Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-706/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X16 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Məmmədov Pərvı̇ z Əlvan oğlunun cavabdeh Abduləzı̇ zov Varı̇ d Soltanəli oğluna qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(026)-18/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Soltan oğlunun təqsiri nəticəsində bir baş iri buynuzlu heyvanını elektrik cərəyanı vurub öldürməsinə görə ona dəymiş 1800 manat maddi ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayon Çalov kəndində yaşayır, şəxsi təsərrüfatında iri buynuzlu mal-qara vardır. Aqrar İslahat zamanı “Qarabulaq” adlanan yerdə “Qobuland” istirahət mərkəzindən aşağıda yerləşən 10/0,4 kvlıq ******* saylı 63 kvA güc transformatoru əmlak payı kimi ona düşmüşdür. Cavabdeh Soltan oğlu onun transofmatordan bir qədər aralıda yerləşən fermasına aralarında gəldikləri razılığa əsasən hava xətti vasitəsi ilə elektrik xətti çəkmişdir. Hava xəttinin elektrik dirəklərinin istismarında təhlükəsizlik texnikası, texniki istismarı və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasına Qobustan rayon elektrik şəbəkəsinin rəisinin təsdiq etdiyi, həmin şəbəkənin işçilərinin tərtib etdikləri, cavabdehin özünün imzaladığı 17 fevral 2018-ci il tarixli sərhəd aktında məsuliyyətin tələbatçının özünün daşıdığı göstərilir. 19 sentyabr 2023-cü il tarixdə onun mal-qarası “Qarabulaq” adlanan ərazidə otlayarkən Adbuləzizov Varidin fermasına çəkilmiş elektrik cərəyanları dirəyindən biri sınmış, elektrik naqilləri yerə düşdüyündən 1 baş boğaz inəyi elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Cavabdeh əvvəlcə 500 manat ödəyəcəyini bildirsə də, sonradan ondan da imtina etmişdir. Bu faktı baytar həkimin yarma protokolu və tərtib olunmuş akt təsdiq edir. Rayon X23 Mərkəzinin verdiyi arayışa görə 250- 300 kq diri çəkidə sağlam boğaz iribuynuzlu inəyin orta bazar qiyməti 1550- 1800 manat təşkil edir. Cavabdeh onun təqsiri üzündən dəymiş maddi ziyanı ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Soltan oğlundan ona dəymiş 1800 manat maddi ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. X3 ifadə verərək göstərmişdir ki, İddiaçı 19 sentyabr 2023-cü il tarixdə saat 09:30-da onun fermadakı evinə gələrək həyat yoldaşından işıqların nə vaxtdan söndüyünü soruşmuş, o da Pərvizə gecə saat 12-1-dən sonra söndüyünü demişdir. Pərviz bir baş inəyinin elektrik vurması nəticəsində öldüyünü deyərək getmişdir. Həmin vaxtı o, heyvanları otarmağa getmişdir. Fermaya qayıdanda elektrik dirəyinin birinin sındığını, birinin isə əyildiyini, elektrik xətlərindən birinin yerdə olduğunu görmüşdür. Elekrik dirəklərinin yanında heç bir heyvan cəsədi görməmişdir.
5. X5 ifadə verərək göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə səhər işə gəlmiş və İddiaçı ona elektrik dirəyinin aşdığını və ona məxsus bir baş inəyini elektrik vurduğunu demişdir. Transfarmatordan gələn məftili kəsərkən xəttə cərəyan olduğunu görmüşdür.
6. X4 ifadə verərək göstərmişdir ki, İntiqam Balakişiyev ona Qobustan rayonu Çalov kəndi ərazisində “Qırxbulaq” adlanan yerdə elektrik cərəyanı vurması nəticəsində ölmüş inəyin yarılması barədə göstəriş vermişdir. “Qırxbulaq” adlanan əraziyə gedərək ölmüş inəyi yararkən qara ciyərin böyüməsi, dalağın parçalanması, bağırsaqların hava ilə dolması və qarnında balası olması müəyyən olundu.
7. Şahid X2 rayonu Su Kanalizasiya idarəsində mühafizəçi işləyir. 19 sentyabr 2023-cü il tarixdə “Qarabulaq” adlanan sahədə qoyun otaran zaman tanışı Xosrovu görüb onun yanına getmişdir. Xosrov ona elektrik dirəyinin aşdığını və bir baş iribuynuzlu heyvanın tok vuraraq öldüyünü demişdir. Həmin ərazidə elektrik naqılləri 60-70 metr araları olan və yerdən 3 metr hündürlükdə taxta dirəklərdən ibarətdir.
8. Qobustan rayon İHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 29 sentyabr 2023-cü il tarixli 158 saylı arayışdan görünür ki, Qobustan rayonunun Çalov kənd sakini İddiaçı şəxsi təsərrüfatında 65 baş iri buynuzlu mal-qarası vardır.
9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qobustan X23 Mərkəzinin İddiaçı 28 sentyabr 2023-cü il tarixdə ünvanladığı 3-22-3-37/3-32/2013 saylı məktubdan görünür ki, 250-300 kq diri çəkidə sağlam iribuynuzlu boğaz mal-qaranın orta bazar qiyməti 1550-1800 manat təşkil edir.
10. 19 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş yarma protokolundan görünür ki, heyvan sahibinin verdiyi məlumata görə 19 sentyabr 2023-cü il tarixdə səhər saatlarında elektrik cərəyanı vurması nəticəsində ölmüş bir baş iribuynuzlu heyvan özəl baytar həkim Gündüz Günəşov, heyvan sahibi İddiaçı, Xosrov Məmmədov, Səlim Alcanov və Fərid Məmmədovun iştirakı ilə baytar Gündüz Günəşov tərəfindən yarılmış, heyvan yarılarkən mədə (və mədə önlükləri) hava ilə dolması, nazik bağırsaq şöbəsi hava ilə dolması, yoğun bağırsaq şöbəsi hava ilə dolması, dalaq böyüməsi və parçalanması, qara ciyərin böyümüş halda olması, sidik kisəsinin dolu olması, cinsiyyət orqanın şişməsi, yelin rənginin tündləşməsi, köks qəfəsi darlaşması, burun və yanaşı boşluqlar qanlı seliklər, qrtlaq, traxeya, bronxlar qanlı mayelərlə dolması, ağ ciyər qanlı şişmiş olması, perikard (boşluğ və onun vəziyyəti) şişməsi, ürək və iri qan damarları böyüməsi, qan qaralması müəyyən olunmuşdur.
11. Baytar həkim Gündüz Günəşov, heyvan sahibi İddiaçı, Xosrov Məmmədov, Səlim Alcanov və Fərid Məmmədovun iştirakı ilə 19 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə İddiaçı məxsus bir baş iribuynuzlu heyvanın ölməsi barədə məlumat vermiş və ərazidə ölmüş heyvana kliniki baxış və anamnez məlumata əsasən həmin heyvanın patoloji yarması aparılmış və daxili orqanlarında gedən proseslərə əsasən heyvanın elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olmuşdur.
12. X6 rəisi tərəfindən 03 oktyabr 2023-cü il tarixdə İddiaçı ünvanlanmış 317 saylı məktubdan və tərtib olunmuş aktdan görünür ki, X6 xidməti ərazisi olan 35/10 kv-luq Nərimanov y/st-dan çıxan 10 kv-luq Acıdərə (bağ-bağat) elektrik verilişi hava xəttinin 10 kV-luq Qarabulaq ferma budaqlanması, həmin budaqlanmadan qidalanan 10/0,4 kv-luq ******* saylı 63 kVA güc transformator və həmin transformatordan çıxan 0,4 kV-luq elektrik verilişi hava xətləri X6 balansında deyil. Azərbaycanda olan sovxoz islahatları dövründə Qobustan rayonunun sözügedən ərazisində olan ötürücü qurğular istehlakçıların əmlak payına düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə əlaqədar olaraq X10 və istehlakçıların hər biri arasında balans mənsubiyyəti haqqında sərhəd aktı imzalanmışdır. Yuxarıda qeyd olunan ötürücü qurğular X6 balansında olmadığı üçün şəbəkə tərəfindən xidmət göstərilmir və baş verə biləcək hər hansı bir bədbəxt hadisəyə görə cavabdehlik daşımır. Baş verə biləcək hər hansı bir bədbəxt hadisələrə görə cavabdehlik həmin ərazidə olan istehlakçıların üzərindədir.
13. Qobustan EŞ-nin aparıcı mühəndisi Nazim Əhlimanov, Qobustan EŞ-nin mühəndisi Sərvər Novruzov və Qobustan EŞ-nin ustası Şamxal Abdullayevin 17 aprel 2018-cü il tarixdə tərtib etdikləri sərhəd aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə əlaqədar Qobustan EŞ-si ilə təlabatçı arasında elektrik qurğularına xidmət üçün sərhəd zonası aşağıdakı kimi müəyyən edilir. Qobustan EŞ-si üçün:35/10 kV-luq “Nərimanov” Y/st-dan qidalanan 10 kVluq Bağbağat elektrik veriliş hava xətti: Təlabatçı üçün: 10 kV-luq Bağ-bağat elektrik verliş hava xəttinin 25 №-li dayağından budağlanma yolu ilə qidalanan 10 kV-luq elektrik veriliş hava xətti, 10/0,4 kV-luq 63 kVA transformator, 0,4 kV-luq elektrik veriliş hava xətti və 0.4 kV-luq işlədicilər. Qeyd: Təlabatçının xidməti ərazisində olan elektrik qurğularının istismarında təhlükəsizlik texnikası,texniki istismar və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasına təlabatçı özü cavabdehdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
14. Qobustan Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(026)-18/2024 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh Soltan oğlundan dəymiş ziyana görə 1550 manat və 38 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1108.1, 1108.2, 1108.3 və 1115-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 230, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
16. Cavabdeh Abduləzı̇ zov Varı̇ d Soltanəli oğlu apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(026)-18/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı verilən iddia tələbinin əsaslı hesab edilməsi ümumiyyətlə qəbul edilən deyil. 19 sentyabr 2023-cü il tarixində iddiaçıya məxsus olan iri buynuzlu inəyi gecə 03:00 radələrində elektrik cərəyanının vurması şübhə doğurur. Həmin saatlarda heyvanın küçəyə çıxarılması, qaranlıq küçədə heyvanın nəzarətsiz otlaması və heyvanın üzərinə elektrik dirəyinin düşməsi həqiqətə uyğun deyil. Çünki bu senariya əvvəlcədən iddiaçı tərəfindən tam düşünülmüşdür. Əlavə onuda qeyd etmək istəyir ki, Milli Hidrometeorologiya Xidmətində göstərilən hava proqnozu aşağıdakı kimi göstərilmişdir: Bakı, Abşeron və Qobustan yarımadasında havanın orta aylıq temperaturunun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 33 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm). Bununla da iddiaçının məhkəmədə çıxış olunan yalan ifadələri tam isbatını tapmışdır. 19 sentyabr 2023-cü il tarixində Milli Hidrometeorologiya Xidmətindən alınan hava məlumatından tam sübut olnur ki, həmin gün ümumiyyətlə külək olmamış və fövqaladə hal baş verməmişdir. Eləcədə həmin elektrik dirəyinin iddiaçıya məxsus olan iri buynuzlu inəyininin üstünə aşması və inəyin tələf olması tam gülünc doğurur. Bundan ələvə onu da qeyd etmək istəyir ki, tələf olmuş iri buynuzlu inəyin iddiaçının mülkiyyətində olması haqqında heç bir sənəd təqdim edilməmişdir. Belə nəticəyə gəlmək olar ki, bu iri buynuzlu inək başqa şəxslərə məxsusdur. Belə olan halda həmin inəyin pulu İddiaçı ödənilməməlidir. İddiaçının özü bilərəkdən elektrik dirəyini bir neçə şəxslərlə birgə güc tətbiq edərək aşırmışdır. Çünki havanın mülayim keçməsi nəticəsində dirəyin güc tədbiq olunmadan aşması mümkün deyildir. Eləcə də elektrik dirəyinin aşması və həmin vaxt iri buynuzlu inəyin cəsədinin yoxa çıxması gülünc bir hadisəyə gətirib çıxarır. Çünki iri heyvanın ümumiyyətlə yoxa çıxması absurt bir işdir. Bundan başqa məhkəmədə iddiaçıya inəyin cəsədinin harda olması sorşulduqda iddiaçı itlərə atdığını və həmin çəkidə olan cəsədi itlərin 2-3 saat ərzində tam şəkildə yediyini söyləməsi mümkün olmadığı kimi həm də gülüncdür. Çünki həmin ərazidə ümumiyyətlə inəyin sümükləri belə yox idi...Bunu məhkəmə baxışında iddiaçı özü etiraf etmişdir. Sadəcə iddiaçı tərəfindən şifahi danışılan yalan ifadələr və fotomontaj olunmuş şəkillər məhkəmə üçün sübut kimi qəbul edilmişdir. Lakin məhkəmənin dərindən hadisələri araşdırmadan qətnamə qəbul etməsi açıq-aşkar ədalətsizliyə yol verir və onun hüquqlarını kobud şəkildə pozur. Deməli, iddiaçı- şəxsən öz mənafelərini yaxşılaşdırmaq və əsassız olaraq varlanması üçün iddia tələbi irəli sürmüşdür. İddiaçının bu iddia tələbi açıq-aşkar ədalətsizliyə yol verir. Qeyd etmək lazımdır ki, şikayət olunan hissədə qətnamə qəbul edilərkən cavabdehin etirazda göstərilən hüquqlarının müdafiəsi məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmiş, məhkəmə cavabdehə qarşı bir qədər ədalətsiz mövqe nümayiş etdirərək, işi hərtərəfli və tam araşdırmamış, iş üçün əhəmiyyətli olan sübutlar, faktlar və tərəflərin hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmiş, nəticədə, məhkəmə icraatı həqiqəti müəyyən etməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Eləcə də məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Hesab edirik ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübut və dəlillər əlaqəli şəkildə düzgün araşdırılmamış və bütün faktiki hallar nəzərə alınmamışdır. Qətnamə şikayət olunan hissədə qanunilik və əsaslılıq meyarlarına cavab vermir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
21. Üçüncü şəxs qismində cəlb edilmiş X7 mütəxəssisi X8 izahatında bildirdi ki, elektrik şəbəkəsində hər hansısa problem baş verib bədbəxt hadisə olarsa məsuliyyəti abonent daşıyır. Tələbatçı elektrik dayağında hər hansısa problem olarsa öz hesabına bunu aradan qaldırmalıdır. Şəxsi transformatordan başqa şəxslərə elektrik enerjisi verildiyi halda subabonent məsuliyyət daşıyır. Texniki şərtlər "xxxx" ASC tərəfindən verilir. Təhlükəsizlik tədbirlərinə sayağacın sahibi cavabdehdir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 3.4. Elektrik qurğularının istismara buraxılışı, yaşayış evlərinin elektrik xətləri və elektrik avadanlıqları istisna olmaqla, yalnız sifarişçidə müvafiq elektrotexniki heyətin və elektrik təsərrüfatına cavabdeh şəxsin olduğu halda mümkündür. Yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. 5.1. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur. 5.2.1.Elektrik və rabitə qurğularının istismar xüsusiyyətlərindən irəli gələn, digər əsaslandırılmış balans mənsubiyyəti sərhədi də müəyyən edilə bilər. 5.3.2.Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 7.11.Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
27. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı təsərrüfatında olan iribuynuzlu mal-qarası 19 sentyabr 2023-cü il tarixdə “Qarabulaq” adlanan ərazidə otlayarkən Varid Adbuləzizova məxsus fermaya çəkilmiş elektrik cərəyanları dirəyindən birinin sınıb yerə düşdüyündən bir baş boğaz inəyi elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bu faktı baytar həkimin yarma protokolu və tərtib olunmuş akt təsdiq edir. İddiaçı Cavabdeh Soltan oğlundan ona dəymiş maddi ziyanı tələb etmiş, cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh Soltan oğlundan dəymiş ziyana görə 1550 manat alınıb İddiaçı verilməsi qət edilmişdir.
30. Lakin, Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bunu tələf olmuş iri buynuzlu inəyin iddiaçının mülkiyyətində olması haqqında heç bir sənədin olmaması, heyvanın elektrin cərəyanı vuruması nəticəsində ölməsini təsdiq edən sübutların olmaması, bu halın şübhə doğurması, sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırmışdır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
32. Məhkəmə kollegiyası hesab edir gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur. İddiaçıya məxsus iribuynuzlu heyanın, cavabdehə məxsus elektrik xətti dirəyinin yerə düşməsi nəticəsində cərəyan vuraraq ölməsi, bununla da iddiaçıya maddi zərər dəyməsi iş üzrə toplanmış sübutlarla öz təstiqini tapır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(026)-18/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.