Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-736/2024 09.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X10 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-275/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8668/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X4 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdeh X4 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 19 iyul 2009-cu il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4176/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 fevral 1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 07 oktyabr 1994-cü il təvəllüdlü X6, 08 avqust 1996-cı il təvəllüdlü X15 oğlu, 09 may 1999-cu il təvəllüdlü X5 və 19 iyul 2009-cu il təvəllüdlü X14 oğlu anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4176/2021 nömrəli qətnaməsi ilə nikahlarına xitam verilmiş, rəsmi nikahlarından anadan olmuş 19 iyul 2009-cu il təvəllüdü X14 oğlunun onun yanında saxlanması və 19 iyul 2009-cu il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona yəni, İddiaçı ödənilməsi qət edilmişdir. Övladlarından 19 iyul 2009-cu il təvəllüdlü X14 oğlu orta məktəbdə (8-ci sinif) təhsil alır. O bir ana kimi övladının ali təhsili və sağlam böyüməsini arzu edir. Lakin maddi imkanı buna imkan vermir. Onun tələbatı günü-gündən artır. Övladının məktəb, yeyib-içmək və digər xərclərini uşağın istəklərinə uyğun ödəyə bilmir. Şəxsi mənzilinin olmaması səbəbindən Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 10/6, mənzil 52-də qızı Nərminə və azyaşlı oğlu Sahil ilə birlikdə kirayə yaşamağa məcbur olmuşdur. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onun ikinci qrup Çernobil əlili olduğunu, əmək qabiliyyətsiz olmağını nəzərə alıb qanunla müəyyən edilmiş aliment məbləğinin tutulmasını xahiş etmişdir. O, yenidən nikaha daxil olmuş, həmin nikah isə yaxın müddətlərdə bağlanmışdır. Əmək qabiliyyətsiz olduğu üçün heç bir yerdə işləyə bilmir. Yeni ailəsini isə güc-bəla ilə saxlayır. Tək gəlir yeri pensiyadır, onun da yarısı isə aliment üçün tutulur. Hər zaman alimenti özü şəxsən övladına vermiş, iddiacı isə məhkəməyə onun aliment pulunu ödəməkdən yayındığını bildirmişdir. Halbuki hətta öz adına kart alaraq uşağa vermiş və imkanı olduğu qədərində uşağa pul vermişdir. Lakin onun artıq pul verməyə imkanı yoxdur, buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş və aliment məbləğini artırmaqla hər ay üçün 193 manat məbləğində müəyyən etmişdir. Konkret halda onun hazırki durumunun aliment məbləğinin artırılmasına əsas vermir. Alimentin artırılması üçün əsaslar yaranmamışdır, bundan başqa hətta maddi imkansızlıq üzündən əvvəlki təyin edilmiş alimenti ödəyə bilmir, TSEKnın qərarı ilə əmək qabiliyyətsiz hesab olunduğu və yeganə gəliri əlilliyi ilə bağlı aldığı pensiya olduğu halda məhkəmənin belə bir qərar qəbul etməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin məhkəmə birtərəfli mövqe nümayiş etdirməklə bu mübahisəyə qiymət vermiş, tətbiq etdiyi maddi normaları düzgün təfsir etməmiş, nəticədə qanunsuz qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini yetkinlik yaşına çatmayan uşağın mənafeyinin müdafiəsi baxımından, müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsi ilə bağlı halları, iddiaçının bildirdiklərinə əsasən tərəflərin maddi vəziyyətlərini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi məhkəmə aktı ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayış minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X14 oğlunun saxlanılması üçün 2021-ci il tarixdə alimentin miqdarı 150 (yüz əlli) manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan bu günə uşağın tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən tutulan 193 manat miqdarında alimentin əvvəlki məbləğdə, yəni 150 (yüz əlli) manat miqdarda tutulmasını xahiş edir (193-150=43 manat). Həmin fərqin bir il ərzində məcmusu isə (43 X 12 ay=516 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-736/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-736/2024
09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver