Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-719/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(059)-556/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 14740,07 (on dörd min yeddi yüz qırx manat 7 qəpik) manat pulun tutulması, iddia qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 7 saylı binanın 48-ci mənzilinə görə dəymiş zərərin əvəzi kimi 17967 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit götürmək üçün "xxxx" ASC-nin Şabran filialına müraciət etmiş, həmin vaxtlar rəsmi iş yeri olmadığına görə ona kredit verilməsinin mümkün olmadığı bildirilmişdir. Bankla aralarında olan razılığa əsasən ona kredit ayrılması üçün anası Saatxanım Nadirovaya məxsus mənzili ipotekaya qoymalı olmuş, buna görə də qohumu, arvadının qardaşı oğlu Cavabdeh ilə görüşərək ona köməklik göstərməsini, yəni həmin mənzili alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdehin adına rəsmiləşdirməklə, sonuncuya veriləcək kredit pulunu ona verməsini təklif etmiş, o, da təklifini qəbul etdiyi üçün "xxxx" ASC-nin Şabran filialına müraciət edərək, kredit və ipoteka müqavilələrini rəsmiləşdirmişlər. Bundan sonra, bu məqsədlə Saatxanım Nadirovaya məxsus mənzili etibarnamə əsasında Cavabdeh adına keçirtmiş və "xxxx" ASC-nin Şabran filialına müraciət edərək, kredit və ipoteka müqavilələri rəsmiləşdirilmişdir. Beləliklə, ipoteka predmetini təşkil edən ümumi sahəsi 50,4 kv.m olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzili mülkiyyət hüququ üzrə 10 dekabr 2013-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Kredit və ipoteka müqavilələri rəsmiləşdirilən zaman sözügedən mənzilin dəyəri ümumilikdə 25000 manat həcmində müəyyənləşdirilmiş, bank əməliyyatlarının baş tutması üçün şəxsi vəsaiti hesabına Cavabdeh əvəzindən banka 8000 manat ödəniş etmişdir. Bundan sonra, bankla cavabdeh arasında 13 noyabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi əsasında sonuncuya ona çatası 17000 manat kredit verilmişdir. Daha sonra, aylıq 405 manat kredit ödənişlərini o, ödəməyə başlasa da, 21 fevral və 21 dekabr 2015-ci ilin tarixlərində ölkədə baş verən böyük iqtisadi çöküntü onun da qrafik üzrə ödəməli olduğu kredit öhdəliklərini çətinləşdirmişdir. Bununla əlaqədar kreditin restrukturizasiyası məqsədilə, yəni onun imkanı çatan məbləğə müqavilə bağlanması üçün Cavabdeh banka müraciət etməsini bildirsə də, sonuncu bundan imtina etmişdir. Məhz bundan sonra, Cavabdeh məqsədli şəkildə əmlakını ələ keçirmək üçün bunu etdiyi ona məlum olmuşdur. Həmçinin, o, banka 12 dekabr 2013-cü il tarixdən 26 noyabr 2015-ci il tarixə kimi olan dövrdə cavabdehin əvəzindən 6740,07 manat ödəniş etmişdir. Nəhayət, Cavabdeh ona və qeyrilərinə qarşı “mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarındakı razılaşmanı pozmuşdur. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019- cu il tarixli, 2(059)-101/2019 saylı qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilməklə, X7 mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilindən məcburi qaydada çıxarılması və həmin mənzili boşaltması qət edilmişdir. Göründüyü kimi, sözügedən mənzili banka girov qoyaraq götürdüyü 17000 manat məbləğində pulun müəyyən hissəsini ödəsə də, sonradan maddi vəziyyəti pisləşdiyi üçün ödənişləri həyata keçirə bilməmişdir. Cavabdeh də bunu bəhanə edərək evi tamamilə ələ keçirmək üçün məhkəmədə iddia qaldırmışdır. Beləliklə, hesab edir ki, Cavabdeh razılaşdıqları kimi ya mənzili özünə qaytarmalı, ya da ona dəyən zərəri ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər müqavilələrin tələblərindən irəli gələn öhdəliklərini lazımınca icra etmiş, həmin əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri İddiaçı ödənilmişdir. Bu hal Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə məhkəmə iclasında müəyyən edilmişdir. 01 dekabr 2021-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, Cavabdeh "xxxx" ASC-yə 9697.07 manat kredit borcu ödənişi etmişdir. Kredit borcunun İddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə iş üçün əhəmiyyətli olan sübutları düzgün qiymətləndirmədən iddianı qismən təmin etmişdir. Kredit borcunun İddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sübut yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 hazırkı iş üzrə Cavabdeh "xxxx" QSC BOKT tərəfindən 17000 manat məbləğində kredit verildiyini, hazırda onun banka 11903,28 manat əsas, 1944,25 manat faiz borcunun olduğunu, əsas borcdan 5096,72 manat, faiz borcundan isə 4600,35 manat ödənildiyini bildirərək, borcun cavabdehdən tutulması barədə icraatda məhkəmə iddia qaldırdığını bildirmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi 14740,07 manat pulun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh İddiaçı ümumilikdə 14740,07 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozması əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddia tələbinin qismən təmin edilməsi hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, 13 noyabr 2013-cü il tarixdə 4Ə/222 reyestr sayı ilə qeydə alınmış 003/13 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 rayon Dövlət Notariat Kontorunda 27 noyabr 2008-ci il tarixli, 7E-1955 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi İddiaçı vasitəsilə xüsusi mülkiyyətində olan ümumi sahəsi 50,4 kv.m olan Siyəzən şəhərində yerləşən H. Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilini Cavabdeh 25 000 manata satmış, 13 noyabr 2013-cü il tarixli, kr.003/13 saylı kredit müqaviləsinə əsasən kreditor ipoteka saxlayan "xxxx" ASC-nin tərəfindən alıcı ipoteka qoyana (Cavabdeh) verilmiş kredit vəsaiti 17000 manat hesabına ödənilmişdir. Baxılan iş üzrə iddia pul tələbi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 439.4., 1092.1-ci maddələri təşkil edir. İşdən görünür ki, mövcud 2013-cü il tarixli kredit müqaviləsi üzrə 5096,72 qəpik əsas, 4600,35 qəpik isə faiz borcu ödənilmiş və həmin ödənişlərdən 2957 manat cavabdehin əmək haqqı kartından tutulmuş, qalan məbləğ yəni 6740,07 qəpik isə iddiaçı tərəfindən cavabdehin adından həyata keçirilmişdir. Hazırda isə kredit müqaviləsi üzrə cavabdehin banka 11903,28 manat əsas, 1944,25 manat faiz borcu qalmış və bank həmin məbləği sonuncudan tələb edir. Məhkəmə kollegiyasına təqdim olunmuş notariat işindəki 13 noyabr 2013-cü il tarixli 01 saylı qəbzdən görünür ki, ilkin olaraq ödənilmiş 8000 manat (17.000+8.000=25.000) Cavabdeh tərəfindən ödənilmişdir. Mülki Məcəllənin 439.4. maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə (5096,72+4600,35=9697,07-2957=6740,07 manat) 6740 (altı min yeddi yüz qırx) manat 07 (yeddi) qəpik tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi 14740,67 manat pulun tutulması hissəsində ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 6740 (altı min yeddi yüz qırx) manat 07 (yeddi) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi 14740,67 manat pulun tutulması hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6740 (altı min yeddi yüz qırx) manat 07 (yeddi) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-719/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-719/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver