Məhkəmə qərarları › İş №2(105)-737/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-737/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-737/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X13 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(060)-665/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı xx.xx.2021-ci il qətnaməsi ilə müəyyən edilmiş tərəflər arasında birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək, uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin və iddiaya görə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı xx.xx.2021ci il qətnaməsi ilə müəyyən edilmiş tərəflər arasında birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment miqdarını dəyişdirərək, uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 400 manat maddi yardımın, eləcədə iddiaya görə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 16 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8 adlı bir övladları dünyaya gəlmişdir. Bir müddət sonra iddiaçının iddiası ilə nikahları pozulmuşdur. Nikaha daxil olarkən münasibətləri yaxşı olsa da, bir müddətdən sonra münasibətləri pisləşmişdir. Belə ki, qayınatası və qayınanası ailələrinə müdaxilə etdiklərindən cavabdehlə aralarında tez-tez münaqişə baş vermişdir. Qayınatası və qayınanası dünyaya gələcək övladlarının qız olacağını bildikdən sonra uşağı dünyaya gətirməməyi üçün ona psixoloji təzyiqlər etmişlər, hamiləliyi ilə bağlı həkim müayinələrindən keçməyi üçün heç bir köməklik göstərməmişlər. Bu səbəbdən iddiaçını həkim müayinələrinə öz valideynləri aparmışlar. Bundan sonra cavabdehlə münasibətləri tamamilə pisləşmişdir. İddiaçının iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2391/2021 saylı xx.xx.2021-ci il qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalması və 03 fevral 2021-ci il tarixdən başlayaraq X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və müalicəsi ilə bağlı əlavə xərclərə görə uşaq sağalanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən Cavabdeh tutulması qət olunmuşdur. Bildirir ki, uşaq günü-gündən böyüyür, məktəblidir, ehtiyaclar və tələbatlarını ödəməkdə iddiaçı çətinlik çəkir. Cavabdeh atalıq məsuliyyətini dərk etmir, öz valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Əlavə olaraq onu da nəzərə çatdırır ki, Aylin dünyaya gəldikdən 09 ay sonra onda "talassemiya əlamətlərinin daşıyıcısı" xəstəliyi aşkar edilmişdir. Uşağın xəstəliyi ilə əlaqədar müayinə və müalicəsinə mütəmadi olaraq maddi vəsait tələb olunur. Bu səbəbdən də, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməlidir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 1170 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalması və 03 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və müalicəsi ilə bağlı əlavə xərclərə görə uşaq sağalanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. Şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyində elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışır və aylıq əmək haqqısı 638,98 manat təşkil edir.

7. “Leyla” Medical Center-də xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 Medical Center-də xx.xx.2023-cü il tarixindən davamlı olaraq həkim-nevroloq qəbulunda olub, müayinələrdən keçib və 2 aydan bir EEQ-si istənilmişdir. Uşağa epilepsiya diaqnozu qoyulmuş dərman müalicəsi başlanmış və mütəmadi olaraq 2 aydan bir kontrola gəlməyi bildirilmişdir.

8. Ambulator xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, X8 talassimiya geninin daşıyıcısıdır.

9. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 xx.xx.2023-cü il tarixində saat 11:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

10. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(060)- 665/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və müalicə ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş xərcin əvəzi olaraq 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi və 34-cü maddəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 56.1, 78.1, 112.1, 84.1, 84.2.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 233.4, 119, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

13. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(060)- 665/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermək qərarına gəlmişdir. İstər iddiaçının, istərsə də uşağın qanunla qorunan hüquqları pozulmuşdur. İşin faktiki halları qətnamədə ətraflı şəkildə qeyd edilmişdir. Məhkəmə uşağın maraqlarını qorumaq əvəzinə daha çox cavabdehin maraqlarını qorumağa çalışmışdır. Hesab edir ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə ki, uşaqların qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağını saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olubolmamasından asılı deyildir. Alimentin sabit pul məbləği miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti , diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu səbəbdən də, hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X8 talassemiya xəstələyindən əziyyət çəkir və bu xəstəlik davamlı, uzun müddətli müalicə tələb edir. Bununla əlaqədar uşağın müayinə və müalicəsinə mütəmadi olaraq maddi vəsait tələb olunur. Talessemiya xəstəliyinin müalicəsini Qan köçürülməsi, dəmir yüklənməsi və s.üsularla həyata keçirilir. Bütün bunlar maddiyat tələb edir. Hesab edir ki, məhkəmə cavabdehi alimentdən başqa əlavə xərcə cəlb edərkən uşağın xəstəliyini nəzərə alaraq iddianı o hissədə tam təmin etməli idi. Odur ki, qətnaməni əsassız hesab edir. Məhkəmə qərar çıxararkən bunu nəzərə almamışdır. Məhkəmə praktikası və qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilməlidir. Bundan başqa uşaqları saxlamaq hər iki valideynlərin üzərinə düşür, bu bir vəzifə, borc kimi qəbul olunmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, iddiaçının uşağa qulluq ilə əlaqədar işləməməsini və heç bir qazanca sahib malik olmamasını, uşağın üstün mənafeyini və minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq obyektiv nəticəyə gəlməlidir. Lakin məhkəmə alimentin miqdarını dəyişdirərkən bu kimi halları nəzərə almamışdır. Məhkəmənin gəldiyi nəticəyə uyğun kəsilən məbləğlə uşağın saxlanması üçün kifayət deyil. Hesab edir ki, məhkəmə uşağın 18 yaşa qədər bütün xərclərini, onun xəstəliyi ilə bağlı müayinə və mülaicələrini əhatə edən dəyəri hesablamalı, onun istehlak səbəbini müəyyənləşdirməli idi və bunun əsasında alimentin məbləğini müəyyənləşdirirək qərar qəbul etməli idi. Hesab edir ki, apellyasiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq yekun qərar verəcək. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehin qazancı və gəlirinin olmaması onu uşağın saxlanılması ilə bağlı aliment öhdəliyindən azad etmir. Məhkəmə qətnaməsi qanunvericilik səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır.

15. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(060)- 665/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız qəbul olunmuşdur. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, yəni tərəflərin maddi vəziyyətinin dəyişməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, onun maddi vəziyyətində dəyişiklik olmadığını, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyində elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışır və aylıq əmək haqqısı 638,98 manat təşkil etsə də icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğin 50 faiz məbləği iddiaçı ilə arasında olan əmlak münasibətlərindən irəli gələn borca tutulur. Hazırda da üzərində ödənilməmiş 500 AZN inzibati cərimə də mövcuddur. Demək olar ki, əmək haqqıdan əlinə pul çatmır. Bildirmək istəyir ki, o, hər ay 225 manat aliment ödəyir, bu vaxta qədər gecikdirməmişdir. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. Bu səbəbdən maddi vəziyyəti ağır olduğundan uşağın müalicəsi üçün ödənilməli olan 100 manat pulu ödəməkdə olduqca çətinlik çəkir. Nəzərə alınsa ki, hər il sabit pul məbləğində tutulmalı olan alimentin məbləği artır, bu gələcəkdə vəziyyətini daha da çətinə salacaqdır. Bundan başqa, onlar 2021-ci ildən rəsmi boşanmışlar. 2021-ci il tarixdən başlayaraq isə həm 175 manat sabit pul məbləğində aliment, həm də uşağın müalicəsi üçün 50 manat məbləğində əlavə xərc ödəyir. Bu məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur və bu mübahisə olunmazdır. Lakin, hal-hazırda mübahisəyə açıq olan bəzi məqamlar vardır. Belə ki, 4 ildən artıqdır ki, tərəfindən uşağın müalicəsi üçün əlavə xərclər ödəyir. Hal-hazırda isə uşağın xəstəliyinin hansı vəziyyətdə olub-olmaması, uşağa xəstəlikləri ilə bağlı müalicənin mütəmadi və yaxud müəyyən aralıqlarla aparılmalı olduğunu, uşağın sağlamlıq vəziyyətinin dəqiq müəyyənləşdirilməkdən ötrü həkim müayinəsindən keçirilməli olması zərurəti vardır. Hesab edir ki, onun qızı yatalaq xəstəsi deyildir. Bu səbəbdən, işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətili məqamlar aradan qaldırılmalıdır. Məhkəmənin heç bir sübut əldə etmədən, uşağın barəsində xəstəliyi ilə bağlı həkim ekspert komissiyası təşkil etmədən bu qənaətə gəlməsi özü-özlüyündə hüquqların pozulmasına bir işarədir. Məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, mülki işin materiallarında olan “Leyla Medical” Center-in xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə müayinədə olmuş və uşağa epilepsiya diaqnozu qoyulmuş, dərman müalicəsi başlanılmış və mütəmadi olaraq 2 aydan bir kontrola gəlməyi töfsiyyə edilmişdir. Lakin, cavabdeh tərəfindən uşağın müalicə olunması və həmin müalicəyə çəkilən xərclə bağlı heç bir sənəd təqdim edilməmişdir. Məlumat üçün bildirmək istəyir ki, onun işlədiyi yerdə tibbi sığorta mövcuddur. Dəfələrlə o, qızının sığorta vasitəsi ilə dövlət xəstəxanalarına və digər özəl xəstəxanalara aparıb müayinədən keçirmək üçün iddiaçıya bildirsə də, iddiaçı uşağı ona verməmiş, nədə ki, birlikdə aparmağa razı olmur. Halbu ki, müayinə və müalicələrin aparılmasında bir valideyn kimi onun da iştirak etmək vəzifəsi vardır. Odur ki, iddiaçı tərəfindən ondan müalicə xərci kimi 100 manat məbləğində pulun tutulması əsassızdır və təmin edilməməlidir. Məhkəmə isə öz növbəsində cavabdehin təqdim etdiyi tibbi sənədə və digər reseptlərə əsasən qızının xəstə olduğu qənaətinə gəlmiş və iddanı qismən təmin etmişdir. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

18. İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

19. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

20. Cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

21. Cavabdehin nümayəndəsi X5 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı və cavabdeh verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

24. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

25. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

26. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

27. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 81.1 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

31. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı xx.xx.2021-ci il qətnaməsi ilə müəyyən edilmiş tərəflər arasında birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment miqdarını dəyişdirərək, uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 400 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir.

33. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və müalicə ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

34. Məhkəmə mövqeyni tərəflərin maddi və ailə vəziyyətləri, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yaşı, qida və digər zəruri xərclərə tələbatı, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqları və uşağın səhhəti, mütəmadi olaraq müayinə və müalicə olunmasına ehtyiacı olması ilə əsaslandırmışdır.

35. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermişlər.

36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

38. Göründüyü kimi iddiaçının şikayətinin əsas dəlili uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ ilə bağlı olmaqla iddianın tam təmin edilməsi mübahisələndirilmişdir.

39. Cavabdehin şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, onun aylıq əmək haqqısı 638,98 manat təşkil etsə də icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğin 50 faiz məbləği iddiaçı ilə arasında olan əmlak münasibətlərindən irəli gələn borca tutulur, üzərində ödənilməmiş inzibati cərimə mövcuddur, uşağın müalicə olunması və həmin müalicəyə çəkilən xərclə bağlı heç bir sənəd təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

42. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

43. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

44. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

45. Kollegiyanın qənaətincə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, cavabdehin əmlak vəziyyətində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, ötən müddət ərzində yaxşılığa doğru əsaslı dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini, bununla yanaşı uşağın üstün mənafeyini və minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq birinci instansiya məhkəməsi aliment məbləğinin 200 manat sabit pul məbləğində müəyyən olunması hissədə düzgün nəticəyə gəlmişdir.

46. Kollegiya həmçinin hesab edir ki, təyin edilmiş aliment ağlabatan məbləğdə olmaqla cavabdehin şikayətində göstərilən dəlillər həmin hissədə qətnamənin ləğv və ya dəyişdirilməsinə əsas vermir. Cavabdehin digər öhdəliklərinin olması, həmçinin qazancının yetərli olmaması barədə dəlilləri əmək qabiliyyətli valideyni aliment öhdəliyindən azad etmir və hazırki halda iddia tələbinin təmin edilməməsi üçün əsas kimi qəbul edilə bilməz.

47. Məhkəmə araşdırması zamanı tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X6 talassemiya və epilepsiya xəstələyindən əziyyət çəkməsi müəyyən edildi.

48. Məhkəmə kollegiyası hesab edir ki, uşağın əziyyət çəkdiyi xəstəliklər ümumi bəlli olan, tam müalicə olunmayan xəstəliklər qrupuna daxil olmaqla, davamlı müşahidə və müalicə kurslarının həyata keçirilməsinin sübut olunmasına ehtiyac yoxdur.

49. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

50. Həmçinin qeyd olunmalıdır ki, uşağın müalicəsi ilə bağlı minimum zəruri xərclərin tələb olunması inkar olunmazdır.

51. Qeyd olunanlara əsasən kollegiya uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 100 manat tutulması hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır və həmin məbləği ağlabatan və yetərli hesab edir.

52. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(060)-665/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar