Məhkəmə qərarları › İş №2(105)-730/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-730/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-730/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2157/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olduğu 5000 (beş min) manat və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun, ümumilikdə 5070 (beş min yetmiş) manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, H.Əliyev prospektində "Qafqaz” Oil yanacaq doldurma məntəqəsi ilə üzbəüzdə yerləşən alqı-satqı məntəqəsində Cavabdeh ilə aralarında Quba şəhər sakini X1 iştirakı ilə 23 dekabr 2021-ci il tarixli borc müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən borclu 15 yanvar 2022-ci il tarixinədək 11 (on bir min) manat borcunu qaytarmalı idi. Lakin cavabdeh müxtəlif bəhanələrlə maddi imkanın olmasına baxmayaraq borclu olduğu 11000 (on bir min) manatdan 6000 (altı min) manatı qaytarsa da, qalan pulu qaytarmaq istəmir. Cavabdehin bu kimi qanunsuz hərəkətindən Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 91/2-21608 nömrəli cavabında bildirilir ki, "müraciət araşdırılmış, müraciətdə qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün apardan araşdırma dayandırılmışdır, mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır." Odur ki, mülki qaydada məhkəməyə müraciət edir. Qeyd edir ki, o cavabdehə borc pulu 2022-ci ilin 15 yanvar tarixinədək ödəmək şərti ilə vermişdir. Belə ki, öhdəliyi icra etməyərək borclu qaldığı pulu dövriyyəyə buraxaraq əldə etdiyini qazancdan ona vurduğu zərəri də ödəməlidir. Cavabdeh isə aralarında olan razılaşmanı pozaraq öhdəliklərinə əməl etməyib, borclu pulu dövriyyəyə buraxaraq əlavə qazanc əldə etməsinə baxmayaraq borcu ödəməmiş buna görə də borclu qalan 5000 (beş min) manat məbləğində pulu geri qaytarmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə ilə razılaşmır, iddia tələbinin təmin edilməsini əsassız hesab edir. Bu qətnamə qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia ərizəsində İddiaçı göstərmişdir ki, guya ona 5000 manat borcu vardır. Halbuki, onun iddiaçıya heç bir borcu yoxdur. Onlar arasında akt 2021-ci ilin dekabr ayının 23-də, üç ay müddətinə yazılmışdır. O, həmin müddət ərzində İddiaçı verməli olduğu pulu tam ödəmiş, borc münasibətiləri bitib. Zakirin həmin vaxt heç bir iddiası olmayıb. Onun iddiaçıya pulu ödədiyinə qətnamədə adı göstərilən Sədi Məmmədov da şahiddir. Amma iddiaçı üç aylıq razılaşma müddəti bitdiyi tarixdən iki ilə yaxın müddət keçdikdən sonra fikrini dəyişərək, əlavə pul tələbi ilə ona qarşı iddia qaldırmışdır. Bu fakt da təsdiq edir ki, bu iş üzrə iddia tələbi əsassızdır. Buna baxmayaraq qətnamədə ödədiyi pulun ondan alınaraq, iddiaçıya verilməsi qənaətinə gəlinmişdir ki, bu da düzgün olmayan nəticədir. Səhhətində yaşanan ciddi problemlərlə - müayinə və müalicələrlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməmiş, iddiaya qarşı etirazlarını məhkəmədə əsaslandıra bilməmiş, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə yuxarıda qeyd olunanları nəzərə almadan hazırki qətnaməni qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddianın əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, 23 dekabr 2021-ci il tarixdə Cavabdeh, İddiaçı, X3 birlikdə tərtib etdikləri akt əsasən Cavabdeh, İddiaçı 2022-ci ilin 15 yanvar tarixə kimi 11 min (on bir min) manat pulu verəcəyini təsdiq etmişlər. İşin digər mübahisə olunmayan halına görə Quba RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının Quba RPŞ-nə etdiyi müraciət araşdırılmış, müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün aparılan araşdırma dayandırılmış və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdən görünür ki, iddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfində satılaraq əldə edilmiş 11.000 manatdan 6000 manatının ona qaytarıldığını, lakin yerdə qalan 5000 manatının isə qaytarılmadığını iddia edir, cavabdeh isə buna etiraz edərək pulu qaytardığından borcunun olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehə borc şəklində 11000 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, əslində iddiaçıya məxsus torpağın satışında əldə edilmiş pulunun qaytarılması təşkil etdiyindən, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Baxılan iş üzrə iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər. Aktın tərtib edilməsində iştirak etmiş X3 birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq Cavabdeh İddiaçı ona 11 min manata torpaq almasını bilir və bu barədə birgə iştirakları ilə tərtib olan akta imza etmişdir. Həmin aktdakı imzanı təsdiq edir. 2022-ci ilin əvvəllərində onun yanında Cavabdeh İddiaçı 6000 manat, yaxud 6500 manat (dəqiq məbləği xatırlamır) vermiş, qalan pulu da 2 aya qaytaracağını bildirmişdir. Qalan pulu qaytarıb-qaytarmaması barədə məlumatı yoxdur. Göründüyü kimi tərəflər arasında borc münasibətləri deyil, bağlanmış və cavabdeh torpağın satışından əldə etmiş olduğu pulun qaytarılmayan 5000 manatını tələb edir. Cavabdeh həmin pulun iddiaçıya qaytarıldığına dair iddiaya etiraz etsə də, bunu təsdiq edən heç bir sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd olunmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olsa da, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Mülki Məcəllənin 439.4. maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Göründüyü kimi cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına 11.000 manat pul vəsaiti əldə edib, həmin puldan 6000 manatını geri qaytarsa da, yerdə qalan 5000 manatını geri qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanıb. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh, əldə etdiyi 5000 manat pul vəsaitini məhrum olanın, yəni iddiaçının hazırkı tələbi ilə ona geri qaytarmağa borcludur. Ona görə də həmin vəsait cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödədiyi 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar