Məhkəmə qərarları › İş №2(105)-718/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-718/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-718/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(029)-1047/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1650 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 36.50 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, təsərrüfatında 2 baş iribuynuzlu heyvan olmuşdur. Həmin heyvanlar 15 sentyabr 2022-ci il tarixdə naxırda olmuş, naxır növbəsində isə həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 olmuşlar. Həmin tarixdə ona məxsus heyvanlardan diri çəkisi 300 kq. olan biri naxır növbəsində olan şəxslərin səhlənkarlığı ucbatından tələf olmuşdur. Belə ki, həmin heyvan Cavabdeh1 və Cavabdeh2 tərəfindən nəzarətsiz buraxılmış, nəticədə heyvan zəhərli bitkilər yeməklə tələf olmuşdur. Həmin heyvanın diri çəkisi 300 kq., təmiz ət çəkisi isə təxminən 150 kq. olmuşdur. Hazırda bir kiloqram dana ətinin bazar qiyməti təxminən 11 manat təşkil edir. Bu barədə Qusar şəhər bazarında fəaliyyət göstərən “Riad” firması tərəfindən müvafiq arayış verilmişdir. Bununla da, cavabdehlər ona 1650 (150x11=1650) manat məbləğində ziyan vurmuşlar. Belə ki, ona məxsus heyvanı səhər saatlarında sağlam şəkildə təhvil almışlar, axşam saatlarında isə sağ və salamat şəkildə ona təhvil verməli olmuşlar. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz öhdəliklərini yerinə yetirməmələri nəticəsində ona dəymiş zərərin əvəzi kimi 1650 manat məbləğində pul vəsaiti həmin şəxslərdən müştərək qaydada tutularaq ona verilməlidir. Həmçinin, tərəfindən dövlət rüsumu kimi ödənilmiş 36.50 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 264 saylı arayışdan görünür ki, İddiaçı Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyinin 5 saylı ev təsərrüfatlarının uçotu kitabının 423 saylı hesabda 2 baş iribuynuzlu mal-qarası mövcud olmuş və onlardan biri xx.xx.2022-ci il tarixdə naxır növbəsində tələf olmuşdur.

5. Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 272 saylı arayışdan görünür ki, Baytarlıq İdarəsinin sosial işçisi X2 məlumatına əsasən Aşağı Ləgər kənd sakini İddiaçı 1 (bir) baş iri-buynuzlu təxminən diri çəkisi 300 kq olan heyvanı xx.xx.2022-ci il tarixində tələf olmuşdur.

6. Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 265 saylı arayışdan görünür ki, nümayəndəlikdə olan məlumata əsasən Aşağı Ləgər kəndi ərazisində naxır növbəli sistemlə aparılır və xx.xx.2022-ci il tarixdə naxır növbəsində Cavabdeh1 və Cavabdeh2 olmuşdur.

7. xx.xx.2022-ci il tarixli “RİAD” firması tərəfindən verilmiş arayışdan görünür ki, Qusar şəhəri “RİAD” firmasında (kolxoz bazarı) ətin qiyməti hal-hazırda 11 manatdır.

8. İşdə olan Hörmətulla Şərif, Bəhram Camiyev və Tənyar Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində naxır növbəsi zamanı Aşağı Ləgər kənd sakini İddiaçı məxsus 1 (bir) baş inək tələf olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. Qusar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(029)-1047/2022 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyan tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələf olmuş bir baş inəyinin tələf olmasına görə cavabdehlərin məsuliyyəti yaranmamış, həmin inəyin tələf olmasında həmin şəxslərin hər hansı təqsirlərinin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bununla da, cavabdehlərin təqsiri ucbatından iddiaçıya maddi ziyan vurulması sübuta yetirilməmiş, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddia tələbi qanunsuz və əsassızdır, təmin oluna bilməz.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 777.1, 777.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(029)-1047/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, onunla cavabdehlər arasında heç bir müqavilə olmadığından həmin şəxslər onun qarşısında öhdəlik daşıya bilməzdilər və ona məxsus inəyin tələf olmasında onların heç bir məsuliyyəti olmamışdır. Lakin, uzun müddətdir ki, yaşadığı Qusar rayonu Aşağı Ləyər kəndinin naxırı növbəlik əsasında otlaq sahələrinə aparılaraq otarılır. Naxır növbəsində olan şəxslər isə naxırın sağ-salamat kəndə qayıtmasına cavabdehlik daşıyırlar. Buna görə hər hansı yazılı müqavilə bağlamağa ehtiyac yoxdur, çünki bu artıq bir adət halını almış və naxıra aid öhdəliklər şifahi müqavilə ilə müəyyən olunur. Yəni, naxır növbəsində olan şəxslərin naxırdakı mal-qara sahiblərinin qarşısında müvafiq öhdəlikləri mövcud olur. Cavabdehlər məhkəmədə özləri də qeyd etmişlər ki, ona məxsus inək tələf olan gün naxır növbəsi onlarda olmuşdur. Naxır növbəsində olan şəxslər isə naxırdakı mal-qaraya nəzarət etməli, onların sağ-salamat qayıtmalarını təmin etməli, hər hansı malda xəstəlik əlamətləri və ya tələf olduğunu aşkar etdikdə isə bu barədə dərhal mal sahibinə məlumat verməlidir. Lakin, cavabdehlər naxıra ümumiyyətlə nəzarət etməmişlər, ona məxsus inəyin tələf olmasını ona bildirməmişlər. O, özü inəyi axtarıb ölü şəkildə tapmışdır. Cavabdeh2 naxır növbəsində olsa da, ümumiyyətlə naxıra getməmişdir. Bununla da, o, səhlənkarlıq etmiş, öhdəliyini lazımi qaydada icra etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

15. Etiraz onunla əsaslandırılmışdır ki, 15 aprel 2022-ci il tarixdə Cavabdeh2 xəstə olması ilə əlaqədar olaraq naxır növbəsində olmamış, onun yerində naxır növbəsində faktiki olaraq Cavabdeh1 və kənd sakini Cərulla adlı şəxs olmuşdur. Qeyd edilmiş faktın doğruluğunu iddiaçı özü də təsdiq edir. İddiaçı tərəfindən malın naxıra gətirilib-gətirilməməsi faktı təsdiq olunmur. İri buynuzlu mal-qaranın iddiaçı tərəfindən naxıra gətirilməsi faktını ancaq iddiaçı özü təsdiq edir. Ola bilər ki, bir baş mal başqa yerdə tələf olub. İddiaçı 4 gün keçdikdən sonra onlara məlumat verərək bildirmişdir ki, mal zəhərlənərək ölmüşdür. Malın zəhərlənmə faktını həkim təsdiq etməyib. Belə bir baytar həkiminin rəyi mülki işdə mövcud deyildir. Sonradan iddiaçı bildirmişdir ki, mal yonca yediyi üçün şişərək ölmüşdür. İddiaçının guya malın boğaz olması deməsi həqiqətə uyğun deyildir. Qeyd edilmiş fakt heç bir sübutla sübut olunmur. Kənd ərazisində yerləşən örüş sahəsində yonca əkilmir. Örüş sahəsindən aralıda fiziki şəxsə məxsus ərazidə yonca əkilmiş və həmin sahə çəpərlənmişdir. Həmin sahəyə malın girməsi qeyri-mümkündür. Həmin günü növbədə olan 120 baş iri buynuzlu mal-qaradan ancaq iddiaçıya məxsus malın şişərək tələf olması inandırıcı deyildir, mal tələf olmuşdursa nəyə görə onlara malın tələf olmasını göstərməmiş, 4 gün keçdikdən sonra malın tələf olmasını bidirmişdir. İddiaçı ilə müəyyən öhdəliyin götürülməsinə dair müqavilə bağlanmamışdır. İddiaçının malı naxıra gətirməsini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda malın nədən tələf olmasına dair baytar həkiminin rəyi mövcud olmamışdır. İddiaçı malın naxıra gətirilməsi və malın örüşdə tələf olmasına dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin təmin olunmamasını, Qusar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(029)-1047/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, vurulmuş zərərə görə 200 manat ödəyə biləcəyini bildirdi.

18. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, vurulmuş zərərə görə 300 manat ödəyə biləcəyini bildirdi.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Qusar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(029)-1047/2022 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

20. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında özünün təsərrüfatında olan inəkləri kəndin ümumi naxırına qoşmaqla otlamağa göndərmiş, həmin gün naxır növbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olmuşlar. İddiaçının bildirdiyinə görə onun diri çəkisi 300 kiloqram olan bir baş inəyi boğaz vəziyyətdə yeməli olmadığı zəhərli bitkiləri yediyi üçün tələf olmuşdur.

25. İddiaçı naxır növbəsində olan şəxslərin səhlənkarlığını əsas gətirərək, cavabdehlərdən müştərək qaydada 1650 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsi iddiaçıya cavabdehlərin təqsirindən maddi zərər vurulmasının sübuta yetirilməməsi əsası ilə iddianı rədd etmişdir.

27. Apellyasiya araşdırması zamanı cavabdehlər iddianı qismən etiraf edərək bu barədə məkəməyə ərizə təqdim etdilər.

28. Azərbaycan Respublikası MPM-nin: Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

29. Məhkəmə kollegiyası iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehlərin iddianı qismən etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilən hissəsindən artıq hissədə iddiaçı tərəf iddianın əsaslığı ilə bağlı əsaslı şübhədən kənar heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətini həmin hissədə əsaslı hesab etmir.

33. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmalıdır.

34. MPM-nin 119-cu maddəsinin tələbinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 25,50 manatı iddiaçıya aid edilməli, 11 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qusar Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(029)-1047/2022 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 300 (üç yüz) manat və Cavabdeh2 200 (iki yüz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11 (on bir) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar