz on üç) manat 70 (yetmiş) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqavilələrinə 1 saylı Əlavələrin 3-cü bəndinə əsasən gecikdirilmiş aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minumum 50 qəpik) dəbbə hesablanır alıcı tərəfində satıcıya ödənilir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab etmişdir ki, 272,9 manat əsas borc məbləğinə 40,8 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 445.2.1, 427, 462.1, 467, 567, 600.1, 600.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1, 284-5, 284-5.1, 284-5.2, 284-5.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə məhkəmə iddiaçı ilə aralarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə qeyd edir ki, həmin müqavilə üzrə onun “Lotus” markalı stol üstü sobaya görə ona 73 manat əsas, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung A022” markalı mobil telefona görə isə 272,9 manat borcu qalmışdır. Qətnamədə göstərilən həmin borclarla bağlı bildirmək istəyir ki, “Lotus” markalı stol üstü sobaya görə iddiaçıya 73 manat borcu qalsa da, lakin “Samsung A022” markalı mobil telefona görə iddiaçıya heç bir borcu yoxdur. Belə ki, həmin telefona görə tərəfindən iddiaçıya ilkin olaraq 13 manat, daha sonra iki dəfə, hər dəfə 20 manat olmaqla cəmi 53 manat pul ödənilmişdir. Daha sonra həmin telefon yaxşı işləmədiyinə görə iddiaçının təmir servisinə gətirilmiş, burada telefona baxış keçirildikdən sonra onun qüsurlu olması müəyyən edilmiş və ona başqası ilə əvəz edilməsi təklif edilmişdir. Lakin ümumiyyətlə bu markalı telefon xoşuma gəlmədiyinə görə onun dəyişdirilməsinə etiraz edərək, iddiaçıdan pulunun geri qaytarılmasını tələb etmişdir. Lakin iddiaçı buna etiraz etdiyinə görə telefonu servisdən götürməkdən imtina etmişdir. Beləliklə də həmin telefon iddiaçının özündə qalmışdır. Ona görə də, iddiaçının həmin telefona görə ondan pul tələb etməsi əsassızdır. Əksinə o, ondan müqavilə əsasında həmin telefona görə aldığı 53 manat pulu geri qaytarmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. MPM-in 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
16. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, tərəflərə bu barədə məlumat verməklə işə məhkəmə iclasında baxılması məqsədə müvafiq hesab etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, nisyə alqı-satqı müqaviləsi əsasən iddiaçıdan “Samsunq A022 markalı mobil telefon” almış, lakin telefon nasaz olduğundan geri qaytarmışdır. Belə ki, həmin telefon yaxşı işləmədiyindən təmir xidmətinə aparmış, orada telefona baxış keçirdikdən sonra onun qüsurlu olması səbəbindən zəmanət müddəti ərzində təmir xidmətinə təhvil vermişdir. Bu günə kimi telefon iddiaçı tərəfdədir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh sözügedən telefonu 14 gün ərzində deyil, 3 aydan sonra qaytarmışdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsasızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə görə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Ona görə də kollegiya Xızı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(068)- 116/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xızı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(068)-116/2022 nömrəli qətnaməsi qismən ləğv edilərək, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməlidir.
24. İddia tələbinin mahiyyətindən görünür ki, tələb vurulmuş ziyanın tələb edilməsi barədədir.
25. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
26. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
27. Nəzərə alınmalıdır ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
29. Bu baxımdan ziyanın ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
30. Öyrənilən mülki işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi (və 1 saylı əlavə) bağlanmış, həmi müqaviləyə əsasən cavabdeh aldığı “Lotus” markalı stolüstü sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 178 manat, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən cavabdeh aldığı “Samsung A022” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 239,9 manat ödəməyi öhdəsinə götürmüşdür.
31. İlk olaraq qeyd olunmalıdır ki, birinci əmlaka, yəni “Lotus” markalı stolüstü sobaya görə iddiaçıya vurulmuş ziyana görə cavabdehin mülki məsuliyyət daşıması müəyyən edilmiş haldır.
32. Lakin cavabdeh nisyə qaydada götürmüş olduğu ikinci əşyanın, yəni “Samsung A022” markalı mobil telefonun qüsurlu olmasını əsas gətirərək, ödəniş etməyi dayandırmışdır. Cavabdeh etirazının həm də onunla əsaslandırır ki, o sözügedən mobil telefon aparatı nasaz (donması səbəbindən) olması səbəbindən zəmanət müddəti ərzində onu servis xidmətinə geri qaytarmış, bu günə kimi də həmin telefon iddiaçı tərəfdədir.
33. Cavabdeh tərəfindən təqdim edilmiş “müştəri müraciəti 000167078” nömrəli qəbzdən görünür ki, Cavabdeh özünə məxsus olan “Samsung A022” markalı, ********* 205583 mobil telefon aparatı “İrşad” Serviz Mərkəzinə təhvil verilmişdir. Səbəb kimi də “donur, müştəri təmir olunmağını istəmir, telefonu dəyişmək istəyir” qeyd edilməklə (i/m səh 84)
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mobil telefon aparatı ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
35. Belə ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.
36. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilməmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmamış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
39. Kollegiya sonda qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(068)-116/2022 nömrəli qətnaməsi qismən, yəni xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 199.9 manat əsas və 29.9 manat cərimə olmaqla, cəmi 229.8 manatın təmin olunmuş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni 83.9 (səksən üç manat 90 qəpik) manatın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.