Məhkəmə qərarları › İş №2(105)-732/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-732/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-732/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 34347,83 manat əsas borc, 1327,35 manat faiz borcu və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 47000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun Cavabdeh alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 35839,50 manat əsas borc, 1164,88 manat faiz borcu olmaqla, cəmi 37004,38 manat, ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh Bankın xeyrinə tutulmalı olan məbləğ xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiacının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 34347,83 manat əsas borc, 1327,35 manat faiz borcu olmaqla cəmi 35675,18 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat pul vəsaitinin tutulması, Cavabdeh Bankın xeyrinə tutulmalı olan məbləğ xx.xx.2014-cü il tarixli 529İK/14 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, banka borclu olmalarını qəbul edirlər, 2020-ci ilin iyun ayında ödənişi etmiş, sonradan cavabdeh olan anasının səhhətində problemlər olmuş, oktyabr ayında ödəniş edərkən bank tərəfindən qəbul edilməmişdir. Hazırki gündə də banka olan borcunu qrafik üzrə ödəmək istəyirlər. İpoteka predmetinin ilkin satış qiymətinin 47000 manat müəyyən edilməsinə etiraz etmirlər. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, “xxxx”nın Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 218 ay müddətinə illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 40000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə cavabdeh ilə Bank arasında ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətindlə olan ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsininr şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə olunan müraciətlər isə heç bir nəticə verməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakıçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 529İK/14 saylı kredit müqaviləsindən görünür ki, “xxxx”nınYasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 216 ay müddətinə illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 40.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 529İK/14 saylı alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, satıcı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən 1 otaqlı ümumi sahəsi 52,8 kv.metr, o cümlədən yaşayış sahəsi 19,4 kv.metr olan, ünvan 3 ünvanında 11 mərtəbəli, 2 bloklu binanın 1 blokunda, 7 mərtəbəsində yerləşən 17 saylı mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə “xxxx” tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 529İK/14 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə qədər Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 17 saylı mənzilin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 64 saylı reyestr kitabının 44 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron Xidmətlər Portalından çıxarışlardan müəyyən olunur ki, əmlakın ipoteka qoyulması barəsində müvafiq qeydiyyat aparılmış, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat, bildirişin qeydiyyatı üçün 20 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan «xxxx» MMC-nin xx xxxxx 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, ünvan 3, mənzil 17 ünvanında yerləşən Cavabdeh məxsus olan 1 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 47.000 manat təşkil edir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 ərizə ilə müraciət edərək ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 47000 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, xx.xx.2014-cü il tarixli, 529İK/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx xxxxxx 2019-cu il tarixə “xxxx” ASC-nə olan borcu ümumilikdə 37.452,04 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2019-cu il tarixə əsas borc 36.036,53 manat, faiz borcu üzrə 1.415,51 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün halları üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar