Məhkəmə qərarları › İş №2(105)-738/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-738/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-738/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün borcludan illik beş faiz məbləğdə pulun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-110/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 48462 ABŞ dolları əsas, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu, cəmi 56.139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə borcun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Sarı Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi, bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə manatla "xxxx" X1 xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması və Cavabdeh həmin evdən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun Cavabdeh "xxxx" X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, ev B-237 "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2016-cı il tarixdə 17 saylı reyestr kitabının 83 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

3. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2024-cü il tarixədək banka qətnamə üzrə tutuluş borca görə illik 5%-lə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcu vardır.

4. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(060)-2810/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi”nə dair iddia tələbinin rədd edilməsi, məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1529/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8125 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 6-G1-1-0-83-15 saylı kredit müqaviləsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-10099/2015 saylı qətnaməsinin tarixindən xx.xx.2024-cü il tarixədək 56.139 ABŞ dolları məbləğində tutulmalı borca görə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda 23.539,39 ABŞ dolları məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırki İddiaçı ASC) illik 25 faizlə, 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 48.462 ABŞ dolları, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu, cəmi 56.139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı- Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, bağ evinin aşıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56.139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması və Cavabdeh həmin evdən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun Cavabdeh "xxxx" İnvesitisiya Kommersiya bankının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-204/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsi bağ evinin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, cavabdehdən faiz borcuna görə 7.627 ABŞ dolları pulun tutulması hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin bazar dəyəri 133.000 manat müəyyən edilmiş, Cavabdeh 1490,48 ABŞ dolları faiz, cəmi 50.002,48 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq "xxxx" X1 xeyrinə tutulması müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 09 aprel 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcun və 128,37 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-110/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək göstərib ki, cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, əmlakın ipoteka ilə yüklü edilmiş, hərraca çıxarılması qət edilmiş, bank isə həmin əmlakı almışdır. Məhkəmə göstərib ki, cavabdehə məxsus əmlak ipoteka ilə yüklü edildiyindən onun hüquqları məhdudlaşmaqla yanaşı maddi məsuliyyətdən də azad edir. Beləliklə məhkəmə hesab edib ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia tələbi rədd edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1, 445.2, 445.4, 445.7-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin iddia tələbinin rədd edilməsi barədə mövqeyi tamamilə əsassızdır. Mövcud vəziyyətdə işin hallarından göründüyü kimi kreditor öz vəzifə öhdəliyini tam yerinə yetirərək xx.xx.2015-ci il tarixində İddiaçı ASC-dən illik 25 faizlə, 36 ay müddətinə 50000 manat məbləğində kredit məbləğini borcalana vermişdir. Lakin borclu öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə bankın xeyrinə gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7523.81 ABŞ dollarının tutulması zərurəti yaranmışdır. Cavabdeh 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini hazırki zamana kimi lazımi qaydada yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı idda tələbində tələb olunan borc məbləği məhkəmə qətnaməsinin çıxarıldığı tarixdən hazırkı iddia ilə bağlı cavabdehə xəbərdarlıq göndərilən tarixə kimi ondan tutulmuş ümumi məbləğə münasibətdə hesablanmışdır. Cavabdehdən tutulması üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğdən ipoteka predmeti olan əmlakın alındığı məbləğ çıxılmış, bundan sonra qalan borc məbləği cavabdehdən tələb edilmişdir. Lakin işə baxan məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun banka heç bir borcu qalmamışdır. Belə ki, əvvəlki məhkəmə qətnaməsinin icrası zamanı ipoteka predmeti olan ev bank tərəfindən əldə edilmişdir. Onun banka borcu qalmamışdır. Qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı

Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator iddiaçı "xxxx" ASC birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 110/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-110/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Tələb pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün borcludan illik beş faiz məbləğdə pulun tutulması barədədir.

25. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi hərraca çıxarılmış, həmin əmlak xx.xx.2016-cı il tarixli çıxarışla "xxxx" ASC-nin ("xxxx" İKB ASC) adına qeydiyyatdan keçmişdir.

26. Hazırda iddiaçı cavabdehin borc öhdəliyini vaxtında icra etmədiyini əsas gətirərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış 7523,81 ABŞ dolları əldən çıxmış fayda borcun ödənilməsini tələb edir.

27. İddia tələbini rədd edən məhkəmənin mövqeyini işin hallarına uyğun hesab edən məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

28. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

29. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

30. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

31. Baxılan iş üzrə apellyasiya icraatı zamanı aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə sorğu verilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bank tərəfindən icra orqanına məktub ünvanlanaraq ipoteka predmeti olan mənzilin 2016-cı ildə 37 899 ABŞ dollarına Banka təklif olunduğu və balansa götürüldüyü bildirilmişdir. Bundan əlavə məktubda bu məbləğin icra sənədində göstərilən borcun tam ödənilməsinə kifayət etməməsi, eyni zamanda cavabdehin qalıq borcunun xx.xx.2017-ci il tarixə 10.563 ABŞ dollar təşkil etdiyi qeyd edilmişdir (i/m səh. 139).

32. İcra sənədlərinə əlavə edilmiş Bankın digər bir məktubundan görünür ki, Bank Sumqayıt şəhəri üzrə İcra idarəsinə məktub ünvanlayaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)-204/2018 saylı icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, icra orqanı da öz növbəsində xx.xx.2024-cü il tarixli qərarla icra sənədini geri qaytarmışdır (i/m səh.147-148).

33. Əlavə olaraq iş materiallarında olan (cavabdeh tərəfindən təqdim edilmiş) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10099/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata “İcra Haqqında” Qanunun 20.1.4-cü maddəsinə uyğun olaraq icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə xitam verilmişdir (i/m səh.166).

34. Bütün bu yuxarıda göstərilənlər iddiaçının nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında bilavasitə tədqiq olunmuş və sonuncuya qeyd edilənlərlə bağlı izahat vermək və aydınlıq gətirmək təklif olunmuşdur. Lakin iddiaçının nümayəndəsi qeyd olunanlara dair konkret açıqlama verməməklə, sonda iddialarının təmin olunmasını xahiş etmişdir.

35. Beləliklə, araşdırılan iş üzrə iddia ərizəsinin, eləcə də oxşar məzmunlu apellyasiya şikayətinin dəlilləri tərəflərin izahatı və təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə təhlil edilərkən müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin borcunun bir hissəsi ipoteka predmetinin açıq hərracda satılması hesabına aradan qaldırılmışdır.

36. Cavabdeh etirazın dəlillərində həm də ipoteka predmetinə yönəldilmə barədə qətnamə olduğuna istinad edərək, ümumiyyətlə icra sənədi üzrə icraata xitam verildiyini, evin də Bankın balansına keçdiyini və özünün kirayələrdə qaldığını bəyan edərək, icra sənədi üzrə icraata xitam verilməsi barədə sənədi məhkəməyə təqdim etmiş, iddiaçı tərəf isə məhz hansı məbləğin beş faizini tələb etməsini əsaslandıra bilməməklə yanaşı, dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmiş, əksinə formal izahatlarına əsasən iddianın təmin olunmasını xahiş etmişdir.

37. Konkret halda iddiaçı olan bank hazırkı tələbində qanuni qüvvəsini almış məhkəmə aktı üzrə borclu olan cavabdehdən hansı məbləğdə pulun (qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin bir hissəsi ipoteka predmeti olan əmlak hesabına ödənmişdir) hansı müddətə gecikdirilməsi barədə arqumentlərini əsaslandırmamış, habelə bu halın mövcudluğu sübuta yetirildiyi halda yaranmış vəziyyətdə borclunun təqsirinin nədən ibarət olması ilə bağlı (icra sənədinin icrasından qərəzli yayınma və s.) məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Əksinə məhkəmə kollegiyasının müvafiq sorğuları əsasında əldə edilmiş sənədlərdən icra sənədinin məhz bankın tələbi əsasında məhkəməyə qaytarılması halı müəyyən edilib ki, bu hal müəyyən formada icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyini, bu və ya digər şəkildə borcun ödənilməsi istiqamətində müvafiq tədbirlərin icra edildiyini deməyə əsas verir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-110/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elekrton kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar