Məhkəmə qərarları › İş №2(105)-70/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-70/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-70/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(012)-1168/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(012)-1168/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçı "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, "xxxx" X4 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı “Bank hesab, kredit və zaminlik müqaviləsi”nin ləğv edilməsi, iddiaçı "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada 11966,03 ABŞ dolları əsas, 6431,57 ABŞ dolları faiz borcu, 10,00 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 30 oktyabr 2018-ci il tarixdən 07 noyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 624,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə ümumilikdə cəmi 19031,95 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" X4 Açıq Cəhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 14 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 11966,03 ABŞ dolları əsas borc, 6431,57 ABŞ dolları faiz borcu, 1222,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30 oktyabr 2018-ci il tarixdən 07 noyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 624,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 20244,35 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 14 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətindən illik 26 faizlə 24 ay müddətinə 18000 ABŞ dolları kredit götürmüşdür. 30.10.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 30 oktyabr 2018ci il tarixə təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 14 iyul 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 noyabr 2019-cu il tarixədək Cavabdeh1 Qədimah oğlunun banka 14 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 11966,03 ABŞ dolları əsas borc, 6431,57 ABŞ dolları faiz borcu, 1222,4 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30 oktyabr 2018-ci il tarixdən 07 noyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 624,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 20244,35 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə onlara münasibətdə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən araşdırma aparılarkən nəzərə alınmalı idi ki, iddia ilə məhkəməyə müraciət edən "xxxx" X4 Açıq Səhmdar Cəmiyyəti onlardan ümumilikdə 20244,35 ABŞ dolları borc tələb edir. Müqavilə üzrə onun öhdəliyini icra etməyi üçün kifayət qədər müddət qalmasına baxmayaraq məhkəmə əsassız olaraq ziyanına qətnamə qəbul etmişdir. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, iddiaçı tərəfin təqdim etdiyi müqavilə və hesabdan çıxarışları araşdırmadan bank tərəfindən şişirdilmiş borcu təmin etməklə onun hüquqlarını pozmuşdur. Belə ki, xarici valyutada olan kredit öhdəliyi üzrə yaranmış borcun ədalətli şəkildə hesablanması üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunmamış və iddiaçının iddiası təmin olunmuşdur. Həmçinin mövcud prosessual pozuntular sırasında mülki iş materiallarına əlavə edilmiş bildirişlərin onlara çatdırılmaması, qanunvericiliyin tələbinə uyğun olaraq pretenziya qaydalarına əməl edilməməsi də məhkəmə tərəfindən araşdırılmamışdır. "xxxx" X4 Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında 14 iyul 2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Kredit nüqaviləsinin müddəti 14 iyul 2016-cı il tarixdə bitmiş və bank tərəfindən iddia tələbi ilə məhkəməyə 2020-ci ildə müraciət edilmişdir. Həmçinin "xxxx" X4 Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında 30 oktyabr 2015-ci il tarixli əlavə sazişin imzalanmasını təsdiq edən sənəd də mövcuddur. Lakin 14 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə sazişin bağlanmasına zamin Cavabdeh2 tərəfindən razılıq verilməmişdir. Dolayısı ilə mülki qanunvericiliyin tələbinə uyğun olaraq ilkin müqaviləyə dair zaminlik üzrə öhdəlik götürmüş Cavabdeh2 saziş üzrə öhdəliklərdən azad olunmuş hesab edilir. Məhkəmə prosessual çəkişmə prinsipini pozaraq tərəflərin təqdim etdiyi sübutları araşdırmadan zamin Cavabdeh2 münasibətdə qanunvericiliyin normalarını kobud şəkildə pozmuşdur. O, mövcud iqtisadi durumla əlaqədar olaraq borcu birdəfəlik qaydada banka qaytarmaq iqtidarında deyildir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da bir daha sübut edir ki, məhkəmələr vətəndaşın maddi durumunu nəzərə almalıdır. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, 14 iyul 2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı zaminlik müqaviləsinə xitam verilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, əsas borca aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14.07.2014-cü il tarixli, 22-M-1-0-1020- 14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla, 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 22-M-1-0-1020-14 saylı, 14 iyul 2014-cü il tarixli kredit və 22- M-1-0-1020-14 saylı, 14 iyul 2014-cü il tarixli zaminlik müqavilələrinə 29 mart 2015-ci il tarixli əlavənin surətindən görünür ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14.07.2014-cü il tarixli, 22-M-1-0-1020- 14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə dəyişiklik edilmiş, kreditin müddəti 34 ay 15 gün müəyyən edilmiş, kreditin bağlanma tarixi 20.05.2017-ci il hesab edilmişdir. İş materiallarında olan 22-M-1-0-1020-14 saylı, 14 iyul 2014-cü il tarixli bank hesab, kredit müqaviləsinə 04 avqust 2015-ci il tarixli əlavənin surətindən görünür ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14.07.2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı bank hesab, kredit müqaviləsinə dəyişiklik edilmiş, kreditin müddəti 34 ay 15 gün, illik faiz dərəcəsi 26 faiz müəyyən edilmişdir. İş materiallarında olan 22-M-1-0-1020-14 saylı, 14 iyul 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə 30 oktyabr 2015-ci il tarixli əlavənin surətindən görünür ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14.07.2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə dəyişiklik edilmiş, kreditin müddəti 51 ay 16 gün, kreditin bağlanma tarixi 30.10.2018-ci il, illik faiz dərəcəsi 26 faiz müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, 22-M-1-0-1020-14 saylı, 14 iyul 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh1 07 noyabr 2019-cu il tarixə əsas borcu 11966,03 ABŞ dolları, faiz borcu 6431,57 ABŞ dolları və cərimə 1222,4 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 624,35 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 29 iyul 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər 14.07.2014-cü il tarixli, 22-M-1-0-1020- 14 saylı bank hesab, kredit müqaviləsinə görə verilmiş krediti 5 gün müddətində könüllü şəkildə ödəmədikləri təqdirdə, məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 dekabr 2020-ci il tarixli, 9/5203 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" X4 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14.07.2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 30.10.2018-ci il tarixə əsas borc üzrə 11697,52 ABŞ dolları, faiz borcu üzrə 9326,82 ABŞ dolları, 07.11.2019-cu il tarixə əsas borc üzrə 11697,52 ABŞ dolları, faiz borcu üzrə 9714,99 ABŞ dollarıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8372/2022 saylı, 09 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8372/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14.07.2014cü il tarixli, 22-M-1-0-1020-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla, 18000 ABŞ dolları məbləğində kredit verilmiş, 29 mart 2015-ci il tarixli, 04 avqust 2015-ci il tarixli və 30 oktyabr 2015-ci il tarixli əlavələrlər həmin müqaviləyə dəyişkilik edilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddia ərizəsindən görünür ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən 14 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 11966,03 ABŞ dolları əsas borc tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23.12.2021-ci il tarixli, 9/5203 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" X4 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14.07.2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 30.10.2018-ci il tarixə əsas borc üzrə 11697,52 ABŞ dolları, faiz borcu üzrə 9326,82 ABŞ dolları, 07.11.2019-cu il tarixə əsas borc üzrə 11697,52 ABŞ dolları, faiz borcu üzrə 9714,99 ABŞ dollarıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, iddiaçı "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı Açıq Səhmdar Cəmiyyətinin) xeyrinə cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada 11697,52 ABŞ dolları əsas borc tutulmalıdır. Cavabdeh1 apellyasiya şikayətində 14 iyul 2014-cü il tarixli, 22-M-1-0-1020-14 saylı zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmiş və bunu 14 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə sazişin bağlanmasına zamin Cavabdeh2 tərəfindən razılıq verilməməsi ilə əsaslandırmışdır. İş materiallarında olan 22-M-1-0-1020-14 saylı, 14 iyul 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə 30 oktyabr 2015-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 həmin əlavəni imzalamışdır. Həmçinin zamin Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, əsas borca aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(012)-1168/2020 saylı qətnaməsinə Cavabdeh1 apellyasiya şikayəti üzrə əsas borca aid hissədə dəyişiklik edilsin. İddiaçı "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 11697,52 (on bir min altı yüz doxsan yeddi ABŞ dolları 52 sent) ABŞ dolları əsas borc tutulsun. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar