Məhkəmə qərarları › İş №2(105)-709/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-709/2023

27.04.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-709/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddia və Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddialara dair mülki iş üzrə (Açar sözlər:: müqavilədən irəli gələn öhdəliklər- müqavilənin ləğv edilməsi, əmlakın əvəzləşdirilməsi, mənzilin və dayanacaq yerinin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2 İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və əmlakın əvəzləşdirilməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarış “mənzilin və dayanacaq yerinin ona verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə Müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən "Baku City” MTK Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi”yə məxsus olan, faktiki sahəsi 52 m2 olan 42 saylı mənzilin əvəzinə. 6 (altı) ay müddətində 160.000 (yüz altmış min manat) pulu "Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MTK 6 (altı) ay müddətində 160.000 (yüz altmış min manat) pulu "Mülkiyyəlçi”yə ödəyə bilməyəcəyi halda ona güzəşli şərtlərlə binanın C blokunda. 4-cü mərtəbəsində, 1 saylı, 3 otaqlı 149.6 m2-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini "Mülkiyyətçi”yə verməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən “mülkiyyətçi” bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntüsü üçün "xxxx" MTKya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 (altı) ay müddətində 160.000 (yüz altmış min) manatı pulu ”Mülkiyyətçi”yə ödəyə bilməyəcəyi halda veni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı MTK Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən istismar müddətini keçmiş yaşayış binası sökülmüş və bu sahədə yeni yaşayış binası tikilir. 08 fevral 2020-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə göstərilən müddəaları nəzərə alaraq 2 tərəf qarşılıqlı ümumi razılığa gəlmiş, fors-major hal kimi qiymətləndirilən pandemiya dövrü bütün dünya iqtisadiyyatına külü miqdarda ziyan vurmuş və iqtisadi ardıcıllığı pozmuş, Respublika da dəymiş ziyanlardan kənarda qalmamış, dünyada 01 mart 2020-ci il tarixdən pandemiya elan edilmiş və sərt karantin rejimi tədbiq olunur. Bu səbəbdən müqavilənin 1.2.3-cü bəndinə uyğun olaraq ödəyəcəkləri məbləğ 01 fevral 2021-ci il tarixinə qədər uzadılmışdır. Cavabdeh İddiaçı MTK-nə ünvanladığı xx.xx.2020-ci il tarixli etiraz ərizəsindən görünür ki, 08 fevral 2020-ci il tarixdə "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MTK ünvan 1 ünvanda yerləşən, şəxsi mülkiyyətində olan mənzilin əvəzinə 6 (altı) ay müddətində 160000 manat məbləğində pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Fors-Major kimi qiymətləndirdikləri dünyanı cənginə almış koronovirus (COVİD 19) Pandemiyası ilə əlaqədar Bakı şəhərində tətbiq olunmuş karantin rejimi ilə bağlı bildirir ki, karantin rejimi dövründə ölkələrində, eləcə də Bakı şəhərində digər fəaliyyət növlərindən fərqli olaraq tikinti sektorunun fəaliyyətinə heç bir qadağa qoyulmadığı üçün hər hansı bir zərərdən söhbət gedə bilməz. Onların arasında bağlanmış müqavilədə hər hansı bir müddətə mənzillə təmin olunmağı göstərilsəydi bunu bəlkə də anlayışla qəbul etmək olardı. İndiki halda müqavilənin bütün şərtləri qüvvədədir və onun şərtlərinə qeyd şərtsiz əməl olunmalıdır. Lakin bütün bunlarla yanaşı "Baku City” MTK ilə onun arasında bağlanmış müqavilənin 2.1.1ci bəndinə əsasən İddiaçı MTK hər ay ona 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüş və bu məbləğ 2 (iki) ay ödənildikdən sonra heç bir ödəniş olmamış, bu barədə İddiaçı MTK-nın səlahiyyətli şəxslərinə dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə qədər müqavilənin bu şərtlərinə əməl olunmaması davam edir. Ona ünvanlanmış məktublarında istinad etdikləri 1.2.3-cü bəndi onlar arasında bağlanmış müqavilədə mövcud deyildir və İddiaçı MTK təklifindən imtina etmişdir. "Baku City” MTK tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2022-ci il tarixli 23/21 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci i tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün xx.xx.2022-ci il tarixə kimi bank hesabı açıb "Baku City” MTK-ya təqdim edilməsi xahiş olunmuşdur. "Baku City” MTK tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 3 gün müddətində bank hesabı açıb "Baku City” MTK-ya təqdim edilməsi xahiş olumuşdur. Əks təqdirdə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh İddiaçı MTK-nə ünvanladığı xx.xx.2022-ci il tarixli etiraz ərizəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən, şəxsi mülkiyyətində olan mənzilin əvəzinə 6 (altı) ay müddətində 160.000 manat məbləğində pul həmən müqavilənin müddəalarında göstərilən vaxtdan 2 (iki) il keçəndən sonra təklif etdikləri üçün həmin puldan imtina etmiş və müqavilənin şərtlərinə əsasən İddiaçı MTK-nın c blokunun 4/1 saylı (ümumi sahəsi 149.6 m2) mənzilin ona verilməsini tələb edir. notarial qaydada təsdiq edilmiş Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən və ümumi sahəsi 45.0 m2 olan daşınmaz əmlak xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reysetrində 370 nömrəli reyestr kitabının 34521 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihəyə) dair verilmiş 24445 nömrəli xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisi üzrə işçi lahiyəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının Qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şəti ilə razılaşdırılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihə) dair verilmiş 27847 nömrəli xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisi (dəyişiklik edilmiş lahiyə) üzrə tikinti lahiyəsi razılaşdırılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və əmlakın əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə (sonradan iddianın artırılması ilə) məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin dəyişdirilməsi, Cavabdeh ünvan 4 ünvanına İddiaçı tərəfindən inşa edilən yaşayış kompleksində 77 km2 təmirli mənzillə və ya 160.000 manat pulun mülkiyyətçiyə verilməsinin təmin edilməsi, hüquqi xidmətə görə vəkilə çəkilən xərc üçün 200 manat və həmçinin 100 manat dövlət rüsumunun cavabehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə (sonradan iddianın artırılması və dəqiqləşdirilməsi ilə) məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında inşa olunmuş yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı mənzili 2 hissəyə bölən İddiaçı MTK tərəfindən sonradan tikilmiş divarın İddiaçı MTK-nin öz hesabına sökülərək, həmin mənzili xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və həmin tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.m ölçüdə və müqavilə şərtinə uyğun olaraq həmin binada 1 maşınlıq qaraj yeri ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı MTK iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 29 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən, Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. O, cümlədən MTK çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 4 ünvanında yerləşən köhnə yaşayış və qeyriyaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 4 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütün sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh ilə MTK arasında bağlanmış 08 fevral 2020-ci il tarixində əvəzləşdirilmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 52 m2 42 saylı mənzilin əvəzinə 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pulu “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüş, əks halda müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində, 1 saylı 3 otaqlı 149.6 kv.metr-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər arasında olan 08 fevral 2020-ci il tarixli müqavilənin icrası qeyri-mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. 08 fevral 2020-ci il tarixli müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri forsmajor kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı MTK tərəfindən inşa olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə çəsi, 42/9 ünvanında yerləşən çoxmərtəbəli binanın layihəsində dəyişikliklər aparıldığından tərəflər arasında müqavilənin müddəaları nəzərə alınaraq fors-major hal kimi qiymətləndirilən dünyada və ölkədə baş vermiş pandemiya şəraiti iddiaçının iqtisadi durumuna ziyan vurduğundan, iqtisadi ardıcıllığı pozduğundan, həmçinin 16 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, 9,10.11 mərtəbəli bina tikilməsi üçün razılıq əldə olunmuşdur. Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, Cavabdeh müqavilədə göstərilən şərtləri icra etmək mümkün deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşmiş 42 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuş və həmin mənzilə dair DƏDRX-dən ********** qeydiyyat nömrəli, 16,08.2017-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı MTK ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə müqaviləsinin şərtlərinə görə 1.1. Həmin müqavilənin müvafiq bəndinə əsasən MTK ünvan 7 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan faktiki sahəsi 52 kv.m olan 42 saylı mənzilin əvəzinə 6 (altı) ay müddətində 160 000 (yüz altmış min manat) pulu “Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən MTK 6 ay müddətində 160 000 pulu “Mülkiyyətçiyə” ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində 1 saylı 3 otaqlı 149.6 kv.m-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini “Mülkiyyətçiyə” verməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə tərəflərin hüquq və öhdəlikləri müəyyən olunaraq təsdiqlənmişdir. İddiaçı MTK 13 iyul 2020-ci il tarixdə məktubla müraciət edərək, guya fors-major halların baş verməsi, pandemiya səbəbindən müqavilənin 1.2.3.cü bəndinə uyğun olaraq ona 6 (altı) ay müddətində ödəməli olduqları 160 000 manatın ödənişini xx.xx.2021-ci il tarixədək uzadılmasını bildirmişlər. O, həmin məktuba xx.xx.2020-ci ildə rəsmi cavab verərək etirazını bildirmiş və aralarında bağlanmış müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunmasını tələb etmişdir. Həmin cavab məktubu ilə onun müqavilə şərtlərinin qeyd-şərtsiz yerinə yetirilməli olması tələbinə İddiaçı MTK keçən 2 il ərzində heç bir etiraz etməməklə o da, onun müqavilə ilə üzərinə götürdüyü Öhdəliklərin yerinə yetirəcəyinə inam yaratmışdır. Belə ki, keçən 2 il ərzində İddiaçı MTK tərəfindən hər-hansı bir təklif, etiraz və s. verilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə müqavilə bağlanandan 2 il 7 ay keçdikdən sonra "Baku City” MTK ona məktubla müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün xx.xx.2022-ci il tarixədək bank hesabı açıb onlara təqdim etməli olduğunu bildirmişlər. O, həmin müraciətə cavab olaraq 2 ildən artıq müddətin keçməsini, bu illər ərzində müqavilə ilə şərtləşdirilmiş ödənişin həyata keçirilməməsini və bununla da İddiaçı MTK-i üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini nəzərə alıb, xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq İddiaçı MTK-dan C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı, 149.6 kv.m mənzilin ona verilməsini tələb etmişdir. Sözügedən bina artıq tikilib təhvil verilmişdir. Hələ 2021-ci ildən sakinlər ora köçüb yaşamağa başlamışlar. Zəngilan Rayon Məhkəməsinin (hakim G.İmanova) 01 dekabr 2022-ci il tarixli, 2(034)- 489/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əvəzləşdirmə müqaviləsinin dəyişdirilməməsi, - İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş ünvan 4 ünvanında yerləşən Cavabdeh məxsus sahəsi 45 kv.mter olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160.000 (yüz altmış min) manat pul vəsaitinin İddiaçındən tutularaq Cavabdeh xeyrinə ödənilməsi, - İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 4 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 4 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən biri də MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsinin dayandırılmasıdır. Həmin vaxtda binadaya yaşayan sakinlər MTK-nin irəli sürdüyü təkliflə razılaşmış və aralarında müqavilələr bağlanılmışdır. Lakin göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh mənzildən çıxmaq istəməmiş və öz təkliflərini irəli sürərək sahəsi 45 m2 olan mənzil üçün 90000 ABŞ dolları, ya da sahəsi 149 m2 olan mənzili avtomobil dayanacağı ilə birlikdə, ayda 400 manat kompensasiya verilməsini tələb etmişdir. MTK tez bir vaxtda ev boşaldılsın deyə Cavabdeh şərtlərini qəbul etməyə məcbur olub Cavabdeh ilə əvəzləşdirmə müqaviləsi bağlamışdır. Cavabdeh ilə MTK arasında 08 fevral 2020-ci il tarixində bağlanmış əvəzləşdirilmə müqaviləsinin şərtlərinə əsasən mülkiyyətçiyə məxsus olan sahəsi 45 m2 olan 42 saylı mənzilin əvəzinə 6 ay müddətində 160000 manat pulu “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüş, əks halda müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı 6 ay müddətində 160.000 manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində, 1 saylı 3 otaqlı 149.6 kv.metrdən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 08 fevral 2020-ci il tarixində bağlanmış əvəzləşdirmə müqaviləsinə əsasən Cavabdeh hal-hazırda tələb etdiyi C blokunda 4-cü mərtəbəsi, 1 saylı 3 otaqlı 149.6 kv ibarət olan mənzilin faktiki sahəsi mövcud olmadığından, icrası mümkün olmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli əvəzləşmə müqaviləsində Cavabdeh ödənilməli olan pul öhdəlikləri nəzərdə tutulmuş və MTK tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi müraciətlərə baxmayaraq Cavabdeh bankda hesab açıb MTK-nə təqdim etməmişdir. Məhkəmə İddiaçı müqavilənin dəyişdirilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinin dəyişdirilməsi tələbi qanunvericiliyin bu tələblərinə uyğun olmadığına görə həmin hissədə də təmin edilməmişdir. Eyni zamanda, İddiaçı hüquqi xidmətə görə vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması ilə bağlı məhkəmə, qeyd edir ki, İddiaçı bu tələb ilə bağlı sübutlarını (müqavilə, qəbz) məhkəməyə təqdim etmədiyindən İddiaçı bu tələbi də təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş ünvan 4 ünvanında yerləşən Cavabdeh məxsus sahəsi 45m2 olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160.000 manat pul vəsaiti İddiaçıMTKdan tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 157.4, 389.1, 421.1, 421.2, 421.3, 423-cü madələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə öz qətnaməsində hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisənin hüquqi tənzimlənməsi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət toxunulmazlığı, müqavilə azadlığı kimi əsas anlayışları əhatə edən maddi hüquq normalarına istinad etsə də, məhz həmin normaların tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilməlidir ki, ədalət mühakiməsini icra edən məhkəmə tərəfindən qətnamə tərtib edilərkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi ilə bağlı formalaşdırdığı Avropa Məhkəməsinin qərarlarından və təcrübəsindən istifadə etməyib. Ədalətli araşdırma aparmaq, həqiqəti müəyyən etmək, qanuni və əsaslı məhkəmə aktı qəbul etmək, pozulmuş hüququ bərpa etmək məhkəmə hakimin vəzifəsidir. Özbaşınalıq hüquq deyil, kobud pozuntudur. Dövlətin şəxslər qarşısında konstitusiya əsasında üzərinə götürülən öhdəliyin qərəzli pozulması dövlətə olan etimadın sarsıdılmasıdır. Göründüyü kimi təkcə Azərbaycan Respublikasının məhkəmə təcrübəsində deyil, hətta dünya təcrübəsində Avropa Məhkəməsi bir sıra qərarlarında qəti şəkildə bildirir ki, həddən artıq qərarlarında qəti şəkildə bildirir ki, həddən artıq prosessual normaların formalizmi, ərizəçiləri məhkəməyə müraciət hüququndan məhrum edə bilməsi olduqca ciddi neqativ haldır. Buraya iddia müddətlərinin, prosessual normaların və sübutetmə qaydalarının çox məhdud şərhi daxil edilə bilər. Bir sıra məhkəmələrin işdə müvafiq prosessual normaları həddən artıq formalistcəsinə tətbiq etməsi ilə ərizəçinin məhkəməyə müraciət hüququnu pozulmasına görə Məhkəmə AİHK-ın 6.1-cı maddəsinin pozulduğunu müəyyən edib. Qeyd olunmalıdır ki, əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından aşkar olur ki, həqiqət başqadır. Qətnamədə qeyd edilən sübutlardan aşkar görünür ki, binanın layihəsi artıq öncədən təsdiqlənməyə verilib və iddiaçı bu həqiqəti bilərəkdən gizlədib cavabdehi aldadıb. Cavabdehə yalan vədlər verib. Ona mənzil verəcəyini, əgər verməsə, külli miqdarda pul kompensasiya verəcəyini vəd edib. Müqaviləni də iddiaçı tərtib edib. Bu yolla cavabdehdən mənzilini əlindən alıb. Lakin, iddiaçı ilk əvvəl həmin pulu cavabdehə vermək fikri olmayıb. Mülkiyyətçinin əmlak hüququ heç bir halda onun iradəsi ziddinə əvəzləşdirilə bilməz. Məhkəmə tərəfindən sadalanan hallar lazımi qaydada araşdırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, MTK ilə Cavabdeh arasında olan müqaviləyə əsasən inşa edilən binadan 149.6 kv.m.-dən ibarət mənzilin veriləcəyi bildirilsə də, sonradan həmin mənzilin mövcud olmadığı bildirilmişdir. Hazırda müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb edirlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ilk iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, binanın tikinti layihəsində dəyişiklik olduğu üçün MTK tərəfindən inşa olunmuş binada 149.6 kv.m-lik mənzilin cavabdehə verilməsi qeyri-mümkün olmuşdur. İddiaçı tərəfindən cavabdehə 160-180 min civarında pul təklif olunur, lakin sonuncular hər kv.m üçün 3000 manat tələb edir. MTK isə bu təklifə razı deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Maddə 71. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Maddə 328.1.Mülki Məcəllədə göstərilmişdir ki, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Maddə 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.1. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Maddə 663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Quliyeva X4 Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələblərinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, hər iki iddia öhdəliklərin qarşılıqlı icrasından irəli gələn tələbdir. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki, ilk iddiaçı çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olan Mənzil Tikinti Kooperatividir. Azərbaycan Respublikasının NK-nin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 4 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 4 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh ilə MTK arasında 08 fevral 2020-ci il tarixində əvəzləşdirilmə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə MTK mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 52 kv.m-dən ibarət 42 saylı mənzilin əvəzinə 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pulu “Mülkiyyətçi”yə verməyi, müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı bu pulu vaxtında mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbədə, 1 saylı 3 otaqlı 149.6 kv.metr-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən mülkiyyətçi özünə məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 (altı) ay müddətində 160.000 (bir yüz altmış min) manat pul ona ödənilmədiyi halda, yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə ləğv olunmamış və ya dəyişdirilməmiş, hazırda qüvvədədir. Öyrənilən işdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilənin icrası ilə bağlı mübahisə yaranmışdır. İlk iddiaçı müqavilənin icrasının onun tərəfindən yerinə yetirilməməsinin səbəbini forsmajor halı ilə əlaqələndirir və bildirir ki, 08 fevral 2020-ci il tarixli müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. İddiaçı iddiasının əsası kimi həm də ona istinad edir ki, MTK tərəfindən inşa olunan sözügedən ərazidə yerləşən çoxmərtəbəli binanın layihəsində dəyişikliklər aparılmış, 16 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, 9,10.11 mərtəbəli bina tikilməsi üçün razılıq verilmiş, həm də dünyada və ölkədə baş vermiş pandemiya şəraiti onun iqtisadi durumuna ziyan vurmaqla yanaşı, iqtisadi ardıcıllığı pozmuşdur. Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, Cavabdeh müqavilədə göstərilən şərtləri icra etmək mümkün deyildir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh isə ilk iddianın dəlilləri ilə razılaşmır və qarşılıqlı iddia verərək bildirir ki, iddiaçının dəlilləri tamamilə qanunsuz və əsassızdır. Cavabdeh ilk iddiaya erirazını onunla əsaslandırır ki, ünvan 7 ünvanında yerləşmiş 42 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuş və adına 16,08.2017-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı MTK ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndinə əsasən MTK söküləcək mənzilinin əvəzinə 6 ay müddətində 160 000 pulu ona verməyi, vaxtında ödəyə bolmədiyi halda idə 3 otaqlı 149.6 kv.m-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini ona verməyi öhdəsinə götürmüşdür. Beləliklə işin araşdırılan hallarından göründüyü kimi hər iki tərəf eyni müqavilə tələbindən irəli gələn öhdəlikləri mübahisələndirir. Birinci tərəf müqavilənin icrasının qeyri-mümkünlüyünü fors-major hadisəsi ilə əlaqələndirir, ikinci tərəf isə əksinə heç bir fors-major hadisəsinin baş vermədiyini, iddiaçının qərəzli olaraq öz öhdəliyindən yayındığını bildirir. Məhkəmə kollegiyası ilk iddiaçının dəlilləri və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Birincisi ona görə ki, ilk iddiaçının tələbində qeyd etdiyi və müqavilənin 3.1.və 3.2-ci bəndlərində göstərilənləri öz mənafeyi baxımından şərh etməsi müqavilə öhdəliyindən azad olunmasına əsas olacaq fors-major hadisəsi kimi qiymətləndirilə bilməz. Çünki, sözügedən müqavilənin 3.2-ci bəndində konkret hansı halların fors-major halı olması göstərilmiş və kollegiyanın qənaətinə görə həmin müqavilədə nəzərdə tutulmayan halları fors-major kimi nəzərə almaq və siyahını genişləndirmək düzgün olmazdı. İkincisi, tərəflərin hər biri xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləsini razılaşaraq könüllü və iradə ifadələrinə uyğun bağlmış, müqavilə şərtlərindən xəbərdar olmaqla daşıyacağı risklərdən məlumatlı olmuşlar. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararakən müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan mənzili söküntü və yerində hündürmərtəbəli binanın inşası üçün qarşı tərəfə təhvil vermiş və hazırki vaxtadək mülkiyyətindən məhrum olmaqla digəri ilə təmin olunmamışdır. İddiaçı tərəf də cavabdehdən sözügedən mənzili təhvil alaraq sökmüş və yerində hündürmərtəbəli bina inşa etmişdir. Lakin hazırki vaxtadək xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini lazımınca yerinə yetirməmişdir Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, tərəflər arasında ləğv edilməmiş və dəyişdirilməmiş müqavilə olduğu halda iddiaçı tərəf müqavilənin 1.2.3.cü bəndinə uyğun olaraq sonuncuya ödəməli olduğu 160000 manatı vaxtında ödəməmiş, müxtəlif arqumentlər irəli sürməklə uzatmağa çalışmışdır. Yalnız xx.xx.2022-ci il tarixdə müqavilə bağlanandan 2 il 7 ay keçdikdən sonra MTK cavabdehə məktubla müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün xx.xx.2022-ci il tarixədək bank hesabı açıb onlara təqdim etməli olduğunu bildirmişlər. İşdən göründüyü kimi cavabdeh iddiaçının bu təklifləri ilə razılaşmamış və həmin müraciətə cavab olaraq 2 ildən artıq müddətin keçməsini, bu illər ərzində müqavilə ilə şərtləşdirilmiş ödənişin həyata keçirilməməsini və bununla da İddiaçı MTK-i üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini nəzərə alıb, müqavilə şərtinin ikinci hissəsinə müraciət edərək 149.6 kv.m-dən ibarət 3 otaqlı mənzilin və avtomobil dayanacağının verilməsini tələb etmişdir. İşin mübahisə olunmayan hallarından müəyyən olunur ki, sözügedən hündürmərtəbəli bina tam inşa edilərək, sakinlərin ixtiyarına verilmiş, 2021-ci ildən sakinlər ora köçüb yaşamağa başlamışlar. Göründüyü kimi iddiaçı tərəf mübahisələndirələn müqavilən şərtlərini birtərəfli qaydada pozmaqla, üzərinə götürmüş öhdəlikləri icra etməmiş və əlavə olaraq tikinti bazarında öz üstün mövqeyindən çıxış etməklə, şərtləşdirilmiş müddət keçəndən sonra pulun verilməsinə və ya daha az kvadrat metrə malik olan mənzilin cavabdehə verilməsinə nail olmağa çalışmışdır. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfındən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, qeyd olunan yaşayış binasında 149.6 kv.m-dən ibarət 3 otaqlı mənzil olmasa da, iki hissəyə bölünmüş və həmin kvadratı təşkil edən mənzillər mövcuddur. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış, həmçinin apellyasiya icraatı zamanı tərəflərin vermiş olduğu izahatlarla da öz təsdiqini tapır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdehin (qarşılıqlı iddiaçının) apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin olunmuş, qarşılıqlı iddianın isə təmin olunmamış hissələrində ləğv edilməli, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsi ilk iddianın təmin olunmuş - İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş ünvan 4 ünvanında yerləşən Cavabdeh məxsus sahəsi 45 kv.mter olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160.000 (yüz altmış min) manat pul vəsaitinin İddiaçındən tutularaq Cavabdeh xeyrinə ödənilməsi” və qarşılqlı iddianın təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, ilk iddia ləğv olunmuş hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 5 ünvanında inşa olunmuş yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı mənzili 2 hissəyə bölən İddiaçı MTK tərəfindən sonradan tikilmiş divarın İddiaçı MTK-nın öz hesabına sökülsün, həmin mənzil xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və həmin tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.m ölçüdə və müqavilə şərtinə uyğun olaraq həmin binada 1 maşınlıq qaraj yeri Cavabdeh təhvil verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar