Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-722/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iş üzrə (Açar sözlər: borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-573/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Cavabdeh məxsus surəti çıxarılmış hərbçi vəsiqəsinin arxa üzündə xx.xx.2020-ci il tarixində əlyazma yazı ilə yazılmış qəbzdən görünür ki, Cavabdeh tanışı İddiaçı xx.xx.2020-ci il tarixində 2.760 manat pul alıb və aldığı pulu 2020-ci ilin avqust ayının sonunda qaytaracağına dair öhdəlik götürüb. Yazılanları özü yazdığını və doğruluğunu imzasıyla təsdiq etdiyini qeyd edib. Hüquqi məsləhətin verilməsi haqqında “X6” MMC-nin 10 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi məsləhətin verilməsinə görə 100 manat vəsait ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.760 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 49 manat məhkəməyə və 03 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 2912 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh həbrçi olub və MAXE kimi xidmət edib. Kənan 2020-ci ilin avqust ayında ona müraciət edib ailə vəziyyəti ilə əlaqədar təcili pula böyük ehtiyacı olduğunu bildirib və ondan qısa müddətə borc pul istəyib. Münasibətləri yaxşı olduğu üçün 07 avqust 2020-ci il tarixdə cavabdehə 2.760 manat pul borc verib. Aralarında olan razılaşmaya görə Kənan borcu 2020-ci ilin avqust ayının sonunadək tam qaytarmalı idi. Kənan bu barədə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza edib və qəbzi ona verib. Lakin, vaxt bitməsinə baxmayaraq Kənan borcu qaytarmayıb. Kənan ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmış, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X5 müraciət edib və cəmi 100 manat hüquqi xidmət haqqı ödəyib. Bundan başqa, məhkəmədə iddia qaldırmaq üçün 48,6 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəyib. Həmin məbləğlər də cavabdehdən tutulub ona ödənilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-573/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2.760 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 100 manat, 3 manat notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş dövlət rüsumu və dövlət rüsumu üçün ödənilmiş 49 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia təmin edilməli, Cavabdeh 2.760 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 100 manat, 3 manat notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş dövlət rüsumu və dövlət rüsumu üçün ödənilmiş 49 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 445.2, 739.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona 07 avqust 2020-ci il tarixdə 2760 manat məbləğində borc pul vermiş, lakin o borcunu qaytarmamışdır. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş kimi xidmət etmişdir. 2020-ci ilin sentyabr ayının 27-də başlanmış İİ Qarabağ müharibəsində iştirak etmişdir. 06 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə başından yaralanmışdır. Hal-hazırda bununla bağlı səhhətində çoxsaylı problemlər mövcuddur və Azərbaycan Respublikasının ərazi bötövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə qəlaqədar İİİ dərəcə əlillik təyin edilmişdir. Borcu ödəməkdə çətinlik çəkdiyi dövr məhz müharibədə iştirakla bağlı olmuşdur. O yaralanaraq xəstəxanaya düşdükdən sonra iddiaçı onu və ailə üzvlərini rahat buraxmayaraq, düşdüyü vəziyyətin fors major hal olduğunu nəzərə almadan təkidlə borcunu tələb etmiş, hətta daha da irəli gedərək çavuş kimi əmək haqqı alığını bildiyi üçün əmək haqqı kartını tələb etmişdir. O da məcbur qalıb əmək haqqı kartını iddiaçıya vermişdir. Onun əmək haqqı kartı 9 ay müddətinə iddiaçıda qalmış və o həmin müddətdə əmək haqqı alaraq borcundan çıxmışdır. Lakin hal-hazırda iddiaçı vicdansız davranaraq guya ümumiyyətlə borcdan ödəniş etmədiyini bildirir. O səhhətilə bağlı məhkəmə iclasında şəxsən iştirak etməsə də, nümayəndə kimi atası məhkəmə iclasında iştirak edərək bu halları səsləndirmişdir. Quba Rayon Məhkəməsi onun əmək haqqı kartının iddiaçıda hansı məqsədlə olmasını araşdırmadan, Vətən müharibəsi zamanı düşdüyü vəziyyəti nəzərə almadan, sübutları bir biri ilə əlaqəli şəkildə qiymətləndirmədən iddianı təmin etmişdir. İddiaçı onun əmək haqqı kartından 9 ay müddətində əmək haqqını alaraq borcun əvəzində istifadə etmişdir. Onun səhhəti imkan vermir ki, əmək haqqından pul vəsaitlərinin iddiaçı tərəfindən çəkilməsi ilə bağlı müvafiq məlumatları banklardan alaraq məhkəməyə təqdim etsin, bunun üçün məhkəmə müvafiq sorğu verməklə əmək haqqı kartından vəsaitlərin kim tərəfindən çəkilməsini aydınlaşdıra bilərdi. Eyni zamanda iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi heç bir halı, onunla iddiaçı arasında borc müqaviləsinin bağlanmasını, iddiaçıdan 2760 manat məbləğində borc pul almağı ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Hətta məhkəmə hərbi biletin arxa üzündə əlyazma ilə yazılmış qəbzin onun tərəfindən yazılıb-yazılmamasını, həmin yazının ona məxsus olub- olmamasını da araşdırmadan həmin sənədi sübut kimi qəbul etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh və nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilmir, işə iştirakı olmadan təqdim etdiyi sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borcun ödənilməsi barədə qəbz yazılmış, həmin qəbzə əsasən iddiaçı cavabdehə 2760 manat məbləğində pul vəsaitini borc vermiş, cavabdeh isə həmin məbləğdə pul vəsaitini 2020-ci ilin avqust ayına kimi qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan hallar cavabdeh tərəfindən qəbul edilməklə, işin mübahisəsiz halları qismində çıxış edir. İşin mübahisəli halları ondan ibarətdir ki, cavabdeh həmin məbləğdə pul vəsaitini borc alsa da, həmin pul vəsaitini iddiaçıya qaytardığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iş üzrə borc pul vəsaitinin alınması halı işin mübahisəsiz halı olduğundan, sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşür. Belə ki, məhz cavabdeh borc aldığı pul vəsaitini iddiaçıya qaytarılması, bununla bağlı əmək haqqı kartının iddiaçıya verilməsi, iddiaçının məhz borcun qaytarılması məqsədilə əmək haqqı kartından pul vəsaitinin çıxarılması, borcunun ödənilməsi halını sübut etməlidir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin hallarla bağlı heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdeh məhkəmə iclasında ziddiyətli izahat verərək, öz izahatında əmək haqqı kartının borcun alındığı vaxt iddiaçıya verdiyini, apellyasiya şikayətində isə əmək haqqı kartının sonradan xəstəxanada olduğu vaxt verilməsi halına istinad etmiş, habelə əmək haqqı kartı üzrə hesablanmış pul vəsaitlərindən müharibə dövründə gündəlik hesablanmış əlavə pul vəsaitlərini özünün aldığını, daha sonra 9 ay müddətində hər ay 1400 manat olmaqla iddiaçının aldığını bildirmişdir. Göründüyü kimi, cavabdehin istinad etdiyi hallar bir-birilə ziddiyət təşkil etdiyindən, etirazın əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmin ziddiyyətli halların da aydınlaşdırılması mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi iddiaçıdan borc almadığını, qəbzin onun tərəfindən imzalanması halının aydınlaşdıırlmaması kimi hallara istinad etsə də, cavabdeh məhkəmə iclasında öz izahatında iddiaçıdan qeyd edilən məbləğdə pul vəsaitini borc aldığını, həmin qəbzi özünün yazdığını və imza etdiyini qəbul etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qeyd olunan hissədə də əsassız olmuşdur. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şifahi borc müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri öhdəliyin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində onun məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan (iddianın qiyməti 2760 manat təşkil edir), Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Həmçinin, məhkəmə kollegiyası qedy edir ki, hazırki mülki iş üzrə cavabdehin dövlət rüsumunun ödənilməsindən azad olunması halı MPM-nin 119-cu maddəsinin tələbi baxımından nəzərə alınması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-573/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-722/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-722/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver