Məhkəmə qərarları › İş №2(105)-700/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-700/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-700/2024 13.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X15 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadından Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Cavabdeh4 vəkili və nümayəndəsi Həsənov X13 Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayəti ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Qobustan rayon məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsi ilə X10, X12, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada 13.324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 18647,91 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsini aşağıdakı səbəblərə görə qanunsuz və əsassız sayırıq. İddiaçı QSC ilə X10 arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli 05L000002840 saylı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunduğunu, kredit xətti müqaviləsi üzrə X5 İddiaçı QSC ilə bağladığı 28 noyabr 2014-cü il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə X4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X7 ilə bank arasında 2013-cü tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Hazırki işdə isə zaminlik müqaviləsi 2013-cü ildə bağlansa da, bank iddianı 2017-ci ildə vermişdir. Yəni kreditorun zaminə qarşı iddia irəli sürməsi üçün qanunla nəzərdə tutulmuş müddət artıq ötmüşdür. Belə olan halda cavabdehin bank qarşısında öhdəliklərinin icrasının zamindən tələb edilməsi əsassız, qanunsuz və ədalətsizdir. Buna görə də hesab edirəm ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(026)- 255/2017 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Buna görə də Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermək istəyir, ona görə də apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsini üzrlü hesab edərək işin apellyasiya şikayəti ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadı ilə (hakim Mirələm Quliyev) Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsindən apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsinin üzrsüz hesab edilməsi, müddətin bərpa edilməməsi və apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır.

4. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil 09 fevral 2024-cü il tarixdə Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

5. Qobustan Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadı ilə (hakim Mirələm Quliyev) Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2(026)-255/2017 saylı qərardadından verdiyi şikayətin təmin olunmaması, şikayətin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

7. Cavabdeh4 nümayəndəsi və vəkili Həsənov X13 Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)- 255/2017 saylı qətnaməsi ilə İddiaçı QSC-nin iddiası qismən təmin edilərək X10, X11, Quliyev X9 Yengibar Valeh oğlu və X3 müştərək qaydada 13.324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 2000 dollar cərimə borcu olmaqla cəmi 18647,91 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manatın alınıb İddiaçı QSC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsini əsassız, ədalətsiz və qanunsuz hesab edərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Əsas olaraq, guya Cavabdeh4 tərəfindən 11 aprel 2017-ci il tarixində qəbzə imza edərək Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsini aldığı və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxıldığı göstərilmişdir. Qətnamə həmin zaman Cavabdeh4 təqdim edilməmişdir. O, qətnamənin mövcudluğundan yalnız Xəzər Rayon İcra və Probasiya şöbəsinə dəvət olunan zaman məlumatlı olmuşdur. Bundan sonra Qobustan Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, qətnamə ona 14 noyabr 2023-cü il tarixdə təqdim edilmişdir. Bundan sonra tərəflərindən qanunla nəzərdə tutulmuş 1 ay müddətinə, yəni 12 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti və eyni zamanda müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə isə qanunsuz olaraq qeyd edilən qətnaməni cavabdehə rəsmi surətdə təqdim etməyərək, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsinin cavabdeh tərəfindən guya 04 may 2017-ci il tarixdə alınması barədə qəbzin olmasını göstərmişdir. Onlar isə apellyasiya şikayətində qətnamənin 14 noyabr 2023-cü il tarixdə təqdim edildiyini bildirmişlər. Belə olan halda məhkəmə bu məsələni araşdırmalı, lazım gələrsə qəbzdəki imzanın X8 məxsus olub-olmaması barədə ekspertiza təyin etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan qərardad çıxarmışdır. Hətta bu qərardadın elektron kabinetə yerləşdirilməsi barədə bildiriş göndərilsə də, qərardad elektron kabinetə yerləşdirilməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətində həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Cavbdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Buna görə də Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2(026)-255/2017 nömrəli qərardadının ləğv edilərək işin apellyasiya şikayəti ilə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)- 255/2017 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli və bununla bağlı 12 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüququlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirməsinə maneə törətsin və məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

14. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

15. Mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2024 nömrəli qətnaməsi 05 may 2017-ci il tarixdə 1541, 1542, 1543, 1544,1545 və 1546 saylı reyestr nömrəli məktublarla tərəflərə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə 03 iyul 2017-ci il tarixli 1754 və 1755 saylı reyestr nömrələri ilə Cavabdeh4 və Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə icra edilməsi üçün Bakı şəhəri, Xəzər rayon icra şöbəsinə, 03 iyul 2017-ci il tarixli məktubla X4 qeydiyyatda olduğu yer üzrə icra edilməsi üçün Qobustan rayon icra şöbəsinə göndərilmişdir.

16. Mülki işin 1-ci cild 83-cü vərəqində olan Poçt göndərişinin verilməsi haqqında xəbərnamə qəbzindən görünür ki, mülki işə apellyasiya icraatında baxılması barədə xəbərdarlıq bildirişi Cavabdeh4 yaşayış ünvanı üzrə ünvan 1ildiriş 21 sentyabr 2017-ci il tarixdə qəbzə imza edilərək qəbul edilmişdir.

17. Mülki işin 1-ci cild 117-ci vərəqində olan Poçt göndərişinin verilməsi haqqında xəbərnamə qəbzindən görünür ki, mülki iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 26 oktyabr 2017-ci il tarixli qətnaməsinin surəti Cavabdeh4 yaşayış ünvanı üzrə ünvan 2iş və məhkəmə aktı 27 noyabr 2017-ci il tarixdə qəbzə imza edilərək qəbul edilmişdir.

18. Mülki işin 1-ci cild 196, 199-cu vərəqələrində olan Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Qobustan rayon məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpası ilə əlaqədar 11 fevral 2021-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclası barədə Bakı şəhəri Qobu qəsəbəsi 3 saylı Zeytun sovxozu ev 113-də yaşayan Cavabdeh4 məhkəmə bildirişi göndərilmiş və məhkəmə bildirişi 05 fevral 2021-ci il tarixdə qəbzə imza edilərə qəbul edilmişdir.

19. Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2(026)- 255/2017 saylı məktubundan görünür ki, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)- 255/2024 saylı qətnaməsi Cavabdeh4 18 sentyabr 2023-cü il tarixdə ərizəsinə əsasən təkrarən ona göndərilmişdir.

20. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Quliyev X6 Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsini 14 noyabr 2023-cü il tarixdə qəbzə imza edərək təkrarən almışdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə göstərdiyi dəlillər müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

23. Avropa Məhkəməsi qərarlarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir. Həmin prinsip digər cəhətlərlə yanaşı onu da nəzərdə tutur ki, məhkəmələr qəti olaraq işə baxıblarsa, onların nəticələri şübhlə altına alınmamalıdır (Brumaresku Ruminyaya qarşı iş).

24. Avropa Məhkəməsi xüsusi ilə vurğulayır ki, daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (Raihani Belçikaya qarşı qərar).

25. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.

26. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

27. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.

28. Kollegiya qeyd etməyi zəruri bilir ki, məhkəmə aktının rəsmi qaydada tərəfə təqdim edilməsi məlumatlandırma xarakteri daşıyır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh məhkəmə mübahisəsi barədə bilmiş, işə apellyasiya və kassasiya qaydasında baxılmasından xəbərdar olmuşdur. Cavabdehin şikayətdə göstərdiyi kimi məhkəmə aktının 04 may 2017-ci il tarixdə rəsmi qaydada almamasına dair dəlilinin doğru olduğunu ehtimal etsək belə bu hal müddətin buraxılmasının üzürlü səbəbi kimi qiymətləndirilərək məhkəmə aktının qəbul edildiyi vaxtdan yeddi il ötdükdən sonra buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, qeyd edildiyi kimi cavabdeh məhkəmə mübahisəsi barədə xəbərdar olmaqla məhkəmə aktını əldə etməkdə özü də maraqlı olmalı, hərəkətsizlik nümayiş etdirməməli idi.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə 19 sentyabr 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “ərizəçi birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayəti münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, şikayət təmin edilməməli, birincin instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli və bununla bağlı 12 fevral 2024-cü il tarixli, 2(026)-255/2017 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar