Məhkəmə qərarları › İş №2(105)-704/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-704/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-704/2022 15.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən verilmiş 10.01.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün, 9144 manatın hər il üçün illik 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh Əliyeva X1 Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, mülki işə məhkəmədə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilmədiyindən və sözügedən qiyabi qətnamədən 18.07.2021-ci il tarixdə məlumatı olduğundan ərizə ilə məhkəmə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)- 3610/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və işin icraatının təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı ilə həmin məhkəmənin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması barədə ərizəsi təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3512/2021 saylı, 21.10.2021-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3610/2021-ci il qərardadı dəyişdirilmədən saxlanılmışdır. AR MPMin 253.3-cü maddəsində göstərilir ki, qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Göstərilənləri nəzərə alaraq, cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-3610/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab edərək, apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı ilə həmin məhkəmənin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin olunmamışdır.(hakim E.Məmmədov) Qərardaddan cavabdeh şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə cavabdeh qərardaddan verdiyi şikayəti bununla əsaslandırmışdır ki, qərardad əsassız və qanunsuzdur. Məhkəmə əsaslanmışdır ki, Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3610/2021-ci il qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3512/2021 saylı, 21.10.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış və qərardad dərhal qanuni qüvvəsini almışdır. Belə olan təqdirdə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 253.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)3610/2021 saylı qiyabi qətnaməsindən şikayət vermə müddətinin axımı 21.10.2021-ci il tarixdə başlamış, 22.11.2021-ci il tarixdə bitmiş, lakin o isə qeyd olunan qətnamədən apelyasiya şikayətini 06.12.2021-ci il tarixdə təqdim etməklə müddəti ötürmüş və müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı hər hansı bir sübuta istinad etməmiş və məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. E-doc faylının elektron imza vasitəsilə imzalanmasından görünür ki, hakim həmin 2(105)-3512/2021 saylı, 21.10.2021-ci il tarixli qərardadı 19.11.2021-ci ildə imzalamışdır. Belə olan halda hakimin şikayət vermə müddətinin axımının 21.10.2021ci il tarixdə başlanması barədə arqumenti cəfəngiyyatdan başqa bir şey deyildir. Bu isə, açıq-akar məhkəmənin ona qarşı, dəfələrlə olduğu kimi, qərəzli yanaşmasından irəli gəlir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3512/2021 saylı, 21.10.2021-ci il tarixli qərardadını poçt vasitəsilə rəsmi qaydada 29.11.2021-ci il tarixdə almışdır. Həmin vaxt vəkillə təmsil olunmamış və qanunvericilikdə birinci instansiya məhkəməsinə elektron müraciət etmə tələbi müəyyən olunmamışdır. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, onun müddətin bərpası barədə ərizəsi təmin olunmalıdır. Məhkəmə kollegiyası AR MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3512/2021 saylı, 21.10.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış və bu qərardad dərhal qanuni qüvvəsini almışdır. Belə olan təqdirdə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 253.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)- 3610/2021 saylı qiyabi qətnaməsindən şikayət vermə müddətinın axımı iş üzrə tərəflər üçün 21.10.2021-ci il tarixdə başlamış, 22.11.2021-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayətini 06.12.2021-ci il tarixdə məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş müddəti 14 gün ötürmüş, həmin müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, buraxılmış prosessual müddətin bərpası qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Yenə həmin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eyni Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası müddətin bərpa edilməsindən imtina olunması barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu mövqe göstərilən normaların tələbinə tamamilə uyğundur. Belə ki, işdən görünür ki, cavabdeh qanunla nəzərdə tutulmuş 10 günlük şikayət etmə müddətini 14 gün ötürmüş, bu müddətin üzürlü sayılması üçün isə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də işə baxan məhkəmə onun ərizəsinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan normalar əsasında mülki işin materiallarını əlaqəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin rədd olunması barədə nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2(012)- 3610/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar