Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-731/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-1/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddianın qismən təmin edilməsi, Cavabdeh Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 6335 manat və 83,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı1 ödənilməsi, dövlət rüsumunun 34,35 manat məbləğində hissəsi İddiaçı1 aid edilməsi, qalan hissədə iddia rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara dəymiş ziyanın əvəzi olaraq 9770 (doqquz min yeddi yüz yetmiş) manat məbləğində pulun, eləcə də ödənilmiş 117,7 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17:45 radələrində Bakı-Quba yolunun 23 km-də Bakı istiqamətində istifadəsində olan Hyundai County mikroavtobus markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ona məxsus Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxa hissəsində vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Yolnəqliyyat hadisəsi zamanı ona məxsus maşını oğlu X1 idarə etmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası “Bakı Ekspertiza Mərkəzi” tərəfindən Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə nəticəsində Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyyat hissələri 11170 manat, görülən işlər 3600 manat olmaqla ümumilikdə 14770 (on dörd min yeddi yüz yetmiş) manat məbləğində maddi zərər dəymişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalıq olaraq 9770 manat maddi ziyan qalmışdır. Qalan 9770 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi üçün ona müraciət etmiş, cavabdeh pulu ödəyəcəyini bildirsə də, lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməmiş 9770 manat məbləğində hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Avtomobil ailənin yeganə qazanc yeridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Hacıyev X2 Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, “Mersedes Benz” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəqiq və obyektiv hesablanması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi və nəticədən asılı olaraq iş üzrə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və ekspert rəyində göstərilən avtomobilə dəymiş maddi ziyanın məbləği şişirdilmişdir. Çünki, göstərilən ehtiyat hissələri və onların dəyər qiyməti hazırki tarixə əmlak bazarında olan qiymətləri əks etdirmir. Məhkəməyə təqdim edilmiş “Bakı Ekspertiza Mərkəzi”nin ekspert rəyi ilə razı olmadığını bildirmiş və indi də hesab edir ki, “Mersedes Benz” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın hazırki tarixə əmlak bazarında olan qiymətləri əks etdirmədiyinə görə avtomobilə dəymiş maddi ziyanın dəqiq və obyektiv hesablanması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə yazılı vəsatət vermişdir. Lakin, ona məlum olmayan səbəbdən vəsatət nə müzakirə, nə də təmin edilməmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, dəymiş maddi zərər düzgün hesablanmamış və obyektiv qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən İddiaçı1 maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 6335 manat həddində olması iş materialları ilə təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ekspertiza keçirilməsini məhkəmə kollegiyasından xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyator qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə yazılı vəsatət verməsi, lakin vəsatətinin müzakirə olunmaması və təmin edilməməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin ekspertiza keçirilməsi barədə vəsatəti birinci instansiya məhkəməsi tərəfindən təmin edilərək mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini bu hissədə əsaslı hesab etmir. xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi Hyundai County mikroavtobus markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı1 məxsus Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxa hissəsindən vurmaqla yol-nəqliyyat hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 mülkiyyətində olan Mercedes Bens E220 CDİ minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan “Bakı Ekspertiza Mərkəzi”-nin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə xx.xx.2023-cü il tarixdə Mercedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə nəticəsində Mercedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyyat hissələri 11170 manat, görülən işlər 3600 manat olmaqla ümumilikdə 14770 (on dörd min yeddi yüz yetmiş ) manat məbləğində maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə iş materiallarında olan “Bakı Ekspertiza Mərkəzi”-nin xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11335,0 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması “Bakı Ekspertiza Mərkəzi”-nin xx.xx.2023cü il tarixli ekspert rəyi (mübahisə obyekti “Mercedes Benz E220” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə verildiyindən) əsasında aparılması mümkün olduğundan, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh apellyasiya şikayətinin dəlili avtomobilin zədələnmiş ehtiyat hissələrinin deyil, məhz onun dəyərinin və təmir-bərpa xərcinin şişirdildiyini mübahisələndirmişdir. Lakin məhkəmə kollegiyası işin araşdırılmış hallarını nəzərə alaraq apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır, ona görə ki, yuxarıda qeyd olunan ekspert rəyi ilə (mübahisə obyekti “Mercedes Benz E220” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə) qiymətləndirmə aparılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-731/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-731/2024
21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver