Məhkəmə qərarları › İş №2(105)-721/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-721/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-721/2023 12.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı (sonuncu iclasda iştirak etməmişdir) iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2142/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan “Borcverən” İddiaçı ünvan 2 “Borcalan” Cavabdeh 10200 (on min, iki yüz) manat məbləğində borc pul verib. Borcalan Cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək “Borcverənə” qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsi Quba Regional “Asan Xidmət” mərkəzində Notarius ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilərək, reyesterdə 3M-9 nömrə ilə qeyd edilib. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10200 (on min iki yüz) manat məbləğində əsas borc, mülki dövriyyə şəraitində əldə edəcəyi (əldən çıxmış fayda) 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul və 134 (bir yüz otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı pul mübahisəsindən əvvəl Cavabdeh ilə söhbətlərindən o, bilirdi ki, Quba şəhərinin mərkəzi bazar ərazisində ət alveri məqsədi ilə icarəyə işlətmək üçün ət satışı mağazasının icarəyə götürməyi məqsədi ilə mağaza sahibi ilə razılaşması olub. Cavabdeh onun sahibkarlığının inkişafına öz yardımını təklif etmişdir. Təklifi qəbul edib. Cavabdehin təklifi əsasında onunla aralarında bağlanmış şifahi əqdə əsasən ona ilkin olaraq 10200 (on min, iki yüz) manat məbləğində pul verməli, həmin puldan təxminən 200 manat məbləğində rüsum çıxılmaqla o, 10000 (on min) manat dəyərində torpaq sahəsinin ona satılmasını təmin etməli və bundan sonra onun faydası nəzərə alınmaqla həmin torpaq sahəsini digər alıcıya satmalı idi. Daşınmaz əmlak alıcıları ilə necə əlaqə qurmağı cavabdeh ona öyrətməli idi. Lakin Cavabdeh, aralarında razılaşdırılmış həm şifahi əqdin, həm də yazılı əqdin şərtlərini pozaraq onun sahibkarlıq fəaliyyətinə başlamağına imkan verməmiş və ondan aldığı 10200 (on min, iki yüz) manat məbləğində pulu ona qaytarmamışdır. Hazırkı iddia ərizəsinə əlavə edilmiş Quba regional “ASAN Xidməd’ mərkəzində 07 yanvar 2022-ci il tarixdə rəsmiləşdirilərək 3M-9 № ilə reyestrdə qeyd edilmiş “Kredit müqaviləsi”ndən göründüyü kimi Cavabdeh 10200 (on min iki yüz) manat məbləğində borc pul almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh, ondan aldığı borcu xx.xx.2022-ci il tarixə qədərki müddət ərzində ödəməli idi. Lakin Cavabdeh 07 yanvar 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə ona 10200 (on min iki yüz) manat məbləğində əsas zərər vurmuşdur. Cavabdeh günahı səbəbindən ət satışı ilə bağlı mülki dövriyyə şəraitində əldə edəcəyi 4800 (dörd min səkkiz yüz) manat məbləğində gözlənilən gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdən dayandırılmış sahibkarlıq fəaliyyətinin bərpa edilməsi üçün pul vəsaitinin olması zəruri olduğundan o ayrı-ayrı şəxslərdən ümumilikdə 11000 (on bir min) manat məbləğində borc pul toplamışdır. Həmin pul vəsaiti hesabına kənd sakinlərindən iri buynuzlu heyvan alaraq kəsib ət satışını həyata keçirməli idi. Lakin, Cavabdeh, görüşlərin birində, ət satışındansa 1 daşınmaz əmlakın alqısatqısının daha gəlirli olduğunu ona inandırrıb və ona izah edib ki, o, həmin sahibkarlıqla məşğuldur, gəlirlər yaxşıdır. Onun həqiqətən də daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olduğunu bilirdi. O razılaşıb. Lakin nədən başlanmalı sualına cavab olaraq Cavabdeh ona kömək edəcəyini, həmin məqsədlə onun adından 10000 (on min) manatlıq torpaq alaraq satışı üçün ona təhvil verəcəyinə vəd verib. Həmçinin cavabdeh Məmməd ilin qış fəslində daşınmaz əmlak alqı-satqısının zəif olduğunu, alqı-satqının yaz qabağı aktivləşdiyinə onu inandırmışdır. Bundan başqa, etibarnamə əsasında üzərində hüquqlar ona etibar edilmiş Quba rayonunun Alekseyevka kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsi üçün də müştəri taparaq satılmasında köməklik edəcəyinə vəd vermişdir. 25 aprel 2022-ci il tarixdə Cavabdeh ona müraciət edərək, Quba rayonunun Alekseyevka kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsi üçün müştəri olduğunu, həmin torpaq sahəsinin satılması üçün tərəfindən ona etibarnamə verilməsinin zəruri olduğunu bildirmiş, ona faktiki etibar etdiyi üçün Quba rayonunun Alekseyevka kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsinin satılması məqsədi ilə adından Məmmədə etibarnamə vermişdir. Həmin etibarnamə verildikdən bir neçə gün sonra ona bəlli olmuşdur ki, cavabdeh etibar etdiyi torpaq sahəsini digər şəxslərə sataraq satışa görə ödənişin təxminən 50% hissəsini alıcılardan almış, lakin alıcılardan aldığı pulu nəinki ona verməmiş, hətta həmin alqı-satqı barədə ona məlumat belə verməmişdir. Cavabdeh tərəfindən aldanıldığına əmin olub və həmin səbəbdən də notariat kontoruna gedərək həmin etibarnaməni ləğv etdirmişdir. Satılmış torpaq sahəsi ilə bağlı mübahisənin yarandığını bilən alıcılar da notariat kontoruna gedərək alqı-satqı müqavilələrini ləğv etdirmişlər. Cavabdeh etibarı itdiyi üçün ona verdiyi 10200 (on min iki yüz) manat məbləğində borc pulu geri tələb edib. Cavabdeh borc müqaviləsi üzrə müddətin bitmədiyinə istinad edərək kredit müqaviləsi ilə müəyyən edilmiş son müddəti gözləməyi ondan xahiş etmişdir. Kredit müqaviləsi ilə qəbul edilmiş ödəniş müddətinin sonuna az qaldığını nəzərə alaraq cavabdehlə razılaşaraq həmin müqavilə üzrə müddətin sonunu gözləyib. 07 yanvar 2022-ci il tarixli, 3M-9 № ilə reyestr nömrəli “Kredit müqaviləsi”nin müddəti xx.xx.2022-ci il tarixdə bitdikdən sonra cavabdehdən pulunu geri tələb edib. Lakin cavabdeh müxtəlif bəhanələrlə müddət ötürərək pulunu geri qaytarmayıb. Bundan sonra əmin olub ki, kredit müqaviləsi üzrə Cavabdeh ona borclu olduğu 10200 (on min iki yüz) manat məbləğində əsas borcun və cavabdehin günahı səbəbindən əldən çıxmış 4800 (dörd min səkkiz yüz) manat məbləğində onun faydasının ondan alınması üçün məhkəmə müdafiəsindən istifadə etməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2142/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10200 (on min iki yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğdə pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmişdir. (hakim İlqar Məmmədov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 425.1, 427.3, 445.2.1, 442, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib Quba Rayon Məhkəməsinin 2(027)-2142/2022 saylı 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Quba Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə razı deyil. Hesab edir ki, bu qətnamə əsassızdır. Qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyəti olan hallar aydınlaşdırılmamışdır. Bildirir ki, İddiaçı iddia etdiyi puldan 4800 manatını qaytarmışdır, bu barədə onun səs yazısı vardır. Qalan pulun əvəzində isə Rahim onun avtomobilini aparmışdır. Ona borcu olmadığı halda, belə bir əsassız və haqsız iddia ilə məhkəməyə müraciət etmişdir. Ona qarşı pul tələbinə dair işə baxılarkən sübutlarının məhkəməyə təqdim olunması üçün şərait yaradılmayıb. Bu səbəbdən iş tam və hərtərəfli araşdırılmayıb. Belə ki, iddiaçıya pulu qaytarmağını təsdiq edən diski məhkəməyə təqdim edə bilməmişdir, apellyasiya baxışında təqdim edəcəkdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı iddia ərizəsi ilə eyni məzmunlu yazılı etiraz verərək Quba Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(027)-2142/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmasını xahiş etdi. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, səhhəti təkrarən pisləşdiyi üçün son müayinədən sonra onun üçüncü dəfə böyrəyindən cərrahiyyə əməliyyatı həyata keçirilməlidir. Yaxın günlərdə hərəkət edə bilmədiyini nəzərə alaraq, məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini (o cümlədən mülki işin uzun müddət məhkəmənin icraatında olmasını), habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını, əvvəlki məhkəmə iclasının da cavabdehin ərizəsi əsasında təxirə salınmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin 2(027)- 2142/2022 saylı 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 2(027)-2142/2022 saylı 09 dekabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında imzalanmış müqavilənin şərtləri məhz Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, işdən görünür ki, cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Son nəticədə iddiaçı vəsaitindən məhrum olmuşdur. Cavabdeh apellyasiya şikayətində pulun bir hissəsini qaytardığını, qalan borcun yerinə isə avtomobilin verildiyini bildirsə də, bunu sübut edəcək hər hansı bir bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh keçirilmiş 2 məhkəmə iclasının vaxtı və yeri barədə hər dəfə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh hər dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun xahişi nəzərə alınıb keçən məhkəmə iclası təxirə salınsa da o, məhkəmə iclaslarına gəlməmiş, mübahisə üzrə obyektiv nəticəyə gəlməkdən ötrü məhkəmə araşdırmasından yayınmışdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçın öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2142/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2142/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar