Məhkəmə qərarları › İş №2(105)-709/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-709/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-709/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-366/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən inşa edilmiş daş hasarın sökülməsinə görə 1636,66 manat məbləğində dəymiş ziyan və dövlət rüsumu kimi ödənilmiş 37 manat olmaqla, ümumilikdə 1673,66 manat məbləğində pulun cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən Abşeron rayonu, Qobu Bələdiyyəsinin ərazi hüdudları daxilində ona 0,08 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanmış və torpaq sahəsinin ayrılması məqsədi ilə bələdiyyə hesabına onun tərəfindən vəsait ödənilmişdir. Bundan başqa ona ayrılan torpaq sahəsi boyunca daş hasar çəkilmiş, bu tikinti işləri onun vəsaiti hesabına aparılmışdır. Lakin cavabdeh qurumun nümayəndələri məhkəmə qərarı olmadan onlardan xəbərsiz qeyd olunan daş hasarı sökmüş və ona maddi ziyan vurmuşlar. Hasarın sökülməsi nəticəsində ona dəymiş maddi ziyan 1636,66 manat məbləğindədir. Onu da qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)195/2019 saylı qərarı ilə bələdiyyənin bu torpaq sahəsinin ona ayrılması barədə xx.xx.2007-ci il tarixli qərarı da ləğv olunmuşdur. Lakin cavabdeh bu barədə ona bildirməmiş, yalnız hazırda cavabdeh orqanın bu torpaq sahəsini ona qanunsuz satması məlum olmuşdur. Bildirir ki, ona məxsus olmuş torpaq sahəsində tikdirdiyi daş hasar bələdiyyə tərəfindən söküldükdən sonra onlara başqa ərazidə yerləşən torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsi sənədsiz olduğu üçün onlar torpaq sahəsini qəbul etməkdən imtina etmişlər. Əlavə olaraq bildirir ki, sözügedən daş hasar 2015-ci ildə tikilmiş, 2022-ci ildə isə cavabdeh təşkilat tərəfindən sökülmüşdür. Hətta cavabdeh sökülən daş hasarın daşlarını da götürmüşdür. Torpaq sahəsi satılarkən o, cavabdeh orqanın hesabına 80000 manat ödəniş etmişdir. Onun torpaq sahəsinə görə vaxtilə cavabdeh orqana ödədiyi məbləğ cavabdeh tərəfindən hələ də ona qaytarılmamışdır. Göründüyü kimi cavabdeh orqanın təqsiri üzündən ona böyük məbləğdə dəymiş maddi ziyan və tərəfindən ödənilmiş rüsumlar, yəni dəymiş ziyana görə 1636,66 manat və 37 manat dövlət rüsumu cavabdehdən tutularaq ona qaytarılmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-366/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-366/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu Qobu Bələdiyyə Şurasının 10 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarından görünür ki, ona fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsi satılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı cavabdehin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran İddiaçı Mamed qızına,X3 və X4 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə olan qərarın (aktın) ləğv olunması barədə iddiası təmin edilmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran İddiaçı Mamed qızına, X3 və X4 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarlarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə izahatında Abşeron Rayonu Qobu Bələdiyyə Şurasının 10 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarına əsasən vaxtilə ona ayrılmış Abşeron rayonu, Qobu Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi nəticəsində 1636,66 manat məbləğində dəymiş zərərin Abşeron rayonu, Qobu Bələdiyyəsindən tutularaq ona ödənilməsini xahiş etmiş, lakin məhkəmədə sübutların tədqiqatı zamanı özünün izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Cavabdehin nümayəndəsi də etiraf etmişdir ki, daş hasar mövcud olmuş və sökülmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmamış, işin faktiki hallarını, müəyyənləşdirməmiş, düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, bələdiyyədən dəymiş zərəri tələb edir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinin vəkili və nümayəndəsi Vəkil1 bildirdi ki, hazırki tələb qərarın mübahisələndirilməsi ilə bağlı deyil, vurulmuş ziyanın tələb edilməsi ilə bağlıdır. Bu səbəbədn işə mülki məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-366/2025 nömrəli qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.1-ci bəndinə əsasən inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki tələbə mülki məhkəmə icraatı baxmaqda haqlı olmamışdır. Belə ki, cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsi inzibati orqan hesab olunmaqla, iddiaçı cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində, yəni ona məxsus daş hasarı sökməklə zərərə məruz qaldığını iddia etməkdədir ki, bu da bələdiyyənin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətinin nəticəsindən doğan mübahisə hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması ilə prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-366/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İİddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-366/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar