Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-697/2024 23.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-811/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən təmir xərci olaraq 7178,0 manat, qaz sayğacı üçün ödənilmiş 750 manat və 44 manat dövlət rüsumu, ümumilikdə 7972 manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı eskpert rəyinə əsasən 50 manat, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4999 nömrəli rəyinə əsasən 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi, SAP (XİİS) hesabı-X6, kod210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ**********0000003944; SFİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. qət edilmişdir. İddiaçı və cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş alqı-satqı müqaviləsi bağlanarkən faktiki olaraq ona göstərilən atdıqları mənzili deyil, aldadıb dəyərindən daha ucuz mənzili satmaları nəticəsində 13200 (on üç min iki yüz ) manat (44000-in 30 %-i), 35 nömrəli mənzili faktiki olaraq ona təhvil verməmələri nəticəsində 31 nömrəli mənzilin təmiri üçün çəkilmiş 7650 (yeddi min altı yüz əlli) manat, mənzilin təhvil verilməsini gecikdirdikləri üçün kirayə pulu olan 13600 (on üç min altı yüz əlli) manat (hər ya 200 manat olmaqla 2017, 2018, 2019, 2020, 2021-ci illər üçün və 2022-ci ilin avqust ayına dək olan aylar üçün), qaz sayğacı üçün aldıqları 750 (yeddi yüz əlli) manat, ekspertiza xərci 300 (üç yüz) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 198 manat - cəmi 35698 (otuz beş min altı yüz doxsan səkkiz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 dekabr 2015-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m. ibarət 2 otaqlı 35 nömrəli mənzilin satılmasına dair LM-0573 saylı müqavilə bağlanmışdır. 40 ildən çox olan mənzil təmiri təcrübəsi, usta fəaliyyətini əsas götürərək sözü gedən müqavilə bağlanarkən iddiaçı "xxxx" MMC-in cavabdeh şəxslərindən xahiş etmişdir ki, satılacaq evin yerini göstərsinlər. "xxxx" MMC-in cavabdeh şəxsləri isə iddiaçıya satılacaq mənzilin yerini göstərmişlər. Onların göstərdiklərinə görə həmin mənzil “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən 7 nömrəli binanın 5-ci mərtəbəsində, binanın həyətində bina ilə üzbəüz durduqda 5-ci mərtəbənin sol hissəsində, həmçinin binanın həyətə baxan yox, yola baxan hissəsində yerləşirdi ki, mənzilin yeri onu tam qane edirdi. Belə ki, həmin mənzilin qarşısında yalnız 5 mərtəbəli binalar vardır, yəni qarşısı tam açıq idi, mənzilin içərisi heç bir tərəfdən görünmürdü, günəş işığı isə mənzilə kifayət qədər düşürdü. Buna görə iddiaçı həmin mənzilin alqı-satqısına dair müqaviləni imzalamışdır. Müqavilə bağlanarkən qarşı tərəf 2016-cı ilin sonunda binanın tikintisinin yekunlaşacağını və mənzilin təhvil veriləcəyini bildirmişdir. Lakin həmin binanın və mənzilin tikintisi cavabdeh tərəfindən gecikdirilmiş və mənzil iddiaçıya yalnız 2021-ci ili avqust ayının 26-da yalnız kağız üzərində təhvil verilmiş, qanunsuz olaraq 950 manat sayğac pulu aldıqdan sonra təmir üçün mənzil 2022-ci ilin iyul ayının 6-da faktiki olaraq təhvil verilmişdir. Göstərilən müddət ərzində iddiaçı dəfələrlə məhz cavabdeh tərəfindən ona göstərilən mənzilə gedərək görülən işlərlə tanış olmuş, tikintiyə cavabdeh olan şəxslərlə görüşərək tikilməkdə olan binanın 35-ci mənzilini aldığını onlara bildirmiş, onlar da onunla birlikdə yenidən ona əvvəlcədən göstərilmiş mənzilə daxil olaraq, həmin mənzili 35 nömrəli mənzil kimi təqdim etmişlər. Cavabdeh tərəfin işçiləri ilə görüşməkdə məqsədi mənzilin arakəsmə divarlarını onun istəyinə uyğun hörülməsi olmuş, belə ki, mənzilin sxemində müəyyən dəyişilik etmək istəmişdir. Alqı-satqı zamanı əvvəlcədən göstərilmiş mənzil cavabdeh tərəfin işçiləri tərəfindən dəfələrlə 35 nömrəli mənzil kimi təqdim edilmişdir. 2022-ci ilin iyun ayının 6-da isə mənzili faktiki olaraq cavabdehdən təhvil alınarkən, məsul işçi mənzilin açarını anası Zeynab Atakişiyevaya təqdim edərək mənzilin yerini bilib-bilmədiyini soruşmuş, anası isə mənzili onlara dəfələrlə göstərildiyini məsul işçiyə bildirib açarı ondan təhvil alaraq məhz həmin açarla əvvəlcədən onara göstərilən mənzilə gəlib qapısını açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra isə alqı-satqı müqaviləsində olan 35 nömrəli mənzil üçün sayğac pulunu ödədiyi elektrik şəbəkəsi də yenə "xxxx" MMC-nin cavabdeh şəxsi tərəfindən daxil olduqları mənzilə birləşdirilmişdir. Həmin şəxs də onlardan elektrik şəbəkəsi üçün sayğac pulunu ödədikləri barədə arayış aldıqlarını soruşduqda, "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli arayışı təqdim etmişlər. Həmin arayışda sayğacın 35 nömrəli mənzil üçün nəzərdə tutulması, 35 nömrəli mənzilə sayğacın elektrik şəbəkəsinə birləşdirilməsi göstərilmişdir. Həmin arayışda "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivində yerləşən 28 saylı küçədə inşa edilmiş 7 saylı yaşayış binasının 35 saylı mənzilinə quraşdırılan sayğacların (qaz, su, işıq) ödənişini, yəni, 950 manatın tam şəkildə ödənildiyi göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdə isə 35 nömrəli mənzilin elektrik enerjisi üçün 50 manat ödənildiyi göstərilmişdir. Mənzil elektrik şəbəkəsinə qoşulduqdan sonra mənzildə təmir-tikinti işləri aparmağa başlanılmışdır ki, 2022-ci ilin avqust ayının 4-ə qədər olan müddət ərzində cavabdeh tərəfin işçiləri dəfələrlə mənzilə gələrək mənzildəki arakəsmələrin yerlərinin dəyişdirildiyi üçün əsassız olaraq iradlarını bildirmiş, mənzilin kimə məxsus olmasını soruşduqda, ona məxsus olduğunu, 35 nömrəli mənzil olduğunu, ad və soyadı, həmçinin iradlarının əsassız olduğu, heç bir qanunsuz söküntü və tikinti işləri aparılmadığı "xxxx" MMC-in əməkdaşlarına bildirilmişdir. O, 04 avqust 2022-ci ildə mənzildə olarkən cavabdehin işçisi 5-ci mərtəbədə olan mənzilləri nömrələmiş, aldığı mənzili 35 deyil, 31 nömrəsi ilə qeyd etmişdir. O isə həmin şəxsə aldığı mənzilin 35 nömrəli mənzil olduğunu, məhz həmin mənzilin ona 35 nömrəli mənzil kimi dəfələrlə göstərildiyini və satıldığını, hansısa yalnışlığa yol verdiklərini bildirmiş, lakin uzun sürən araşdırmadan sonra onun daxil olduğu və təmir etdiyi mənzilin həqiqətən 35 nömrəli deyil, 31 nömrəli mənzil, 35 nömrəli mənzil isə binanın sol tərəfində deyil, sağ tərəfində, 31 nömrəli mənzillə üzbəüz yerləşməsi, eyni sxemli, eyni ölçülü, lakin əks proyektli olması, 31 nömrəli mənzilin isə X1 məlum olmuşdur. Həmin mənzilin Gülarə Şahbazovaya satılmasına baxmayaraq mənzil sahibinə təhvil verilməmiş və hal-hazırda da cavabdehin balansındadır. Bina sakinləri ilə söhbət edərkən onların da bəzilərinə evlərin cavabdeh tərəfindən səhv verildiyini bildirmişlər. Həmin mənzillər arasında yeganə fərq 35 nömrəli mənzilin qarşısında 15 metr aralıda hündürmərtəbəli binanın yerləşməsi idi. Cavabdehin işçilərindən nə üçün ona başqa ev göstərib, başqa ev satdıqlarını, nə üçün 35 nömrəli mənzilin deyil, məhz satarkən göstərdikləri, yəni 31 nömrəli evin açarını verdiklərini, ən pis halda isə nə üçün 35 nömrəli ev üçün nəzərdə tutulmuş sayğac pulunu ödədiyi halda 35 nömrəli evin sayğacını 31 nömrəli evə qoşduqlarını, mübahisələri olduğu halda nə üçün həmin evin başqa şəxsə məxsus olduğunu bildirmədiklərini soruşduqda onlar suallarına heç bir cavab verə bilməmişlər. Cavabdeh tərəfindən aldadılaraq ona satılmış mənzilə daxil olarkən qarşısında 15 metr aralıda hündıırmərtəbəli binanın olduğu görünür ki, həmin bina o qədər yaxınlıqda yerləşir ki, sanki əlini uzatsa həmin binadakı şəxslə görüşə bilər. Bundan əlavə 31 nömrəli və 35 nömrəli mənzilin saat 17- də eyni vaxtda fotoşəkilləri tərəfindən çəkilmişdir ki, 31 nömrəli mənzildə hava işıqlı olduğu halda, 35 nömrəli mənzildə sanki havanın artıq qaraldığı təəssüratı yaranır. Daha bir böyük problem isə 35 nömrəli mənzilə gün işığının ümumiyyətlə düşməməsi, evin daima soyuq, rütubətli olmasıdır ki, bütün bunlar insan sağlamlığı, psixoloji durumu üçün birbaşa təhlükədir. Əgər həmin mənzil alqısatqı zamanı ona göstərilsəydi, həmin mənzili almaqdan imtina edəcəkdi. Alqı-satqı müqaviləsinə əsasən 35 nömrəli mənzilin alınması üçün "xxxx" MMC-yə ümumilikdə 44,337 manat məbləğində pul ödəmişdir. 31 nömrəli mənzildə aparılan təmir və tikinti işləri üçün 8- 9 min manat arası pul xərclənmişdir ki, bununla bağlı ekspertizadan alınmış qiymətləndirmə rəyində, 31 nömrəli mənzildə edilmiş təmir-tikinti xərcinin 7650 manat olması göstərilmişdir. 31 nömrəli mənzilə xərclədiyi təmir pulunu cavabdehdən dəfələrlə istəsə də, onlar ümumiyyətlə pul ödəməyəcəklərini bildirmişlər. Əksinə olaraq 31 nömrəli evin sahibi ilə də, öz aralarında razılığa gəlməyə qanunsuz olaraq mane olmuşlar. Usta işi ilə əlaqədar 2015-ci ildən Bakı şəhərində kirayə yaşamış, mənzil satışı şirkətləri ilə maraqlanıb büdcəsinə daha uyğun olan mənzili "xxxx" MMC-də tapmışdır ki, 2015-ci ildə sözü gedən alqı-satqı müqaviləsi bağlanarkən həmin binanın tikintisini 2016-cı ildə yekunlaşacaq və 2016-cı ilin sonunda mənzil təhvil veriləcəkdir. Ona görə də planlaşdırmışdır ki, 1 il kirayə yaşadıqdan sonra evinə rahat köçə biləcək və bir daha kirayə pulu ödəməyəcəkdir. Ona görə də, kirayə müqaviləsi 1 illik bağlanmışdır. Həmin kirayə müqaviləsi xx.xx.2015-ci ildə X13 ilə X9 arasında bağlanmışdır. 2019-cu ildə isə beyin infaktı keçirdiyi üçün müalicəsi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamağı məcburiyyət qarşısında davam etdirmiş, 2019-cu ildən etibarən İ qrup əlildir. Lakin 2016-cı ilin sonlarından başlayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək binanın tikintisini gecikdirməyə başlamış, hər dəfəsində isə onlara mənzilləri 5-6 aydan sonra təhvil verəcəklərinə inandırmışlar. Mənzili alınrkən artıq binanın 4-5 mərtəbəsi tikilmiş, normal halda bir binanın tikintisi istənilən şirkət tərəfindən 1 il ərzində yekunlaşdırılaraq sahiblərinə təhvil verilmişdir. 2017-ci ildə yazılı ərizə ilə cavabdehə müraciət edərək mənzilin təhvil verilməsini gecikdirdikləri üçün etirazını bildirmiş, həmçinin həmin binanın sakinləri də etiraz əlaməti olaraq Xırdalan şəhərində yolları bağlamış, yürüşlər, kiçik nümayişlər təşkil etmişlər ki, bununla bağlı respublika rəhbərliyi də məlumatlandırılmışdır. 2015-ci ildə etibarən hər ay Adilə Həsənovaya 200 manat kirayə pulu ödəmiş, kirayə pullarının qəbzlərini, həmçinin kommunal ödənişlər barədə qəbzləri iş materiallarına əlavə etmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq sayğac pulu alması ilə əlaqədar cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qaz, su və işıq sayğacı üçün tərəfindən 950 manat pulun ödənildiyi göstərilmişdir. Cavabdeh tərəf onu aldadaraq sayğac adı ilə əlavə olaraq 750 manat pul almışdır. Belə ki, “Azərqaz”ın rəsmi internet səhifəsindən əldə etdiyi məlumata görə 2021-ci ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı qaz sayğaclarının quraşdırılmasına görə heç bir ödəniş alınmır. İşıq sayğacının dəyərinin 160 manat, su sayğacının dəyərinin 40 manat olmasını nəzərə alaraq cavabdeh tərəfindən əlavə olaraq 750 manat pul dələduzluq yolu ilə ondan alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(012)- 811/2023 nömrəli qətnamə əsaslandığı sübutları və halları apellyasiya şikayətində qeyd edilən hissələrə münasibətdə düzgün təhlil etməmişdir. Bununla da, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını qismən pozmaqla rədd edilən hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bildirilir ki, keçirilmiş məhkəmə iclasları zamanı tərəfindən kirayə pulunun ödənilməsinə dair halları təsdiq edən şəxslər Aqşin Səfərovu və qonşuluqda yaşayan digər şəxsi şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət edərək iclas zalına gətirsə də və məhkəmədə vəsatət qaldırsa da məhkəmə, cavabdehin məhkəmədə olmaması səbəbindən həmin şahidləri əssasız olaraq dindirməkdən imtina etmişdir. Məhkəmə ümumiyyətlə onun təqdim etdiyi sübutları qətnamədə sadalamamış və hansı səbəbdən həmin sübutların mötəbər hesab etməməsini dəlillərlə təkzib etməmişdir. Cavabdehin öhdəliklərini pozaraq digər şəxslərə də mənzili vaxtında təhvil verməməsi nəticəsində alıcılar dəfələrlə kütləvi şəkildə etiraz etməyə başlamışlar və onların bu şikayətləri sosial şəbəkələr vasitəsi ilə işıqlandırılmışdır. Həmin vaxt bir sıra kütləvi informasiya vasitələri cavabdehin əməkdaşından gecikmə ilə bağlı müsahibə götürərkən cavabdehin nümayəndəsi cavabdehin həqiqətən öhdəliləri pozaraq mənzillərin təhvil verilməsini gecikdirdiyini, bu gecikmənin isə vergi borcları ilə əlaqədar olduğunu etiraf etmişdir. Həmin müsahibə diskə köçürülərək sübut kimi iş materiallarına əlavə edilmişdir. məhkəmə göstərilənə əsaslanaraq iddianın təmir puluna aid olan hissəsini təmin etməklə və iddianın evlərin alqı-satqı zamanı səhv göstərilməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair hissədə təmin etməməklə öz mövqeyini təkzib etmiş, iki fərqli yanaşma müəyyənləşdirmişdir. Hansıki, bir hərəkətlə, yəni AAAF İnşaat MMC-nin əməkdaşlarının səhvi nəticəsində təmir üçün xərclənmiş pulun tutulmasına dair qətnamə qəbul etməsinə baxmayaraq evlərin alqı-satqı zamanı səhv göstərilməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbini rədd etmişdir. məhkəmə əsassız şəkildə çəkilmiş xərcin məhkəmə xərclərinə aid olmadığını qeyd edərək həmin hissədə tələbi rədd etməsinə baxmayaraq nəzərə almamışdır ki, bu xərclərin yaranma səbəbi elə cavabdehin qanunsuz hərəkətləri olmuşdur. Əgər cavabdeh həmin hərəkətlərə yol verməsəydi nə bu xərc yaranardı, nə də məhkəmə iddiası qaldırılmış olardı. Hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilən hissədə mübahisələndirərək həmin hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə maddi hüquq normalarına zidd, əsassız məhkəmə aktıdır. Məhkəmənin qənaətinə görə, iddiaçının "xxxx" MMC ilə 19 dekabr 2015-ci il tarixli, LM-0573 saylı mənzilin alqı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 57475 manat olması, işin mübahisə edilməyən hallarıdır. Əslində qeyd olunanlar işin mübahisə olunan halıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli LM-0573 nömrəli mənzilin alqı-satqı müqaviləsi alıcı və satıcı arasında yaranan münasibətləri tənzimlənməsinə baxmayaraq məhkəmənin podrat müqaviləsi kimi qəbul edilməsi təəccüb doğurur. Çünki məhkəmənin hakiminin icraatında çoxsaylı mülki işlərdə sözügedən bu növ müqavilələri podrat deyil, alqı-satqı müqaviləsi kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi sübutların tədqiqatı zamanı“Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, 2 otaqlı, 31 nömrəli mənzil, 35 nömrəli mənzil kimi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya göstərilmiş və iddiaçı 31 nömrəli mənzilin 35 nömrəli mənzil olduğuna məhz "xxxx" MMC-nin əməkdaşlarının hərəkətləri nəticəsində əmin olaraq həmin mənzildə təmin işləri aparıldığını müəyyən etməsini göstərir. Həmçinin “Göstərilən bu xüsusat məhkəmə iclasında iddaçının nümayəndəsinin izahatı ilə yanaşı mübahisəli mənzilə sayğacların (qaz, işıq, su) idiaçının adına quraşdırılması, iddiaçı tərəfindən sayğaclara görə ödənişlərin aparılması, həmçinin işin faktiki halları ilə sübuta yetirilir və bu xüsusatla bağlı cavabdeh təşkilatın nümayəndəsinin etirazı hər hansı bir mötəbər sübuta istinad olunmadığı, həmçinin məntiqə sığmadığı və inandırıcı olmadığı üçün məhkəmə həmin etiraza tənqidi yanaşmışdır” qeyd edir. Hansı məntiq və hansı tənqiddən söhbət gedə bilər. Alıcının özünü sərbəst şəkildə digər mənzilə daxil olaraq təmir etməsi, daha sonra səhv təmir etdiyi mənzilin sahibi ilə sövdələşməsi məntiqli sayılmır. Məhkəmə iddiaçı tərəfin mülahizəsinə birtərəfli qiymət verməklə kifayətlənmiş və qeyri-obyektiv qiymət vermişdir. Nəticə də qanunsuz məhkəmə aktı qəbul etmişdir. İddiaçı Atakişiyevin səhv təmir etdiyi mənzilin təmirindən yararlanan üçüncü şəxs X2 deyil, cavabdeh MMC-dən tutulması məntiqli və ədalətli deyildir. Sözügedən mənzilin iddiaçı Atakişiyeva cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi ümumiyyətlə sübut edilməmişdir. Belə olan halda cavabdeh MMC-yə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinin tətbiqinə əsas yaranmır. Alıcının öz mülahizəsinə görə digər mənzilə daxil olaraq təmir etməsi faktından başqa digər sübutlar təqdim edilməmişdir. İddiaçı Atakişiyev iddia tələbində mənzilin yerləşmə yerin və digər əlamətlərinə görə narazı qalması açıq-aşkardır (“bina ilə üzbəüz olması”, “həyətəbaxan yox”, “yola baxan hissədə yerləşməsi”, “qarşısının tam açıq olmaması”, “günəş işığının düşməməsi”, “mənzildə yaşayışın sağlamlığa, psixoloji duruma təsir etməsi”, “mənzilin isitməməsi” “mənzilin yerinin onu tam qane etməməsi”). Məhz iddiaçı “sadalanan əlamətlərə görə” mənzilin “seçərək” özbaşına digər mənzilə daxil olaraq təmir etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 isə əslində işə cavabdeh qismində cəlb olunmalıdır. Bununla bağlı vəsatət verilmiş, lakin münasibət bildirilməmişdir. Sözügedən 31 və 35 nömrəli mənzillər qonşu deyildir. İddiaçı mənzilə işıq düşməməsi və mənzilin əlverişli olmaması səbəbindən mənzilin səhv təhvil verilməsi fikri ilə yanaşaraq mənzildən imtina etməyə və ya əlavə dəyər əldə etməyə çalışır. Çünki iddiaçının mənzildən narazı qalması halı mübahisəsiz haldır, iddia tələbində açıq-aşkar bildirir. İddiaçı Atakişiyev aldığı 35 nömrəli mənzili deyil, üçüncü şəxs Şahbazovanın aldığı 31 nömrəli mənzili təmir edir və təmir xərclərini isə istifadə edən və ya istifadə edəcək X3 deyil, mənzili aldığı və əlverişsiz hesab etdiyi cəmiyyətdən tələb edir. Çünki rəsmi və faktiki olaraq təmir xərci çəkilmiş 31 saylı mənzil cəmiyyətə deyil, üçüncü şəxs X5 məxsusdur. Həmin təmir işlərindən də üçüncü şəxs Şahbazova faydalanacaq. Hesab edir ki, iddia tələbində iddiaçı Atakişiyev ilə üçüncü şəxs Şahbazova birgə maraqlıdırlar. Bundan başqa, məhkəmənin mövqeyinə görə, cavabdeh "xxxx" MMC, İddiaçı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivində yerləşən 28 saylı küçəsində inşa edilən 07 saylı yaşayış binasının 35 saylı mənzilinə quraşdırılan qaz sayğacına görə 750 manat ödətdirməklə İddiaçı ziyan vurması müəyyən etmişdir. Yanlış qənaətə gəlinmişdir. Çoxmənzilli yaşayış binalarında mənzillərin qazlaşdırılması xüsusi lisenziyaya sahib fiziki və ya hüquqi şəxslər (podratçı şəxs) tərəfindən həyata keçirilir. Cavabdeh MMC də həmin yaşayış binasının qazlaşırılması və qaz təsərrüfatının quraşdırılması üçün podratçı təşkilatla müqavilə bağlanır, MMC tərəfindən podratçı şəxsə ödənilir və bərabər şəkildə mənzillər üzrə dəyəri müəyyənləşdirilir. Halbuki iddiaçı tərəfindən qaz sayğacına görə 750 manat ödənilməsi göstərilməsi düzgün deyildir. Tamamilə əsassız tələbdir. Ədalət mühakiməsinin həyata keçirən məhkəmənin belə bir məhkəmə aktı araşdırmanın obyektivliyi, ədalətliliyi və hərtərəfliyini əks etdirmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, onun şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməməsini, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilərək rədd edilməsini, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, onun şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçı cavabdehə münasibətdə vicdanlı hərəkət etsə də, cavabdeh vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməməklə, məhz cavabdeh "xxxx" MMC-in hərəkətləri nətcəsində iddiaçıya maddi ziyan dəyməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə hər iki tərəf ayrı-ayrılıqda mübahisələndirmiş və iddiaçı qətnamənin iddia tələbinin təmin edilməyən, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq, qətnaməni bütövlükdə yoxlayaraq, ilk öncə iddiaçının apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1 və 21.2. maddələri). Zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. İşdən görünür ki, 19 dekabr 2015-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m. ibarət 2 otaqlı 35 nömrəli mənzilin satılmasına dair LM-0573 saylı müqavilə bağlanması işin mübahisəsiz halıdır. İddiaçı apellyasiya şikayətində 13600 (on üç min altı yüz əlli) manat (hər ya 200 manat olmaqla 2017, 2018, 2019, 2020, 2021-ci illər üçün və 2022-ci ilin avqust ayınadək olan aylar üçün) cavabdeh təşkilatdan tutularaq İddiaçı ödənilməsinin təmin edilməməsi, keçirilmiş müstəqil ekspertiza xərci olaraq ödənilmiş 300 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin MPM-nin 77.1, 14.2, 76.1, 76.2-ci maddələrinə əsasən öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı qeyd etdiyi hallar barədə heç bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, iddiaçının qeyd etdiyi kirayə müqaviləsi hazırkı iş üzrə iddiaçı tərəfindən deyil, başqa şəxslər arasında bağlanmış və iddiaçının təqdim etdiyi qəbzlərdə həmin pulun iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissələrdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 19 dekabr 2015-ci il tarixli müqavilənin 2.2.2. bəndinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m. ibarət 2 otaqlı 35 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürməsi müqavilə öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarında olan mənzilin təhvil verilməsi və digər münasibətlərlə bağlı 26 avqust 2021-ci il tarixli razılaşma protokoluna əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivində 28 küçəsində olan 7 saylı yaşayış binasının 35 nömrəli mənzilini təhvil alanın istifadəsinə təhvil verdiyi, təhvil alanın isə təhvil aldığı qeyd olunmuş, iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi mənzilin iddiaçıya səhv təhvil verilməsi cavabdehin təqsiri ucbatından olması iş materialları ilə, eləcə də mübahisəli mənzillərə baxış keçirilməsi zamanı öz təsdiqini tapdığından və apellyasiya şikayətinin dəlliləri formal mülahizədən ibarət olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Çünki həmin təhviltəslim aktı əsasında mənzil iddiaçıya səhvən verildiyindən, bu zaman iddiaçının ona aid olmayan mənzildə aparılmış təmir işləri nəticəsində zərərə düşməsi aşkardır. Məhkəmə kollegiyası cavabdehin sayğacın dəyərinin sonuncudan tutulması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə bildirir ki, özlərinin də apellyasiya şikayətində qeyd etdikləri kimi, çoxmənzilli yaşayış binalarında mənzillərin qazlaşdırılması xüsusi lisenziyaya sahib fiziki və ya hüquqi şəxslər (podratçı şəxs) tərəfindən həyata keçirilir. Cavabdeh MMC də həmin yaşayış binasının qazlaşdırılması və qaz təsərrüfatının quraşdırılması üçün podratçı təşkilatla müqavilə bağlanır, MMC tərəfindən podratçı şəxsə ödənilir və bərabər şəkildə mənzillər üzrə dəyəri müəyyənləşdirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-697/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-697/2024
23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver