Məhkəmə qərarları › İş №2(105)-720/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-720/2021

03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-720/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı çəkilmiş xərclərin geri alınması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(067)- 2068/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı oğlunun xeyrinə 1000 manat məbləğində pul tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan 5 manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulması, rüsumun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz şəhəri Səttərxan küçəsi ev 16-da yerləşən yaşayış evinə qoyduğu 20.000 (iyirmi min) manat bütün xərcin Cavabdeh1 və X1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə hərbi xidmətdən qayıdandan sonra Xaçmaz rayonunun Niyazoba kəndində yerləşən torpaq sahəsində 4 il ərzində tikilən evin tikintisinə 20.000 manat pul sərf etmişdir. Atası və analığı olan cavabdehlər ona və həyat yoldaşına orada yaşamağa imkan vermirlər. Onlarla bir evdə yaşamaq mümkün deyil. Ona görə qərara gəlmişdir ki, ki, evə çəkdiyi xərci cavabdehlərdən geri alıb özünə şərait qursun. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əzizov X4 rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 iddianı qismən qəbul edərək, iddiaçının Səttərxan küçəsi 16 saylı evin tikintisinə cəmi 1000 manat xərc çəkdiyini, qalan məbləği onun özü tərəfindən xərcləndiyini, həmin vəsaitlər onun taxıl və fındıq məhsullarının satışından əldə etdiyi vəsaitdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X3 izahatında evi əri Heydərin vəsaiti hesabına tikildiyini, iddiaçının yalnız 1000 manat vəsait xərclədiyini bildirərək, onun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini hazırkı iş üzrə cavabdehin borcu qismən etiraf etməsini və iddiaçının iddia tələbinin 20000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakı əsaslara görə qətnaməni mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı Xaçmaz rayonunun Niyazoba kəndində yerləşən torpaq sahəsində 4 il ərzində tikilən evin tikintisinə 20.000 manat pul sərf etdiyini, cavabdehlərin ona orada yaşamağa imkan verməmələrini, bu səbəbdən evin tikintisinə sərf olunan pulun ona qaytarılmalı olmasını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 20000 manat xərcin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədilə mübahisəli yaşayış evinin tikintisinə sərf edilmiş məbləğin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və “xxxx” MMC-nin 01 aprel 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin tikintisinə sərf edilmiş məbləğ, həmçinin görülmüş abadlıq işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq qiymətləndirilməklə, dəyəri təqribən 24208,0 manat vəsait xərclənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, evin tikintisinə 24208 manat xərcləndiyi halda, həmin məbləğin 20000 iddiaçı tərəfindən xərclənməsi heç də inandırıcı görünmür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisələndirdiyi hissədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat “xxxx” MMC-nin hesabına (“xxxx” ASC, Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, hesab: AZ90AİİB**********O8********) keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat “xxxx” MMC-nin (“xxxx” ASC, Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, hesab: AZ90AİİB**********O8********) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar