Məhkəmə qərarları › İş №2(105)-706/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-706/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-706/2022 09.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(012)-4895/2021 nömrəli qərardadından iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı 09.04.2014-cü il tarixli **********08214 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 09.04.2018-ci il tarixdən 30.06.2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30.06.2019-cu il tarixdən 15.04.2021-ci il tarixinə qədər isə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış 26 031,21 (iyirmi altı min otuz bir manat 21 qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01.04.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 279,77 (on min iki yüz yetmiş doqquz manat 77 qəpik) manat məbləğində penya, cəmi 36 310,98 (otuz altı min üç yüz on manat 98 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 6 (altı) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İddiaçı ASC “Xalq” Bankı qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1 Abşeron Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(012)-4895/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı ASC “Xalq” Bankı qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1 Abşeron Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(012)-4895/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı ASC “Xalq” Bankı 30 dekabr 2021-ci il tarixli qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 2(012)- 4895/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1 Abşeron Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 2(012)-4895/2021 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.04.2014-cü il tarixli **********08214 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 09.04.2018-ci il tarixdən 30.06.2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30.06.2019-cu il tarixdən 15.04.2021-ci il tarixinə qədər isə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış 26 031,21 (iyirmi altı min otuz bir manat 21 qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01.04.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 279,77 (on min iki yüz yetmiş doqquz manat 77 qəpik) manat məbləğində penya, cəmi 36 310,98 (otuz altı min üç yüz on manat 98 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 6 (altı) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı ASC “Xalq” Bankı Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021ci il tarixli, 2(012)-4895/2021 nömrəli qətnaməsi ilə 09.04.2014-cü il tarixli **********08214 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 09.04.2018-ci il tarixdən 30.06.2019-cu il tarixinə qədər illik 5 % dərəcəsi ilə, 30.06.2019-cu il tarixdən 15.04.2021-ci il tarixinə qədər isə illik 16 % dərəcəsi ilə hesablanmış 26031,21 manat məbləğində əldən çıxmış faydanın, 01.04.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 10279,77 manat məbləğində penyanın, cəmi 36310,98 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun əvəzinin və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 6 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Bank tərəfindən verilmiş 24.12.2021-ci il tarixli apellyasiya şikayəti Məhkəmənin 30 dekabr 2021-ci il tarixli, 2(012)-4895/2021 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardadda apellyasiya şikayətinin geri qaytarılması onunla əsaslandırılmışdır ki, “iş materiallarında olan 22.12.2021-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iş üzrə iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X2 oğlu tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir Abşeron Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(012)-4895/2021 saylı qətnaməsindən görünür ki, ümumilikdə 36310,98 manat məbləğində pulun cavabdehdən tutulması tələb edilmiş, belə olan təqdirdə iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Xəmmədov Yusif isaxaı oğlu apelyasiya şikayəti verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü və 8.6-cı maddələrinə əsasər 199 manat dövlət rüsumu ödəməlidir...". Hesab edir ki, qərardad qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Bildirmək istəyir ki, Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən qüvvədə olan qanunvericilik normalarının (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun) tələblərinə uyğun olaraq müəyyən edilmiş məbləğdə, yəni 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də hesab edir ki, iddia ərizəsi qanunun qüvvəyə minməsindən əvvəl məhkəməyə verildiyinə və müəyyənləşdirilmiş dövlət rüsumu da həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına uyğun olaraq ödənildiyinə görə hazırki apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən, ödənilmiş dövlət rüsumunun (30 manat) 50 faizi məbləğində, yəni 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələblərinə tamamilə uyğundur. Bankın yuxarıda qeyd edilən mövqeyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri cənab Sənan Hacıyevin özünün rəsmi facebook səhifəsində (https://m.facebook.com/story.php?story_fbid=**********5082938&id=**********) bu məsələ ilə bağlı vəkil Murad Mirzəzadənin verdiyi suala cavabında əks etdirdiyi fikirlər ilə də üst-üstə düşür. Göründüyü kimi, apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş və ödənilmiş dövlət rüsmunun 50 faiz məbləğini təşkil edir. Belə olan halda hesab edir ki, qərardad ləğv edilməli və məhkəmənin 2(012)-4895/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən bank tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki iş ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli və onunla bağlı 12 yanvar 2022-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli, 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə mindiyinə görə ondan əvvəl verilən iddia ərizələrinə münasibətdə apellyasiya şikayətinin rüsumu yeni dəyişikliklərlə tənzimlənə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC “Xalq” Bankın şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli və onunla bağlı 12 yanvar 2022-ci il tarixli qərardadları ləğv edilməli, iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC “Xalq” Bankın şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli və onunla bağlı 12 yanvar 2022-ci il tarixli qərardadları ləğv edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar