Məhkəmə qərarları › İş №2(105)-708/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-708/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-708/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzinin ödənilməsi, iddia tələbinə cavab verməli olan şəxsin müəyyən olunması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, cavabdeh X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(012)-236/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsi dalan 8, ev 90-da yaşayan İddiaçı adında “VAZ-21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

2. Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 875 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, 8İ-4986 reyestrlə təsdiq olunmuş ərizəyə əsasən mülkiyyətçisi olduğu ** BJ *** dövlət nömrəli nəqliyyat vasitəsinə sərəncam hüquqlu Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E3860 reyestrlə, Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-3879 reyestrlə və Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci ildə 7E-19893 reyestrlə verilmiş etibarnamələr notariat elektron informasiya sistemində tərəflərindən ləğv olunmuşdur.

3. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1135/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh "VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

4. Avtoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy aktından görünür ki, İddiaçı məxsus “VAZ 21120” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan ümumi vəsait 1582 ( 602 manat + 980 manat =1582 manat) təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/8009/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün, iş materiallarında olan “Şirvan Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən 2000-ci il buraxılışlı, “Vaz 21120” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ehtiyyat hissələri barədə qeyd olunan tarixə, yəni xx.xx.2024-cü il tarixə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirilmə aparmaq mümkün olmadı.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan “21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobilə vurulmuş 1582 manat məbləğində maddi zərərin, ödənilmiş 35,82 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 300 manat məbləğində pulun cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslanıb ki, İddiaçı cavabdehlər X7, X4 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan “21120 minik” markalı (qeydiyyat nömrəsi: ** BJ ***, tip: Unversal, ******* mühərrik nömrəli, XTA **********4798 ban nömrəli, buraxılış ili 2000, rəngi: tünd böz göy metallik) avtomobilin cavabdehlər X5, Cavabdeh və X2 alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 1135/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunmuş qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Sumqayıt İcra və Probasiya şöbəsinə göndərilmişdir. 2024-cü ilin fevral ayının 24-də icra qaydasında avtomobil mülkiyyətçi İddiaçı qaytarılmışdır. Bu zaman tərəflərin iştirakı ilə akt tərtib olunmuş və avtomobil götürülərkən video çəkliş aparılmışdır. Həmin vaxt avtomobildə zədələrin və çatışmayan detalların olduğu müəyyən olunmuş, bu barədə cavabdehə bildirilmiş, o isə əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixində avtomobillə dəymiş ziyanın məbləğinin müəyyən olunması ilə bağlı mütəxəssisə müraciət olunmuş, həmin tarixdə qüsur aktı tərtib olunmuşdur. Bu barədə cavabdehə məlumat verilsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. xx.xx.2024-ci il tarixli qüsur aktından görünür ki, sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan 602 manat, təmir və bərpa işləri üzrə dəyən maddi ziyan 980 manat, ümumi dəyən maddi zərər 1582 manat təşkil edir. İddiaçı hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

8. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(012)-236/2025 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi iş materiallarını və sübutları təqdiq edərək, belə hesab edib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-9/8009/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından göründüyü kimi, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün, iş materiallarında olan ““Şirvan Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən 2000-ci il buraxılışlı, “Vaz 21120” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ehtiyyat hissələri barədə qeyd olunan tarixə, yəni xx.xx.2024-cü il tarixə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirilməni aparmaq mümkün olmamışdır. Məhkəmə sözügedən avtomobilə məxsus ehtiyyat hissələri barədə xx.xx.2024-cü il tarixə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirilmə aparılmasının mümkün olmamasını və iddiaçının cavabdeh tərəfindən onun avtomobilinə 1582 manat məbləğində zərər dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq, hesab edib ki, iddia tələbi öz təsdiqini tapmır. Belə ki, iddiaçı dəymiş zərərin həqiqətən cavabdeh tərəfindən edilməsi, həmin zərərin Şirvan Şəhər Məhkəməsinin qətnamə ilə avtomobilin ona qaytarılmasından sonra deyil, əvvəl yaranmasını təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda zərərin qiymətləndirilməsi barədə rəydən görünür ki, həmin rəyi əlyazma qaydasında Avtoservis və ticarət müəssisəsinin mütəxəssisi tərəfindən verilmiş və möhürlə təsdiq edilmişdir. Lakin həmin mütəxəssisin rəy verməyə səlahiyyətinin olması barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də məhkəmə həmin rəyi əsaslı sübut kimi nəzərə alınmaması qənaətinə gəlmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108 1108.3- cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayətinin dəlilləri əsasən iddia ərizəsinin dəlilləri ilə analoji məzmunda tərtib edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin iddia tələbi ilə bağlı mövqeyi açıq şəkildə qərəzli və əsassızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina etməsi qətnamədə əsaslandırılmamışdır. Ekspertiza orqanının əsas gətirdiyi iddiaya görə, avtomobilin ehtiyat hissələrinin xx.xx.2024-cü il tarixində yerli internet saytlarında satış elanlarının olmaması qiymətləndirməni mümkünsüz edib. Bu, absurd yanaşmadır, çünki ekspertizanın əsas vəzifəsi onu internet satış elanları ilə məhdudlaşdırmaq yox ziyanın həqiqi dəyərini müəyyən etməkdir. Digər ciddi məqam odur ki, ekspert ümumiyyətlə avtomobilə baxış keçirmədən rəy verməkdən imtina etmişdir. Ekspert avtomobilə baxış keçirməmişdir. Məhkəmə isə ekspertin bu səhlənkarlığına göz yumaraq, açıq-aşkar qərəzli mövqeyini sərgiləmişdir. Digər tərəfdən, məhkəmə avtomobilə 1582 manat məbləğində zərər dəyməsini təsdiq edən sübutların təqdim edilmədiyini qeyd edir. Halbuki, avtomobilin vəziyyəti ilə bağlı Şirvan Avtomotoservis və Ticarət müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş rəsmi qüsur aktı sübut kimi məhkəməyə təqdim olunmuşdur. Bu müəssisə Salyan, Şirvan, Sabirabad və Hacıqabul rayonlarında nəqliyyat hadisələri zamanı avtomobillərə dəyən zərərlərin qiymətləndirilməsini aparır və yerli məhkəmə və polis idarələri tərəfindən sübut kimi qəbul olunur. Lakin məhkəmə öz səlahiyyətlərini aşaraq bu rəyi əsas götürməkdən imtina etmiş, hətta cavabdeh tərəfin əvəzinə sübut toplamaq mövqeyi sərgiləmişdir ki, bu da açıq-aşkar ədalətsizlikdir. Həmçinin, məhkəmə avtomobilin iddiaçıya qaytarıldıqdan sonra zədələndiyini əsas gətirir. Halbuki, Cavabdeh avtomobilin saz vəziyyətdə olduğunu təsdiq edən video çəkərək ona göndərmişdir. Həmin video məhkəməyə disk formatında təqdim edilsə də, məhkəmə həmin materiala baxış keçirmədən qərar çıxarmış və bu sübutu tamamilə nəzərə almamışdır. Göründüyü kimi məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, Aydın Həsənov adlı şəxs onu işə düzəltmək adı ilə aldatmış, o da sözügedən avtomobili ona vermişdir. Aydın Həsənov adlı şəxs hazırda cəzaçəkmə müəssisəsindədir. Müxtəlif orqanlara müraciətlərdən sonra isə avtomobilin Cavabdeh olması müəyyən olunmuşdur. Cavabdeh avtomobil onda olan zaman avtomobilin saz vəziyyətdə olmasına dair videogörüntü göndərmişdir ki, həmin videogörüntünün əks olunduğu diski məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə həmin videogörüntüyə baxış keçirmədən qətnamə qəbul etmişdir. Bundan başqa, avtomobilə dəymiş ziyanla bağlı Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəy aktı sübut kimi təqdim edilmişdir. Həmin müəssisənin mütəxəssisi tərəfindən avtomobilə baxış keçirilmiş və rəy aktı tərtib edilmişdir. O, həmin akt əsasında məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə həmin aktı sübut kimi qəbul etməmiş və iş üzrə ekspertiza təyin etmişdir. Ekspert isə avtomobilə baxış keçirməmiş və rəy verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X8 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, sözügedən avtomobili Hamlet adlı şəxsdən pul verib almışdır. Avtomobili aldıqdan təxminən 2 ay keçmiş iddiaçı ona zəng edərək etibarnaməni ləğv etdiyini bildirmişdir. O, isə avtomobili pul verib aldığını bildirərək etibarnaməni nə üçün ləğv etdiyini soruşmuş, həmçinin ondan heç olmasa avtomobili idarə etməyə görə etibarnamə verməsini xahiş etmişdir. İddiaçı bununla razılaşmamışdır. İddiaçı avtomobilə onun ziyan vurduğunu bildirir, halbuki o həmin avtomobillə qəza törətməmiş, sadəcə avtomobili idarə etmək üçün etibarnaməsi olmadığından avtomobili hərəkətsiz vəziyyətdə 2 il həyətdə saxlamışdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi;

14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 42. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(012)-236/2025 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(012)-236/2025 nömrəli qətnaməsi ləğv edilərək, digər əsaslarla iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməlidir.

21. İddia tələbi avtomobilə vurulmuş ziyanın ödənilməsi barədədir.

22. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə, bu həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

23. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə), iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

25. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

26. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı işə düzəlmək məqsədilə özünə məxsus olan avtomobili Aydın Həsənov adlı şəxsə (onun timsalında İlahə Həsənovaya) vermiş, onlar da etibarnamə əsasında Hamlet adlı şəxsə, sonuncu da yenə etibarnamə əsasında hazırkı iş üzrə Cavabdeh vermişdir. İddiaçının Aydınla olan sövdələşməsi baş tutmadığından, yəni dediyinə görə Aydın tərəfindən aldadıldığından verilmiş etibarnaməni ləğv etdirmişdir.

27. İşin mübahisə olunmayan hissəsindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1135/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. 2024-cü ilin fevral ayının 24-də icra qaydasında mübahisəli avtomobil mülkiyyətçi İddiaçı qaytarılmışdır.

28. İddiaçının iddiasına görə həmin vaxt avtomobildə zədələrin və çatışmayan detalların olduğu müəyyən olunmuş, bu barədə cavabdehə bildirilmiş, o isə əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixində avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən olunması ilə bağlı mütəxəssisə müraciət olunmuş, həmin tarixdə qüsur aktı tərtib olunmuşdur. Bu barədə cavabdehə məlumat verilsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. xx.xx.2024-ci il tarixli qüsur aktından görünür ki, sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan 602 manat, təmir və bərpa işləri üzrə dəyən maddi ziyan 980 manat, ümumi dəyən maddi zərər 1582 manat təşkil edir.

29. Beləliklə, yuxarıda sadalanan ardıcıllıqdan da göründüyü kimi, iddiaçı özünün işə düzəlməsi məqsədilə avtomobili məhz Aydın adlı şəxsə vermiş və sonuncu da iddiaçıya məlumat vermədən həmin avtomobili digər şəxslərə satmışdır. Göründüyü kimi iddiaçının hazırkı iş üzrə Cavabdehlə hər hansı bağlantısı olmamışdır. Lakin hazırkı iddia tələbi cavabdeh olaraq yalnız R.Quliyevə qarşı yönəldilmişdir.

30. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə birbirinə əks olan maraqlara malik şəxslərdir.

31. Mülki Prosessual Məcəllənin mülki prosessual hüquq qabiliyyətini müəyyən edən 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

32. MPM-in 50.3-cü və 57.1-ci maddələrinə əsasən cavabdeh və üçüncü şəxs fərqli prosessual hüquqi statusda olmaqla, cavabdeh işdə iştirak edən, iddia tələbi yönəldilən tərəfdir; üçüncü şəxs isə tələbə cavab verməli olmayan, lakin qəbul ediləcək qətnamə hüquq və vəzifələrinə təsir edə biləcəyi şəxsdir.

33. Təsadüfi deyil ki, mülki prosessual qanunvericiliyi ilə başqa cavabdehin işə cəlb edilməsinin xüsusi proseduru (Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsi) müəyyən olunmuşdur ki, hazırkı halda bu prosedura riayət edilməməklə, bilavasitə iddiaçıya ziyan vuran şəxslər cavabdeh qismində işə cəlb olunmamışlar.

34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi əsl cavabdeh olmayan şəxsə qarşı irəli sürülmüş iddiaya mahiyyəti üzrə baxmaqla Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət etməmişdir.

35. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının Cavabdeh qarşı iddia tələbi təmin edilməməlidir.

36. Kollegiya nəzərə çatdırmağı vacib bilir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(012)-236/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “1582 manat məbləğində maddi zərərin, ödənilmiş 35,82 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 300 manat məbləğində pulun cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə” iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar