Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-700/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı "xxxx" İKB ASC-nin nümayəndəsi X1, Cavabdeh Rəfiyev Natiq İsmayıl oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X12, X3, X9, X6, Rəfiyev Natiq İsmayıl oğluna qarşı kredit borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)- 43/2020 saylı qətnaməsindən cavabdeh Rəfiyev Natiq İsmayıl oğlunun apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)- 43/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. (G.Tanrıverdiyeva) Qətnamədən cavabdeh Rəfiyev Natiq İsmayıl oğlu apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, faiz borcunun silinməklə əsas borcun ödəilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-589/2021 nömrəli, 08.06.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Rəfiyev Natiq İsmayıl oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiymətinin 49000 (qırx doqquz min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmetinin likvid dəyəri 40000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5841/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Rəfiyev Natiq İsmayıl oğlunun kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)- 589/2021 nömrəli qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Rəfiyev Natiq İsmayıl oğlundan və X7 "xxxx" İKB ASC-nin xeyrinə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018-ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X12 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X12 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X10, X8, X2, X4 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X10, X8, X2, X4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; "Nikoyl” İKB ASC ilə Rəfiyev Natiq İsmayıl oğlu arasında bağlanmış 14 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh Rəfiyev Natiq İsmayıl oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 14 ərel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bankın Sumqayıt filialından illik 22 faizlə 36 ay müddətinə 25.500 (iyirmi beş min beş yüz) ABŞ dolları məbləğində istehlak krediti götürmüş, borcun təminatı olaraq dayısı oğlu X11 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 saylı mənzil eyni tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, Şahin Rəfıyev həmçinin yenə eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. 14 aprel 2015-ci il tarixli müqavilə onunla iddiaçı bank arasında 6.03.2013-cü il tarixli müqavilənin davamıdır. Belə ki, həmin vaxt iddiaçı bankın Sumqayıt filialından illik 22 faizlə 36 ay müddətinə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində istehlak krediti götürmüş, həmin müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir. Birinci kredit müqaviləsini imzalayarkən ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 0.78 manat təşkil etmişdir. Ancaq 21 fevral 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə Azərbaycan manatı 33%-dən çox devalvasiyaya məruz qalmış, manat ABŞ dollarına nisbətdə ucuzlaşaraq məzənnə 1 dollar 1,05 qəpik məbləğində müəyyən edilmişdir. Kəskin devalvasiya nəticədində ödənişlərdə yubanmalar yaranmış, bank köhnə müqavilə üzrə qalıq borcunun silinməsi məqsədilə yeni müqavilə imzalamağı təklif etmişdir. Çarəsiz qalaraq 14 aprel 2015-ci ildə sözügedən müqaviləni imzalamış, ona guya 25.500 ABŞ dolları məbləğində yeni istehlak krediti verildiyi göstərilsə də, əslində yeni müqavilə üzrə götürdüyü kredit məbləğinin əhəmiyyətli hissəsi 2013-cü il müqaviləsi üzrə borcların ödənməsinə sərf edilmiş, həmin müqavilə üzrə ona yalnız 2.000 ABŞ dollarından bir qədər çox pul verilmişdir. Mülki mübahisə üzrə 3 dəfə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir və həmin rəylər üzrə onun bank qarşısında borcunun məbləğinə dair fərqli məbləğlər göstərilmişdir. Həmin rəylər arasıdna ziddiyyət vardır. 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə borcunun ümumi məbləği qeyri-müəyyən olaraq qalmışdır. Eyni zamanda mübahisələndirilən qətnamədə ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 49.000 (qırx doqquz min) manat müəyyən edilmişdir. Bu məbləğ "xxxx" MMC-nin 01/092 saylı 11 aprel 2019- cu il tarixli məktubuna əsasən hesablanmışdır. Halbuki, sözügedən MMC-nin həmin məktubunda da ipoteka ilə yüklü edilmiş mənzilin 10.04.2019-cu il tarixədək olan bazar dəyəri müəyyən edilir. Nəticədə həmin qiymətləndirmədən sonrakı 2 ilə yaxın müddətdə əmlak bazarında baş verən qiymət dəyişiklikləri və buna müvafiq olaraq mənzilin bazar qiymətində yaranan fərqlər nəzərə alınmamışdır. Mənzilin hazırki dəyərinin müəyyənləşdirilməsi məqsədilə yeni qiymətləndirmə aparılmalıdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsinin qismən ləğv edilməli, faiz borcunun silinməklə əsas borcun ödənilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh Rəfiyev Natiq İsmayıl oğlu 15 mart 2022-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, imtinasının qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" İKB ASC-nin nümayəndəsi X5 bildirdi ki, cavabdeh tərəfindən banka olan borc tam ödənilmiş, heç bir kredit öhdəliyi qalmamışdır. Ona görə də ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, cavabdeh Rəfiyev Natiq İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qətnamədən cavabdeh Rəfiyev Natiq İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)- 43/2020 saylı qətnaməsindən cavabdeh Rəfiyev Natiq İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369,400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Rəfiyev Natiq İsmayıl oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)- 43/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)- 43/2020 saylı qətnaməsindən cavabdeh Rəfiyev Natiq İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-700/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-700/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver