Məhkəmə qərarları › İş №2(105)-737/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-737/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-737/2023 10.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(067)-2674/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən heyvanlarının əmlakına vurduğu zərərin əvəzi olaraq 8100 manat və tərəfindən köçürülmüş 101 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Ərəb kəndində onun bələdiyyədən icarəyə götürdüyü 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq üzərində onun mülkiyyət hüquqları təsdiq olunmuşdur. Həmin torpaqda ailə üzvləri ilə birlikdə 1.20 ha hissəsində pomidor əkmiş, yerdə qalan 3.80 ha hissəsində isə buğda əkmişdir. Pomidor sahəsinə o, bütün lazımi aqrotexniki qulluq göstərmiş və yüksək məhsuldarlıq gözləyirdi. xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Hülövlü kənd sakini olan Cavabdeh şəxsi təsərrüfatında olan 40 başdan çox camışılarını Ərəb kəndinə sürüb gətirib nəzarətsiz qoymuş və camışlar ona məxsus pomidor əkilmiş 1.20 ha torpaq sahəsinə girərək ziyan vurmuşlar. O və digər kənd sakinləri bundan xəbər tutan kimi dərhal sahəyə gəlmiş, hadisə barədə 102 xidmətinə zəng edilmiş, hadisə yerinə polis əməkdaşları və cavabdehin özü gəlib çıxmışdır. Cavabdeh etiraf etmişdir ki, tərəvəz sahəsinə zərər vurmuş camışlar ona məxsusdur, onları yaşadığı Hülövlü kəndindən Ərəb kəndinə özü gətirib buraxmışdır. Cavabdeh təsərrüfatına dəymiş zərərin əvəzini ödəyəcəyinə söz versə də bundan yayınmışdır. O, bu barədə PŞ-nə də müraciət etmiş, məsələ mülkü xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Mütəxəssislərin verdiyi akta əsasən ona cavabdeh tərəfindən 8100 manat ziyan dəymişdir. Cavabdehdən ziyanını tələb edir. İddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(067)-2674/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 8100 manat məbləğində pul və ödənilmiş 101 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edlmişdir (hakim Vüsalə Qasımova).

5. Məhkəmə iş materiallarında olan aktı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(067)-2674/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, akta əsasən dəymiş ziyanın məbləğinə əsaslanması ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Faktları nəzər almadan qətnamə çıxarıldığından tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Göründüyü kimi iddiaçının pomidor becərdiyi heyvanların girərək ziyan vurduğu 1,20 ha torpaq sahəsinin məhsuldarlıq vəziyyətini ondan əvvəl hansı aqrotexniki qulluqların aparılması və belə işlər aparıldığı halda, onlara xərclənən pulun nə qədər olması (məbləği) müəyyən edilməmişdir. Deməli zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi düzgün hesablanmayıb. Tələb olunan ziyanın əvəzi vurulmuş ziyanın həcminə bərabər olmalıdır. Aktda vurulmuş ziyan 8100 manat göstərilsə də düzgün deyil. Xaçmaz rayon DAİM-nin mütəxəssisi tərəfindən dəymiş ziyanın hesablanması üçün əraziyə baxış keçirilən zaman onun xəbəri olmayıb. Məhkəmə, yaxud DAİM tərəfindən xəbərdarlıq olunmamışdır. Hesab edir ki, iştirakı olmadan sahəyə baxış keçirilməsi, məhkəmədə mütəxəssisin iştirak etməməsi səbəblərindən hüquqları pozulmuşdur. Göründüyü kimi iddiaçı ondan tələb etdiyi məbləği akta əsasən tələb edir. Məhkəmə də aktı sübut kimi qəbul etmişdir. Yuxarıda qeyd etdiyi səbəblərə görə akt sübut kimi hesab edilə bilməz. Elə buna görə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməməli idi. Xaçmaz rayon DAİM-nin mütəxəssisi tərəfindən düzgün hesablanmamış dəymiş ziyan barədə tərtib edilmiş akta əsaslanmaqla qətnamənin çıxarılması onun ləğvi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ziyanın hesablanması ilə bağlı mütəxəssislər hesablama apararkən onun iştirakını təmin etməyib. Məhkəməyə ekspertiza keçirilməsini xahiş etsə də ekspertiza təyin edilməyib. Sahəyə 19 baş mal girsə də, mütəxəssislər sahəyə 42 baş malın girməsini qeyd ediblər. Şəkillərdən də görünür ki, orada 42 baş mal yoxdur. Ərizədə qeyd edlən məbləğdə ziyan vurmamışdır. İddiaçıya 1500 manat ödəməyə hazırdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(067)-2674/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehin heyvanları onun sahəsinə girməklə həmin il ərzində məhsul hasilatını əhəmiyyətli dərəcədə aşağı salmış və iddia ərizəsində göstərdiyi məbləğdə ziyan vurmuşlar. Cavabdehlə başqa qaydada razılığa gəlmək istəmir. Sahəyə gəlib çatana qədər xeyli miqdarda pomidor şitili məhv olmuşdu. Heyvanlar iri ölçülü olduğundan dəyən ziyan da böyük olmuşdur. Pomidorlar artıq yetişmiş və satışa hazır vəziyyətdə idi. Lakin hamısı əzilmişdi. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(067)-2674/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

12. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2.. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14..Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin izahatından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəymiş zərərə görə ondan 8100 manat pulun tutulması hissəsini mübahisələndirmişdir. Bu səbəbdən qətnamə cavabdehdən 8100 manat pulun tutulması hissəsində müzakirə edilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(067)-2674/2022 saylı qətnaməsi qismən, Cavabdeh 8100 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə tutulmalı məbləğ 3664 manat müəyyən edilməlidir.

17. İş materiallarında olan aktdan müəyyən olunur ki, Hülövlü kənd sakini Cavabdeh camışları iddiaçıya məxsus torpaq sahəsinə daxil olaraq onun torpaq sahəsində əkib becərdiyi məhsulları məhv edərək ona 8100 manat ziyan vurmuşdur.

18. İş materiallarında olan Əmlak Kompleksi Ticarət Mərkəzinin məktubundan müəyyən olunur ki, 22 iyul 2022-ci il tarixində bir kiloqram pomidor məhsulunun orta satış qiyməti 0,90-1,10 manat arası olmuşdur.

19. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus əkin sahəsinə cavabdehə məxsus heyvanların girməsi nəticəsində maddi zərər dəymişdir və dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, dəymiş zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlsə də, dəymiş zərərin məbləği hissəsində gəldiyi nəticədə haqlı olmamışdır.

22. Belə ki, iddiaçı cavabdehə məxsus 42 heyvanın ona məxsus 1,20 ha ölçülü əkin sahəsinə girərək sahənin 25% hissəsində olan məhsulu məhv etdiyini, 1,2 ha torpaq sahəsindən 32400 kq pomidor yığıla bilməsini, onun 25% hissəsinin, 8100 kq məhv olmasını, pomidorun orta bazar dəyərinin 1 manat olması nəzərə alınarsa 8100 manat zərər dəyməsini qeyd etmişdir.

23. İddiaçıya məxsus əkin sahəsinə dəymiş zərərin məbləğinə dair tərəflər arasında mübahisə olduğundan məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

24. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cüil tarixli, 3-16-16/2-7/1180-9/6390 nömrəli ekspert rəyindən görünür ki, 1,20 ha torpaq sahəsində 48980 şitil sərf oluna bilər, 1 ha-da orta məsuldarlıq 300-350 sen/ha intervalında dəyişdiyi üçün 1,20 ha-da məhsulun ən azı 36000 kq/ha yığılması mümkündür.

25. Qeyd edilən pomidor məhsulunun 1-kq-nın 2022-ci il (mövsüm üçün) tarixə olan bazar qiyməti təxminən 0,70 manat müəyyən edilir. 19 baş və ya 42 baş heyvanların pomidor sahəsinə vurduğu zərərin məyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir.

26. Göründüyü kimi iddiaçıya məxsus 1,20 ha torpaq sahəsində iddiaçının qeyd etdiyi kimi 32400 kq pomidor yığıla bilməsi keçirilmiş ekspertizanın rəyi ilə təsdiqini tapmışdır.

27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert rəyində 1,20 ha torpaq sahəsində ən azı 36000 kq məhsulun yığılması qeyd edilsə də, iddiaçı tələbində 1,20 ha torpaq sahəsindən 32400 kq məhsul yığılmasını qeyd etdiyindən iddia tələbi həcmində 1,20 ha torpaq sahəsindən 32400 kq məhsul yığıla bilməsi nəzərə alınmalıdır.

28. Bundan başqa iddiaçıya məxus 1,20 ha torpaq sahəsinin 25% hissəsində olan məhsulun heyvanlar tərəfindən məhv edilməsi iş materiallarında olan aktda qeyd edilmişdir.

29. Eyni zamanda ekspert rəyində həmin dövr üçün pomidor məhsulunun dəyəri 0,70 manat qiymətləndirilsə də məhkəmə kollegiyası iş materiallarında olan hadisənin baş vermə tarixinə yaxın vaxt ərzində, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş arayışa əsasən məhsulun orta satış dəyərinin 0,90-1,10 manat olmasını nəzərə alaraq həmin tarix üçün məhsulun dəyərinin 1 manat olmasını ağlabatan hesab edir.

30. Belə olan halda 1,20 ha torpaq sahəsinin 25% hissəsində əkilmiş məhsulun çəkilsi 8100 kq olması nəzərə alınarsa dəymiş zərər 8100 manat müəyyən edilə bilər.

31. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus əkin sahəsinə cavabdehə məxsus 42 baş heyvanın keçərək zərər vurmasını bildirsə də, cavabdeh izahatında bildirmişdir ki, sahəyə ona məxsus 19 heyvan girmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, əkin sahəsinə 42 heyvanların girməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilməsə də, cavabdeh ona məxsus 19 heyvanın əkin sahəsinə girərək iddiaçıya ziyan vurmasını bildirmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hal dair ziddiyyət olmasına diqqət yetirməmiş, nəticədə dəymiş zərəri 42 heyvana münasibətdə müəyyən etmişdir.

34. Belə olan halda dəymiş 8100 manat həcmində zərər 42 baş heyvana münasibətdə deyil, 19 baş heyvana münasibətdə müəyyən edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, 42 baş heyvana münasibətdə dəymiş zərər 8100 manat müəyyən edilərsə, dəymiş zərər 19 heyvana münasibətdə 3664 manat (8100:42=192,8x19=3664) müəyyən edilməlidir.

36. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(067)-2674/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh 8100 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə tutulmalı məbləğ 3664 manat müəyyən edilməlidir.

39. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(067)-2674/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh 8100 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehdən maddi zərərə görə tutulmalı məbləğ 3664 manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar