Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-736/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 İddiaçı iştirakı ilə Şabran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(031)-897/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Şabran rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 21 iyun 2022-ci il tarixli məktubdan görünür ki, müraciətdə heç bir cinayət və inzibati xəta tərkibi olmadığından toplanmış material RPŞ-də işə alınmış, eləcə də mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə (sonradan iddia ərizəsinə dəqiqləşmə verib) Şabran Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 2500 (iki min beş yüz) manat pulun və ödədiyi 45 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2021-ci ilin iyul ayında ondan 2500 (iki min beş yüz) manat borc pul istəmiş, o, da həmin məbləği ona vermişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, pulunu geri qaytarmamışdır.
3. Şabran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(031)-897/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki işin qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
4. Şabran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(031)-897/2022 nömrəli qiyabi qətnaməsi ilə (hakim Ç.İsmayılov) iddia təmin edilib, Cavabdeh 2500 (iki min beş yüz) manat pul və ödədiyi 45 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 43.10, 449 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının göstərdikləri onun uydurmasıdır və boş cəfəngiyatdır. Belə ki, 2 il bundan qabaq faizlə İddiaçı 2500 manat pul götürmüşdür. Pulu götürəndən 10 gün sonra Zaurla aralarında olan razılığa əsasən həmin pulun üzərinə 40 manat faiz pulu da əlavə edərək ona 2540 manat pul qaytarmışdır. Zaura pulu qaytarandan bir həftə sonra ona zəng edərək demişdir ki, verdiyin pulu maşının baqajına qoymuşdur, indi isə yoxdur, bəlkə pulu ona qaytarmamışdır. Bundan sonra onunla oturub bu barədə söhbət etmiş və o da, xatırlatmışdır ki, ona pulunu qaytarmışdır. Bu söhbətlərin üzərində 2 ilə yaxın müddət keçəndən sonra İddiaçı heç bir əsas olmadan onu yenidən məhkəməyə verərək ondan pul tələb etməyə başlamışdır. Əgər iddiaçıya borclu olsaydı o bu iki il ərzində onu çoxdan məhkəməyə verərdi. Həmçinin İddiaçı onun barəsində Şabran rayon Polis Şöbəsinə də bu barədə yanlış şikayət ərizəsi vermiş və onun qeyd etdikləri öz təsdiqini tapmamışdır. Bu barədə məhkəmənin qətnaməsində də müvafiq qeyd vardır. İddiaçı iddiasının yalan və böhtan olduğu bir daha öz təsdiqini tapmaqdadır. Məhkəmə isə heç bir araşdırma aparmadan sadəcə İddiaçı yalan izahatına əsaslanmaqla onun xeyrinə qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlə ailəvi dostluq münasibəti olmuşdur. O əvvəllər də cavabdehə borc pul vermiş və onun etibarını qazanmışdır. Cavabdeh sonuncu dəfə ondan 2500 manat borc pul istəmiş, o da həmin pulu vermişdir. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 070 576 20 83 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
12. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətindən görünür ki, apellyator Şabran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(031)-897/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəriri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
19. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi mövcud borcun cavabdehdən alınması barədədir.
20. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
21. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
22. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
24. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
25. İşin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər tanış olmaqla, cavabdeh hərdən iddiaçıya bəzi mülki xarakteli işlərin həllində köməklik göstərmişdir. Bu etimad nəticəsində iddiaçı 2021-ci ilin iyul ayında cavabdehə 2500 manat məbləğində borc pul vermişdir.
26. Öyrənilən işin hallarından belə aydın olur ki, iddiaçı tərəf sözügedən pul məbləğinə dair üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni cavabdeh tərəfin istədiyi pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh razılaşdırılmış müddət ərzində üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmiş, müxtəlif bəhanələr gətirərək yayınmışdır.
27. İş materiallarının təhlili nəticəsində həm də təsdiq olunur ki, iddiaçı vermiş olduğu həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər etmiş, hətta bu barədə polis orqanına da müraciət etmişdir. Lakin sonda heç bir nəticəsi olmamış, əksinə cavabdeh hər dəfə müxtəlif arqumentlər və ya bəhanələr gətirməklə öhdəliyini icra etməkdən yayınmışdır.
28. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında razılaşdırılmış şifahi borc müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh oğlıunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.
29. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdeh şikayətində iddiaçının dedikləriin yalan olduğunu bildirsə də, özü apellyasiya şikayətində iddiaçıdan 2 il bundan qabaq faizlə 2500 manat pul götürdüyünü etiraf etmişdir.
31. Cavabdeh həmin pulun üzərinə 40 manat faiz pulu da əlavə edərək 2540 manat pul qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
32. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
33. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından cavabdehin apellyasiya şikayətində qeyd etmiş olduğu həmin dəlillər onun yazılı etirafı kimi qiymətləndirilməlidir.
34. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
35. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Kollegiya qeyd edir ki, qətnamənin alimentlə bağlı mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən alimentlə bağlı hissədə kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Şabran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(031)-897/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.